Azərbaycanda reklam agentliyində niyə uzun müddət işləmirlər?!
Bu yaxınlarda oxudum ki, 2016-cı ildə dünya üzrə reklam dövriyyəsi 600 milyard dollara çatacaq. Və bu sahədə top 10-luq müvafiq olaraq ABŞ, Çin, Yaponiya, Böyük Britaniya, Almaniya, Braziliya, Fransa, Cənubi Koreya, Avstraliya və Kanada tutur. Ümumiyyətlə reklam bazarı çox strateji bazardır. Dünya üzrə insanların illərlə formalaşan davranışları məhz birbaşa və ya dolayı yolla reklamdan istifadə edilməklə dəyişdirilir. 2017-ci ildə isə gözləntilərə görə bütün dünya üzrə internet reklamları tv reklamları tarixində ilk dəfə olaraq qabaqlayacaq.
Azərbaycan reklam bazarı haqqında daha öncəki bloq yazımda yazmışdım. Oxumamısınızsa, buradan oxuya bilərsiniz. Bu dəfə isə mən reklam agentliklərində çalışanların çoxunun niyə uzun müddət bu sahədə çalışmadığı haqqında fikirlərimi bölüşəcəm. Və ya başqa sözlə desək, niyə bir çoxları agentliyə digər işlərə keçid etmək üçün tramplin kimi baxır?! Vaxtı ikən buna bənzər Azərbaycanda reklam agentliyi və müştəri münasibətləri reallıqlarından da yazmışdım. Amma bu dəfə müştəri və reklam agentliyi yox, elə agentlyin özündə çalışan işçilərdən yazacam.
Əvvəla ondan başlayaq ki, ətrafımızda çox adam var ki, ilk iş yerləri reklam agentliyi olub. Və ya tərsinə bəlli biznes təcrübəsindən sonra reklam agentliyi işinə keçənlər də az olmayıb. Bunun da özünəməxsus obyektiv və subyektiv səbəbləri var. Azərbaycanda reklam bazarı il-ildən yeni trendlərə daha çox uyğunlaşdığına görə ötən illəri yaxşı xatırlayanlar bilir ki, əvvəllər reklam agentliyinə münasibət də bir az ögey olub. Eləcə də agentliklər tərəfindən müştəriyə çox vaxt uzunmüddətli partnyor kimi yox, qısa müddətli sponSOR kimi baxılıb. Amma hazırda bazar elə vəziyyətdədir ki, yalnız güclülər və müştəriyə xidməti yüksək səviyyədə və professionallıqda tutanlar “sağ qala” bilir. Gəlin indi görək niyə adətən reklam agentliyində çalışanlar ya burada uzun müddət çalışmır, ya da məcburiyyətdən agentlikdə qalmalı olur. Bu arada onu da deyim ki, işinə professional yanaşıb, karyerasını agentlikdə başlayıb hələ də uğurla davam edənlər də var. Hər nə qədər sayları az olsa da, onları fürsətdən istifadə edib alqışlayıram. (“halal olsun” smayliki :))
1. Karyera artımı imkanlarının zəif olması
Adətən bu sektorda çalışanların əksəriyyəti karyera imkanlarının zəifliyinə görə agentliyi tərk edirlər. Təbii ki, burada söhbət agentliyin direktorundan getmir. Amma Azərbaycanda agentlik rəhbəri olub da sonradan ya birdəfəlik, ya da parallel olmaqla hər hansı bir şirkətə keçənlər az olmayıb. Birdəfəlik agentlikdən şirkətə keçənləri hardasa anlayıram, amma agentlik işlədib sonra müvəqqəti ya daimi şirkətə keçənləri o qədər də alqışlamıram. Məsələn, mən müştəri kimi direktoru başqa şirkətdə menecer olan agentliyə çox isti baxmaram. Düşünürəm ki, müştəri agentliyə iş sifariş verirsə, rəhbərinin də işin başında olması halı onlara rahatlıq verir. O düşünür ki, onlar işinə ciddi yanaşır və s. Bu halı da heç cür “malalamağa” haqq qazandırmıram. Gələk adi reklam agentliyi əməkdaşlarına. Onların bir çoxu üçün agentlik təcrübə üçün məkan rolunu oynayır. Çünki hazırda Azərbaycanda təcrübəsi olmayanı müqayisədə agentliklər daha çox işə götürür, nəinki, şirkətlər. Bundan da bir çoxları sui-istifadə edirlər. Amma burada demək olmaz ki, onlar daha çox gəncləri fikirləşirlər. Burada əmək haqqı və iş şərtləri də ciddi rol oynayır. Bu haqda növbəti bənddə yazacam. Bizim misalda isə adətən reklam agentliyində işə başlayan menecer şirkətlətlə işləməyə başlayır və bir müddət sonra ya o şirkətə, ya da o müddət ərzində əlaqə qurduğu şirkətlərdən birinə keçir. Bunun qabağını almaq mümkün deyil. Yaxşı olar ki, daxildə elə bir mühit yaradılsın ki, işçi bunu gizli etmək məcburiyyətində qalmasın. Eyni zamanda bu halın qarşısını almaq üçün səlahiyyətləri bölüşdürməyi bacarmaq lazımdır. Hər işi öz əlinizə çəkmək Sizə xeyir verməz. Agentlik rəhbəri işçilərinə səlahiyyətlər verərək onların özlərini həlqənin vacib hissəsi kimi hiss etmələrinə nail ola bilərlər. Bir çox hallarda müdir işçisini maksimum mətbəxdən uzaq tutmağa çalışır, bunu isə sonda işçi hiss edib şirkətə qarşı soyuyur. Yaxşı olar ki, müdir gec-tez bu halın baş verəcəyini bilib daim komandanı yeni tutsun, yeni nəfəslər gətirməkdən çəkinməsin, şirkətindən gedənlərə də düşmən kimi baxmasın.
2. Maaşın az olması
Agentlik adətən yaradıcı insanlar üçün özünü göstərməyə əla yerdir. Çünki Azərbaycan reallığında yaradıcı insan birbaşa şirkətə işə düzələndə böyük ehtimalla zamanla yaradıcılığını boğmalı, sonda isə birdəfəlik unutmalı olur. Çünki müdirin istəklərini reallaşdırdıqca, get-gedə də müdirinə oxşamağa başlayır. Agentlikdə isə elə deyil. Sənin maraqlı ideyan, fikrin varsa, rahatlıqla onu daxildə “brain storm” edə bilərsən və ya müştəriyə təklif edib ideyanı onun üzərində “test” edə bilərsən. Bir çox yaradıcı insanlar üçün yaradıcılığının ifadəsi o qədər önəmli olur ki, onlar uzun müddət aşağı əmək haqqına belə öz sevdikləri işlə məşğul olmaq istəyirlər. Amma böyük çoxluq agentliyi məhz 2-ci, bəzən də 1-ci əsas faktor kimi maaşa görə tərk edir. Burada da düşünürəm ki, agentliklər fərqli modellərdən istifadə edə bilərlər. Satış, reklam menecerləri üçün fərqli həvəsləndirmə, dizayner, kopirayter, account manager və s. üçün fərqli həvəsləndirmələrdən istifadə etmək olar. Uzun müddətdə isə partnyorluq belə vermək mümkündür ki, uzun illərin təcrübəli əməkdaşı perspektivi başqa bir yerdə görməsin. Bu haqda işçilərdə loyallığı necə artırmaq olar deyə bir yazı da yazmışdım.
3. Rəhbərin eqosu
Bəli, kifayət qədər ciddi faktordur. Azərbaycanda reklam agentliklərinin çoxu ilə iş təcrübəm olub. Bu və ya digər istiqamətlərdə mütləq əksəriyyəti ilə kəsişmişəm. Eləcə də ətrafdan aldığım fikirlərə də əsaslanaraq deyə bilərəm ki, agentlik direktorlarının fərqli eqoları olur. Bəzən baxırsan ki, rəhbərin eqosu yerə-göyə sığmır. Özünü bəyənir, əks fikir desən səni topa tutmağa belə hazırdır. Tərifləsən dostun, azca tənqid etsən o saat “xarici qara qüvvəyə” çevrilirsən. Belələrindən təkcə, müştəri şirkətlər deyil, öz işçiləri də əziyyət çəkir. Adamlar dönüb deyə bilmirlər ki, ay müdir bir az danışıq tonunu düzəlt, müştəri ilə normal danış, müştəri uşaq deyil, buralara qədər gəlib çatıbsa, bir bildiyi mütləq var və s. Bir sözlə, agentlik direktoru müştəri ilə görüşdə eqosunu ortaya qoyduğu andan onun şirkətinin imici (əgər varsa) zərər görür. Dəfələrlə rəhbərin uyğunsuz hərəkətinə görə böyük proyektlərin ləğv olunduğunun şahidi olmuşam.
4. Reklam agentliyinin imici və mövqelənməsi
Vaxt var idi reklam menecerlərinə total olaraq “vizitka düzəldən” deyirdilər. Eşidəndə çox əsəbiləşirdim. Amma dərininə gedəndə haqq qazandırmaq da olardı. Çünki təcrübəli reklam agentliyi ucuz işçi qüvvəsidir deyib işçini küçələrə heç bir ciddi treninqsiz buraxırdı ki, get müştəri tap. Nəticə lətifələrə mövzu olacaq dialoqlar yaranırdı. İndiyə kimi onlarda deyib gülənlər var. Nəticədə həmin işçilərə görə agentliyin imici formalaşırdı və ona görə də o imici uzun müddət dəyişmək olmurdu. Bir çoxu hələ də dəyişə bilməyib. Bir çox agentliklərin düzəməlli saytı, müştəri portfeli belə yoxdur. Daha doğrusu var, amma açıq qeyd edilməyib. Reklam agentliyi makler kimi daha hər işi görməməlidir, məncə. Getdikcə, daha dar ixtisaslaşma lazımdır. Ancaq SMM xidməti, ancaq veb sayt dizaynı, ancaq kreativ xidmətlər, ancaq event şirkəti və s. daha uğurludur. Belə daha tanınma olur. Bu yaxınlarda bir dostum veb sayt üzrə agentlik məsləhət görməmi istədi, o saat fikirləşdim ki, görüm kim veb sayt üzrə daha çox ixtisaslaşıb. Yəni hər şeyi görməyə cəhd etmək lazım deyil. Müştəri sifariş versə belə, onu lazımı yerə yönləndirib və bunu da müştəriyə deyə bilərsiniz. Müştəri istəyirsə, onun əvəzindən siz danışıqları aparasınız, o zaman sadəcə xidmət haqqı ilə məsələni yola vermək olar. Daha dar ixtisaslaşma olmayanda keyfiyyəti qorumaq çətin olur. Bazarda xeyli reklam agentliyi var idi, devalvasiyalardan sonra əməlli ələnmə baş verdi. Bu gec-tez olmalı idi, güclülər və daha keyfiyyətlilər qalmalıdır. Agentliyinizin imici yoxdursa, konkret mövqelənməsi yoxdursa, getdikcə işçilərinizin də gözündən düşəcək. Və onlar Sizi tərk edəcəklər. İnsanların xarici şirkət, xarici agentlik tərcihlərinin bir səbəbi də imicdir, korporativ mühitdir.
Digər önəmli məsələ, isə mənim vaxtilə facemark.az-da açdığım bir bölmənin adı kimi – “atqaç”dır. Yəni “otkat”. Bu bazarı o qədər çirkləndirib ki, artıq agentlikdə çalışanları ancaq bu gözlə görənlər də var. Agemtliklər özləri də “otkat verənlər” və “otkat verməyənlər” olaraq 2-yə bölünür. Azərbaycan reklam və marketinq sferası son illər bu işin kuliminasiyasını yaşayırdı. Eşitmişdim ki, işçilər vardı ki, agentliyə istədiyi rəqəmi kalkulyatora yazıb ona tərəf uzadırdı 🙂 Nə kopoğlu zamanadı, onların bir çoxu sonra da çıxıb “mən, mən” deyirdi. Otkat alan menecer ömür boyu gözü kölgəli olacaq. Reputasiyanızı qoruyun. Bugün otkat verən agentlik sabah Sizi çox rahat şəkildə aranız pozulan kimi bazara “tirajlayacaq”. İmic də zibil, deyəcəkdim nəyə bənzədirəm, amma etik deyil. Marağı olan olsa, şəxsi yazar deyərəm :). Elə bilməyin ki, heç kim bilmir, bir də görəcəksiniz ki, hamı danışır. Onda ümidvaram gec olmayacaq. Qısası bu kimi hallar da bu işə bulaşmaq istəməyən adamları özündən itələyir.
5. Daha “samballı” işdə çalışmaq istəyi
Bilirəm ki, şirkətdə çalışanların bir çoxuna agentlik işi rahat və əyləncəli, agentlikdə çalışanlara isə şirkət isə cəlbedici və faydalı görünür. Agentlik işçiləri Azərbaycan reallığında müştəridən o qədər “siz bizim mətbəxi bilmirsiz” sözü eşidir ki, axırda qərar verir ki, o mətbəx nə olan şeydirsə, onu mən də görmək istəyirəm. Və beləcə real biznesə keçib hadisələrin içində olmaq, müştəri kimi sifariş vermə lüksünü yaşamaq istəyirlər. Təbii ki, keçid edib məyus olanlar da az deyil. İnsan hər şeyi sınamaqla özünə əyləncə axtarmaq əvəzinə, güclü tərəflərinə yönəlsə, daha yaxşı olar. Çoxun üstünə çox gəlir, necə deyərlər.
Bəs, nələr etmək olar ki, agentliklər müştəri gözündə “pul sovuran” kimi qalmasın?!
Bu 5 simvolik səbəb hesab edirəm ki, agentlik işçilərini işindən soyudur. Amma həll yolu da var, təbii ki. Uzağa getməyək, götürək elə bizim marketinq, reklamla bağlı aktivlikləri. Əksər belə aktivlikləri şirkət menecerləri keçirir. Halbuki xaricdə hər sahədə bu işin təşəbbüskarları agentliklər olur. Onlar forumlar keçirir, onlar mükafatlar təsis edir, onlar qht-lər yaradır və s. Onlar məsələn, akademik və ya praktik marketinq, reklam kursları təşkil edir. Amma bizdə bunlar bir az tərsinədir. Bir dəfə bloqumda yazdığım kimi agentliklərimiz pul qazanmadıqları işləri görməkdə çox maraqlı deyillər. Amma bu tip fərqli aktivlərin təşəbbüskarı olmaq, ən pis halda mövcudları dəstəkləmək agentliyin imicinə çox müsbət təsir edir. Məsələn, yaxşı olardı ki, ya 1 agentlik, ya 2-3-ü birləşib reklama aid sayt aça, jurnal təsis edəydilər. Amma yuxarıda da dediyim kimi təşəbbüs əksərən menecerlərdən gəlir bizdə. Yəni elə etmək lazımdır ki, Sizin fəaliyyətiniz kənardan gözəl, faydalı görünsün, özünüz özünüzün PR-ı ilə məşğul ola bilmirsinizsə, müştərinin məhsulunu necə pr edəcəksiniz. Agentlik olaraq bloq aparan bir tək Yello-nu xatırlayıram, onlar da mütəmadi deyil. Amma yazı və stili çox bəyənirəm. Çox fərqli növlər sadalamaq olar ki, agentliyi insanların beyinlərində təkcə pul sovuran kimi mövqeləndirməsin. Məsələn, Yello-nun Rayiokonları son illər gördüyüm ən maraqlı, ən səs-küylü layihələrindən idi. Bunlardan tez-tez etmək lazımdır. Bir də çalışıb uzun müddət bazarda qala bilmək lazımdır. Vaxt gəlir ki, Sizin yaşınız elə Sizin haqqınızda fikir formalaşdırır.
Son söz əvəzi
Bax belə. Harda işləməyinizdən asılı olmayaraq çalışın olduğunuz yerdə özünü yaxşı hiss edəsiniz. Səhər işə həvəslə getmirsinizsə, sevmirsinizsə gördüyünüz işi o zaman xoşbəxt də olmayacaqsınız. Həyat Sizi xoşbəxt etməyən işləri görəcək qədər uzun deyil. Çalışın ürəyiniz istəyən işin vaxtında dalınca düşün ki, sonra peşman olmayasınız. Gördüyünüz iş sevdiyiniz işdirsə, onun hər çətinliyi Sizin üçün sadəcə keys olacaq, adlayıb rahatca yolunuza davam edəcəksiniz. 5 günlük dünyadı, onun da 2-si altı-bazara düşür. Hər şeyi atıb bir anlıq düşün – işində xoşbəxtsən?!! Deyilsən? – onda dəyiş işini. Məcbursan? – o zaman işdən əvvəl, işboyu, işdən sonra səni xoşbəxt edəcək işlərlə məşğul ol ki, vaxtın getsin, balans yaransın.
P.S. Yazını bəyəndinizsə, paylaşaraq təşəkkür edə bilərsiniz. Qorxmayın, müəllif hüquqları qorunmur, əksinə vəhşicəsinə pozulur. 🙂
Yazar haqqında
Editor review
Summary
Bu dəfə isə mən reklam agentliklərində çalışanların çoxunun niyə uzun müddət bu sahədə çalışmadığı haqqında fikirlərimi bölüşəcəm. Və ya başqa sözlə desək, niyə bir çoxları agentliyə digər işlərə keçid etmək üçün tramplin kimi baxır?! Vaxtı ikən buna bənzər Azərbaycanda reklam agentliyi və müştəri münasibətləri reallıqlarından da yazmışdım. Amma bu dəfə müştəri və reklam agentliyi yox, elə agentlyin özündə çalışan işçilərdən yazacam.
Həmçinin oxuya bilərsiniz
Təkliyin yalançı cazibəsinin təbliği
Bu günün populyar ədəbiyyatı, mediası, bütün növ sosial media platformalarındakı “trendə düşən” (və ya trendə düşürülən) fikir və çağırışlar bəşər insanını çox zərərli bir axına itələyir – təkləşdirmə, təkliyin cazibəsi.
Həyatımızdakı çevrələr
Həyat riyazi qanunları inkar etmir. Çevrə var, onun mərkəzi, mərkəzdən eyni uzaqlıqda olan sərhədləri və mərkəzlə sərhədləri arasında xeyli sayda nöqtələr. Real həyatla paralellər aparsaq, orta statistik bir insanın ən
Yazmağın ləzzəti və ya bir qaranın sirri
Yazının mesajı: Uçmağın ləzzətini qartaldan soruş, toyuqdan yox ! Bu gün, yəni 22 iyul milli mətbuat günüdür. Hər il bir dəfə bu gün Həsən bəy Zərdabi xatırlanır, şəninə tərif yağdırılır,
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun