Sonanın uşaqları

Belə bənzətmələr haqqında çox eşitmisiniz. Hətta buna bənzər hadisələrlə uşaqlığınızdan tutmuş evlənənədək qarşılaşmısınız. Bir çoxları elə indi də qarşılaşır. Yəni, onları həmişə ˝Sonanın uşaqları˝ilə müqayisə ediblər, qorxudublar. Biri var yaxşı bilib müqayisə etsinlər, biri də ˝onlara qoşulma˝ məntiqi ilə.

Bu yazıda Sizinlə bir az dərdləşmək istəyirəm. İstəyirəm Sizə Sonanın uşaqları haqqında danışım. Və göstərməyə çalışım ki, onlar əslində elə də qorxulu deyillər. Sadəcə adamları yoxdu deyə, adları pisə çıxıb. İndi cəmiyyət elədir ki, insanlar özlərinə hörməti, adı özləri verirlər. Özlərini təqdim edəndə filankəs müəllim, filankəs xanımdı danışan falan deyirlər. Bir sözlə kopoğlu zəmanədir. Hər qalstuklu adama müəllim deyirlər, amma hər müəllimə də kişi demirlər. Sonanın uşaqlarının da bu sarıdan bəxti gətirməyib. İnanmırsınızsa, yazını axıra kimi oxuyun, görəcəksiniz.

Sonanın uşaqları adları-sanlı nəsildən olublar, amma vəhşi kapitalizm onlara da təsir edib, bütün nəsil bir-birindən aralı düşüb, çoxu heç bir-birini də tanımır. Amma mən bu 30 illik ömrümdə onların çox nümayəndələri ilə qarşılaşdım. Bu gün Sizə onların bəzi xüsusiyyətlərindən yazacam.

Sonanın uşaqlarından (bundan sonra oxu – sonanın nəslindən. red:RH) bir çox sahələrdə çalışan, tanınan məşhur adamlar çıxıb. Düzdü, bir-birilərindən xəbərsiz olsalar da, amma eyni qan hər yerdə hiss edilib. Necə? Mən yazım, siz müqayisə edin.

Ondan başlayım ki, Sonanın uşaqları çox zəhmətkeş olurlar. Məsələn, ətrafda papanın gülbalaları, mamalarının quzuları işə bər-bəzəkdə gələndə, işdən sonra qlamur takılanda, gündə 1-2 görüş edib ˝of ya, yoruldum˝ falan deyəndə, onlar sabahı bugündən daha yaxşı etmək üçün zəhmət çəkiblər, gecəyarıya qədər çalışıblar. Onlar işin çox hissəsini görüb sonda təşəkkürü başqası alanda məyus olmayıblar. Həmişə önə baxıblar. Başa düşüblər ki, gücləri artdıqca ədalətləri artacaq. Ədaləti ummayıblar, təmin ediblər. Onların işini öz adına çıxanlar da az olmayıb. Bilən-bilir deyib başqa bir işə həvəslə girişib Sonanın uşaqları.

Sonanın uşaqlarından çox olmasa da, arada müdir olanları da olub, sahibkar olanları da. Amma onlar başqalarından bu sahədə çox fərqləniblər. Çünki onlar işlərinin müdiri olublar, insanların deyil. Çünki onlar sahibkar kimi sahib olduqlarını idarə ediblər, daha sahib olduqlarına kölə kimi yanaşmayıblar. Bəlkə də buna görə də uzun müddət bazarda qala bilməyiblər. Vəhşi kapitalizm onları düzgün işlədikləri halda bazardan vurub çıxardıb. Bazar isə görməyib-görməyib birdən görən müdirlərə, sahibkarlara qalıb. İşi böyüdüb özü böyüməyən sahibkarlar heç vaxt Sonanın uşaqları ilə yola getməyiblər. Sonanın uşaqları müdir olanda ˝işi tapşıraq, yaxşı görəni mükafatlandıraq˝ deyiblərsə, başqaları işi tapşıraq, görməyənləri cəzalandıraq˝ məntiqi ilə hərəkət ediblər. Başqa müdirlər hər şeyə qarışmaq ehtiyacı hiss edəndə, Sonanın uşaqları səlahiyyət verib məsuliyyətə alışdırıblar. Başqaları topu verməmiş hünərini göstər deyəndə, Sonanın uşaqları topu atıb buyur deyiblər.

Sonanın uşaqlarından məşhur olanlar da az olmayıb. Düzdür, indi onların çoxu maddi cəhətdən sıxıntı çəkirlər, amma heç vaxt da həqiqəti pul qarşısında utandırmayıblar. Sözü üzə deməkdən çəkinməyiblər. Başqaları məşhur olanda onları məşhur edənləri unudublar. Nəinki onları məşhur edən səbəbləri, hətta hardan gəldiklərini də unudublar. Amma di gəl ki, Sonanın uşaqları məşhur olanda sadəliklərini heç vaxt itirməyiblər. Mikrofon uzananda mikrofonu uzadanla məzələnməyiblər, aşağı görməyiblər. Bahalı restorana gedib ofisiantla məzə tutmayıblar, onları barmaqla çağırmaqla daxili eqolarını təmin etməyiblər. Milyonçuların kef masasının üstündə səhər yallı gedib, axşam tv-də Sokratdan, Taqordan sitat gətirməyiblər, namus dağarcığı roluna girməyiblər. Eh, çox yazmaq olar, amma… Siz Siz olun, hər görünənə VAR deməyin. VAR olan hər şey görünmür axı…

Sonanın uşaqlarından sovetin vaxtı inəyi satıb Bakıya oxumağa gələnlər də az olmayıb. Bir qara volqanın pulu ilə instituta girən qonşularından fərqli olaraq öz başları ilə gələ bildikləri yerə qədər gəliblər. Onlar da xaricdə və daha keyfiyyətli təhsil dərdində olublar, amma bu dərd olmaqdan o tərəfə keçməyib, arzu olub ürəklərində qalıb. Amma qonşuları İsveçrənin kəndlərinin birində PUB-ın ikinci mərtəbəsini universitet edib pul qıran xaricilərin universitetində ˝oxuyub˝. Oxuyub sözü burda böyük səslənir. Vaxtlarının anasını ağladıb desək daha düzgün, daha səmimi olarıq. O tip qonşunun uşaqlarından fərqli olaraq sonra da Bakıya gələndə ˝mən xaricdə oxumuşam˝deyib camaata ağalıq etməyiblər. Bu ˝meydan bu şeytan deyib işə giriş˝ desən, ˝məni burda başa düşmürlər˝ deyib burcutmayıblar.

Sonanın uşaqları tapşırığa nifrət ediblər. Heç cür başa düşməyiblər ki, tapşırıldığı halda necə hamı ilə eyni maaşı alıb evə rahat getmək olar. Necə evə gedib, ˝mama bu gün yoruldum, yemək ver˝demək olar. Necə  filankəsin yerində illərlə qalıb torba tikmək olar. Vicdan susanda, haraları ilə danışıblar görəsən. Sonanın uşaqlarına isə tapşırılmışlardan fərqli olaraq stabil və ancaq gələn aya çatacaq qədər maaş veriblər. İstəməyiblər ki, artıra bilsin, həmişə möhtac olsun istəyiblər.

Sonanın uşaqları yaltaqlananlara həmişə nifrət edib. Amma özləri də yaltaqlanmadıqlarına görə xeyli əziyyət çəkiblər. Atasına evdə hörmət qoymayan adamın işdə və cəmiyyətdə kimlərəsə əyilməsinə ad verə bilməyiblər. Amma adları çıxıb deyə heç kim onların sözünə qulaq asmayıb. Bir də o yaltaqlar hər şeyi nəticə ilə müqayisə etməyi sevirlər axı. Məsələn, onlar rahatlıqla deyə bilər ki, bacarırsan sən də elə. Mənim bu var, o var, bəs sənin nəyin var?! Nadir demiş ˝mənim də xolodelnikimə baxın, müəllimin də˝ məntiqi ilə ˝haqlı çıxıblar˝. Sonanın uşaqlarından nəyəsə görə əyilən, əzilənlər də olub. Amma onlar da özlərinə xəyanət etdiklərinin fərqində olub, altdan-altdan həmişə doğru bildiklərini ediblər. Heç vaxt siyasətdən alət kimi istifadə etməyib Sonanın uşaqları. İnanmadıqları sözü deməyib, dedikləri sözə sonadək inanıblar. Mənə dəyməyən ilan min yaşasın prinsipi ilə hərəkət etməyiblər. İşləri düşəndə incə teldən də nazik olan, işləri həll ediləndən sonra şirə dönən qonşularına həmişə ikrahla baxıblar. Gözlərinin önündə neçə belələrinin sonunun pis olduğunu görüblər axı.

Sonanın uşaqlarının adı pis çıxıb amma. Hamı onları dalaşqan, pis vərdişləri olan biri kimi tanıyır, elə eşidib. Nə olsun ki, indi bir az pulları azdır. Seymur Baycanın yazılarının birində oxumuşdum ki, ˝kasıb kişinin bığları da gülməli görünür˝. Nə olsun ki, bu gün hamı elə bilir ki, onlar gülməli vəziyyətdədirlər. Amma onlar halal zəhmətləri ilə yaşayırlar. Onlar başqaları kimi daxildə başverənləri sərf edəndə görən, sərf etməyəndə görməyən intellektual suni ziyalılardan deyil. Danışmaq lazım olanda susmağı, susmaq lazım olanda danışmağı özlərinə rəva bilməyiblər heç vaxt. Bunu bacaranlara da gülüblər.

Sonanın uşaqları paylaşmağı əla bacarırlar. Başqalarından fərqli olaraq hər şeydə mənfəət, mənafe güdmürlər. İşi düşəndə salam verib, işi bitəndə münasibəti də bitirənlərdən olmayıblar heç vaxt. Daim hərəkətdə olublar, nəsə etməyə, nəyisə dəyişməyə cəhd ediblər. Alınsa da, alınmasa da niyyətləri yaxşı olduğu üçün özlərini də yaxşı hiss ediblər. Bəlkə də buna görədir ki, bəzi dairələrdə xoş biriləri kimi qəbul edilməsə də xalqın içində ünvansız lider ola biliblər.

Mən də onları az-çox tanıyan biri kimi özümə borc bildim ki, az da olsa, həqiqəti Sizə çatdırım. Bundan sonrası isə artıq Sizin seçiminiz, Sizin düşüncənizdir.

Növbəti dəfə daha faydalı olmaq ümidilə…

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Bir xoşbəxtliyi tapanda sorğulamayın, bir də qərarı verəndə. Son işimi qısa müddət sonra tərk etmə səbəblərim haqqında!

Əziz dostlar, bu gün ətrafımızda xeyli maraqlı hadisələr baş verir. Gündəmi özünüz də izləyirsiniz. İndi də internet ölkə üzrə yox idi, bəlkə elə indi də yoxdur. Ona görə bloqu indi

Sərbəst 0 Comments

İşi başından aşan Teymurun gündəliyi

İstəyirəm işlərin çoxluğundan başımı itirim. Daha doğrusu başa düşməyim ki, iş çoxdu başımı itirmişəm, ya sistemsizəm ona görədir, yoxsa çox yerə bölünmüşəm ondandır?! Bunları düşünə-düşünə bardaçokdan bir papruz çıxarım. Maşının

Sərbəst 0 Comments

2020 görmüş 2021 haqqında

2020 fərqli oldu. Fərqli olmaq ifadəsini gözlənilən kimi olmamaq, əvvəlki illərə bənzəməmək sözü ilə də əvəz edə bilərik. İnsana hər ötən il nələrisə öyrətməlidir. Yaşanan hər şey təcrübədir. Təcrübənin isə

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın