Məhərrəmin fəlsəfi “Kış Uykusu”ndan öyrəndiyi 6 fakt

Məhərrəmin fəlsəfi “Kış Uykusu”ndan öyrəndiyi 6 fakt

Bloqumuzun açıqlamasında marketinqə aid hər şeydən deyil, lazımlı şeylərdən yazacağıq deyə qeyd etmişdim. Bu o tip yazılardır ki, sırf marektinqlə əlaqəli deyil, amma oxuyana və bilənə mütləq bir xeyri vardır. Marketer dediyin psixologiyanı çox yaxşı bilməli və bu bilgiləri şirkətinin, məhsulunun kommunikasiya və strategiyasında tətbiq etməyi bacarmalıdır. Və bu tip psixoloji yazılardan bir neçəsini daha öncə Sizlərlə paylaşmışam. Məsələn, “Mənim həyat fəlsəfəm” və “Həyata Teymurvari baxış” bu qəbildən olan yazılardır. Siz bu yazılarda Marketer Məhərrəmin bir çox məsələlərə psixoloji aspektdən yanaşma tərzini görə bilərsiniz.

Bu dəfə isə Sizlərlə bu gün izlədiyim maraqlı (Cannes mükafatlı) bir film üzərindən diqqətçəkici frazaları və onlar üzərindən çıxan qənaətləri paylaşacam. Filmin adı “Kış Uykusu”dur. Verdiyim link vasitəsilə filmi tam izləyə bilərsiniz. İlk onu qeyd edim ki, sujet xətti bir az ağır olsa da, sonadək baxmağa dəyər bir filmdir. Xüsusən fəlsəfi və düşündürücü ifadələrlə zəngindir. Filmdə səslənən şərhlərə keçməzdən öncə Sizə aşağıda filmdən maraqlı frazaları paylaşıram:
“Kötülük yapana yardım edelim kötülüğünü yapsın, utansın. Tüm kötülükler böylece bitsin”
 
“Aklı başında olan insan suçun sadece kendine ait kısmı ile ilgilenmeli bence”
 
“İnsanın birazcık kendisini kandırarak korumasında da sakınca yok bence”
 
“Biz plan yaparken hayat geçip gidermiş”
 
“Deyişteremeceğin şeylere esnek olacaksın”
 
“Vicdan güçlü insanları korkutmak için düşünülmüş korkakların kullandığı bir sözcükden başka bir şey değildir. ”
 
“Her sabah parlak işler tasarlar, günboyu budalalık ederim”
 
Film əsasən 3 nəfər və ətrafı arasındakı söhbətlərdən ibarətdir. Təbiətcə bir-birindən fərqli 3 insanın dünyagörüşünü bizlərə çatdırır: Keçmişi aktyor olmuş, intellektual və maddi imkanı yerində olan Aydın bəy, onun cavan həyat yoldaşı və bir nəfər yoldaşından ayrılan savadlı, amma xoşbəxt olmayan və bu səbəbdən fikirlərində qarışıqlıq yaranmış Aydın bəyin bacısı. Filmdə maraqlı dialoqlar çoxdur, onlardan bir neçəsini yuxarıda gördünüz, bir neçə məqam üzrə isə aşağıda qeyd edəcəyəm. O məqamlar ki, ixtisas və peşəsindən asılı olmayaraq hamı üçün maraqlı və faydalı ola bilər, hamı oradan özü üçün nə isə götürə bilər. Beləliklə,

  • Ailəvi hər hansı mövzu haqqında müzakirələr çox faydalıdır
Filmi ən maraqlı edən məsələ ailənin bir yerdə daim hər-hansı bir mövzuda müzakirə etməsidir. Ailələrin məişət səviyyəsindən çıxıb fərqli müstəvidə olan mövzuları müzakirə etməsi, etmək iqtidarında olması çox gözəldir. Burada hətta bir-birilərinə qəddarcasına müxalif olmaq da mümkündür ki, bu da inkişafa aparır. Necə ki, bu filmdə Aydın bəy və yoldaşının və Aydın bəylə bacısının arasında maraqlı dialoqlar var. Ümumiyyətlə bu tip müzakirələr üçün isə mütləqdir ki, tərəflər daim mütaliə etsin, araşdırsın, oxusun, öyrənsin. Yəni bilgi sahibi olmaq önəmlidir, bilgi sahibi olmadan fikir sahibi olmaq yox.
  • Əzab çəkməmək üçün özünü aldadanlar, başını qatanlar var
“İnsanın birazcık kendisini kandırarak korumasında da sakınca yok bence” – filmdə səslənən maraqlı ifadələrdən biridir. Həqiqətən də bugün dünyamızda bu hissi özündə daşıyan xeyli insan var. Bəzən olur ki, tanıdığınız bir insan hər keçən gün fərqliləşir, hər keçən gün yeni nələrsə edir və maraqlısı odur ki, daim dəyişir, bir yerdə və bir mövqedə qərar tuta bilmir. Bu zaman əmin olun ki, o insanın içində nəsə özünün bildiyi, amma çölə biruzə vermək istəmədiyi təlatümlər vardır. O, bəzən öz etdiklərinə özünü də inandırmağa çalışır, nələrisə öz daxilindəki “mən”ə sübut etmək məcburiyyətində hiss edir. Onların sanki hər şeyi var, amma nəsə yenə çatmır. Onlar əzab çəkir, bəzən səbəblərini bilmirlər və ya o səbəbi düzgün yerdə axtarmırlar deyə, daim başlarını qatmaqla məşğuldurlar. Özlərini bu cür aldatmaqla onlar əslində öz mövcudlarını qoruyurlar.
  • Bəzən insandan çox şey gözləməklə onun uğursuzluğuna səbəb oluruq
Filmdə ən maraqlı epizodlar qəhrəman ilə bacısı arasında olan dialoqlardır. Onlardan birində bacı qardaşına onun uğursuzluğunun səbəbini, onun bacarıqsızlığında deyil, əslində onların qardaşından daha çox şey gözlədiklərində (çıtayı yüksək tutma) görür. Həqiqətən maraqlı ifadədir və fəlsəfi məna ağırlığı var. Bizdə əksər insanlar “hamı xoşbəxt olsun, sən olma” məntiqi ilə yaşayıb etdikləri və gördükləri hər işdə özlərindən başqa kimi desən düşünürlər. Nəticədə özlərinin deyil, başqalarının görmək istədiyi həyatı yaşamış olurlar. Və o insanlar adətən başqalarının onlara qoyduğu qəlibə daim uyğunlaşmaq istəyirlər. Maraqlı bir misal deyim. 4-cü sinifə kimi şəxsən mən, qətiyyən oxumağa meylli olmamışam, amma atam gündəlik olaraq dərslərimi müəllimlərimdən də ciddi yoxladığına görə qorxumdan oxumuşam desəm yanılmaram. Amma həvəssiz oxuduğumu deməliyəm. Nəysə ki, 5-ci sinifdən etibarən bu gedişatlar artıq əlaçı oldum və bu proses 9-a kimi dayanmadan davam etdi və 9-cu sinifdə bir anlıq oxumağın daşını yavaş-yavaş atmaq kimi fikirlər var idi beynimdə. Amma o zaman da qarşıma digər bir psixoloji baryer çıxmışdı. O da son 4 ildir əlaçı olduğum və məni hər kəsin belə tanıması, indən sonra oxumasam hər kəsin mənim haqqımda nə düşünəcəyi idi. Özümü bütün dərsləri hamıdan yaxşı oxumaq məcburiyyətində hiss edirdim, hətta sevmədiyim kimya dərsini də ən son dərsimə kimi oxuyub cavab vermişəm bu səbəbdən. Nəticə olaraq ziyanlı bir şey olmasa da, yəni nəticə olaraq müsbət olsa da, nəticəyə aparan mənim seçdiyim yolun düzgün olmadığını düşünürəm. Bəlkə də bu hiss sonrada digər işlərdə də məni təqib etdi, onu deyə bilmərəm. İstənilən halda çalışmaq lazımdır ki, insan başqalarının onlara biçdiyi həyat tərzini yox, öz yolunu özü müəyyən etsin. Bir neçə gün öncə “xalxın uşağı” adlı bir yazını paylaşmışdım. Həmin yazıda deyildiyi kimi özünü “xalxın uşağı”na bənzədib həyatını kor etməyə dəyməz.
  • Dediklərimizlə etdiklərimizin üst-üstə düşməməsi və ya maddi sıxıntıların buraxdığı izlər
Filmdə dramatik bir imam obrazı var. Hansı ki, qardaşı ilə birlikdə kirayə qaldıqları evin pulunu uzun müddətdir ödəyə bilmirlər və bu onu film boyu bir çox şeyləri etməyə vadar edir. Çox insanlar gördüm ki, ən böyük arzuları kimsəyə möhtac olmamaqdır. Həqiqətən də möhtac bir insanı onun durumunda olmadan anlamaq çox çətindir. Onların az bir hissəsi ən son anadək möhtac olsalar belə, öz qürurlarını qoruyub saxlaya bilirlər. Necə ki, filmdə bu möhtac ailəyə yardım etmək istəyən ev sahibinin xanımının gizlin gətirdiyi pulu ehtiyacı ola-ola oda atıb yandıran adam kimi. Odur ki, insanları qınamağa tələsməyin heç vaxt, özünüzü onların yerinə qoyun, Siz onların yerində olsaydınız nə edərdiniz? Bəzən elə adamlar görürsən ki, naharı 15 dəqiqə gecikəndə xadiməyə demədiyi söz buraxmır, amma 1 saat sonra “ac ol, kişi ol” tipli statuslarla “cəmiyyətə mesaj verir”. Odur ki, o tip insanları qınamaqdansa, ən yaxşısı dua edin ki, Allah Sizi yoxluqla sınamasın. Çünki o hal baş verən zaman kimin özünü necə aparacağı heç bəlli olmaz. Bir də çalışmaq lazımdır ki, etdiklərimiz bir zaman dediklərimizə tərs olmasın. Yuxarıda filmdən sitatda deyildi kimi “hər sabah parlak işler tasarlar, günboyu budalalık ederim”məntiqi ilə olmasın. Ona görə də hər şeyi deməliyik, bilməliyik kimi bir şey yoxdur. Bilmirəm deməyi də öyrənmək lazımdır. Hər mövzuda yazmaq olar, hətta bilmədiyin mövzuda da, amma bilmədiyin mövzuda yazırsansa, ona gələn rəylərin və qiymətin də mövzunun səviyyəsinə uyğun olacağını, ondan artıq olmayacağını gözə almalısan.
  • Qarşınızdakını “tanrılaşdırıb” sonra da o “tanrı”dan inciməyin.

“Karşımızdakini olduğu gibi görmeyip Tanrılaştırmak, sonra da böyle bir Tanrı olabilirmiş de olmuyormuş diye ona kızmak..” – filmdə səslənən ən təsirli ifadələrdəndir. Həqiqətən də həyatı ən asan yaşamağın yolu gözləntiləri azaltmaq və ya çox da bir şey gözləməməkdir. Daim nələrisə edib, qarşılığını almadıqda məyus olmamaq üçün gözləməyəcəksiniz heç kimdən heç nə. Təbii ki, kim istəməz ki, zəhmətinə o sağkən qiymət verilsin, dəyər verilsin. Amma olmadısa, olmadı, üzülməyə dəyməz. Çünki Siz bu dünyada qiymət verilməyən (əgər belədirsə) nə birinci, nə sonuncu adamsınız. Yəni ilk öncə ətrafınızı və ya ətrafınızda olan kimisə filmdə deyildiyi kimi məcazi mənada çox da “tanrılaşdırmayın” ki, sonra əksini görəndə “belə tanrımı olar?” deməyəsiniz.

  • Önü “ideal” ilə başlayan heç nə axtarmayın, sadəcə sevin.
Filmdə bir yerdə qəhrəman bacısı ilə yazdığı bir köşə yazısı ilə bağlı mübahisə edir. Və bu ərəfədə qızğın müzakirə zamanı Aydın bəy bacısının fikirlərini eşidib sonda “sən deyəsən mənim yazdıqlarıma deyil, mənim özümə nifrət edirsən” deyir. Çünki filmdə qəhrəmanın bacısı da elə qəhrəmanın özü kimi daim mükəmməllik axtarışında olduğu üçün sonda xoşbəxt deyil və o an üçün onun indiyədək inandığı hər şey ona mənasız gəlir. Məhz o səbəbdən hətta düşünür ki, bəlkə pislik edən insana qarşı heç nə etməmək, əksinə susmaq lazımdır ki, bəlkə bir gün o, öz etdiyi pislikdən utanacaq və sonda beləcə bütün pisliklər məhv olacaq. Kənardan absurd səslənir, amma bu yerdə qadın o anadək inandığı, onun üçün sübut olunmuş anlayışların onu xoşbəxt etmədiyini görüb hər şeyə qarşı üsyan edir. Əgər doğru bildiklərin və ya çoxunun doğru bildiyi şey səni xoşbəxt etmirsə, o zaman yanlış olan nədir? Sənmi, yoxsa doğru bildiklərinmi?! Buradan belə qənaətə gəlmək olur ki, hər işin içinə hər şeydən öncə sevgi qatmaq lazımdır. O olandan sonra insan bütün durumlara rahat alışır, güzəştə gedə bilir. O olmayanda isə əsən bir külək belə hər şeyi dağıtmağa bəhanə ola bilir. Hətta deyirlər ki, “kim deyirsə ki, qadınların onları güldürə bilənlərdən xoşu gəlir, yalan deyir. Qadınlar sevdikləri şəxslərin dediklərinə gülməyi sevirlər”. Qısası istənilən işdə və ya münasibətdə sevgi o işin və ya münasibətin olmazsa-olmazıdır. Kotqrevin dediyi kimi, “əgər bir insan öz peşəsinə ancaq çörək mənbəyi kimi baxırsa, o çörək tapacaq, amma həyatının mənəvi boşluğunu o çörəklə doldura bilməyəcək”
Bu da 6 fakt. Acizanə şəkildə özümüzün zəif də olsa, baxış bucağımızdan nələrisə yazmağa çalışdıq. Gələn dəfə daha faydalı olmaq ümidilə… Sonda həmçinin bu filmi şiddətlə tövsiyyə edən can dostumuza da dərin təşəkkürlər.
P.S. Bu arada yazıdakı fikirlər müəllifə məxsusdur, amma hüquqları zadı qorunmur, əksinə vəhşicəsinə pozulur. Rahat-rahat istifadə edə bilərsiniz. Nuş olsun !
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Resenziyalar 0 Comments

˝Oğlan Evi˝ndə gördüklərim

Bu kino haqqında bir müddətdir ki, anonslarda eşidirdim. Amma açıq desəm ayrıca kinoteatrda məhz bu filmi izləməyə getmək fikrim yox idi. Dj Turalın verilişlərini maksimum izləməyə çalışanlardan biri olaraq 18

Resenziyalar 0 Comments

˝Xalqların və kütlənin psixologiyası˝na aid daşdan keçən 21 fikir

Bu yaxınlarda Qustav Le Bonun ˝Xalqların və kütlənin psixologiyası˝ kitabını oxudum. Daha öncə bu kitab haqqında çox eşitmişdim. Kitab artıq Qanun nəşriyyatı tərəfindən Azərbaycan dilinə də tərcümə edilib, mən də

Münasibət 0 Comments

Müsəlmanlar nədə səhvə yol verdilər?

Əsrlər boyu dünya üzərində hakimiyyəti əlində saxlamış İslam sivilizasiyasının “birdən-birə” öz hegemonluğunu itirməsi bu gün məntiq sahibi hər kəsdə sual yaratmalıdır – “Müsəlmanlar nədə səhvə yol verdilər?” Necə oldu ki,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın