Xoşbəxt olmaq istəyirsən?! OL DA, daha vaxtımızı niyə alırsan!!! :)

Bu ilin əvvəli 2 böyük şirkət, Coca-Cola və Pepsi özünün yeni konseptlərini təqdim etdilər. Qısa fasilələrlə hər iki şirkət dünyaya bu ildən etibarən verəcəkləri mesajı açıqladı. Açığını deyim ki, hər iki şirkətin yeniliklərini aktiv izləyirəm. Əsl marketinq kreativliyini də çox vaxt bu şirkətlərdə görürəm. Adamın üstündə Allah var, həqiqətən də gözəl işlər görürlər. Satış bir tərəfə, hər reklamları bir sənət əsəri kimi alınır.

Bu yazıda mən Cola və Pepsi timsalında get-gedə dünyada, eləcə də reklam bazarında insanlara təsir etmə yollarının kəsişməsindən danışacam. Kobud desək, get-gedə böyük div şirkətlər müştəri davranışlarında, yeni trendlərdə hara getmək lazım olduğunu bildiklərinə görə, deyəsən o yerə gedən yollarda, üsullarda da oxşarlıqlara yer verirlər. Bəs nədir bu oxşarlıq?!

Coca-Cola bütün çeşidləri üçün vahid bir sloqan seçdi – Taste The Feeling (Hiss Et, Həzz Al). Şirkət 7 il idi ki, “Open the Happiness” (Xoşbəxtliyə qapaq aç) sloqanından istifadə edirdi. İlboyu təxminən 10 televiziya reklamı çəkilməlidir. Onların hər birində həyatın müxtəlif ağrılı, acılı anları və onların da arasında təbii ki, Coca-Cola-nın iştirakı var.

Pepsi də həmçinin öz vahid konsepsiyasını “Life is a moment. Live it” (Həyat andır. Yaşa) sloqanı ilə təqdim edib. Sloqanı müxtəlif cür də interpretasiya ediblər. Həyat andır, dəyişdir, yaxala, oyna onunla və s. bu kimi uzantılar və hər birinə aid də maraqlı reklamlar çəkilib. BBDO Moskva agentliyi reklamı hələlik 10 ölkə üçün çəkib. Konseptin mahiyyəti ondan ibarətdir ki, bizi dəyişdirən həyat, dünya, detallar deyil, məhz anlardır. O anlar ki, biz onu qəbul edib ona da uyğunlaşmalıyıq. Maraqlı olsa, youtube-da baxın, çox əyləncəli və xoş təsir bağışlayır.

Əgər fikir verdinizsə, hər iki şirkət yeni konseptində artıq uzaq, əlçatmaz, gözlə görünməz mesajlar, sloqanlar vermir. Daha real, daha həyatın içindən olan mesajlarla müştərilərin qəlbinə yol tapmaq istəyirlər.

Daha dəqiq desək, Pepsi və Coca-Cola 3 şeyi etmir:

1) Məhsul, onun keyfiyyəti, detallar və s. haqqında bir kəlmə də olsun danışmır.

2) Əvəzində insanlara daha yaxın olan, insanların daha çox ehtiyacı olan psixoloji mövzulara toxunur. O mövzular ki, insanlar hər gün onun içindədirlər, hər gün yaşayırlar. Və bu yolla insanlarda rəğbət yaradıb dolayı yolla həmin məhsulun istifadəsini təşviq edirlər.

3) Gələcək haqqında heç nə demir. Ancaq vurğu bu günədir. Bir sözlə “dünya bir gün, o da bu gün” misalı.

Gördüyünüz kimi 2 dünya nəhəngi insanların əslində nəyə ehtiyacı olduğunu çox gözəl anlayıb. Əmin olun ki, bu 3-5 gündə hansısa kreativ agentliyin verdiyi ideya kimi qəbul edilməyib. Konsept üçün psixoloji mərkəzlərə müraciət edilib, dünyada insanların hazırkı əhvalı, davranışlarındakı dəyişikliklər və s. araşdırılıb. Zarafat deyil, bu içkilər 200-ə qədər dövlətdə satılır. Onların müştərisi bütün dünyadır. Qısası, sonra da bu qənaətə gəliblər ki, insanlara nə keçmişdən, nə gələcəkdən, məhz bu gündən mesaj vermək lazımdır. Bu arada haşiyə çıxaraq deyim ki, bu kimi qazlı içkilər heç vaxt keyfiyytəli məhsul üzərindən vurğu etmirlər, dünyada da müştərilər arasında Coca-Cola və Pepsi üçün “ziyanlı” bir imic var. Ona görə də bu brendlərin dəyərlər, hisslər, anlar üzərindən reklam konsepti sərgiləməsi çox normaldır. Başqa nə desin ki.

Niyə “anı yaşamaq” təbliğ edilir, bəyənilir? 

Bəs bu brendlər niyə dolayı yolla insanlara “anı yaşa” deyirlər. Gəlin, bir az bunun psixoloji, sosial tərəflərinə gedək. Bu gün bütün dünyada müxtəlif səviyyələrdə müxtəlif təlatümlər yaşanır. Hər gün hardasa nəsə olur, kimlərsə ölür, müharibələr və s. Adam övlad sahibi olur, əynindən, boğazından kəsir, böyüdür 18 yaşına çatdırır. Sonra hansısa müharibədə, küçə davasında, nə bilim hansı söhbətin üstündə ya ölür, ya öldürülür. Və bu hər gün gözümüzün önündə olur. İstər gənclər, istər valideynlər üçün proses nə qədər adiləşsə də, içlərindən biri çıxır və fikirləşir ki, “dünən min cür əziyyət çəkmişdim, sabah isə nə olacaq bilmirəm, nə iqtisadi proqnozla əsaslandırmaq olur, nə siyasi”. Bəs nə edim?! Çox düşünür, çox fikirləşir və axırda qərara gəlir ki, çox da zad eləmək lazım deyil, BU GÜN-dən həzz almaq lazımdır. Bu günü doya-doya yaşamaq lazımdır. Dünənə ilişib qalma, sabah isə nə olacaq Allah bilir, bugününü yaşa, həzz al, əylən, öyrən, paylaş və s. Anı yaşayan insanlar daha xoşbəxtdirlər, onlar öz zəif tərəflərini görür və ən əsas da qəbul edirlər. Əslində hamı bilir ki, anı yaşamaq lazımdır, amma bunu necə etmək olar?!

Anı yaşamaq necə olur?

Mark Tven deyirdi ki, mən heç vaxt olmamış bir xeyli fəlakətlər təsəvvür etmişəm, düşünmüşəm. Bəli, heç vaxt olmamış… İnsanlar adətən gələcək haqqında çox düşünür, proqnozlar verirlər. Psixoloqlar da deyir ki, depressiyanın əsas səbəblərindən biri də gələcək haqqında narahat düşüncələrdir. İnsanlar bu günü olduğu kimi qəbul etmək istəmirlər. Məsələn, adam övladını məhlədəki soyuq dəmir oturacaqlı yelləncəkdə yellədir və bunu edə-edə fikrə dalır. Düşünür ki, kaş ki, filan şey olaydı, mən də övladımı aparaydım filan ölkədəki filan istirahət mərkəzinə, onun istədiyi hər şeyi alaydım, nə bilim o yelləncəkləri həyətimdə quraşdıraydım və s. Halbuki o adam, həmin ana konsentrasiya olub elə həmin andan maksimum zövq almaq istəsə, daha rahat olar. Bəli, istədiyin kimi olsa idi yaxşı olardı, amma fakt bu gün və indi sən burdasan və olduğun yerdən, etdiyin işdən maksimum həzz al və bunu da ətrafına ötür. Tutalım, övladını yellədə-yellədə kədərli baxacaqsansa, qəmgin olacaqsansa, bunun özündən başqa övladına da ziyanı dəyəcək. İnsan istəsə çox xırda şeylərdən də özü üçün xoşbəxtlik səbəbi tapa bilər. Tapmasa, yaradar və s.

QƏBUL EDİN Kİ…

Sözümün canı, biz bizi üzən şeyləri normal olaraq qəbul etmək istəmirik. Məsələn, diş həkiminə gedirik, həkim dişimizi çəkəndə çalışırıq ki, həmin an özümüzü hardasa başqa yerdə guya dincəlirmiş kimi hiss edək. Halbuki, durumu real qəbul edib bilsək ki, bəli, mən diş həkiminə gəlmişəm, havay adalarına yox və mənim dişimi cəkəcəklər, azca incidə də bilər, o zaman çox üzülməzdik, ağrısa belə üzülməzdik, bilirik ki, dişimiz çəkirlər və bu normaldır.

Bəzən öz duyğularımız, xarakterimiz haqqında da fikirlərişirik. Məsələn, “kaş ki, çox əsəbi biri olmasaydım”, “kaş ki, tez stressə girməsəydim”, “kaş ki, sevdiyim şeyləri dilimə də gətirə bilsəydim” və s. Əsəbi biri olmanız Sizin real hazırkı durumunuzdur. Əsəbi olmamağı istəmək, onun haqqında gecə-gündüz düşünmək isə sadəcə əsəbi olmamaq haqqında düşüncələrinizdir. Çıxış yolu isə sadəcə qəbullanmaqdır. Özünüzü niyə yorursunuz, qəbul edin ki, əsəbisiniz. Ona müvafiq olaraq da filan-filan hərəkətləri edə bilərsiniz. Qəbul edib, mümkün nəticələrdə necə hərəkət etməli olduğunuza qərar versəniz daha rahat olarsınız. Nəinki, mən necə edim ki, əsəbi olmayım. Duyğularınız, hazırkı durumunuzu qəbul etmək Sizi rahatlada bilər. Misal çəkim ki, daha aydın olsun. Məsələn, Siz sevgilinizdən ayırlmısınızsa, üzgün olmanız, kefsiz olmanız normaldır da. Nə etməliydiniz ki, ayrılanda oturub şıllaq atası deyildiniz ki, camaatı başınıza yığıb ayrıldınız deyə yallı da gedəsi deyilsiniz, təbii. Elə isə ayrılanda insanın üzgün olmasını qəbul edin, başa düşün ki, bəli, bu olub və məni üzür, indi mən bundan çıxmaq üçün nə etməliyəm?! Keçib gedən şey haqqında düşünmək onu geri qaytaracaqsa, buyurun, dostlarınızı da çağırıb bir yerdə düşünün.

Anı yaşamaq məqsəd deyil. Məqsəd və hədəflər adətən gələcək üçün olur. Önəmli olan bir an var, o da bu an içində olduğunuz andır. Ancaq indi Sizin əlinizdən nəsə gələ bilər. Ancaq indi Siz kimisə sevindirə, kimisə güldürə, əyləndirə bilərsiniz, məsələn. Dünən nə etdiniz, sabah nə etsəm deyə düşünsəniz yorulacaqsınız. Bu gün Sizi xoşbəxt edən nə edə bilərsiniz?! Deyir, sən saydığını say, gör fələk nə sayır. İri-iri planlar qurub gələcəyə hədəflənəndə və o alınmayanda çox üzüləcəksiniz. O planlar üçün kimisə incitmisinizsə, kiməsə az zaman ayırmısınızsa, Sizi xoşbəxt edən nədənsə imtina etmisinizsə, əmin olun çox ağır gələcək Sizə. Ürəyiniz indi xoruz konfeti yemək istəyirsə, gözləməyin, gedin marketə alın və yeyin. Almalıyammı, yesəm nə deyərlər və s. kimi fikirlər Sizə zərər demirəm, amma xeyir 100% gətirməyəcək.

Özünüzü inkişaf etdirib yaxşı yerlərlə gəlməyi düşünərkən, parallel olaraq da gəldiyiniz yerdə xoşbəxt olmağı da düşünün. Görürsən ki, adamın milyonu var, amma gedir saatlarla dənizdə durub sonda bir balıq tutub yeyir. Pulu ilə o dənizi də ala bilər, amma özünün bir həzzə, adrenalinə ehtiyacı var. Əgər pul xoşbəxtlik olsaydı, dünyanın ən xoşbəxt adamları milyonerlər olardı. Gəlin görək elədirmi?! Neçə şairlər, yazıçılar var ki, çox kasıb olublar. Yaza-yaza varlanıb, amma axırda da bir boşluğa düşüb intihar ediblər. Deməli, o boşluq nə boşluqdusa bilmirəm, amma pul o boşluğu doldura bilmədi.

Deyir, çay olanda dəm olmur, dəm olanda çay olmur, ikisi də olanda mən olmuram. Qardaş, sən, çay və dəm bir yerdəsinizsə, çay içməyin kefini çıxar. Çünki 90% istədiyinizin biri olanda o biri olmur. Az zamanlarda hamısını bir yerdə tuta bilirsiniz, tutdunuzsa, dadını çıxarın. Xoşbəxtliyi tapdınsa, sorğulama, içinə çək.

Unutmayın, istədiyiniz gələcək, istədiyniz “bu gün” olsa, gələcək. Ürəyiniz istəyən “bugünü” yaşayın ki, ürəyiniz istəyən gələcək də olsun. Məsələn, deyək ki, ən problemsiz, ən güvənli, ən gözəl bir sevgiliniz olsun, istəyirsiniz? O zaman bağışlayın, amma bu namizəd bir meyid ola bilər. O da böyük ehtimal xoşunuza gəlməyəcək. Var olan olduğu kimi gözəldir.

Nelson Mandela 27 il həbsdə qaldıqdan sonra çıxır və Cənubi Afrikanın ilk qaradərili prezidenti olur. Bir gün Nelson Mandelaya Kanadanın məşhur motivasiya təlimçilərindən biri sual verir ki, “27 il əzab çəkmək necə bir hissdir?” Mandela cavabında “Mən əzab çəkmədim, anı yaşamağın önəmini və gələcəyi çox da düşünməmək lazım olduğunu öyrəndim”. Budur, adam 27 illik təcrübəsinin nəticəsini deyib. Sizin artıq bu qənaətə gəlmək üçün 27 il əzab çəkmənizə ehtiyac yoxdur. Sınamaq istəsəniz, nə deyim, buyurun.

Marketinq Cəmiyyətinin Sədri Rəhim müəllimlə ölümündən bir gün öncə danışmışdıq. Forumumuzda necə çıxış edəcəyini həvəslə izah edirdi. Səhəri gün Bank of Bakudan Nigar xanım ağır xəbəri verəndə başa düşdüm ki, həyat çox qısadır. Eyni hissləri bu yaxınlarda enerji dolu Aleksandr Məhərrəmovun qəfil ölümündən sonra da yaşadım. Siz gözəl-gözəl arzular qura, onun üçün nələrdənsə keçib yaşaya bilərsiniz. Amma bugünü itirərsiniz. Həyatınızda olan hər şeyin dəyərini bilin, sabah bunun üçün fürsətiniz olmaya bilər. Bu gün edə biləcəyiniz nəyisə, əmin olun sabah etməniz ən yaxşı halda çətin olacaq, ən pis halda isə mümkün olmayacaq.

Reklamçılar da bu işi çözüblər. Ona görə də əziz oxucu,

Xoşbəxt olmaq istəyirsən?! OL DA, daha vaxtımızı niyə alırsan?!!! 🙂

P.S. Yazıda yuxarıdakı videoya da imkan edin baxın. Mən bu yazını Cola və Pepsinin reklamlarına, həmçinin son damla kimi bu videoya baxandan sonra yazmaq qərarına gəldim.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

İçlərindən biri çıxır və fikirləşir ki, “dünən min cür əziyyət çəkmişdim, sabah isə nə olacaq bilmirəm, nə iqtisadi proqnozla əsaslandırmaq olur, nə siyasi”. Bəs nə edim?! Çox düşünür, çox fikirləşir və axırda qərara gəlir ki, çox da zad eləmək lazım deyil, BU GÜN-dən həzz almaq lazımdır.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Heç mənə lazım da deyil

2015-ci ilin iyulun 1-də, ilin tam ortasında etdiklərimiz, gördüklərimizə əsaslanaraq hardansa belə bir fikrə gəlmişdim ki, ˝Bəlkə biz düz eləmirik?!˝. Sonra bu tərəddüdlərimi bir yazı halına gətirdim. Əgər oxumamısınızsa, xahiş

Sərbəst 0 Comments

İnsanın telefona çevrilməsi

Marketer Məhərrəmin fantastika janrında proqnozu. Oxuyun, vaxt gələcək, şahid olacaqsınız. Texnologiya əsridir. Xalxın uşağı min oyundan çıxır. Problem də ondadır ki, bir çoxları da bu oyundan təkərə düşüb “mən də

Sərbəst 0 Comments

Şəkilsiz yazılar seriyası #13 – 𝐇𝐚𝐧𝐬ı ö𝐳?

“Özün ol’, “özün kimi ol”, “olduğun kimi görün və ya göründüyün kimi ol” kimi ifadələri uşaqlıqdan bu tərəfə tez-tez kitablardan və ya ətrafdan eşidirik. Bizə təlqin olunan da budur ki,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın