Həyatımızdakı reklamlar

Həyatımızdakı reklamlar

Reklam nədir? Hamımıza tanış olan bu kəlimə marketinq termini olub mənası hər-hansı məhsul və ya xidməti hədəf kütləsinin diqqətinə çatdırmaq üçün müxtəlif üsullardan istifadəyə əsaslanan tanıtım fəaliyyətidir. Reklamların çox müxtəlif növləri var, amma hamısının məqsədi demək olar ki, birdir – satmaq.

Həyat axarı ilə gedir və bir anda insanın qarşısına döngələr çıxır. Bu döngələrə “reklam” deyək. Həyat döngələrimiz ya nəyinsə nəticəsi, ya da yeni başlanğıc üçün səbəb olur. Bu yazımda mən Sizinlə marketinqin bizə öyrətdiyi reklamlar nümunəsində bildiyimiz reklamlardan deyil, həyatımızdakı “reklamlardan” yazacam. Onun müxətilf növlərini həyatımızın bəlli döngələri ilə müqayisə edib nəticə çıxarmağa çalışacam. Təbii ki, marketoloq olduğumdan müqayisəni bu formada etməyə üstünlük verdim. Həm də hiss edirəm ki, artıq çoxdandır sərbəst mövzulara toxunmuram. 🙂

Beləliklə, başlayaq görək həyatımızdakı reklamlarla real reklamların oxşarlığı nədədir?!

Reklamlar insan psixologiyasına təsir edən “itirmək qorxusu” üzərindən yumşaq formada istifadə edib bizə nəyisə satmağa çalışır

Həyat da belədir. Bizim hərəkətlərimizi itirmək qorxusu idarə edir və zaman irəlilədikcə, itirməli şeylərimiz artıqca, qorxu da artır. Bu böyük sınaqdır. Tərəzinin bir gözündə itirmək istəmədikləriniz, o biri gözündə vacib verilməli bir qərar. Hansını seçəsən? Seçiminiz sonrakı həyatınız üçün döngə rolunu oynayır. Təcrübə göstərir ki, seçim edərkən çox düşünməli, etdinizmi artıq mühakimə etməməlisiniz. Bu halda ancaq keçmişə ilişib qalacaq, nə keçmiş geri gələcək, nə də gələcəyiniz istədiyiniz kimi olacaq. Odur ki, seçim etdizsə, seçiminizin arxasında durun. Marketinq dili ilə desək, Siz artıq hansısa məhsulu aldınız. Məhsulu qaytara bilərsiniz, amma ona itirdiyiniz zamanı əsla. Həyatdakı seçimlərinizdən də geri dönə bilərsiniz, amma ona itirdiyiniz zaman geri gəlməyəcək.

Reklamlar adətən qısa olur, qısa olanı sevilir, həyat kimi

Uzun reklam çox da sevilmir. Əsas məsələ 30, 40 və ya 1 dəqiqəlik reklama çatdırmaq istədiyiniz fikri sığışdırmaqdır. Həyat da belədir. Özünüzü sübut üçün çox vaxt verməz. Uyğun zamanın və uyğun qərarın nə olduğunu da göstərməz. Sizə verilən qısa müddətdə demək istədiyiniz şey üçün düzgün zaman və düzgün yeri seçməlisiniz. “Bir çox uğurlu qərarların taleyində vaxtından öncə verilmək var” deyir Oscar Wilde. Həyatımızda susmalı olduğumuz yerdə danışmaq, danışmalı olduğumuz yerdə susmaq bizi sərt döngələr etməyə məcbur edə bilər. “Reklam bitdi, seyrə davam” deyərdi kanallar. Nəticələrin seyrinə yəni.

Reklam brendin mövqelənməsidir, alqılamanı qarşı tərəf edir. Həyat kimi…

Reklam heç vaxt real həyatdakı kimi olmur. Reklamdakı meyvələr, rənglənmiş toyuqlar, ev şəraitində rol alan qrimli aktyorlar, danışıq, mimika və s. ən yaxşı halda müəyyən qədər şişirdilmiş olur. Amma buna baxmayaraq biz reklamlara həvəslə baxırıq. Demək ki, bəzən şişirdilmiş şeylər belə bizə cazibəli gəlir. Bəzən həyatımızda oynadığımız rol özümüzə xoş gəlir və ətrafa da bu görüntünü vermək istəyirik. Daha irəli getsək, bir müddət də belə davam edəsi olsaq, öz uydurduğumuz rola artıq ciddi-ciddi inanmağa başlayırıq. Biz ətrafa görünmək istədiyimiz formanı, ətraf isə başa düşdüyü formanı bizə ötürür. Positioning vs Perception məsələsi. Həyatımızdakı reklamları çox uzada bilmərik, həyatın özünü reklam kimi yaşamaqla özümüzü aldadıb nəticədə xoşbəxt olmaya bilərik.

Elə isə niyə şişirdirik, niyə özümüz kimi olmuruq bəzən?  Xəlil Cibran deyirdi ki, “şişirtmə bəzən həqiqətin hirsimizə məğlub olmuş halıdır”. Reklamda çox qısa müddətdə hədəf kütləmizə mesajımız çatdırmaq üçün prosesləri sürətləndirir, şişirdirik. Həyat da belədir. Ona görə də heç kimi səbəbini bilmədən qınamaq olmaz. Kimsə məqsədli şəkildə yalandan özünü şişirdər, kimsə də sadəcə həqiqəti çatdıra bilmədiyi üçün hirsinə məğlub olduğundan şişirdər. İkincinin niyyəti zərərsiz, icrası düz deyil, birincinin isə hər ikisi.

Həyat mübarizəsində qara pr

Kobud götürsək, qara pr özü də digərini “pisləməklə” özünü önə çıxarmaqdır. Yəni o da bir reklamdır. Həyatda belə hallarla çox qarşılaşırıq. İnsan özünü qalmaqalla tanıtmamalıdır. Bu üsulu diqqət çəkmək üçün qoca vaxtlarına saxlamalıdır. Bizdə səhv olan isə gənclik çağlarımızda bu üsula əl atmağımızdır. Yolun daha başında ikən üzərimizə gələn bir çox müsbət axınların yollarını dəyişməsinə, bizdən dönməsinə səbəb oluruq. Bəli, gənclik müxalif ruhlu olmalıdır, amma “babam mənə kor deyib nə gəldisə vur deyib” məntiqi də bizi çox uzağa aparmaz. İnsanları deyil, fikirləri müzakirə və mübahisə etmək inkişaf etdirər bizi. Həyatda beldən aşağı vuranlar gələcəkdə zərbəni də eyni yerdən gözləməlidir, olsa təəccüblənməməli, müdrikdisə, dərs çıxarmalı, deyilsə, Allah yazan ömrün sona çatmasını sakitcə gözləməlidir.

Dostlar KSM reklamlarına bənzəyir

KSM reklamın satış təmənnası birbaşa olmur. Dolayı yolla fikrə təsir edib müsbət imic formalaşdırırlar. Əsl dost da təmənnasız olandır. Sizin acınıza üzüləcək çox sayda dost tapa bilərsiz. Amma uğurunuza sevinəcək dostlar çox deyil, inanın. Uğurunuza səmimi qəlbdən sevinə bilən dostların qədrini bilmək lazımdır, onlar azdır. Xəlil Cibranın başqa bir yaxşı sözü də var ki, insanın bacarıqları artdıqca, dostları azalar. KSM reklamları məqsədini açıq bəlli edəndə çox gülməli və effektsiz olur, dəyər itirir. Dostlar da həmçinin. Yaşınız 30-u keçibsə, unutmayın. Sizin dost itirən vaxtınız deyil, onları yenidən qazanmaq üçün təmannasız mühitlərin bir çoxunu o yaşdan sonra reallaşdırmaq çox çətindir.

Reklam alətdir. Onda yalan da var.

Reklamda yalan xoş niyyətli də ola bilər, bəd niyyətli də. Həyatda da belədir. Reklamda xoş niyyət üçün yalan danışıb onu 360 dərəcə kommunikasiya edəndə də məqsədinizə çatırsız, bəd niyyət üçün istifadə edəndə də. Satışlarınızın davamlı artması üçün yalan olsa belə, xoş niyyətli yalanlardan istifadə məqbuldursa, həyat keyfiyyətinizin artması üçün arada xoşxassəli yalanlar caizdir J Ümumiyyətlə 360 dərəcə kommunikasiya çox pul tələb edir, ona görə də əlinizdə belə bir imkan varkən, onu xoş məqsədlər üçün istifadə etmək daha yaxşı olar. Çünki o qədər vəsait həyatınızda bir də olmaya bilər.

Reklam öz təsirini həmən hiss etdirmir. Həyat kimi

Reklam olunan şeyin xüsusiyyətindən asılı olaraq onun təsir qüvvəsi, hədəfə çatması qısa zamanda olmur. Bəzən aylar, bəzən də bir nəsilin dəyişməsi lazım gəlir ki, reklam tədricən beyinlərə otursun. Həyatımızdakı reklamlar, yəni döngələr də həmən öz təsirini göstərməz. Umduqlarımızla əldə etdiklərimizin arasında çox incə zaman dilimi var. O dilimi səbrlə gözləyib meyvəsindən yeyənlər qalib, əksini edənlər məğlub olur. İstər yaxşı reklam olsun, istərsə pis təsiri həmən hiss edilməz. Pis reklam nisbətdə tez yayılsa belə həmin an təsir etmir. Həyatda da belədir. Həyatımızda döngələrə səbəb olan əməllərimiz bizə bumeranq kimi geri dönür. Gözləmədiyimiz anda və gözləmədiyimiz yerdən. Sadəcə səbrli olmaq lazımdır. Sözün düşdüyü yerdə sözünüzü deyil, yerinizi dəyişin. Fasilə verin, araya bir “reklam” girsin. Daha soyuq başla düşünmək və qərar vermək üçün bəzən reklam fasiləsinə ciddi ehtiyacımız ola bilər. Fasilədən sonra işlər düzələcəksə düzələcək, düzəlməyəcəksə, demək ki, xeyirlisi budur. Reklam bitər, həyat adlı kinomuz yenə davam edər mütləq.

Növbəti dəfə daha faydalı olmaq ümidilə

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Həyat axarı ilə gedir və bir anda insanın qarşısına döngələr çıxır. Bu döngələrə “reklam” deyək. Həyat döngələrimiz ya nəyinsə nəticəsi, ya da yeni başlanğıc üçün səbəb olur. Bu yazımda mən Sizinlə marketinqin bizə öyrətdiyi reklamlar nümunəsində bildiyimiz reklamlardan deyil, həyatımızdakı “reklamlardan” yazacam.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Cəlbedici başlıq fəlsəfəm

Mən tanıdığım Məhərrəm bəli, marketinqi çox sevir. Amma mütaliəni, ədəbiyyatı, ictimai publisistikanı da az sevmir. Ara-sıra ictimai mövzulara müraciət edir, yazır. Sizə bir sirr də açım. Aylıq olaraq təkcə marketinqə

Sərbəst 0 Comments

Mənim həyat fəlsəfəm: “O hər şeyi görür”

–          “Gencliyimde ele bilirdim ki, heyat bir sevincdir. Boyudum ve gordum ki, heyat calishmaqdir. Calishdim ve gordum ki, Chalishma bir sevincdir”  (Tomas Karlil)           –          “Ugurun sirri

Sərbəst 0 Comments

Əsgərlikdə “yaxşı fırlanan oğlanın” gündəliyi

#istəyirəm səhər açılmamış qanım it qanına dönsün. Dəlləyə gedim ki, başımı qırx. O da soruşsun ki, nə əcəb, deyim “əsgərliyə gedirəm, saldıra bilmədim, dədəm pulu kimə veribsə, əclaf 1 ay

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın