Əsl oxucu kimdir?
Bir dəfə ala itdən məşhur dostum Teymur paşa, mən, Nurlan və xətrini çox istədiyim dostumuz yazıçı Seymur Baycan ilə maşınla Qaxa istirahətə getmişdik. Yol uzun, həmsöhbətlər maraqlı, mövzular da nə qədər istəsən. Danış-danış bitməz. Hər moruq kolunda Teymur Paşamızın israrı ilə dayanmamızı nəzərə almasaq çox yaxşı səfər idi, xeyli şeyi doyunca müzakirə etdik, yeni çox şeylər öyrəndim. Öyrəndiklərim arasında yadımdan çıxmayan bir şey var. Oxucu nə istəyir, əsl oxucu kimdir, biz niyə yazmalıyıq, yazmağın kimə faydası var və s. bu tip məsələlərlə bağlı Seymur Baycanın fikirləri.
Bu yazıda mən əsl oxucu kimdir və onlarla necə davranmaq lazımdır sualına cavab tapmağa çalışacam.
Deməli, uzun müzakirədən sonra Seymur Baycan qayıtdı ki, yazan adamlar hərdən oxucularına qarşı çox qəddar olurlar. Xüsusən Azərbaycanda olan reallığı nəzərə alsaq, yazar oxucusuna qarşı aqressiv olmamalıdır. Səbəbi də belə izah etdi ki, Azərbaycanda hansı yaradıcılıq gecəsinə getsən, eyni simaları görürsən. Kitab təqdimatı keçirirsən eyni adamlar, oxucu rəyləri alırsan, kitab, yazı haqqında maillə rəy alırsan eyni adamlar, sosial şəbəkədə yazan, söyən, tərifləyən də eyni adamlar. Yəni təxmini kiçik bir oxucu kütləsi var ki, hər yeni çıxan kitabı, yazarı oxuyurlar, bütün tədbirlərə gəlirlər, imkanı olan qədər kitab da alır, yardım da edir. Onlar çox azdır. Onların qədrini bilmək lazımdır. Onları da küsdürsək, bizi oxuyanlar, başa düşənlər xeyli azalacaq. Cəmiyyətdə çox sayda bivec adamlar var, onlar Sizin varlığınızdan bəlkə də xəbərləri yoxdur, onlar qala-qala az-maz oxucu olanlara yüklənmək yumşaq desək ədalətsizlik olar.
Səbəbkarlar və fədakarlar eynidirsə…
İndi gələk bizim doğma marketinq aləminə. Deyirəm həqiqətən də proseslər arasında ciddi uyğunluq var. Mən bir daha əmin oldum ki, ölkədə məsələn, ədəbiyyat sahəsində vəziyyət necədirsə, onun mahiyyəti riyaziyyat sahəsində də eynidir. Biznesdə vəziyyət necədirsə, onun mahiyyət baxımından oxşarını Siz sosial zümrələr arasında da eynilə görə bilərsiniz. Yox əgər tərsidirsə, əmin olun ki, nəsə düz getmir. Nəsə lazım olandan artıq şişirdilib. İndi yuxarıda Seymurun oxucu haqqında fikirlərini bizim marketinqə də aid etmək olar. İstər marketinq haqqında yazanlar, istərsə də onları oxuyanlarla bağlı vəziyyət elə ədəbiyyatın özündə olduğu kimidir. Niyə belə düşünürəm? Gəlin təhlil edək.
Tənqid demotive edirsə… apar tulla.
2011-ci ildən aktiv olaraq marketinq tədbirləri keçiririk. Sayını unutmuşam, yalan deyərəm. 100-ə çatar. Bizimlə yanaşı nə qədər də başqa dostlarımız seminarlar, konfranslar, kitab təqdimatları edib və s. Hamısı çox faydalıdır. Marketinqin hesabatı adlı bloq yazılarımdan bunların bəziləri ilə tanış da ola bilərsiniz. Əgər bir az dərin təhlil etsək bu tədbirlərin çoxunun iştirakçı nüvəsi eyni adamlardır. Eləcə də bu işi görənlərin də nüvəsi eyni adamlardır. Marketinq axı spesifik sahədir. Nə qədər marketinqi düzgün anlayan, düzgün tətbiq edən şirkət varsa, o qədər də marketoloq, reklamçı, satışçı və s. var. Və sayımızın da az olduğunu bilirsiniz. Hamımız da danışanda “gün o gün olsun biz də xaricdəki kimi 10 000 marketoloqu bir arada yığaq təcrübə mübadiləsi edək, forum edək, xaricə açılaq, nə bilim şirkət direktorları gəlsin marketinqə verdikləri önəmdən danışsın, beynəlxalq brendlər yaradaq” kimi sözlər deyirik. Bəli, deyirik. Amma biz istədiyimizin ilk başdan bəzən 20%, bəzən 40%, bəzən də 80%-ni edənlərə niyə 100% istədiyimiz kimi deyil deyib hücum çəkirik, tənqid edirik, çox vaxt isə təhqir edirik, şəxsi müstəviyə keçiririk. Bunu bəzən bilərəkdən, bəzən bilməyərəkdən, bəzən paxıllıqdan və digər səbəblərdən edirik. Dostlar, 100% etmək üçün ilk növbədə tənqidlərdə, hətta təhqirlərdə də hər şeydən birinci 100% səmimiyyət lazımdır. Və hər bir işə qiymət verəndə öyrədici mövqedən yanaşmaq daha doğru olar, nəinki dağıdıcı. Çox vaxt görürük ki, kimsə ya özünü ağıllı göstərmək istəyir, ya mövzudan xəbəri yoxdur “voopşe sənin papağın hanı” məntiqi ilə şərh yazır, kimsə köhnə haqq-hesaba görə qarşı tərəfin hər işini qara görür, kimsə qarşısındakı hamını pul ekvivalentində görür, təmənna güdür və s. Amma heç bir halda bunu etməklə yanaşı çəkilən zəhmətə qiymət vermək istəmir. Hətta işin içində 1% belə zəhmət və müsbət niyyət varsa, onu qiymətləndirməniz insanları motivə edə bilər. Mən bir şeydən əminəm ki, davamlı tənqid edilən də, edən də inkişaf edə bilməyəcək, daim çərçivədə hiss edəcək özünü. Buna çox əminəm. Eyni şeyi oxuculara olan münasibətdə də deyə bilərik. Hər tənqid edənə də hücum etmək, niyə elə yazdın, niyə pislədin deyib təzyiq etmək düz deyil. Onu edənlər, xüsusən pulsuz edənlər inanın ki, çox deyil. Onları da küsdürsəz, özünüz çalıb özünüz oxuyacaqsınız bir gün. Və bu Sizi 100% inkişaf etdirməyəcək. Qarşılıqlı olaraq həm işi görənlərə, həm də işə rəy verənlərə hörmətlə yanaşmaq lazımdır, qiymətləndirmək lazımdır, bunu bacarmayanda sadəcə susmaq ən yaxşı çıxış yoludur. Əmin olun ki, tənqidə adekvat reaksiya vermək qədər, düzgün tənqid edə bilmək də çoooox çətindir. Bunu bacardığınızı həqiqətən düşünürsünüzmü?!
Bloq yazarları vs Bloq oxucuları
Bu belə. Götürək bloq yazarlarını. Bloqerlər Azərbaycan dilində kontent yaradan ən dinamik qüvvələrdir. Onlar bu işi görməyən, amma görməli olan qurumlardan qat-qat artıq iş görürlər. Hətta deyərdim indi marketinq sahəsində bloqerlik indiyədək dövr üçün özünün pik mərhələsini yaşayır. Bunun belə olmasında çox əvvəldən bloq yazanların da əməyini mütləq qiymətləndirmək lazımdır. Onların hamısına çox sağ ol deməliyik. Bir işin dəb olmadığı vaxtda o işlə məşğul olmaq, dəb olandan sonra məşğul olmaqdan qat-qat çətin və yorucudur. Mən özüm 2011-ci ilin iyul ayından marketinqdə bloq yazmağa başlamışam. O zaman mənimlə eyni vaxtda yazmağa başlayanlarla birlikdə əvvəl yazanları da saysaq 10-dan çox aktiv bloqer yox idi. Bu gün elə mən minimum 50-ni tanıyıram. Tanımadığım, oxumağa fürsətim olmayan bir o qədər də say olduğuna da əminəm. Nə gözəldir. Qoy hamı yazsın. İnternetdə yazan adamlara qarşı bir qism zümrədə qıcıq yarandığını görürük. Onu edənlərin əksəriyyətinin səmimiyətinə şəxsən şübhə ilə yanaşıram. Müqayisə edəndə tibetə qədər gedib çıxırsız, amma onun ilk addımlarını atan, bəzən də heç kimdən geri qalmayan işlərə mız qoyursunuz. Onlar da yazmasa, əmin olun ki, heç nə yaxşı olmayacaq. Bir də bəlli qism var, yazır ki, filankəslər boş-boş yazır, işi kim görür falan. Əzizlərim, Siz işinizi normal vaxtınızda görüb, bloq yazmağa, öz sevdiyiniz işlə məşğul olmağa vaxt tapmırsınızsa, bu sizin probleminizdir. Zamanınızı idarə edə bilmirsinizsə, bunu bacaranlara dil uzatmaq düzgün deyil. Bir də gördükləriniz də ortadadır axı. O səbəbdən də bloqerlərə səslənirəm ki, heç bir vəchlə əsassız tənqidlərdən dayanmasınlar, yazsınlar. Kimsə kopya deyəcək olsun, kimsə təkrar deyəcək olsun, kimsə boş yazıdır deyəcək, ondan dolusunu istəyin və s. amma dayanmayın. Bilirsiniz niyə? Çünki əsl oxucu o tip tənqidi edənlər deyil. Onlar çox azdır. Əsl oxucu bəlkə də heç şərh bildirməyən yüzlər, minlər, onminlərdir. Onlara məlumat lazımdır, tez tapır, açır oxuyur, çıxır. Sağolu da ürəyində deyir bəlkə də) Amma onların içində 5 nəfər təhqir qarışıq nəsə yazırsa, bu hələ oxucular belə düşünür demək deyil. Davam edin. Son bloq yazımı 2200 unikal insan oxuyub. Google analytics nəticəsinə görə. Bütün şəbəkələrdə paylaşandan sonra maksimum şərh sayı olsun 20-30. Bəs qalan 2000 adam kimdir? Baxın onlardır əsl oxucu. Və ya onların arasındadır o əsl oxucular. İndi Siz deyin, 50 nəfərə görə 2000 nəfəri məlumatsız qoymaq olarmı?! Məncə yox. Eləcə də öz statistikanıza nəzər yetirin, əminəm ki, sizdə də nisbət eynidir. Hərdən elə yerlərdən adamlar yaxınlaşır ki, yatsan yuxuna da girməz ki, səni bloq yazılarından tanıyır. Onları Siz heç bir şərhdə görməzsiniz. Sadəcə oxuyub çıxırlar. Məhz ona görə də bugündən sonra həm cari, həm də əvvəlki yazılarımdan aktual olanları facebookda reklama qoyacam. Qoy daha yeni auditoriyaya çıxsın, daha yeni oxucular qazansın. Siz də edin, bunu tənqid edənlərə isə fikir verməyin. Edin, nəticəni görəcəksiniz.
İndi isə bloq oxucuları barədə. İnsaf naminə deməliyik ki, adekvat reaksiya və fikir bildirən bloq oxucuları da var. Az da olsa, amma var. Çalışın elə adamları digərlərindən ayırın. Sizə önəmli hesab etdiyiniz adamların fikirlərini ciddiyə alın. Yoxsa, hər atılan daşa geri çönsəniz, qabağa baxmağa fiziki cəhətdən vaxt olmayacaq. Eyni zamanda əziz yazarlar, kontnet dedik, yenisiniz dedik, inkişaf lazımdır dedik, bunlar çox yaxşı. Amma üzərinizdə də işləməlisiniz. Çox oxumalısınız. Demişəm yenə də deyirəm ki, oxumayan adam yazsa, bir yerdə dirənəcək. Kəmiyyətə deyil, keyfiyyətə önəm vermək həmişə sonda qazandırır. Bilirsiniz əsl yazmaq necə olur? Bu sualın cavabını xahiş edirəm, aşağıda diqqətlə oxu. Bunu mən deməmişəm, Bukovski deyib. Görün nə gözəl deyib.
“Yazar olmaq istəyirsən? Hər şeyə rəğmən, o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa, yazma! Çağrılmadan gəlməzsə – ürəyindən, düşüncəndən, ağzından və canından, yazma. Söz axtararaq, saatlarla oturub gözünü komputerin ekranına zilləməlisənsə, yazma. Pul və ya şöhrət üçün yazırsansa, yazma. Yatağında qadınlar istədiyindən yazırsansa, yazma. Yazmağı eləcə ağlından keçirmək ağır işdirsə, yazma. Əyləşib təkrar-təkrar, yenidən yazmalısansa, yazma. Başqa birisi kimi yazmağa çalışırsansa, unut bunu. Onun içindən gurultuyla çıxmasını gözləməlisənsə, o halda səbrlə gözlə. O, heç vaxt gurultuyla çıxmazsa, başqa işlə məşğul ol. Onu ilk öncə həyat yoldaşına, qız dostuna, oğlan dostuna, valideynlərinə və yaxud ümumiyyətlə, kiməsə oxumalısansa, sən hazır deyilsən. Çoxsaylı yazarlardan olma, özünü yazar adlandıran minlərlə insandan olma, maraqsız, bezikdirici və lovğa olma, xudbinlik hissi səni boğmasın. Dünya kitabxanaları sənin kimilərin ucbatından yuxuya dalıb. Bunların sayını artırma. Yazma! O, ruhundan raket kimi çölə çıxmazsa, sakit durmaq səni dəliliyə, özünü sui-qəsdə və qətlə məcbur etməzsə, yazma!”
Yazar haqqında
Editor review
Summary
Oxucu nə istəyir, əsl oxucu kimdir, biz niyə yazmalıyıq, yazmağın kimə faydası var? Bu yazıda mən əsl oxucu kimdir və onlarla necə davranmaq lazımdır sualına cavab tapmağa çalışacam.
Həmçinin oxuya bilərsiniz
Müştəri Məmnunsuzlar
Bu yazının adı hələ 5-6 ay əvvəl bir şirkətin ofisində ikən ağlıma gəlmişdi. Ondan sonra müştəri məmnunsuzluğu ilə bağlı qarşılaşdığım faktları qeyd etdim və bir gün paylaşacam demişdim ki, indi
Allah saxlamışlar
Deməli, 2017-ci il dünya iqtisadiyyatının 3.5% böyüyəcəyi proqnozlaşdırılır. 2016-cı il xatırladım ki, 3.2% idi. Neftin dünya qiyməti isə 2017-ci il üçün 41 dollar proqnozlaşdırılır. Bizə ən yaxın Türkiyə bazarı vacib
Neqativdən uzaq tənqid necə olur?!
Həyat çox sürətlidir. 2017-ci il asan olmadı, amma o da gəldi keçdi. Həqiqətən də insan su kimidir, töküldüyü qabın formasını gec ya da tez alır, almaq məcburiyyətindədir. Əksi mümkün deyil.
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun