Komfort zona, kəsib atmaq və prinsipiallıq haqqında

Komfort zona, kəsib atmaq və prinsipiallıq haqqında

Həyatım boyu bir neçə dəfə komfort zonamı tərk etmişəm. Hər şey bir anda, bir cümlə ilə qərara bağlanıb. Bəzən mənə deyilən bir söz, bəzən də özümün özümə verdiyim bir sözlə gələcəyin necə olacağını düşünmədən qərar vermişəm. Planlı işi çox sevirəm, həyatımı da planlı yaşamağa çalışmışam, amma çox vaxt planladığım kimi getməyib. Nəticə ürəyimcə olsa da, nəticəyə gedən yollar fərqli olub. Bəlkə də ortada zəhmət olduğu üçün planlı getməsə belə, mən istədiyim kimi deyil, Allah istədiyi kimi olduğu üçün daha yaxşı olub, bilmirəm. İndi dönüb geriyə baxanda etdiyim heç nəyə peşman deyiləm. Bəlkə indi daha fərqli edərdim, amma yenə də edərdim, yaxşı ki, etmişəm deyirəm öz-özümə. Fərqli edərdim deyərkən nəzərdə tutduğum şey –  daha mülayim olardım yəni. Yaş ötdükcə anlayırsan ki, dünyada heç bir maddi şey insan qəlbini qıracaq qədər dəyərli deyil.

“Kəsib atmaq” hissi

Ümumiyyətlə, xarakterimdə olan ani qərarla “kəsib atmaq” hissəsi bir çox hallarda zərər versə də, içi komfort zonamı tərk etmə halları daxil bir çox məsələlərdə köməyimə çatıb. Necə olur “kəsib atmaq” desəz, özüm də bilmirəm. O bir hissdir, gələndə qabağını almaq olmur. Çox gec qopuram, bir insan gərək mənə bir deyil, bir neçə dəfə nəsə etsin ki, ona və proseslərə fərqli baxa bilim. Onun və ya hansısa prosesin mənə faydası olmadığını, məndən istifadə etdiyini anlayım. Amma günlərin xoş bir günü nəsə son damla ola bilər ki, o insan və ya hadisə mənim üçün sanki indiyədək olmamış olsun. Faizlə izah edəsi olsam, təsəvvür edin ki, bir insanın məndəki yeri əvvəl 100% idi, müəyyən hadisələrdən sonra deyək ki, 70-80 arası oynayır və elə bir an ola bilər ki, o bir saniyə içində heç bir cavab gözləmədən, qarşı tərəfdən heç bir izah ehtiyacı hiss etmədən 0%-ə düşə bilər. Gəncliyimdə məsələnin ciddiyətinə o qədər də varmırdım. İndi amma beynimdə “kəsib atma” periodunun gəldiyini hiss edə bilirəm deyə, bəzən buna sevinir, bəzən də üzülürəm. Üzülürəm ona görə ki, istəmirəm o hal baş versin, biz bir yaşdan sonra zatən daha çox itiririk, bu da itməsin deyirəm, amma bilirəm ki, o an gəldisə, o hissin qarşısında heç nə edə bilməyəcəm. Xüsusən çox dəyər verdiyim, sevdiyim şəxslər o perioda çataçatda olanda bunu hiss etdiyim üçün çırpınıram ki, tez düzəlsin, beyin qərar vermədən öncə prosesə müdaxilə edim. Amma yox, o an gəldisə, bitir hər şey. Təsəvvür etmirəm ki, nə başa verə bilər ki, hər şey əvvəlki kimi olsun. Xarakter də elədir ki, bir şeyi sevmirəmsə, hamı biləcək ki, sevmirəm, bir şeyi bəyənirəmsə, eynilə hamı biləcək ki, filan şey xoşuma gəlir. Yalandan salam vermək istəmədiyim adama salam versəm, elə bilərəm ki, özümə qarşı çox böyük bir xəyanət etmişəm. Və onu da deyim ki, bu yaxşı hal deyil. Doğru söz hər yerdə deyilməz. Doğru söz doğru yerdə və doğru zamanda deyilərsə, dəyərli olar. Əksi ya israf olar, ya da dəyərindən əskik qalar.

İtirmək qorxusu faydalıdır

İtirmək qorxulu hissdir. Həyatımda bəzi adamlar var ki, onları itirməyə bu yaşımda qətiyyən hazır deyiləm. Allahın təqdiridir, bilmək olmaz kim kimi birinci itirəcək, amma mən şəxsən o adamları itirməyi, onları itiridiyimi görməyi təsəvvür edə bilmirəm. Bu da məni çox qorxudur. Əslində buna hazır olmalıyıq, bilirəm, amma hər dəfə bu haqda düşünəndə beynimdə “söhbəti fırladıram”. İtirmək hissi insan üçün o qədər anlam kəsb edir ki, bunun üzərindən reklamlar çəkirlər. Çəkilən reklamlarda insanın bu qorxusundan gen-bol istifadə edirlər. İtirmək qorxusu əslində komfort zonanı tərk etməməyin dərində yatan səbəblərindən biridir. Komfort zona haqqında çox oxuduğunuz, çox məlumatınız olduğundan əminəm. Baxmaq hələ görmək olmadığı kimi, bilmək də hələ başa düşmək deyil. Məncə, bu sözün mahiyyətini üzərimizdə hiss etməyənədək tam anlamırıq. Bir az izah verim;

Komfort zona insanın öz daxili həqiqətləri ilə sərhəd çəkdiyi güvənli bölgədir. O həmin sərhədlər daxilində özünü qorumada hiss edir. Qurulmuş bir düzən olur ki, onu pozmaq və sıfırdan başlamaq məcbur olmadıqca qətiyyən alternativ olmur. Çünki alternativi riskdir. Udsan çox böyük uduşla çıxma ehtimalı da var, uduzsan tamamən sıfırlanma ehtimalı da. Həyatında qeyri-müəyyənlik hissi ilə aylar və ya illərlə yaşayan adamlar bunun nə mənaya gəldiyini çox yaxşı başa düşür. Hər şey əlindədir, amma həm də əlində deyil. İstədiyin yerə gedə, istədiyni edə bilərsən, amma həm də edə bilmirsən. Cəsarət və güvən insanı bu periodda çox sınağa çəkir. Qalib isə onu ən çox istəyənlər olur.

Məsələn, görürsən ki, biri uzun müddət şəxsi təşəbbüsləri ilə işlər görür, bəzən itirir, bəzən qazanır. Sonra birdən məsuliyyət yükündən azad olmaq ehtiyacını hiss edib daha risksiz, nisbətdə az, stabil, amma davamlı bir işi seçir. Və ya tərsinə, biri də uzun müddət stabil, risksiz işini atır, özünü bilərək tanımadığı yollara vurur. Azərbaycan reallığında deyim ki, hər iki seçimi edənlər haqlıdır. Çünki seçimlərin hər ikisi xarakter məsələsidir və hər birində də haqq payı var. Günümüzün reallığı, hadisələrin proqnozlaşdırıla bilinməməsi insanları az-maz güvənli nələrdənsə möhkəm yapışmağa vadar edir. Təbii ki, eyni işi görüb fərqli nəticələr gözləmək də komfort zonanı seçənlərin gözləntiləri arasında olmamalıdır. Cəmiyyət üçün hər ikisi lazımdır, çünki biri iş yaradır, biri isə gözəl işçi yetişdirir.

Bəs, niyə insanlar komfort zonanı tərk etməyə meylli olmur?

Son 20 il iş təcrübəmdə rast gəldiklərimi 3 cümlə ilə ifadə etsəm belə deyərdim;

1. Gələcək haqqında qeyri-müəyyən təsəvvürlər hakim olan mühitdə insanlar komfort zonalarını (əgər varsa) tərk etməyə meylli olmur. Yəni proseslər insanın öz imkanları səviyyəsindən daha böyük olur, mühit, ekosistem özü rol oynayır.

2. Uzun müddət şəxsi biznes, daha çox məsuliyyətli işlər, riskli qazanclı (az da ola bilər, daha çox da) işlər gördüyü üçün yorulur, bu dəfə də başqa bir yol – sabit, davamlı, risksiz işi seçir. Burada daha çox “görüm bu necə bir hissdir” prinsipi olur. Amma burada da deyim ki, xarakter çox vacibdir. Xaraktercə daha çox dadan, daha çox azadlığı olan, ona alışan biri zaman keçdikcə çox çətinlik çəkir.

3. El təbirincə desək, “aza qane olan”, “azacıq aşım ağrımaz başım” deyən, “dünyanı mənmi düzəldəcəm” deyə düşünən, bəzən də öz daxili gücünün fərqində olmayan, bəzən isə bacarığına bələd olub ən yaxşı çıxış yolu orta stabil gəlirli yerini qorumağa çalışanlar. Burada korporativ mühitdə uzun müddət çalışıb xüsusi bir irəliləyişə nail olmayan, istər vəzifə, istərsə də gəlir baxımından ciddi dəyişiklik olmamasına rəğmən dəyişmək istəməyənlər də aiddir.

Ümumiyyətlə, düşünürəm ki, insan öyrənməyi dayandırdığı an ölür. İş rutinə döndüsə, ya o iş dəyişməlidir, ya sən, ya da yerin. Sözün keçmədiyi yerdə, sözümüzü deyil, yerimizi dəyişməliyik. İnsan gördüyü işi sevməlidir, sevməsə hər gün zülm olar, heyf olar itirilən zamana. İşlədiyin yer üçün çoxsansa, hesab edirsənsə ki, sənin istədiklərini verə bilmir, həm özünə həm də şirkətə ən böyük yaxşılıq işi dəyişməkdir. Dəyişmək, (change management) dəyişikliyi idarə etmək çox ağır prosesdir. İlanın qabıq dəyişdirməyi, qartalın caynaq çıxarması qədər çətin. Hər adam könüllü dəyişə bilmir, onu gərək anidən suya tullayasan ki, üz. Ya üz, ya da boğul. Bu həddə çatmasa, dəyişməyəcək, öyrənməyəcək. Amma elə ki, bir balaca rahatlaşdı, yenə də komfort zonasına çəkilən adamlar var. Nəzərə alsaq ki, cəmiyyətdə prosesi və insanları arxasıyca aparanlar sayca azdır, o halda komforta meylli olanların çox olması da təbiidir, faciəvi durum yoxdur, sadəcə seçim məsələsidir. Biz seçimlərimizin məhsuluyuq.

Tələsməyin ki, gecikməyəsiz!

Seçimlər də özbaşına olmur, könüllü olmur. Bizi bəzən prinsiplər, bəzən kədər, bəzən də kin, nifrət hissi idarə edir. Qərarların kökündə bu sadaladıqlarım fərqli formalarda təzahür edir. İstər işdə, istərsə də şəxsi həyatda qızıl ortanı tapa bilmək, tapdınsa möhkəm yapışmaq lazımdır. Lüzumsuz eqo, nifrət, aşırı qürur insana zərər verir. Həyat sənin demək istəyib də demədiyin şeylərə müşahidəçi qalacaq qədər uzun deyil. Kiməsə təşəkkür edəcəksənsə, gözləmədən et. Kimdənsə üzr istəyəcəksənsə, yubanma, sabah gec ola bilər. Kimisə sevirsənsə, de, etiraf et. Kimisə bəyənmirsənsə, hansısa hərəkətini düz hesab etmirsənsə, onu hər kəsin yanında deyil, təklikdə tut və fikrini bildir, aranızda gizli narazılıq qalmasın. Əziz oxucu, əgər yazının bura qədərki hissəsini oxumusansa, dayan və ən son xətrinə dəydiyin bir nəfəri düşün, zəng elə üzr istə. Sevdiyin şəxsə onu sevdiyini bildir, hər şeyə rəğmən bildir. Deyilməyən söz elə formada deyilə və sonda elə effekt verə bilər ki, öncə deyilən hər cür pis sözə, pis xatirəyə məlhəm ola bilər. Tələsməyin ki, gecikməyəsiz.

Nifrət, özü zəhər içib, amma başqasının ölməyini gözləmək kimi bir şeydir.

Kin insanın özünə zərər vurur. Hətta rəqiblərimizi, düşmənlərimizi belə yenməyin ən gözəl yolu daha çox dostlar qazanmaqdır. Kin və nifrətlə dolu insan sanki belindəki çantada heç vaxt ona lazım olmayan, faydası olmayan yükü daşıyır. Boş yerə yer tutur. Ona görə də ən yaxşısı bağışlamaqdır. Biganə qalmaq unutmaqdan, kiməsə qarşı kin bəsləməkdən daha çox təsirlidir. İlla ki, nəsə edim deyirsizsə, proseslərə və şəxslərə biganə qalın.

Uzun sözün qısası “uğur hər şeyin ən gözəl cavabıdır”. Çox bilmək bizə rahatlıq verməyə bilər, amma dəyərli edir.

Deməyin ki, ağıllı fikirləşincə dəli vurur çayı keçir. Bəli, dəli çayı vurub keçir, amma niyə keçdiyini bilmir. Başına gələnlərin və başına gətirdiklərinin niyəsini bilirsənsə, həyatı başa düşürəm deyə bilərsən.

 

Növbəti dəfə daha faydalı olmaq ümidi ilə

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Tələsməyin ki, gecikməyəsiz!

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

Millətçilik üstünlük demək deyil!

Son zamanlar sosial şəbəkələrdə millətçilik, millət və s. üzərinə müzakirələr gedirdi. Demək olar hər il minimum bir dəfə belə söhbətlər olur. Qısası bir qrup hesab edir ki, millətçilik ziyanlıdır, inkişafına

Münasibət 0 Comments

Xəzərin Səhəri verilişinə müsahibəm

Dostlar, ötən həftə Xəzər Tv-də “Xəzərin Səhəri” verilişinə dəvət almışdım. Qonaq müsahib kimi 10 dəqiqə müddətində məhsulların qablaşdırılması, qablaşdırmanın məhsulun imicində önəmi, müştərilərin məhsulu seçərkən üstünlük verdiyi qablaşdırmalar, qablaşdırmanın satışda

Münasibət 0 Comments

Həyat prinsipləri biznesdə özünü necə göstərir? – CANLI YAYIM

Azərbaycanda ən güclü idarəçilərdən olan, networking qurmaqda deyərdim ki, 1 nömrəli adam olan dəyərli dostumuz Sakit müəllimlə canlı yayımda “Biznesdə keçərli olan həyat qanunları” haqqında müzakirəmiz oldu. Ənənəvi mövzu deyil,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın