Əziz oxucular, marketer Məhərrəm bu dəfə Sizə tam fərqli bir mövzuda xitab edəcək. Əslində fərqli deyil, məzmun eynidir, forma fərqli. İstər marketoloq olun, istər mənim dostum Anar kimi sok satın, istər digər dostum İlkin kimi fen satın, ya da məni kimi ətir satın fərq etməz, kim olursunuz-olun gördüyünüz bütün işlər və fəndlər iki yerə bölünür: Yaxşı və Pis. Qalan hər şey ya yaxşıya nisbətən pis, ya da pisə nisbətən yaxşılar arasında amansız mübarizə və onun nəticələrindən ibarətdir. Onun üçün də bu dəfə peşənizdən asılı olmayaraq həyatınızı yüngülləşdirəcək bir iki fikir paylaşmaq istəyirəm. Yazıya da o səbəbdən “Həyata yüngülvari baxış” və ya daha dəqiq olsaq “Həyata teymurvari baxış” adını qoydum. Keçək mətləbə. Bəri başdan deyim ki, yazı uzundur. Qısa oxumağı sevənlər elə bu sətirdən sonra dayana bilərlər.
Mənim 2002-ci ildən tanıdığım bir dahi tanışım var. Bundan sonra bütün ifadələrimdə dahi sözünü dostum sözü ilə əvəz edəcəm, amma Siz hər dəfə dostum sözünü görsəniz bilin ki, dahi sözü ilə eynidir mənim üçün. Bəli, bu dostumun adı Teymurdur. Çox fərqli biridir, amma fərli biri deyil.
Həyata və ətrafa baxışları ilə başqalarından seçilir. Onu artıq bütün xalq tanıyır, çünki xalq arasında bəzən qəddar, bəzən incə, bəzən saf, bəzən hiyləgər statusları ilə məşhurdur. Hər regionda da ona fərqli cür müraciət edirlər. Qaydasız dünyanın adamları ona Teymur Masallınski, ədəbiyyat sevərlər ona Tima Qandi (bu arada bu dostumuz həm də “Mahatma Qandi, amma Teymur Qanmadi” parafrazının müəllifidir – red: M.M), dindarlar Hacı Teymur İlımlı, xoşbəxt qadınlar “Timur Forever”, bədbəxt qadınlar “Teymur Ümidver” və mən isə ona PAŞA deyirəm. Nəinki mən, özünə hörmət edən, onun balkon söhbətlərinə çox yox, 12 dəqiqə qulaq asan hamı ona PAŞA deyir. Bu insan yerişi, duruşu və ən əsası qarnı ilə sanki yaradılışdan paşadır. Qərb müəllifləri PAŞA sözünü çox da səlist tələffüz edə bilmədiklərinə görə ona bəzən “Paşka” da deyirlər. Məncə, onun haqqında bu qədər giriş kifayətdir. Bircə onu bilin ki, Paşamın özü bir şey olmasa da, dedikləri fəlsəfədir, dənizdir amma elə-belə dənizlərdən yox, neftlə çirklənməmiş dənizlərdən.Paşamı Sizə tanıtmaq üçün mən onun aşağıda sadaladığım bir neçə mövzuya münasibətlərini paylaşacam. Onları oxusanız yuxarıda yazdıqlarıma haqq verəcəksiniz. Oxumayanlara Paşamın son yazdığı kitabı, şəhərimizin bütün kitab satılmayan yerlərində satılan “Məni sevməyən gözəl düşəsən ignora-ignora”nı oxumalarını məsləhət görürəm. Beləliklə,
# Paşa insanları müqayisə edərkən deyir ki, onun üçün insan 2 xüsusiyyətinə görə önəmlidir. ƏMƏL və NİYYƏT. Qalan hər şey önəmsizdir. Əməli niyyətindən fərqli olanlar, niyyəti əməlilə eyni olanlar da bu qrupa daxildir. Bunlardan başqa insan istər dindar, istər ateist, istər sağçı, istər solçu olsun fərq etməz. O insana bu 2 xüsusiyyətinə görə qiymət verir.
# Paşa həyat haqqında deyir ki, ona “karpe-diem” prizmasından baxır. Yəni bu günü yaşa, dünəni və sabahı düşünmə. Sabah onsuz da olacaq, dünən isə artıq olub. Nəyin dərdindəsən, ey insan – deyir paşam.
# Paşa pul haqqında deyir ki, o hər şeyi həll etmir. Pul onun üçün önəmli deyil, amma miqdarı önəmlidir. Ona bir gün sual verdim ki, “paşam, səncə az pulu olan insan necə xoşbəxt ola bilər?”, dedi ki, “Çox pulu olan adam necə bədbəxt ola bilərsə, o cür” Açığı bu sözü deyəndə özü bir az dəm, mən isə hələ universiteti bitirməmişdim deyə çox başa düşmədim. Nəticə çıxarmağı odur ki, Sizin öhdənizə buraxıram.
# Paşa yerlipərəstlik haqqında deyir ki, onun üçün yerli anlayışı yoxdur, yerində olan adam anlayışı var. Yerində olan hamı onun yerlisidir. Bir sözlə yerli olmaq, yerində olmaqdır. Yerində deyilsənsə, haradan olmağının bir o qədər əhəmiyyəti yoxdur.
# Paşa qlamurlar haqqında deyir ki, özü elə deyil, amma olanlara pis baxmır. Yəni hərə öz həyatını istədiyi kimi yaşayır, yaşamalıdır. Əgər kiməsə qlamur olmaq, qlamur görünmək, özünü o cür ətrafa təqdim etmək onun özünə xoşdursa, olsun. Başqalarının onu qınaması yersizdir. Balkon söhbətlərinin birində əlindəki pivənin son damlalarını udumlayarkən, bir cavan oğlan məhz bu sualı vermişdi. Onda da cavab verdi ki, empatik yanaşmaq lazımdır. Yəni özünüzü başqasının yerinə qoymağı bacarmaq lazımdır. Hətta bir az irəli, kimilərinə görə isə geri gedərək dedi ki, “bir gün mənə gəlib desələr ki, Sizin filan dostunuz sən demə gey imiş, təəccüblənmərəm, əksinə faydalanmağa çalışaram”. Bax belə, hazırcavab, hazıra nazir məntiq sahibidir, paşam.
# Paşa zaman haqqında deyir ki, boş vaxt yoxdur, boşa keçən vaxt var. Deyir indi elə bir dövrdə yaşayırıq ki, Nyutonu Nyuton, Elton Conu Elton Con edən 24 saat bizə yetmir. Balaca uşağı da dindirirsən, deyir vaxtım yoxdur. Bir də paşam, vaxt məsələsində səmimi olmayan insanları heç sevmir. Belə adamların gec-tez özlərini ifşa edəcəklərini deyir. Məsələn, O, hesab edir ki, kimsə filan vacib məsələyə “vaxtım yoxdur” deməkdənsə, “filan məsələyə ayıracaq vaxtım yoxdur” desə daha səmimi olar. Bəli, Sizin, bizim hamımızın istədiyimiz hər şeyə vaxtımız var, istəmədiyimiz hər şeyə də vaxtımız yoxdur. Bu qədər sadə. Məsələn, Teymur Paşamız vaxta skeptik yanaşır. Deyir ki, vaxt onsuz da gedir, istədiyimi heç olmasa, gedə-gedə etməliyəm, vacib deyil ki, oturum, uzanım edim. O, hər şənbə hamama gedir. Bu gün zəng elədim ki, əlahəzrət, sənin haqqında bloq yazıram hardasan? Dedi ki, hamamdayam. Dedim yenə köpüklənirsən? Qayıtdı ki, onsuz hər şey dünyada köpük deyilmi? Forması var, amma mahiyyəti boşdur, köpükdür.# Paşa dost haqqında deyir ki, dostlar yeyib-içmək məclislərində yaxşı tost deyən adamlar deyil. təkcə. Çalışmaq lazımdır ki, həyatda fəxr edə biləcəyin dostların olsun. Belə olanda kədərli anını da, xoşbəxt anını da maraqla və rahat yola verirsən. Şəxsi Mühafizə Xidməti Rəisi olmasına baxmayaraq mütəmadi olaraq qoruycusuz ictimai nəqliyyatdan istifadə edən paşam bir gün zəng etdi ki, avtobusda 2 qoca kişi söhbət edirdi, biri o birinə qayıtdı ki, “filankəsi tanıyırsan da, onun da həyatda puldan başqa heç nəyi” yoxdur. Deyir ki, bu sözü eşitcək kövrəldim və dərin fəlsəfəsinin hələ da altındayam, çıxmamışam. Çalışın ki, həm də pulunuz olsun, təkcə pulunuz yox. Bir də öz kölgənizlə dost olmayın, Siz başınızı əyəndə o da əyən, siz nə desəniz təsdiq edən dostların Sizin kölgənizdən heç bir fərqi yoxdur – deyir o gözəl insan.
Diqqət:
# Paşa qadınlar haqqında deyir ki, onlar qəhrəmanları deyil, qalibləri sevirlər. Çox da şey eləmiyin məncə, yormayın özünüzü. Qalib olun, sadəcə. Bəlli bir həddə kimi ağ at, bəlli bir həddən sonra ağ Porsche. Qadın deyir kişidən öz keçmişini, kişi isə qadından öz gələcəyini gizlədir. Yenə bir gün paşama sual verdim ki, “Gözəl olub ağılı olmayan qadını nə ilə müqayisə edərsən?”. Dedi ki, “yaraşıqlı olub ağılı olmayan kişi nədirsə, gözəl olub, ağılı olmayan qadın da odur”. Nəzərinizə çatdırım ki, bu sitatlar paşamın heç vaxt ayıq vaxtına təsadüf etməyib. Hətta deyir ki, pivəni halal etsəydilər, dindar olardım, ona görə dindar deyiləm, mən düşünürəm ki, hamamda pivə içmək müstəhəbdir – deyir. Nə isə, bir dəfə də qərb zonası zəhmətkeşləri ilə görüşdə ona sual verdilər ki, “paşam, qadınlar indi deyir ki, əsl kişi yoxdur. nə deyə bilərsiniz bu haqda?” Heç yadımdan çıxmaz, söz vaxtına çəkər, bu vaxtlar olardı, paşam əlini Erdingerə atıb boş olduğunu görüncə qanını qaraldı, bir az fikrə gedib üstdən aşağı camaatı süzüb qayıtdi ki, “bilirsiniz nətərdi məsələ, çox qəribədir ki, qadınlar hamıdan çox makyaj edir, saçını boyayır, üzünə min cürə kosmetik vasitə vurur, gündə-gündə plastik əməliyyatlar etdirirlər və sonra da deyirlər ki, “əsl kişi yoxdur”. Sizcə gülməli deyilmi, Möhsün kişi? Ağlın olmasa da təcrübən çoxdu, di get özün fikirləş”. Bax belə. Mən də mətbuat xidməti rəhbəri kimi paşamın bu sözünü səhəri gün “Washington Post”-da bir-iki manat hörmət edib yayımlatdırdım. Məsələnin pik həddi odur ki, paşam deyir ki, “bir çox kişi nailiyyətlərini ilk həyat yoldaşlarına borcludur. Ondan sonra həyatlarında olan bütün qadınları isə məhz nailiyyətlətinə borcludurlar”. Hə, bir də deyir ki, dünyada hər şey insanın əlindədir, insan da qadının əlindədir. Ondan qorxmaq lazımdır. Sözün həqiqi və məcazi mənasında qorxu. Qadından qorxmayan kişi cild-cild kitablar yaza, xarüqələr yarada bilməz.Əziz oxucular, hamınız deyirdiniz ki, paşa haqqında statuslarını topla çap elə. İndi çap edə bilməsəm də, Sizə əslində uzun olub mahiyyəti qısa yazımda onu bir az daha yaxından tanıtmağa çalışdım. İstəyirəm biləsiniz ki, marketer məhərrəmin yaradıcılığında bu insanın böyük və ən əsası hidravlik rolu var.
Gələn dəfə daha faydalı olmaq ümidi ilə…
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun