Hər fəsildə “çiçək aça” bilən gündəmlər

Hər fəsildə “çiçək aça” bilən gündəmlər

Azərbaycanda gündəm yaratmaq çox asan məsələdir. Bəlli müddətdən bir 4-5 mövzu var ki, o mövzunu aç, bacarsan mövzunu televiziyaya, o da olmasa sosial şəbəkələrdə bir-iki tanınmış şəxslə müzakirə et, olsun gündəm. Camaat da o saat küyə gedir, şərhlərdə “qırğın” başlayır. Hətta o səviyyədə  qırğın ki, icazə versən bir-birilərini al-qan edərlər. “Sünni-şiə”, “az sektor – rus sektor”, “milli mentalitet” kimi ana başlıqlar var ki, mövsümsüz gündəm mallarıdır. Elə gündəmlər var ki, onlar mövsümidir. Məsələn, hər il Ramazanda eyni mövzular gündəm olur – “əsas ürəyin təmizliyidir falan”, “namaz qılmır, oruc tutur”, “oruc tutaq, yoxsa xeyriyyəçilik edək” və s. tipli. Bunlar mövsümi gündəmlərdir. Amma yuxarıda da dediyim 3 məsələnin gecəsi-gündüzü, prime-off prime time fərqi, fəsil problemi yoxdur. Nə vaxt mövzunu açsan “çiçək açasıdır”. İstənilən fəsildə “meyvə verə bilən” mövzulardır.

O gün oxu.az-da Kübra xanımın həmin gündəm mövzulardan biri haqqında olan “”Az sektoru” “döyər” ya “rus sektoru”” yazısına rast gəldim. Bu arada həmin yazının rus-dili versiyasında isə başlıq tamamən fərqli qoyulub. Açıq görünür ki, azərbaycan dilində olan mətn bilərəkdən qıcıqlandırıcı seçilib. Rusca versiyasını buradan oxuya bilərsiniz.

Ümumiyyətlə, 2-3 ildir ki, bu tip mövzularda şərh vermirəm, çünki mənasız yerə uzanır, heç kim də fikrini dəyişmir. Çünki bəsit polemika qaydaları, bir-birimizə səbrli şəkildə adekvat cavab vermə bacarıqlarımız, mübahisəsiz, təhqirsiz müzakirə etmə şəklimiz o qədər də ürəkaçan deyil. Amma bu yazını oxuyandan sonra bir az məyus oldum. Ona görə də yazıya münasibət bildirməyi vacib hesab etdim. Məyusluq səbəblərim barədə çox qısa izah verim.

Əvvəla ondan başlayım ki, yazı birtəfəli qaydada yazılıb, o da rus-dilli məsələsinin müdafiəsi istiqamətindədir. Bu formada mövqe qoymaq subyektiv qərardır, amma dayaz şəkildə olmamalıdır, arqumentlərlə əsaslandırılmalıdır. Məsələn, hörmətli yazarımız yazıya belə başlayır “Heç bilmirəm, haradan başlayım… Bəlkə, oradan başlayım ki, mükəmməl Azərbaycan dilində yazıb-oxuyan o qədər vicdansız, imansız adam gördüm ki, həmin adamların öz millətimdən olmasına şübhə etdim?! Amma hamı susanda, qorxanda, çəkinəndə özünü rəhbərliyin qarşısına verib öz hüququnu, ya da iş yoldaşının haqqını tələb edən rusdillilər də gördüm.”

Ümumiyyətlə necə belə kəskin bölmək olar ki?! Bəyəm azərbaycanda yaşayıb rus-dilində yazıb-yaradan vicdansız adam olmayıb, yoxsa indi yoxdur? Və ya ikinci cümləsinə müvafiq olaraq bəyəm öz iş yoldaşının haqq-hüququnu qoruyan azərbaycan dilli yoxdur və ya azdır? Haradan o qənaətə gəldi ki, öz iş yoldaşının haqq və hüquqlarını rus-dillilər daha çox qoruyur? Varmı elə bir fakt? Olsa-olsa ümumən fakt kimi o hal var, amma onu edənlərin azərbaycan və rus-dilli olması, neçə faiz olması haqqında heç kim hökm irəli sürə bilməz. Sizin qarşılaşdıqlarınız arasında çoxluq təşkil edibsə, bu ümumi fikir ola bilməz. Ona qalsa, məsələn, mən də n qədər rus-dilli ziyalı sadalayaram ki, ölkənin ən vacib gündəmləri vaxtında ağızlarına su alıb, ancaq “icazə verilmiş” mövzulara girişirlər. Amma bu faktın özü mənə heç cürə əsas verə bilməz ki, mən deyim ki, bütün rus-dillilər elədir, o cür bölücülüyü etmək düzgün deyil, insanların haqqına girmək sayılır.

Biz müstəqil respublikayıq. Ölkəmizin adı Azərbaycandır. Bu yolda milyonlarla insan qan töküb və biz müstəqil olan 200 civarı ölkədən biriyik. Hər bir millətin öz rəsmi dili olur. Rəsmi dilin qorunması, təbliği dövlətlə yanaşı, hər bir vətəndaşın borcudur. Azərbaycan respublikasının vətəndaşı ölkənin rəsmi dilinə hörmət etməyə borcludur. Uşinski deyirdi ki, “bir milləti məhv etmək istəyirsənsə, ilk öncə onun dilini əlindən al”. Bu söz boğazdan yuxarı deyilmiş bir söz deyil. Bugün heç bir azərbaycanlı dana bilməz ki, biz 200 il Rusiya müstəmləkəsi olmuşuq, işğal edilmişik. Bəli, işğal. Bunu bizim indiki bütün dərsliklərimiz də yazır. Gürcüstanda, məsələn, Gürcüstan Sovet işğalı dönəminə dair muzey belə var, üzərində məhz bu cür yazılıb. O cümlədən biz də çar rusiyası, daha sonra SSRİ tərəfindən işğal edilmişik. Təbii ki, işğal edən ölkə ilk növbədə işğal etdiyi yerdə öz köklərini möhkəmləndirməyə çalışır. Bunu İngiltərə də edib, Fransa da, Almaniya da, o cümlədən Rusiya da edib. İmperialist dövlətlərin hansı etməyib ki?! Bu baxımdan onların addımı onların baxış bucağından hardasa “normal” hesab etmək olar. Öz mənafeyini gücləndirir. Bəs müstəmləkədə olana nə gəlib? O niyə bu halı müdafiə edir? O gün bir videoya baxdım, xanım ağlayaraq deyir ki, “heyf ki, mən indi öz dilimi bilmirəm, amma bilməməyim mənim günahım deyil, öz dilimdə təhsil imkanı verilməyib. Amma indi də öyrənmək mənə çətindir və bu duruma görə utanıram” Yəni bu və ya digər səbəbdən bizim misalda götürsək, ölkədə rus-dilinə geniş şərait yaradılıbsa, o dili bilənlər vəzifəyə çəkilibsə, bütün ədəbiyyatlar o dildə olubsa, yerlilərə çox da imkan verilməyibsə, hətta əksər hallarda qarşısı alınıbsa, siyasi qərar olaraq məqsədli şəkildə rusdilli elektorat formalaşdırılıbsa, ölkəyə yerləşdirilibsə, burada sadə və rus-dilini bilməyən xalqın günahı nədir?

Bəli, mən də onla razıyam ki, əgər müstəmləkə olmuşuqsa və bunu dəyişə bilmiriksə, o zaman hakim dili yaxşı öyrənməlisən ki, baş çıxara biləsən, özünü qoruya, nisbətdə daha çox savadlana biləsən və s. Ancaq Azərbaycan tarixini yaxşı bilməyən adamlar deyə bilər ki, bizdə öz dilimizi, ədəbiyyatımızı qorumaq üçün canından keçən, ömrünü bu işə həsr edən adamlar olmayıb. Kaş ki, o vaxt çox adam öyrənə bilərdi rus-dilini, bəlkə də elə daha effektiv mübarizə apara bilərdik. Amma bütöv bir əhali də müstəmləkədə olub deyə o dili sərbəst bilməlidir deyə bir şey yoxdur. Və eyni zamanda o dili bilənlər də bilməyənlərə xor baxmağa nə hüquqi, nə də mənəvi haqqları yoxdur. Əksinə bir az içlərində utanmalıdırlar ki, niyə millət olaraq belə durumdayıq ki, inkişaf üçün öz dilimiz kifayət etmir. Amma daha xor baxmaq nəyə lazımdır? Bugün rəqəmsallaşan və qloballaşan dünyada nə qədər xarici dil bilsən, o qədər yaxşıdır. Bunu heç kim inkar edə bilməz. Amma bunların parallelində öz dilində danışmayan, gündəlik ünsiyyət forması doğma dili olmayan adamlar bu haqda məncə, iki dəfə düşünməlidir. Bəli, zamanında buna bizi məcbur ediblər, o cür danışanların da bunda günahı yoxdur, şərait və tələb belə olub deyib keçişdirmək olar, amma bu faktla öyünmək nə deməkdir?! Bu açıq-aşkar Azərbaycan dilinə və dəyərlərinə hörmətsizlikdir. 70 il əsarətdə yaşayıb, hətta şəhərdə yaşayıb rus-dilini öyrənməyənlər nə qədər “günahkardırsa”, azərbaycanda doğulub böyüyüb, azərbaycanlı olub bu dildə danışa bilməyənlər də o qədər “günahkardır”.

Çox gözəl atalar sözümüz var – “eşşəyə gücü çatmır, palanı döyür”. Bir-çox adamlarımız bu məsələdə məhz belə edir. Cəsarəti çatıb faktı qəbul edə, məktəblərdə belə seçim olmasını müstəmləkənin bir növü hesab edirəm deməyə və deyərkən də kimlərisə qəzəbləndirməkdən qorxur, səsləndirə bilmir, amma oturub onun külləri ilə söz güləşdirir. Ay nə bilim, internet var gedin oxuyun, sizə nə mane olur. Gedin baxın onlara da bunlara da, mədəni səviyyəsinə də və s. kimi 100 ildi təkrarlanan sözlər. Cürət də edib köklərinə enmək, həqiqəti öz adı ilə çağırmağa cəsarət etmirlər. Hamımız xarici ölkələrdə olmuşuq. Mən jurnalist işləyəndə, ingiltərə ilə fransa səfirinin press-relizdə ölkə adlarının hansında yuxarıda, hansında aşağıda olmasına görə mübahisə etdiyinin şahidi olmuşam, mən fransada ingiliscə danışanda üzünü çöndərib gedənlərin şahidi olmuşam, mən türkiyədə rusun necə türkcə danışmağa cəhd etdiyini, azərbaycan dilində danışa bilmirəm deyən rus-dillinin türkiyədə türkcə “konuştuğunu” da görmüşəm axı. Kimi aldadırıq? Əmin olun ki, Sizin rusa, ingilisə, fransıza oxşamağınız o millətlərin hec vecinə də deyil. Özünüz kimi olanda daha dəyərlisiniz.

Və ən son istəyirəm bunu da hamı bilsin ki, heç vaxt milləti total olaraq ittiham etməyin. Şimali Koreya və Cənubi Koreya buna bariz sübutdur. Millətdən, xalqdan nə istəsən onu da ala bilərsən. Yüzillərlə hökmranlıq etmiş Monqol xalqı bugün düzəməlli dövlət belə qura bilməyibsə, bu millətin günahı deyil, idarəçilik günahıdır. Sabah güclü idarəçilik olsa, onlar elə həmin xalqdırlar. Bəs deyirdilər, azərbaycan xalqı müharibə istəmir, heç kim müharibəyə getmək istəmir? Aprel hadisələrində xalq göstərdi ki, o hisslər onlarda ölməyib, yetər ki, istəyin.

Kübra xanım, “Nə, harada, nə zaman” yarışında qalib gələnlərlə, Moskva küçələrində “hoqqa çıxaran” azərbaycanlıları müqayisə edərək guya sübut edir ki, alın sizə bu rus-dilli, bu da azərbaycan dilli. Yazıda özünü heç bir sektora aid etməmiş göstərsə də, açıqca “rus-sektoru müdafiə edir”. Bunu anlamamaq elə də çətin deyil. Xanım özü azərbaycan dilində yazıb, amma aydın şəkildə hiss olunur ki, azərbaycan dilinin qrammatik qaydalarına, cümlə quruluş formalarına əməl edilməyib, yazı rusca yazılıb azərbaycan dilinə tərcümə edilib. Yuxarıda da yazdığım kimi niyə Azərbaycanda rus-dili bu qədər yayılıb məsələsi tarixdən də aydındır, amma bu faktla öyünmək olmaz. Əgər vicdandan danışırıqsa, o halda o vicdan öz millətinin və dilinin qorunmasına, gələcək nəsilə düzgün ötürülməsinə daha çox işləməlidir. Bu qədər.

Facebook Comments

Editor review

Summary

70 il əsarətdə yaşayıb, hətta şəhərdə yaşayıb rus-dilini öyrənməyənlər nə qədər “günahkardırsa”, azərbaycanda doğulub böyüyüb, azərbaycanlı olub bu dildə danışa bilməyənlər də o qədər “günahkardır”.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Yazılan qalır. Facebookda yazdığım 90 status

Ötən bloqların birində hamımızın sevimlisi Teymur Paşaya aid statusları bir yazıda cəmləmişdim. İstəsəniz buradan oxuya bilərsiniz. Bu dəfə isə istədim 2011-ci ildən bu tərəfə öz facebook profilimdə yazdığım bəzi statusları

Sərbəst 0 Comments

“Çıxılmaz vəziyyətdən çıxış yolu girişdədir”

İctimai tv-də Yasamal hadisəsinin səbəb və nəticələrinə dair 1 saatlıq verilişi diqqətlə izlədim. Sonda Erkin Qədirlinin”çıxılmaz vəziyyətdə çıxış yolu girişdədir” fikri çox xoşuma gəldi. Bilmirəm öz sözüdür ya yox, amma

Sərbəst 0 Comments

Cabir Novruzdan hər başın bilməli olduğu 3 fikir

Dostlar, bugün Sizə maraqlı hesab etdiyim həftəsonu yazısı təqdim edəcəm. Bu yazıda mən marketerlərimizin də bilməli olduğu 3 faktdan danışacam. Bu o faktlardır ki, mən bunu Cabir Novruzun şerləri ilə

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın