Hadisə və hekayə qıtlığı
O gün işə gələndə anidən qarşımda bir avtomobilin bardürlərin üstündən yol o biri tərəfinə “tullandığını” gördüm. Çox ani baş verdiyindən nə olduğunu tam anlamadım. Ancaq işə çatandan sonra avtomobilimin kamerasından həmin görüntüyə baxdım və məlum oldu ki, qoca kişi sürət həddi 100 olan, piyadalar üçün nəzərdə tutulmayan yerdən keçmək istəyib. Avtomobil də onu vurmamaq üçün manevr edir, amma idarəetməni itirərək qarşı yola çıxır. Allahdan avotmobildən başqa heç nəyə ziyan dəymədi. Bəndəniz bu videonu kəsib öz şəxsi facebook profilinə yerləşdirəndən sonra aramsız olaraq şərhlər gəlməyə başladı, baxış sayı sürətlə artdı. Hətta indi baxıram təkcə öz profilimdə 29000-ə yaxın izlənmə, 200 paylaşım, 250 şərh var.
Mövzum bu deyil, sadəcə bir cümlə də bu hadisə haqqında yazıb keçirəm mətləbə. Deməli, bu videonu ilk olaraq baku.ws səhifəmdən götürüb müəllif hüququnu qorumaqla paylaşdı, amma digər bütün saytlar, aralarında ölkənin ən tanınmış xəbər saytları da olmaqla özlərinə məxsus şəkildə montaj etməklə müəllifi qeyd etmədən paylaşdılar. Təbii ki, belə bir hadisə ilə yadda qalmaq istəməzdim, amma əgər mediada gedirsə, müəllif hüququ qorunmalıdır. Onun qorunmaması isə bir daha göstərdi ki, bizim media öz işinə nə qədər peşəkar yanaşır. Hətta bizimyol.info saytı hansısa müəllifin adını yazıb, utanmaz-utanmaz qabağında copyright işarəsi də qoymuşdu. Bu heç, bu hala artıq alışmış və barışmışıq. Düzələr deyək keçək.
Bu mövzunu “kadim dostlarım”dan biri ilə müzakirə edirdim ki, “bax görürsən, adi qəza videosu təkcə öz profilimdə 30 min, saytlarda isə ümumi 150 mindən çox izləndi, amma bir maarifləndirici yazı və video 5000-ə çatar ya çatmaz”. O da çox qəşəng bir izah verdi ki, “əslində normaldır, çünki ölkədə HADİSƏ YOXDUR”. Ədiblər demiş “bu söz aldı məni götürdü uzaqlara”. Papağımı qabağıma qoyub bir xeyli düşündüm və gördüm ki, adam, əslində, düz deyir. O saat ölkə gündəminin son 5-6 aylıq mənzərəsi gözümün önündən keçdi. Hamısı də bəsit-bəsit şeylər. İtdən, pişikdən, 10 əsr əvvəldən, 10 il sonradan, əlqərəz nədən desən çox dayaz mövzular gündəm olur. Samiraldokimilərin səviyyəsiz videoları, mənasız mashuplar, dünən çıxan müğənnilərin soyunması, soyunaraq nəsə virtuoz mesaj ötürməsi, şəklin başına fəlsəfi şərhləri və s. gündəm olur. Maksimum ciddiyə yaxın mövzularda isə əsl səbəbi göstərməyə heç kimin cürəti çatmayıb onu hansısa formada dilə gətirən ictimai şəxsi linç edirlər. Atalar belə hallarda əla deyib ki,”eşşəyə gücü çatmır, palanı döyür”. Qısası ölkədə CİDDİ HADİSƏ qıtlığı var. Hadisə deyərkən, nəsə qarmaqarışıqlığı, özbaşınalığı və s. nəzərdə tutmuram. Bunu başqa yerə yozmaq da lazım deyil. Sadəcə ölkə gündəmi yaradıcı, düşündürücü, öyrədici mövzular, hadisələr baxımından çox boz görünür. Gündəmimiz bombozdur. Enerji də bilirsiz ki, təbiətən insanda var və bir formada üzə çıxmalıdır. Yuxarıda yazdığım formada mövzular gündəm olmadığından və ya olmasına yumşaq desək icazə verilmədiyindən mənasız mövzulara millətimiz enerjisini xərcləyir. Bu iqtisadiyyatda da, siyasətdə də, mədəniyyətdə də, bir çox sahələrdə özünü göstərir. Məsələn, xaricdə falan debatlara baxırsan, mədəni, siyasi sahədə müzakirə və mübahisələrə baxırsan, adama xoş gəlir, insan futboldakı kimi özündən asılı olmadan tərəf olur, kiminsə udmasını, uduzmasını istəyir. O hadisələr olmadıqca, bizdə hələ çox müddət pişiyin başına butulka keçirilməsi, ağacın qışda çiçək açması, istənilən növ qəza videoları kimi bəsit, eyni zamanda “hər fəsildə çiçək aça bilən gündəmlər” yazımda qeyd etdiyim kimi standart, 100 ildi dəyişməyən mövzular və o mövzuları açanlar gündəm olacaq. Belə gündəmləri olan yer haqqında da deyirlər ki, neyniyək, camaata bu maraqlıdır. Bu fikir kimi yalan, qeyri-səmimi, öz haqsızlığına don geyindirilməyə çalışan fikir yoxdur. Camaat, məsələn, Taleh Yüzbəyovun “Zəhər Tuluğu”na da 1.5 miloyon dəfə izləyə bilir. Ağlı başında olan adam “camaat belə istəyir” sözünü bir də dilinə gətirməməlidir. Hadisə haqqında bu qədər. Hadisə həm də ictimai- sosial mövzudur. Onun olması böyük kütləni maraqlandırdığından həmin hadisəyə reaksiya da böyük olur.
Bir də var HEKAYƏ. Hekayə isə biznes mühitində daha məşhur sözdür. Dünyanın məşhur şirkət və brendlərinin əksəri bu tip hekayələrlə məşhurlaşır. Adətən bu brend hekayələrinin də bir çoxu uydurma olur. Ay nə bilim, marlboro maraq çəkmək üçün göydən vertolyotla boş qutu atıb, ay filan brendi uzaq avstraliyada yaşayan alim çöldə yağış yağarkən qarşılaşdığı hadisəsinin təsirindən kəşf edib və s. Bu yaxınlarda bir kitabda bu cür kəşflər haqqında oxudum ki, hamımızın bildiyi məşhur brendin bu hekayəsi əslində yumşaq desək gopdur. Amma nə olsun, “zato nəsə var”. Biznesdə şirkət və brendlərin hekayəsinin olması, bundan da ziyadə bu hekayələrin inandırıcı olması lazımdır. Mən çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, iqtisadi mühitimizdə də belə real və ya formalaşdırılmış hekayəsi olan çox-çox az sayda şirkət var. Şirkət və bizneslərimizin hekayəsinin niyə az olmamasının səbəbi də var təbii ki. Məmurlara bağlılığı olanlar var ki, çox üzdə olmaq istəmirlər. Yeni yarananı var ki, hələ deməyə elə böyük sözü yoxdur. Uzun illərdir vergidən yayınanı var ki, çox da danışıb özünü gözə soxmaq, diqqət çəkmək istəmir ki, “vergi vurar”. Bu siyahını nə qədər istəsən uzatmaq olar. Bütün bunların fonunda dişi-dırnağı ilə, min-bir əziyyətlə ən çətin şəraitdə qurulan, inkişaf edən, bugün də öz sözünü deyən şirkət və brendlərimiz də var. Hətta bir az daha dərinə getsəm, daha çox şirkətlərimiz var, nəinki brendlərimiz. Çünki brend yaratmaq dəyərdir, dəyər isə elə qısa və asan əldə edilmir. Xüsusən lokal müstəvidən kənara çıxa bilmirsə, brend olmağı da çətinləşir.
Yazımın qısa xülasəsi də budur ki, çalışıb daha rasional, faydalı hadisələrlə bol olan, daha çox hekayəsi olan şirkət və brendlər qurmalıyıq. Məsələnin kökü burdadır. Bu kökü görməzdən gələn, görmək istəməyən bəzi adamlar var ki, orda-burda “görəsən niyə bizdə belədir” sualını elə yüksək səslə verirlər ki, adamın əli üzündə qalır. Sağ olun.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Sağa-sola placement
Deməli, bu yaxınlarda PG marketinq direktoru Mark Pritçard İAB-dəki çıxışında rəqəmsal marketinq alətlərinin effektinə şübhə etmiş, bu sahədə boşluqların olduğunu bildirmişdi. Bu hadisə dünyada reklam agentlikləri arasında xeyli müzakirə edildi.
Marketing AİR 10 başladı
Bəli, zarafat-zarafat artıq 10-cu Marketing AİR-ə başladıq. Marketing AİR haqqında çox bloq yazmışam. Hər dəfə də eyni həvəs və həyəcanla. Çünki mən uzun hədəfləri xırdalayıb özümü motivə edə bilirəm. Mütləq
Yeni trendlər və Rosskomnadzor
Rusiyanın yeni texnologiya ilə “ayaqlaşmasını” izləmək məcazi mənada zövq verir. Baxırsan ki, adamlar siyasətdə və hərbdə tətbiq etdikləri strategiyaları biznesə də ötürürlər. Yansıdırlar desək, daha düzgün olar. Yeni yaranan texnologiyaya
Şərhlər
Alekberli
Avqust 15, 21:58Məqaləniz də, veb-saytınız da çox görkəmli və keyfiyyətlidir. Hər ikisinə görə dərin təşəkkürlər. Azərbaycan üzrə belə bir saytla ilk dəfədir qarşılaşıram. Abunə oldum. İşinizdə uğurlar 🙂