Hərəsi bir kitab dəyərində düşündürən 13 fikir / Doğan Cüceloğlunun “Varmısın” kitabı haqqında

Hərəsi bir kitab dəyərində düşündürən 13 fikir / Doğan Cüceloğlunun “Varmısın” kitabı haqqında

Doğan Cüceloğlunun “Varmısın” kitabını bu yaxınlarda oxuyub bitirdim. Açığı ölümündən sonra tanısam da bir neçə video müsahibələrindən sonra məndə maraq yarandı. Müəllifin müsahibələri, televiziyada çıxışları, bioqrafiyası ilə tanış olandan sonra ən çox oxunan kitablarından biri olan “Varmısın”ı oxumaq qərarına gəldim. Kitabdan müəllifin vacib və faydalı hesab etdiyim hissələrini aşağıda sizinlə də bölüşürəm.

Psixologiya və şəxsi inkişaf kitablarını nə zaman oxuyaq?!

Ümumiyyətlə son bir neçə ildir psixoloji, motivasiya, şəxsi inkişaf yönümlü kitablara, mövzulara çox müraciət etmirdim. Hətta bunu bəlli yaş və iş təcrübəsindən sonra zərərli hesab edirdim. Amma indi fikir verirəm ki, çox lazımlıdır. Bizim bütün bilgimizin mərkəzində, hədəfində insan durur. İnsanı, onun hisslərini öyrənmək bütün sferalarda çalışan mütəxəssislər üçün çox faydalı ola bilər. Təbii ki, insan lazımı texniki bilgiləri almadan yalnız motivasiya, həyat, şəxsi inkişaf yönümlü kitablarla biznesdə çox uğur əldə edə bilməz qənaətində hələ də qalmaqdayam. Hər şey öz vaxtında gözəldir. İnsan özü hər yaşda fərqli davranış sərgilədiyi kimi, idarəetmə də biznesin həyat dövranına, işçilərin və resursların yetərlilik həddinə, dünya trendlərinə görə fərqlilik göstərə bilər və bu çox normaldır. Hətta bu kitabda müəllif özü də deyir ki, “40-dan sonra oxuma şəklim dəyişdi. Fərqli mədəniyyətlərə aid bədii kitablar daha çox şey öyrədir.”

Doğru sual vermə bacarığı

Gələk, kitabın özünə. İlk öncə onu qeyd edim ki, Doğan Cüceloğlu İstanbul Universiteti psixologiya bölümündən məzun olub. Daha sonra ABŞ-ın İllinois Universitetində doktorluq dissertasiyasını eyni sahədə müdafiə edib. Üst-üstə Amerikada 25 ilə yaxın müddətdə oxuyub və çalışıb. Bu sahədə bir çox kitabın müəllifidir. “Varmısın” kitabı da Cüceloğlu ilə Deniz Bayramoğlunun sual-cavab formatlı müsahibəsi əsasında formalaşıb. Haşiyə çıxaraq bildirim ki, bu format da gözəl təhlil və sual vermə bacarığı olan biri olduğu müddətcə çox idealdır. Bəzən eyni sujeti tutub getmək kitab yazarı üçün çətin olur, nəinki onu suallarla doğru istiqamətləndirərək.

Hərəsi bir kitab dəyərində düşündürən 13 fikir;

  1. Pis insanlar deyilik, amma hər cür pis işlər gözləmək olar bizdən.
  2. Heç kim görməsə belə adil olmaq özünə hörmət etdirir.
  3. Bir insan həyatda ən vacib adamın özü olduğunu dərk etməyincə həyatla əlaqəsini düzgün qurmayacaqdır.
  4. Xoş niyyətlə pis davranış sərgiləyən, amma bunun fərqində olmayan insanlardan ibarət toplumuq. Niyyətimizdə çox vaxt pis bir şey olmur.
  5. Daima sahib olmadığımız şeylərdə xoşbəxtliyi axtarırıq. Pulum olsa, filan şeyim olsa və s. Halbuki əsl etməli olduğumuz sahib olduğumuz şeylərlə birgə özümüz olaraq var olmaqdır.
  6. Maraq dairəmizlə (ilgi alanı) ilə təsir dairəmiz (etki alanı) eyni olanda daha böyük işlər görmək mümkün olur.
  7. İttiham etməməyi həyatımdan çıxardığım andan hər şey çox gözəl oldu.
  8. Gözlə, baxışla, hərəkətlə deyilən əhsən, sözlə deyilən əhsəndən daha təsirlidir.
  9. İnsanların bir çoxu qırx yaşlarında əslində həyatını başqalarının gözləntiləri üzərində qurduğunu dərk edir. Və o andan mən nə istəyirəm sualını özünə verməyə başlayır, axtarışda olur.
  10. İnsan həyatının hər mərhələsində özünü rəqib görməsi, müqayisəni başqaları ilə deyil özü ilə etməsi o adamın həyatda inkişafının sübutudur.
  11. İnsan həyatın mənasını rifahda, sosial kimlikdə tapa bilməz. Yalnız daxildə olan niyyətinin saflığı ilə tapa bilər. Amma niyyətinin saflığını özündə və sözündə yaşamağa başladımı şərtlər nə olur-olsun xoşbəxt ola bilər.
  12. Məlumat – bilgi – fərqindəlik ardıcıllığı bizi inkişaf etdirir.
  13. Sən əlindən gələnin ən yaxşısını et, özün də ən yaxşısını etdiyinə səmimi inan və nəticə səni kədərləndirməsin. Əlində olmayan şeylər, əlində deyildir. Üzülmək fayda verməz.

Yuxarıdakı 13 fikri ardıcıl şərh etsək;

Yaxşı insanlar da pislik edə bilər. Pis insanlar da yaxşılıq etmək iqtidarındadır. İlla ki, kiməsə qiymət verim deyirsizsə, o zaman sadəcə əməllərə qiymət vermək lazımdır. Sözlə deyilən heç nə əməldə, hərəkətdə də görsənmirsə, boşdur. Sizi sözdə təndiq edib hərəkətdə dəstəkləyən, sözdə tərifləyib hərəkətdə qısqanclıq edən adamları tanıya bilməliyik. İnsan özünü ən əsas rəqib gördüyü müddətcə daha çox inkişaf edir. Qəhrəmanlar adi insanlardır, qəhrəmanlıqlar isə qeyri-adi. Bu məfhumları qarışdırmadıqca düzgün müqayisə apara bilərik. İnsan öz dəyərlərini bir dəfə tapdaladısa, ondan hər şey gözləmək olar, o vaxta kimi ki, özü şüurlu şəkildə səhvini dərk etmir, qəbul etmir. İttiham etməyi həyatımızdan çıxarsaq daha rahat olarıq. Hansısa hadisəyə ilişib qalmadan həllə fokuslanmaq mümkündür. Çalışıb bizi maraqlandıran şeylərə təsirimizin nə qədər olmasını da ölçməliyik. Çox da təsir edə bilmədiyimiz şeylərə marağımız boşa zaman itkisi, havaya güllə atmaq kimidir. “Mən nə istəyirəm” sualı həyatımızın bir dövründən sonra ən çətin, ən vacib sualdır. Ona cavabımız netləşmədikcə, hey axtarışda olacağıq. Niyyətimizin sağlığına səmimi olaraq inanırıqsa, nəticə nə olur-olsun pis olmamalıyıq, yaşadığımız hər şeyə şükr edib, həyatımıza keşkələrin daxil olmasına icazə verməməliyik. Yaş artdıqca üzərimizə yüklər yığmaq əvəzinə artıq yüklərdən azad olmalıyıq. Çünki bir yaşdan sonra insanın yarışı ancaq özü və zamanla olur. Ya zamana məğlub oluruq, ya özümüzə, hirsimizə. Günahı başqasında axtarmayanda əldə etdiymiz rahatlıq bizə səbr etməyi öyrədir. İnsan öz inkişafını sahib olduğu məlumatlarla deyil, öyrəndiyi biliklərlə deyil, sahib olub bildiyi şeylərin nə qədər fərqində olması ilə ölçə bilər. Həmin bilgi və məlumatların nə işimizə yarayacağını, ondan necə faydalana biləcəyimizi dərk etdiymiz nöqtədən başlayır inkişaf. Fikirlərimizi qəbul etdirməyə deyil, bölüşməyə çalışmalıyıq. Nəsihət yox, söhbət etməliyik. Qarşı tərəf bölüşdüyümüz fikirlərdən, etdiyimiz söhbətlərdən özünə lazım olan qədərini alacaq, aldığının fərqində olmasa belə, bunu gələcəkdə qəbul etməsə belə, ən doğru yol yol göstərməməkdir, insanları seçə bilməyi öyrətməkdir ki, seçdiyi yolu sevsin, mənimsəsin.

Cüceoğlu faydalı vərdişlər yaratmaq barədə də dəyərli fikirlərini bu kitabda bölüşür;

  • Araşdırmaya görə istədiyin bir sahədə özünü inkişaf etdirmək üçün gündəlik 20 dəqiqə o işə sərf etmək kifayətdir. Diqqətin heç bir yerə dağılmadan sadəcə 20 dəqiqə o işlə məşğul olmaq.
  • Ümidsizliklə mübarizədə “öyrənilmiş çarəsizliyin” öhdəsindən gəlmək önəmlidir. Məsələn, dərslərinə normal hazırlaşa bilmirsənsə, problem deyil, gündə sadəcə 5 dəqiqə oxu. İlk addımda elə bir sehr var ki, o davamını gətirəcəkdir. Gözündə böyüdüb heç başlamayacağına haradansa mütləq başla.
  • İnsan hər şeyi bir kənara qoyub gündə ən az 15 dəqiqə özü ilə söhbət etməlidir.
  • Yazıya tökmək məsələsi zaman-zaman bizdə zəif olub. İnsan özü də bacardıqca fikirlərini yazıya tökməyə çalışmalıdır. Bu həm onun özünü inkişaf etdirir, həm də cəmiyyətə fayda verir.
  • Nəsihət yox, söhbət edin. Bir gəncin ən xoşuna gəlməyən şey ona nəsihət edilməsidir. Ona görə də söhbət etsəniz, əslində vermək istədiyiniz mesajı daha effektiv, hiss etdirmədən ötürə bilərsiniz.
  • Dinləyərək idarə edin, əmrlər, göstərişlərlə deyil.

Doğan bəy həyat, insanın başına gələnlər və ona münasibətlə bağlı da öz qənaətini bölüşür. “Həyatımda çalışıram keşkə sözünü işlətməyim. Bəzən özümü məcbur edirəm bu sözü işlətməmək üçün. İstəyirəm ki, olan hər şeyə pozitiv baxım, yaxşı ki oldu deyim. Nə yaşamışamsa, gözəl yaşamışam. Yaşadıqlarımı həyatımın zənginlikləri olaraq görürəm” – deyir müəllif. Həqiqətən də bir şeyi geri qaytarmaq mümkün deyilsə, davamlı şəkildə heyfslənmək və eyni nöqtədə qalmaq çox zərərlidir. Önümüzə çıxan maneələri aşmaq üçün “istənilən hərəkət hərəkətsizlikdən yaxşıdır” prinsipi keçərlidir. Bir şey geri qaytarmaq mümkün deyilsə, ona kədərlənəndə belə bunu gələcək üçün etmiriksə, faydasızdır.

Cüceloğlu 25 il Amerikada yaşayandan sonra Türkiyəyə geri dönür. Xaricdə yaşamaq barədə də müəllifin maraqlı fikirləri var. O hesab edir ki, insan aid olduğu yerdə dəyər yarada bilirsə, idealları, amalları həmin yerlə bağlıdırsa, ondan kənar mühit mütləq bir gün onu ciddi şəkildə sıxacaq, varlıq içində yoxluq hiss edəcəkdir. Bir dəfə mən də maraqlı bir fikir oxumuşdum ki, “35-dən sonra xaricə köçənlər özünü deyil, övladlarını xilas edir maksimum”. İnsanın ətrafı, sosial çevrəsi formalaşandan sonra tamam yad bir yerə öyrəşməsi çox çətin olur. Üstəlik sıradan bir fərd kimi xaricdə yaşamaq daha ağır olur. Bir dəfə də yazılarımın birində “insan ölməmişdən öncə xatirələri ölür” deyə bir cümlə işlətmişdim. Həqiqən də bizi keçmişimizə bağlayan xatirələrdən ayrılmaq çox çətindir, insandan güclü iradə tələb edir. Bunu da təbii olaraq hər kəs bacarmır.

Ümumiyyətlə düşünürəm ki, insan onu xoşbəxt edəcək amilləri düzgün müəyyən edəndən sonra nəticəni sorğulamır. Bu amillər sevdiyimiz iş, sevdiyimiz insan tipləri, sevdiyimiz mühit, sevdiyimiz həyat tərzidir. Bir sözlə, nə olsa, özümü daha yaxşı və dəyərli hiss edərəm sualına verdiyimiz bütün cavablar bizi xoşbəxt edir. Cüceloğlunun kitab boyu anlatmaq istədiyi əsas qayə də budur. Özü ilə tək qalıb, oxuya-oxuya özü ilə bir az söhbət etmək istəyən hər kəsə bu kitabı tövsiyyə edirəm.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 460 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Sən əlindən gələnin ən yaxşısını et, özün də ən yaxşısını etdiyinə səmimi inan və nəticə səni kədərləndirməsin. Əlində olmayan şeylər, əlində deyildir. Üzülmək fayda verməz.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

90-cı illərin koronasız uşaqlıq illəri

90-cı illərə düşüb uşaqlığımız. Uşaq yaşda olmuşuq, amma uşaqlıq yaşamışıq sayılmaz o qədər də. Hər şeydən 1 ədəd olub 1 il boyu. Azı 1 il. Bir “razmer” böyük alınırdı paltarlar

Köşə yazıları 0 Comments

Xarakter(siz) olanda

Ümumiyyətlə qədim zamanların alimləri ilə bağlı rəvayətlərlə tanış olandan sonra məndə belə bir fikir yaranır ki, onlar adətən küçədə falan oturur, yanlarından keçən adamlar da onlara yaxınlaşıb mütəmadi nəsə soruşurmuş.

Köşə yazıları 0 Comments

Azərbaycanda müəllimin 5 tipi

1966-cı ildən UNESCO-nun qərarı ilə Dünya Müəllimlər Günü keçirilir. Təxminən 100 ölkədə bu gün qeyri-iş günüdür. Azərbaycanda da həmçinin müəllimlərin günü 05 oktyabrda qeyd edilir. Bugün məktəblərdə maraqlı hadisələr baş

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın