˝Xalqların və kütlənin psixologiyası˝na aid daşdan keçən 21 fikir
Bu yaxınlarda Qustav Le Bonun ˝Xalqların və kütlənin psixologiyası˝ kitabını oxudum. Daha öncə bu kitab haqqında çox eşitmişdim. Kitab artıq Qanun nəşriyyatı tərəfindən Azərbaycan dilinə də tərcümə edilib, mən də bu kitabı Ali-Ninodan alıb oxudum. Deyilən qədər var imiş. Təsəvvür edin ki, kitab 1898-ci ildə yazılıb, ancaq yazılan fikirlərin əksəriyyəti bu gün də siaysi və sosial qruplar arasında tətbiq edilir, aktualdır. Aşağıda kitabdan qeyd etdiyim 21 fikri, cümləni olduğu kimi Sizinlə paylaşıram. Heç bir şərh vermədən Sizi aşağıdakı cümlələri oxuyub daha sonra günümüzdə baş verənlərlə müqayisə etməyə dəvət edirəm.
- Müxtəlif ölkələrə uzun sürən səyahətlərimdən sonra məndə yaranan ən parlaq təəssürat ondan ibarətdir ki, hər bir xalq anatomik xüsusiyyətləri ilə bərabər, həm də dayanıqlı mənəvi quruluşa malikdir və elə buradan da onun hisləri, düşüncələri, təsisatları, etiqad və incəsənəti təşəkkül tapır.
- Xalqlar çox şeyi itirə və müxtəlif faciələrlə üzləşə bilərlər, amma yenə də ayağa qalxmaq iqtidarında olurlar. Lakin əgər xalq ruhunu itirərsə, onda o heç vaxt dikələ bilməz.
- Bir-birinə uyğun gəlməyən xalqları birləşdirən böyük imperiyalar yalnız zor gücünə yaradıla bilər və elə güc yolu ilə də məhvə məhkumdurlar.
- Müasir dövlət adamları daha çox təsisatların mühümlüyünə inanırlar, ideyaların vacibliyinə isə az əhəmiyyət verirlər. Elm isə onlara göstərir ki, birincilər həmişə ikincilərin övladıdır və onlara söykənmədən mövcud ola bilməzlər. İdeyalar özlüyündə şeylərin gözəgörünməz hərəkətverici qüvvəsidirlər. Onlar yoxa çıxanda, təsisat və sivilizasiyaların gizli dirəkləri də sınıb-tökülür.
- Nəzəri düşüncələrə az meylli olan kütlə, qarşılığında fəaliyyət göstərməyə çox meyllidir.
- Dolayı vergi, nə qədər böyük olsa belə, kütlənin etirazına səbəb olmur, çünki o vərdişləri məhdudlaşdırmır və kütlədə təəssürat oyatmır; çünki gündəlik istehlak malları alınarkən tutulduğundan gözə çarpmır.
- Şəxsiyyətin fərd olaraq arxa plana keçməsi və hiss və düşüncələrin məlum istiqamətə səmt götürməsi – təşkilatlanmağa yol alan kütləni xarakterizə edən başlıca əlamətlərdir.
- Yalnız say çoxluğu sayəsində fərd izdihamda qarşısıalınmaz gücü dərk edir və həmin hiss tək olduğu zaman həmin hissə heç vaxt qol-qanad açmağa imkan vermədiyi halda, kütlə arasında belə instinktlərin təsiri altına düşür. İzdihamda isə o, həmin hisləri cilovlamağa az meyllidir, çünki kütlə anonimdir və heç bir məsuliyyət daşımır. Ayrı-ayrılıqda fərdləri həmişə bundan qoruyan məsuliyyət hissi, izdihamda tamamilə yoxa çıxır.
- Biz görürük ki, parlament yığıncağı elə tədbirlərə və qanunlara razılıq verir ki, ayrılıqda həmin parlament üzvlərinin hər biri onları pisləyərdi.
- Kütləni xarakterizə edən xüsusi xassələrin arasında, məsələn, biz bunları görürük: impulsivlik, əsəbilik, düşünmək qabiliyyətsizliyi, mühakimə və tənqidin yoxluğu, şişirdilmiş hissiyat və s.
- Təcrid olunmuş fərd öz reflekslərini sakitləşdirə bilir, kütlənin isə belə qabiliyyəti yoxdur.
- Kütlə yarpağı yerdən qaldırıb müxtəlif istiqamətlərə aparan tufana bənzər, sonra da sakitcə yerə düşən torpağa.
- Cahil və alim, əgər onlar artıq izdihamda iştirak edirlərsə, müşahidə qabiliyyətindən eyni dərəcədə məhrum olurlar.
- Kütlə fikirləşmir, o, ideyaları bütövlükdə ya qəbul edir, ya da kənara atır, nə mübahisələri, nə də ziddiyətləri xoşlayır, təlqin onun bütün düşüncə qabiliyyətlərinə tamamilə hakim kəsilir və dərhal hərəkətə keçməyə can atır.
- Ənənələrsiz nə milli ruh, nə də sivilizasiyalar ola bilər. Buna görə də insanın təşəkkül tapdığı andan ən əsas məşğuliyyətlərdən biri ənənələr şəbəkəsi qurmaq və ənənələrin xilaskarlıq fəaliyyəti tükənəndə isə onları dağıtmaqdan ibarət olub.
- Xalqların talyini onların xarakterləri müəyyən edir, heç də hökümətlər deyil.
- Adamları həyata hazırlamaq əvəzinə, məktəb onları heç bir xırda təşəbbüskarlıq belə irəli sürmədən və sərbəstcəsinə fəaliyyət göstərmədən, ictimai vəzifələr tutmağa hazırlaşdırır.
- Eyni qəzetdə daim A-nın tamamilə yaramaz biri, B-nin isə ən təmiz insan olması haqqında məlumat oxuyuruq, təbii ki, əgər bu zaman tamamilə əks fikirlər yazan digər qəzetlərdən xəbərsiziksə, lap sonda özümüz də ona inanırıq.
- Kütlədə heyranlıq doğurmaq üçün, həmişə onu özündən müəyyən məsafədə saxlamalısan.
- Seçicilər həm də istəyirlər ki, onların məğrurluqlarına yaltaqlansınlar və arzularını yerinə yetirsinlər. Təsir etmək üçün onun ünvanına ən cəfəng xoşa gələn tərifləri söyləmək və utanmadan ən fantastik vədlər vermək lazımdır. Əgər fəhlədirlərsə, onları tərfiləyib sahibkarını söymək lazımdır, rəqib namizədə gəldikdə, haqqında müddəalar, təkrar və sirayətedici fikirlər yaymaq yolu ilə onu məhv etmək lazımdır, demək lazımdır ki, o, ən sonuncu əclafdır və onun hansı cinayətləri törətməsi hamıya məlumdur.
- Şişirtmə vədlər həmin dəqiqə üçün çox güclü təsir bağışlayır, gələcək üçün isə heç bir öhdəliyə məcbur etmir. Əslində, seçici adətən seçilmiş namizədin sonradan həmin vədləri yerinə yetirib-yetirmədiyini heç öyrənməyə belə çalışmır.
P.S. Seçdiyim fikirlər əsasən günümüzlə səsləşən fikirlər idi. Yəqin ki, Siz də sona qədər oxudunuzsa, mütləq şəkildə parallel müqayisələr apardınız. Bəs, Sizcə yuxarıda yazılanlardan hansı bəndlər hələ də eynilə tətbiq edilir?!
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Mandıra Filosofu İstanbul filmi haqqında resenziya
Gərgin keçən həftəiçindən sonra çalışıram həftəsonu beynimi maksimum dincəldə biləcək işlərlə məşğul olum. Bazar günü isə maksimum riayət etməyə çalışdığım bir qaydam var – ən az 2 film izləməliyəm. Bunların
İkinci Pərdə – Çox çətindir, amma mümkündür
İnsan emosional varlıqdır. Onun hərəkətlərində rasionallıq və ya məntiq axtarıb tapmayanda məyus olmağa dəyməz. Qərarlarımızda da emosional amillər daha çoxdur, nəinki rasional. Çox vaxt kiminsə haqqında danışanda “40 yaşı var,
Müsəlmanlar nədə səhvə yol verdilər?
Əsrlər boyu dünya üzərində hakimiyyəti əlində saxlamış İslam sivilizasiyasının “birdən-birə” öz hegemonluğunu itirməsi bu gün məntiq sahibi hər kəsdə sual yaratmalıdır – “Müsəlmanlar nədə səhvə yol verdilər?” Necə oldu ki,
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun