Dayanmağı bacarmaq

Dayanmağı bacarmaq

Aktiv müşahidələrimdən vacib bir dərs çıxarmışam. İnsan işinin, karyerasının və həyatının müəyyən bir mərhələsi var ki, məhz o nöqtədə dayanıb nəfəs dərməli, gözləməli, dayanmağı bacarmalıdır. Əgər bunu etməsə illərlə yığdığı imic, reputasiya bir andaca yox ola bilər. Səbibini aşağıda izah etməyə çalışacam.

Bəli, dayanmağı bacarmaq hər adama qismət olmur. Dayanmağı bacarmaq həm də təzədən yol almaq, təzə yola girmək üçün lazımdır. Dayanmaq fiziki hadisə yox, psixoloji-emosional hadisə kimi təhlil edilməlidir. Bizə məktəbdə, küçədə, həyatda hər şeyi öyrədiblər, amma lazım olanda dayanmağı bacarmağı yox.

Özümüzü bildik-biləli hamı “dayanma, irəli, mütləq alınacaq, yıxıl, amma dayanma, dur və yenidən davam et” kimi fikirləri beynimizə həyatın qaydası kimi “pompalayıblar”. Ona görədir ki, insanlıq hazırda amansız yarış içindədir. Hamı harasa tələsir. Tələsdiyi nöqtəyə çatandan sonra nə edəcəyini bilməyən adamlarda o andan etibarən həyat “bozlaşmağa” başlayır. Bozlaşma həm də boşluq deməkdir. O boşluqda isə insan qeyri-ixtiyari hərəkətlər etməyə başlayır. Gəlin, bunu bir-iki misalla izah edək.

Məsələn, baxırsan adam tanınmış ziyalıdır, müğənnidir, yazardır, professional menecerdir və gəlir-gəlir elə anda elə addım atır ki, heç bir düz məntiqə sığmır. El arasında deyildiyi kimi sanki “Allah ağlını alır”. Həmin şəxs illərdir yığdığı imici etdiyi bir hərəkətində silir. Və ya hansısa mərhələdən sonra davamlı şəkildə davranışları ilə indiyə qədər olan-qalan hörməti də itirir. Bu bütün peşə sahiblərinə aiddir. Xüsusən də müəyyən bir uğura gəlib çatanlarda daha çox müşahidə edilir.

Bu necə baş verir?! İnsan gəldiyi yerdə, onun üçün və cəmiyyət tərəfindən də uğurlu hesab edilən nöqtədə “müvəffəqiyyətdən baş gicəllənməsi”nə tutulur. “Uğur”a gəlmək asandır, zəhmətlə mümkündür. Amma uğuru qaldırmaq və daşımaq çox çətindir. Bu nöqtədə insan dayanmağı bacarmalıdır ki, bundan sonrakı həyat yolunu düzgün qiymətləndirə bilsin. Müəyyən etsin ki, hara qədər gedə bilər, harada dayanmalıdır və ümumiyyətlə, bu həyatdan bundan sonra nə istəyir?! Qazandığı uğuru daşıya bilməyənlərdə hərəkətlər dəyişir, məsələn, hesab edir ki, artıq kimlərəsə “ağıl verə bilər”, həqiqəti artıq dərk edib deyə düzünü o bilir və s. Yəni bacarığından və imkanlarından daha yuxarı “tullanmağa” başlayır. Ona aid olmayan mövzularda özünü “fikir sahibi” kimi aparır. Bir sözlə, arzularla imkanların sərhəddində bir yerdə özünü itirir, azır. Həmin gündən etibarən də şəxsin probleməri başlayır. Artıq özü deyil, ona verilən rolu oynamağa başlayır. Yolunu azan adamlar hara tərəf vurnuxsa da gedib istədikləri nöqtəyə çatmadıqları kimi bu adam da fərqli-fərqli yollara girir, fərqli yollara əl atır və hər dəfəsində bir az daha gülməli vəziyyətə düşür. Loru dildə desək, dayanmadan “mayadan yeyir” və bir gün maya bitir. İt də gedir, ip də.

Bu arada onu da qeyd etməliyəm ki, uğuru daşıya bilməməkdə həmin şəxsə ətrafın təzyiqi də ciddi rol oynayır. Yuxarı qalxdıqca yeni formalaşan ətraf da həmin şəxsi dayanmadan “göylərə qaldırır”. Bir müddət sonra isə adam özü də ciddi-ciddi inanmağa başlayır ki, əslində bu adam dünyaya “vaxtından tez gəlib”, onu bu dünyada başa düşmürlər. Adətən əksər çıxışlarında, fikirlərində “biz və onlar” müqayisəsi edirlər.

Bəs bu hala düşməmək üçün nə etmək lazımdır? Gəldiyim şəxsi, subyektiv qənaətləri sizinlə bölüşüm;

  1. İnsan yuxarı qalxdıqca aşağıdakı pillələri sındırmamalıdır. Düşəndə lazım ola bilər. Onlar sənə daim gəldiyin yeri xatırlatdığına görə təkəbbürünü azaldacaq.
  2. İnsanı ətrafı qaldırdığı kimi, ətrafı da yıxa bilir. Ətrafı düzgün seçmək və amansız yarışdan uzaq olmaq lazımdır. Bəzən ətraf özü sizi yarışa itələyir və bir yerdən sonra geri qayıtmaq “ayıb sayılır”.g
  3. Dayanmalı olduğun yeri hiss etməlisən. Və o anda sadəcə heç bir şey etmədən, tamamilə tərki-dünya olub özünlə baş-başa qalıb həyatla arandakı münasibətləri aydınlaşdırmalısan. Yəni, bundan sonra həyatdan nə istəyirsən? Nə olmalıdır yox, nə olsa, daha çox xoşbəxt olarsan. Daha da böyüyəndə nə olacan yox, böyüdükcə xoşbəxtliyi necə qoruyacaqsan sualları ətrafında düşünmək lazım gələcək.
  4. Uğurlu adam səhv edə bilər. Problem deyil, çıxıb səhv etdiyini, səhv düşündüyünü etiraf edə bilərsən. Bu səni xeyli yüngülləşdirər. Amma tərsini edib səhvi səhvlə bağlamağa çalışdıqca daha da pis vəziyyət yaranır. Nəyisə bilmirsənsə, çıx de “bilmirəm” canın qurtarsın.

İstədim 5-ci fikri də yazım, ağlıma bir şey gəlmədi. Öyrəşmişik filan şeyin 3 səbəbi, 5 səbəbi və s. kimi ifadələrə. Fikir bitdisə, dayanmaq lazımdır.

Bayramınız mübarək. Tətil günlərindən istifadə edib “özünüzü dayandırın” və düşünməyə vaxt ayırın və sual verin – Niyə dayanmalısız? Fikirləriniz maraqlıdır.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Aktiv müşahidələrimdən vacib bir dərs çıxarmışam. İnsan işinin, karyerasının və həyatının müəyyən bir mərhələsi var ki, məhz o nöqtədə dayanıb nəfəs dərməli, gözləməli, dayanmağı bacarmalıdır. Əgər bunu etməsə illərlə yığdığı imic, reputasiya bir andaca yox ola bilər.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

Günün müştəri məmnunsuz şirkətləri – BE və MG

Çoxdan idi ki, hərbi hissədə istifadə olunması üçün printer almaq istəyirdim. Qardaşım bir xeyli müddətdir xahiş etsə də, ancaq həftəsonları bir iki dəfə mağazaları gəzməyə vaxtım oldu. Açığı mağazaları gəzməyi

Münasibət 0 Comments

Xəzərin Səhəri verilişinə müsahibəm

Dostlar, ötən həftə Xəzər Tv-də “Xəzərin Səhəri” verilişinə dəvət almışdım. Qonaq müsahib kimi 10 dəqiqə müddətində məhsulların qablaşdırılması, qablaşdırmanın məhsulun imicində önəmi, müştərilərin məhsulu seçərkən üstünlük verdiyi qablaşdırmalar, qablaşdırmanın satışda

Köşə yazıları 0 Comments

Haqq və xalq aşiqi Elçibəyin əziz xatirəsinə

22 avqust 2016-cı il. Azərbaycanın eks-prezidenti, milli xalq hərəkatının lideri olan Əbülfəz Elçibəyin vəfat etdiyi gündür. O rəhmətə gedəndə mən 16 yaşımda idim, indi isə onun ölümündən 16 il keçib. Mən

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın