Manafovun doğum gününə özəl
Bu gün dostumuz İlkin Manafovun ad günüdür. Bu yazıda istəyirəm Sizlərə bir az Onu daha yaxından tanıdım. Həm də fürsətdən istifadə edib ad gününü təbrik edim. Bu arada hələ oxumamış düşünürsünüzsə ki, bu bəy tərifidir, yanılırsınız. Məni yaxından tanıyan dostlar və düşmənlər bilir ki, mən şəraitdən və şəxsdən asılı olmayaraq dediyim sözü birbaşa və olduğu kimi deyirəm. Ətrafımda olan və olmayan hər şeyi də bu xüsusiyyətimə borclu olduğumu bilirəm. Ona görə də mən dostum Manafovu bütün xüsusiyyətləri ilə “tanıdacam” 🙂 Başlayaq.
Əvvəla İlkin Manafov deyərkən mənim ilk assosasiyam Yevlaxdır. Onu tanımayana qədər bir dəfə də olsun bu şəhərdə olmamışdım, təsəvvürüm yox idi. Hətta bir dəfə bu haqda belə bir fb post da yazmışdım ki, “İlkinin Yevlaxlı olması Yevlaxın ilkin imicinə heç bir xələl gətirmir”. Mən inanıram ki, bir gün gələcək və o gün bir çox yerlərdə İlkinin “Bilirsiz də, mən Yevlaxlıyam” sözü şüar kimi asılacaq. Əgər onun bloqlarını oxuyursunuzsa, ortalama 3-4 bloqdan bir bu sözü təkrar etdiyini görərsiniz. Bəli, İlkin Yevlaxın dağ kəndlərindən birində doğulub boya-başa çatıb. İlk dəfə mən bu rayonda olanda o ana qədər oxuduğum coğrafiya kitablarının yalan olduğunu, aldadıldığımızı hiss etdim. Qurban olduğum 11 iqlim tipinin 13-nü bu şəhərə verib. Səhər oyanırsan, dağın sərin havası, günorta ağacların təbii kölgəsi, axşam isə ağzına kimi qaynayan şəhərdə gənclərin Paris bulvarı ilə yarışa biləcək Yevlax bulvarında gəzişməsi şəhərə alayı bir gözəllik verir. İlkin hərdən (100 qr qırmızı şərab içəndə) xoşlayır desin ki, “Yevlax, Azərbaycanın coğrafi paytaxtıdır”. (Bütün coğrafiya müəllimlərindən, o cümlədən öz coğrafiya müəllimim Müseyib Müseyibovdan üzr istəyirəm – red:R.H)
Rayonlardan söz düşmüşkən deyim ki, dostlarım arasında İlkin və ondan geri qalmayan Bayramov hökümətin regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi proqramın bir nömrəli əngəllərindəndir. Yadınızdadırsa, ilk dəfə 2009-2013-cü illər regionların inkişaf paketi hazırlanmışdı, sonra bu kimi şəxslərin “səyi” nəticəsində nəticələr gözəl olmadığına görə 2014-2018-ci illər üçün yeni layihə hazırlandı. Bir adam nə qədər rayona gedər. İnandırım Sizi ki, Yevlaxda İlkinin əlindən bir ot belə düz bitə bilmir, o saat gəlib tapdalayır. Həm də region əhli üçün pis örnəkdir. Bütün rayonların kitaba, elmə ehtiyacı olduğu halda, bu qardaşımız camaata fen satır, servant satır. İnsan niyə bu qədər mənfəətcil oldu, nə zaman oldu, bilmirəm. O biri dostum Bayramov isə hər həftənin sonu İsmayıllıdadır. Düzdür İsmayıllının təbiəti Yevlax qədər olmasa da, pis də deyil. Di gəl ki, bu dostumuz da rayonda bir dənə toyu boş buraxmır. Son 2 ildə rayonda olan toyun əldə etdiyim rəqəmlərə görə ən az 85%-də Bayramov iştirak edib. Bir dəfə 2-ni də bir yerdə tutmuşkən soruşdum ki, niyə belə edirsiz, utanmırsız? İkisi də bir ağızdan qayıtdı ki, “vallah, elə bilirsən biz utanmırıq, amma nağaraq eləməliyik dəə…” Ümumiyyətlə, son zamanlar bütün hərəkətlərində “nağaraq eləmliyik də” sözünün arxasında gizlənmə halları müşahidə edirəm 🙂
Allah xasiyyətimi kəssin, yenə girişim uzun alındı. Mövzum Manafovun ad günüdür. Uzaqlaşmayım. Özünün də vaxtilə yazdığı bloqdakı kimi biz onunla 2012-ci ildə tanış olmuşuq. Yəni düz 5 ildir ki, dostluq edirik və Anar Bayramov da daxil olmaqla birlikdə xeyli işlər görmüşük. Manafov bizim hamımızdan yaşca böyükdür. Yəni biz ona baxanda cavanıq və çox vaxt da bundan ləzzətli şəkildə istifadə edirik. Həm də sevinirik ki, O, özünü bizim yanımızda gənc hiss edir. 🙂
Gəlin, Sizə Manafov haqqında bəlkə də bilmədiyiniz həqiqətləri, onun bəzi müsbət və mənfi xüsusiyyətlərini sadalayım.
1. İlkin, çox güclü katalizatordur. Bir çox ortaq layihələrimizdə onun bu xüsusiyyəti xeyli kömək edib. Filan şeyi etsək necə olar? – dedinizsə, – Edək, çox rahatdı – deyəcək. Düzdü, hərdən barıtı bir az artıq qoyur. Amma biz onu artıq hiss edirik, belə olan kimi, onu dartıb salırıq yerə ki, “dayan, bloq yazmırsan, bizik” :). İdeyalar aşıb-daşır, hər dəfə yeni nəsə düşünə bilər. Amma buna parallel mənfi xüsusiyyəti odur ki, o katalizatorluğunu elə işin əvvəlində edir, sonra isə sadəcə seyr edir, bəzən isə onu da etmir 🙂 Dərd də orasıdır ki, elə bilir ki, biz bunu görmürük. Fürsətdən istifadə edib Ona səslənirəm ki, mən deyək ki, heç, amma Bayramov axı bilirsən ki, savadlı oğlandır. Quşu göydə tutur, kimə gəlirsən?! Amma onu da qeyd etməliyəm ki, bizlə ünsiyyətdə olandan biz onu xeyli işlədə bilmişik. Daha indi gücümüz hara qədər çatırsa…
2. İlkin üçün mürəkkəb heç nə yoxdur. Bəli, o gözündə hər şeyi çox sadələşdirir. Ümumiyyətlə biz 3-müz bir-birmizin xasiyyətləri baxımından çox uzaq adamlarıq. Hərdən adamın özünə də qəribə gəlir ki, necə ola bilər 3 fərqli adam 5 il ərzində sıravı dostluq yox, bir yerdə n qədər işlər görə bilir. Amma demək ki, hərəmizin bir xüsusiyyəti işin tamamlanması üçün vacibdir. Mən, məsələn, nəticədən daha çox proses adamıyam, prosesdən həzz alıram. İlkin, nəticə adamıdır. Anar isə, istər nəticədə, istər prosesdə uğurludur. Ümumiyyətlə, Bayramov bizim maliyyə işlərindən sorumludur. Excell-lə bağlı bütün işləri ona həvalə etmişik, o bizə ancaq lazımı xanaları göstərir, bilir ki, bizi nə maraqlandırır. Sağ olsun. İlkinin sadələşdirməsi, başlamaq üçün müsbət effekt verir. Yuxarıda yazdığım kimi, sonrakı proseslərdə “burcutsa da”, başlanğıcda bu xüsusiyyəti əla effekt verir.
3. İlkinin maraqlı musiqi zövqü var. Mən özüm də milli musiqiləri çox sevirəm. Amma İlkinin musiqi zövqü fərqlidir. Nə hikmətdirsə, İlkinin hazırda qulaq asdığı milli musiqilərin 99%-nin ifaçısı artıq rəhmətə gedib. Və ya başqa cür desək, musiqilərin yazılma tarixi 80-i bu tərəfə keçmir. Yanılmıramsa, bircə Xumar Qədimova var qulaq asdıqlarından hazırda sağ olan 🙂 Onunla bir dəfə rayona gedəndə 3-4 saatın necə çətin keçdiyini hiss etmişəm. Allahından bluetooth da yox idi ki, arada damaq dadını dəyişim. 🙂
4. İlkin, zəhmətkeşdir. Hər nə qədər burcudub işdən sivişməyi olsa da, lazım olanda, özü istəyəndə çox zəhmətkeş olur. Əsas məsələ, özünün bunu istəməsidir. Öz üzərində işləyir. Bloq yazır, oxuyur, marketoloq olaraq medalın hər iki tərəfindən məlumatlı olduğundan ətrafına da yazıları ilə faydalı olur. Zəif xüsusiyyəti isə bəzən keyfiyyəti kəmiyyətə qurban verməsi olur. Yuxarıda yazdığım kimi, biz 3-müz fərqli adamlarıq. Həmişə də bir-birimizlə razılaşmırıq. Məsələn, mən onun tez-tez münasibətini dəyişdirməsini xoşlamıram. “Bir şeyi dəyişdirə bilmirsənsə, ona münasibətini dəyiş” sözü Manafov üçün yazılıb, sanki :). Çox rahatlıqla, fərqli yazıları ilə öncəki yazılarını təkzib edə bilər. Amma dediyim kimi ümumi fonda hər yazıdan mütləq ki, nəsə faydalı bir şey götürmək mümkündür. Ümumiyyətlə, məqsəd biz bu işə başlayanda paylaşmaq olub, ona da əməl etdiyimizi düşünürəm. İlkinin ailəsi müəllim ailəsidir, yəqin həm də oradan qaynaqlanır. Düzdür özü mənim soyadımı Hunaltay deyil, Hünaltay yazsa da, buna görə valideynləri heç bir məsuliyyət daşımır. Bayramov şahiddir ki, İlkinin əmisi Manaf dayı özü belə bu yaşında bizim AİR-in işləri ilə çox maraqlanır, biz də ona sertifikat belə vermişik.
5. İlkin, çox praqmatikdir, realistdir, 3-cü göz kimi idealdır. Aramızda proseslərə ən realist, soyuqqanlı yanaşan İlkindir. Həvəslə bir işə girişirsinizsə, Sizə çox rahat müxalifət təşkil edə bilər ki, Siz görəcəyiniz işi daha çox araşdırasınız. Əsl dost əslində Sizin səhvlərinizin də arxasında olan, eyni zamanda Sizin səhv istiqamətə getdiyinizi görəndə “birdən inciyər, deməyim” şəklində düşünməyəndir. Biz emosional davrana bilirik bəzən, ancaq həmişə O, daha sakit davranır. Amma bu məsələdə də, bir mənfi xüsusiyyəti var. Demək istədiyi sözü 3-cü, 4-cü cəhddə deyir. Məsələn, filan şey pisdir demək istəyirsə, onu birbaşa deməyəcək. O filan şeylə əlaqəli 2-3 detaldan danışıb sözü həmin məqama gətirəcək. 🙂 İnandırıcılıq qabiliyyəti güclüdür. Sadəcə bir dərd var ki, biz Bayramovla onun bütün xüsuiyyətlərini bilirik deyə, bizə o variantlar keçmir.
Əziz dostumuz İlkin, səni doğum günün münasibətilə təbrik edirəm. İnşallah, hər ötən il sənə şəxsi həyatında və biznes işlərində uğur nəsib etsin. Gün o gün olsun ki, bütün rayonlarda fen işinə sən baxasan, orta statistik hər bir azərbaycan gəlinin evində sənin satdığın ən azı bir mebel olsun. Germanların studiosunda qlamurlara atdığın hava boşalmasın, Belissa dükanların sayı çoxalsın, rəqiblərinin işi çıxsın nəsə və sən olan yerlərdən çıxsınlar, hamı səni o qədər sevsin ki, yerləri pulsuz icarəyə versinlər sənə. Ailən, doğmaların, sevdiklərinlə bərabər keçirəcəyin bütün günün AD və ŞAD GÜNÜN olsun.
Bu mahnı da sənə gəlsin 🙂
Yazar haqqında
Editor review
Summary
Bu yazı dostum İlkin Manafovun doğum gününə özəl yazılıb.
Həmçinin oxuya bilərsiniz
Uzun çəkən iclasın gündəliyi
#istəyirəm səhər işə gələndə yadıma düşsün ki, bugün iclas var və mən ona hazırlaşmamışam. Keçən həftədən yazılan tapşırıqların üstündən tez keçim, hərəsinə bir cavab fikirləşib, bu dəfə mövzulardan yayınıb vaxt
Yeni iş yerim – Daha tez-tez ˝Kontakt˝da olacağıq
Əziz dostlar, bildiyiniz kimi bu ilin oktyabr ayından İdeal parfumeriya və kosmetika mağazaları şəbəkəsindən ayrıldım. Bu haqda ətraflı oxumaq istəsəz, buradan oxuya bilərsiniz. Mənim üçün çox böyük mənəvi dəyəri olan
Şirkəti onun sahibindən çox sevənlər. Nə qədər səmimiyik?!
2 gün öncə şəxsi facebook profilimdə belə bir status paylaşmışdım. Şərhlər bir xeyli çox olduğundan və əsasən də yanlış istiqamətdə getdiyindən istədim bu mövzuya ayrıca bloq həsr edib Sizinlə müzakirə edim.
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun