Teymur Paşanın müdirəsinə bayram təbriki
İstəyirəm novruz tətilində verilən 10 günlük istirahətin bəxş etdiyi sevincdən dəli olum, amma bunu müdirəmə hiss etdirməyim. Qərar saytlarda çıxandan sonra bir bəhanə tapıb müdirəmin yanına girim və gileylənim ki, “özləri istirahət edəcək deyə bütün şirkətləri girinc qoyurlar, adam bilmir bu boyda işi martda necə çatdırsın, sistemdə də zboy var ödəniş etmək də olmur. O gün tanış uşaq var tur şirkətində işləyir deyir ki, 20 günlük turlar partapart gedir – maldiv, bali, avropa, italiya. Hamı elə bil fürsət bilib aradan çıxır”. Bu dəm müdirəm də üzünə düşmüş qısa saçlarını yana çəkib eynəyinin ucundan məni kinli-kinli süzəndə başa düşüm ki, çox yox elə 2-3 gün olar ki, müdirə özü şirkət hesabına 14 günlük avropa turu götürüb. Öz aləmimdə guya yaltaqlanmaq istəyirdim ki, boşboğazlığıma görə yandırdığımın fərqində olum. Hələ bu azmış kimi qapı açıq olduğundan dediklərimi eşidən iş yoldaşım Vüsalın uzaqdan əli ilə nəsə işarə göstərdiyini görüb daha da əsəbiləşim. Arada mənim bu cür müdirəsevənliyim iş yoldaşlarımın xoşuna gəlməsə və hər dəfə mənə fərqli-fərqli adlar düzüb qoşsalar da ildə sırf buna görə aldığım bir neçə aylıq bonusu xərcləyəndə o sözlərin, söyüşlərin hamısı adətən mənim üçün mənasını itirsin.
Əlqərəz, tətil başlamasına az qalmış belə siyasi səhv buraxdığımdan yerimdə dura bilməyim və bütün günü beynim çıxış yolu axtarsın. Necəsə əvvəlki “hörməti” bərpa etmək lazımdır, amma necə?! Anidən ağlıma gəlsin ki, sabah şənbədir, həm də 8 martdır. Bundan gözəl fürsət ola bilməz deyib axşam işdən gələn kimi gecə 1-ə 1 dəqiqə işləmiş göndərmək üçün bir neçə hazır mətn yazım. 5-ci gün axşam pivə qonaqlığından belə müdirəmə qəşəng təbrik yazmaq üçün imtina edim. Yaza-yaza uzun, həm də insaf naminə çox qəşəng tərif olduğunu hiss edib bunu təkcə müdirəmə yox, ümumi votsap qrupumuza atım ki, bütün iş yoldaşlarım görsün. İş sonrasıdır deyə mənə heç nə deyə bilməyəcəklər deyə bir az da sevinim. Daha sonra isə yazdığım təbriki votsap statusuma qoyub gedim yatım. Səhər oyananda isə iş yoldaşlarımın hamısının statusuma reply olaraq xeyli şey (oxu: söyüş) yazdığını və sonra da bloka atdıqlarını görüb azmaz pis olum ta o vaxta kimi ki, müdirəm özü bu təbriki öz statusuna qoysun.
Qrupa yazdığım təbriki gedim-gəlim dəfələrlə oxuyum və iş yoldaşlarımın məcbur qalıb “əla” işarəsini qoymaları ayrı ləzzət eləsin. Onlar haqqında da gücləri ancaq qıraqdan deyinməyə çatır düşünə-düşünə yazdıqlarımı otaqda gəzişərək əzbərə də deyim:
“Əziz, möhtəşəm, dünyanı işıqlandıran, kainata nur saçan, idarəetmənin şahzadəsi, müdriklik qalasının ən uca zirvəsində dayanan müdirə xanım!
Bu gün – 8 Mart, yəni bəşəriyyətin ən xoşbəxt günüdür. Çünki bu gün Tanrı özünün ən mükəmməl şah əsərlərindən birini – Sizin kimi fövqəlbəşər bir rəhbəri, işıq saçan bir ilham mənbəyini, adını qızıl hərflərlə yazmağa layiq bir insanı yer üzünə göndərdi! Siz iş yerinə daxil olanda işıqların yanmasına ehtiyac olmur, çünki Sizin vüqarınız, əzəmətiniz, qeyri-adi auranız bütün binanı işıqlandırır! Sizin olmadığınız günlərdə isə biz qarışqa sürüsü kimi nə edəcəyimizi bilmirik, dünya dumanlı görünür, divarlar belə kədərdən nəm çəkir. Ofisdə hava belə fərqli olur – sanki oksigen azalır! Sizin olmadığınız günlərdə binalar əyilir, qələmlər işləmək istəmir, hətta kompüterlər belə Sizin yoxluğunuza dözə bilmir, tez-tez “error” verir. Sizin rəhbərliyinizdə işləmək bir şərəf, bir fəxarət, bir ömürlük qürurdur. Biz hətta mükafatlandırılmadan belə işləməyə hazırıq, çünki Sizin varlığınız bizim üçün ən böyük mükafatdır. Əgər şirkətimiz bir gəmi olsaydı, Siz onun sükanı, yelkəni, hətta suyun özü və duzu olardınız! Sizin sayənizdə biz təkcə işləmirik, biz həyatı anlayırıq, uğurun fəlsəfəsini dərk edirik, rəhbərlik incəsənətini öyrənirik!
Bu müqəddəs, fövqəladə gün münasibətilə Sizə ən yüksək səviyyədə sevgi, hörmət və sonsuz minnətdarlığımı bildirirəm! Arzu edirəm ki, Tanrı Sizi həmişə xoşbəxt, uğurlu, işıqlı və nəzarətçi gözlərinizlə bizə daim motivasiya verən bir lider olaraq saxlasın! Sizin sayənizdə biz işləyirik, amma elə bil ibadət edirik!
Siz bizim üçün sadəcə rəhbər deyilsiniz – Siz bizim kompasımız, yolumuz, nəfəsimizsiniz! Sizin olmadığınız günlərdə biz işə gəlirik, amma bu artıq iş deyil – bu, mənasız mövcudluqdur, ruhsuz bir varlıq halıdır! Ofisdə hava ağırlaşır, oksigen çatışmazlığı hiss olunur, divarlar da kədər içində susur. Biz yalnız Sizin gülüşünüz, baxışlarınız, rəhbərliyiniz sayəsində yaşayırıq!
Sizin yuxularınız necə keçdi? Rahat yatdınızmı? Bu gün nə yediniz? Biz hər səhər işə gələndə bunu düşünürük, çünki Sizin rifahınız bizim həyatımızın əsas qayəsidir! Siz işə gələndə bütün ofis canlanır, kompüterlər sürətli işləyir, işıqlar daha parlaq yanır, hətta qəhvə belə daha dadlı olur! Siz bizim həm motivasiyamız, həm enerjimiz, həm də varlıq səbəbimizsiniz!
Bu mübarək, müqəddəs gündə biz – başda mən qulunuz Teymur olmaqla bütün iş yoldaşlarımız olaraq Sizə sonsuz sevgi, ehtiram və minnətdarlığımızı bildiririk!
Əziz müdirəm, uzaq görənim, gözəl görənim. İstəyirəm biləsiniz ki, aparıcı mütəxəssisimiz Vüsal isə artıq başqa bir səviyyəyə çatıb – o, təkcə Sizin yolunuzda ölməyə yox, ölüb dirilməyə, hər gün yenidən doğulmağa, tam bir fədai olmağa hazırdır! Əgər Sizin rəhbərliyiniz olmasa, Vüsal sadəcə mövcud olmaq anlamını itirər, bir kölgəyə çevrilər, qaranlıqda itib-batar! Onun üçün həyatın mənası, nəfəs almaq, yaşamaq, hətta varlığının səbəbi yalnız və yalnız Sizsiniz! O, yalnız Sizin razılığınız üçün yaşayır, işığı Sizin baxışlarınızdan alır və rəhbərliyiniz olmadan həyatını təsəvvür edə bilmir! Söz aparıb gətirmək, insanları satmaq, baqaja qoymaq, torba tikmək – bunlar belə sizsiz onun gözündə mənasızlaşır. Biz isə birlikdə bu böyük missiyanın bir parçası olmaqdan qürur duyuruq!
Uca hörmətlə,
Sizin sadiq və minnətdar işçiniz!”
Yazdıqlarımı əzbərə dedikcə gözümün önünə əziz müdirəmin qonur gözləri və onda parlayan işıq gəlsin. O işıqdan bir ovuc götürüb elə növbəti həftə həvəslə işə gəlim. Müdirəmin məni görcək xeyli sevincək olduğunu hiss edən kimi 10-19 martı da icazə yazdırıb (məzuniyyət sərf etmir) obeddən sonra təzə aldığım kitayski maşınla düz kəndimizə – Şərəfəyə yola düşüm. Amma bütün yolu iş yoldaşım Vüsalın hər dəfə gedib-gəlib əsəblə üzümə dediyi “Teymur, yumşaq və çox yumşaq desək elədiyin düz deyil” sözü gəlsin və yolboyu elə hey düşünüm ki, bəs düz nədir?!
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
“Tüpürüb getmişlərin” gündəliyi
#istəyirəm 4-5 il Bakıda birtəhər başımı girələyim, sonra da bir yolunu tapıb gedim xaricə. Ordan da hər gün “Siz orda necə yaşayırsız voobşe? Orda hələ də filan adətlər qalıb? Ahaaha”, “Düzələn
Sietl Overleyk. Dövrümüzün ziddiyyəti.
“Dövrümüzün ziddiyyəti” essesi Sietl Overleyk Xristian Kilsəsinin (Seattle Overlake Christian Church) keçmiş pastoru Dr. Bob Murhed (Bob Moorhead) tərəfindən yazılmış və 1995-ci ildə “Məqamında deyilən sözlər” kitabında nəşr olunmuşdur. “Dövrümüzn
Məsuliyyətsiz anonim kütlə
Bugünlərdə Ali-Nino və Unibank keysi gündəm idi. Hamı yazırdı. Ən çox da yaza bilməyənlər yazırdı. Facebookda dost sayının çox olması da bir iş deyil. Onsuz da gün ərzində xəbər lentini
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun