Böhranda nələr başqa cür olmalıdır? (II hissə)

Böhranda nələr başqa cür olmalıdır? (II hissə)

Ötən yazımızda  böhranda diqqət etməli olduğumuz nüanslardan bir neçəsi haqda yazmışdıq. Bu gün də mövzunun davamı olaraq daha bir neçə amilləri sadalamaq istərdim. Bir daha xatırladım ki, sadalanan amillər taktikidən daha çox strateji amillərdir. Bütün zamanlarda aktualdır, amma böhran dövründə isə hesab edirəm ki, qaçılmazdır. Beləliklə,

Həqiqi araşdırmalar önə çıxmalıdır

Mən bizim bazarda ən çox post-faktum bazar araşdırmalarına rast gəlmişəm. Yəni hər hansı bir məhsul istehsal edilib, daha sonra o məhsula müştərinin reaksiyası araşdırma vasitəsilə öyrənilməyə çalışılıb. Amma indiki dövrdə məhsul çıxmamışdan öncə müştərinin necə bir şey istədiyi araşdırılmalıdır. Ümumiyyətlə, əvvəl vəziyyət stabil olanda nisbətən kiçik məbləğlərlə rahat riskə getmək olurdu, amma indi olmaz. Mən şəxsən sahibkar tanıyıram ki, bazarı araşdırmadan çörək aparatı alıb, hansı ki, qiyməti bir neçə yüzmindir. Və o aparat aylarla yağışın altında paslanıb. Bu ən azı maddi vəsait itkisidir. Halbuki araşdırma olsaydı, ya o aparat alınmazdı, alınırdısa belə düzgün istifadə olunardı. Bəzən marketoloqlar araşdırmalara o qədər də isti baxmır, amma ciddi mənada bu ərəfələrdə hər addımda bunu etmək lazım gələcək deyə düşünürəm.

Xidmət (servis) Sizi xilas edəcək

Bu gün xidmət yaratmaq, xidmət göstərmək, gördüyü işə əlavə dəyər qatmaq zamanıdır. Onsuz da ölkəmizdə xidmət sektoru istənilən səviyyədə deyil. Bu iqtisadi çətinlik şəraitində bir fürsətdir ki, müştərilər Sizi seçsin. Bir dəfə də bunu qeyd etmişdim ki, Siz xidməti ən üst səviyyədə edin, qiymətin neçə olması o qədər də önəmli deyil. Tarix göstərir ki, xammal satanlar xammala əlavə dəyər qatanlardan qat-qat az qazanırlar. Çünki müştəri faydanı alır, məhsulu yox. Müştəri üçün maraqlı deyil o nədən hazırlanıb. Müştəriyə maraqlı olan hazırlanan şeyin onun tələbinə uyğun olmasıdır. Misal üzərindən izah etsək, müştəri ona göndərilən məktubu tez oxumaq istəyir. Müştəriyə nə fərqi var ki, məktub dəmir yolu ilə göndərilib, ya təyyarə ilə. Ona tez lazımdır, formanı xidməti təklif edən özü seçsin. Bizdə bəzən bazara məhsul çıxarıb qiymət qoyarkən maya xərci prinsipini əsas tuturlar. Məntiqlə və elmlə doğrudur. Amma zaman və praktika göstərir ki, qiymət müştəri ehtiyacına görə qoyulmalıdır. Məsələn, müştəri 5 manatlıq məhsul istəyirsə (tutaq ki, araşdırıldı və belə qənaətə gəlindi) o halda elə etmək lazımdır ki, o civarda məhsul istehsal edilsin. Müştəri 5 manatlıq məhsul istəyirsə, ona fərq etməz Sizin məhsulun mayası elə 6 manatdır. Uzaqbaşı müştəri Sizi anlayar, amma seçimi başqasından edər. Bir aralar, poçta getmək əməlli əsəb idi mənim üçün. Gedib orda həmişə dalaşardım. İnsanla kobud danışma, gözlətmə, bürokratiya, pul israfı və s. Əgər vaxtında bizim poçtlar təkmilləşsəydi, öyrənsəydi müştəri nədən şikayətçidir, nə təklif edir, bu günkü durumuna düşməzdi. Poçt kimi geniş şəbəkəyə malik sistem bu gün görün nə gündədir. Polisin göndərdiyi məktub aylarla gəlib çıxmır. Əvəzində sms xidməti artıq insanı məlumatlandırır ki, Sizin filan məsələniz var. Daha operativ olan qazanacaq təbii ki.

Böhranlı situasiyada diqqət edilməli sosial-ictimai amillər

Marketinq amilləri ilə yanaşı bir çox ümumi sosial, ictimai amillər də var ki, onlara böhranlı situasiyada daha çox fikir vermək lazımdır. Çünki bilirsiniz ki, insanın problemi olanda hər şey ona daha tez təsir edir, daha həssas olur, daha əsəbi olur. Belə əhvalda olan birinin əlavə olaraq bir problem də qazanması onu daha aqressivləşdirir. Bəs nədir bu sosial-ictimai amillər?

Məmurlar vətəndaşla danışıq tərzini dəyişməlidir.

Hər gün hansısa bədbəxt hadisə, kriminal bir iş baş verir. Bir gün məsələn, gəlin evdən qaçır, sabahısı gün birini polis döyüb öldürüb deyirlər, biri gün kiminsə evi, binası yanır və s. Deyə bilərsiniz, bəli, bütün bunlar hər yerdə olur. Mən də razıyam. Amma belə hallarda dövlət məmurları vətəndaşın dərdini hiss etməlidir, məsələ baş verən kimi günah keçisi axtarmaq əvəzinə problemin həllinə türklər demiş “odaklanmalıdır”. Amma bizdə nə baş verir?! Götürək son baş verən Mingəçevirdəki hadisəni. Səbəb nə olur-olsun, lap günah öləndə olsa belə, ortada ölüm faktı var. Gənc bir insanın ölümü. Dinimiz deyir ki, bir insanın ölümü bir dünyanın ölümüdür. Rəhmətə gedən arxasında neçə insanı gözüyaşlı, neçəsini çarəsiz qoydu böyük ehtimal. İnsanların kədərlərini anlamaq lazımdır. Amma mən camaatın qarşısına çıxan məmurun danışıq tərzinə diqqət etdim, çox pis oldum. Sanki bir insan ölməyib, milçək yaralanıb. Heç olmasa bu işdə bir az türklərdən öyrənmək lazımdır. Bir şəhidi olanda, eyni vaxtda 3-4 vətəndaşı həlak olanda nazirinə kimi hamı lap yalandan da olsa, efirdə kədərlənir, guya ağlayır zad. Bu insanlara az da olsa, təsəlli verir. Məmur qulluqçudur, xalqın qulluqçusu. Onlar vətəndaşın verdiyi vergi ilə maaş alırlar. Gündəlik həyatımızda hər hansı bir dövlət orqanının qapısında duran qapıçı da az olan səlahiyyətindən kobudcasına istifadə edir. Bu dünyada hər şey insan üçündir, insana xidmət etmək üçün. Yaxşı ki, son zamanlar sosial media informasiya alınmasında əvəzsiz rol oynayır, ictimai qınaq yaranır. Və də təsirsiz ötüşmür. İctimai qınaq dövlətin özünə də xeyli kömək edir, yerlərdə baş verənlərdən obyektiv xəbərdar olur və problemi həll edə bilir. Sözüm ona ki, çalışdığı sahədən asılı olmayaraq onsuz da problem içində boğulan vətəndaşla bir az mülayim davranmaq lazımdır. Vətəndaş kasıb olar, məktəb oxumaya bilər, amma ona hər şey izah edilməlidir. Seçkidə alimin də çobanın da səsi 1 sayılır. Onlara eyni dərəcədə hörmət etmək lazımdır, bu bizim bütün qanunlarımızda öz əksini tapır.

MHP-nin imici üzərində ciddi işləmək lazımdır.

MHP – nin açılışı “müəllim, həkim, polis”dir. Qısa olaraq MHP deyirəm 🙂 Ölkəmizdə ən böyük sosial zümrələrdən biri də müəllimdir. Müəllimin təəssüf ki, bugün üzəşdiyi çətinliklər, bizim övladlarımızın təhsilinə sirayət edir və nəticə uduzan da millət, dövlət olur. Savadsız kütlə artıqca, kriminal da artır, cinayət də. Həkim isə bir ayrı aləmdir. Od qiymətinə dərmanlar, savadsız həkimlər, savadlı cəlladlar yuxarıda dediyim kimi problemi çox olan vətəndaşı daha da aqressivləşdirir. Əmin olun ki, tutaq ki, hansısa həkimin əlində bir xəstə rəhmətə getsə, ona etiraz edən 300 nəfər varsa, onun rahat 200-ü öz problemlərinə görə acıqlıdır, ona bir qığılcım lazımdır ki, acığını harasa töksün. Gizcli narazılıq ocaqları yaratmamaq üçün müəllim, həkim və polisin imici üzərində ciddi işləmək lazımdır. Müəllim də, həkim də, polis də bizim vətəndaşımızdır, o işdən kənarda da bizi kimi biridir, onun da qohumları, dostları, doğmaları var. Üz-üzə qoymaq olmaz. Nəyə görə hamıda polisə qarşı aqressiya olmalıdır ki?! O dəfə cərimə meydançasında bir polis mübahisənin sonunda qayıtdı ki, “get hara istəyirsən şikayət elə, bizdə belədir” dedi. O şey Sizdə elə ola bilər, amma danışıq tərzi belə olmamalıdır axı. Bəs yaxşı məni qoruyan polis elə deyirsə, mən o birilərinə necə güvənməliyəm. Uzun sözün qısası MHP-nin imicinə fikir verməsək, daha ağır nəticələr ola bilər. Əlavə olaraq da çox istərdim ki, hərbi sistemin də marketinqi olsun. Yəni ciddi-ciddi marketinq şöbəsi olsun. İnsanlarda pozitiv imicin formalaşdırılması üçün çalışsınlar. Əllərindəki administrativ resurslardan istifadə edərək ƏSGƏR brendi formalaşdırsınlar.

İpoteka məsələsi həllini tapmalıdır

Bu yaxınlarda iqtisadi baxımdan ipoteka ilə daha ucuza evlərin tikilməsinin büdcəyə gətirə biləcəyi külli miqdarda gəlirlər haqqında məqalə oxudum. Real rəqəmlərə əsaslanmışdılar. Ev insanların ən təməl ehtiyaclarından biridir. İnsanlar var ki, illərlə bir kiçik evə sahib olmaq üçün çalışır. Dövlət vətəndaşının təməl ehtiyaclarının qarşılanmasında yaxından iştirak edəndə əmin olun ki, o azı az, çoxu çox qəbul edib xoşbəxt olacaq. Böhran içində boğulan yunanıstanda şənbə-bazar insanlar pikniklərə çıxırlar. O çətinliyin içində belə gülmək, mənəvi dincəlmək üçün bir səbəb tapa bilirlər. Bizdə isə varlısının, kasıbının da sanki dərdi boyu-buxunundan böyükdür. İstirahət edə bilmirik. Məqsəd xoşbəxt olmaq olmalıdır, məqsəd pul qazanmaq olanda və qazanandan sonra da o xoşbəxtliyi tapa bilməyəndə məyus olursan. Balaca bir ev bir ailənin n qədər problemini həll edir. İstər faiz dərəcələri, istər ipoteka insanlarımız üçün əlçatan olsa, digər problemlərə indiki qədər də həssas yanaşılmayacaq.

Vergi və gömrük sahibkarlığı ciddi stimullaşdırmalıdır

Bu iki orqan biznes mühitinin inkişafında çox ciddi rol oynayır. Azad rəqabət şəraiti tam təşkil olunarsa, sahibkarlar, şirkətlər üçün düzgün təlimatlar, dəstək olarsa, mən əminəm ki, bizim ölkənin vətəndaşı daşdan da olsa, özünə gün ağlaya biləcək. Necə olur ki, orta məktəbi zorla bitirən, çox halda isə onu da bitirə bilməyən, gedir xaricdə ev-eşik sahibi ola bilir, amma öz ölkəsində yox. Təbii ki, bu hamıya aid edilə bilməz. Amma bir çox hallarda belədir. Böhran şəraitində xüsusilə kiçik və orta sahibkarlıq azad rəqabət şəraitində xilasedici rol oynaya bilər. Gömrük rüsumlarında güzəştlər, bürokratoyanın yığışdırılması, vergi dərəcələrində güzəştlər, maarifləndirici, təşviqedici addımlar sahibkara da stimul verər. Nəticədə yenə güclü olan dövlət olar.

Önəmli olan problem deyil, onu idarə edə bilməkdir. Yəni böhran faciə deyil, faciə böhranı idarə edə bilməməkdir. İdarə etmək üçün isə yuxarıdakı sadalananların minimum da olsa, rolu var, 100% var. Sonda yazımı Fordun bir sözü ilə bitirmək istəyirəm: “Əgər düşünmək bir suala intellektual cavab vermə formasıdırsa, sualın olmaması düşüncənin olmaması mənasına gəlir”. Gəlin, düşünək.

ardı var…

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Biznes 0 Comments

Kouçvari liderlik ilə liderliyin fərqi

“Future Bright İnternational” şirkətinin Azərbaycan üzrə ölkə direktoru Könül Əliyeva, “British Council” Azərbaycan filialı | İmtahanlar şöbəsi biznesin inkişafı üzrə menecer Nərgiz Əkbərova, BMS həmtəsisçi, direktor Elvin Cabay və Təhsil

Biznes 0 Comments

Uludağ Ekonomi Zirvesində səslənən qızıl fikirlər

Əvvəlki bloq yazımda Azərbaycanda forum keçirməyin niyə faydalı olmasından yazmışdım. Bu fikrə isə “Uludağ Ekonomi Zirvesi”ni 2 ildir yaxından izləyəndən sonra gəlmişəm. Ötən yazıda dediyim kimi UEZ-də bu il 90-dan

Biznes 0 Comments

Bakı Su İnnovasiya Forumu 2022 (Canlı Yayım)

Facemark MMC təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Bakı Su İnnovasiya Forumu” keçiriləcək. Forum haqqında Aqua Link Şirkətinin təsisçisi Orxan Mikayıl ilə canlı yayımda müzakirə apardıq.   Facebook Comments

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın