Fil Rəqəmsal Marketinq Agentliyi – Yeni Filimiz mübarək

Noyabrda DMC2016 başa çatdı. Bu dəfə daha uğurlu alınmışdı. Artıq 2 il olacaqdı ki, Rəqəmsal Marketinq Konfransı keçirirdik. Bu sferada çalışan bütün mütəxəssisləri, şirkətləri demək olar ki, tanıyırdıq. Onlarla tez-tez ünsiyyətdə olduğumuzdan həm mövcud problemləri, boşluqları görürdük, həm də yeni trendlərdən xəbərdar olurduq. Bizim əhatəmizdə olan dostların vacib bir xüsusiyyəti var – nə qədər ağır işdə işləməsindən asılı olmayaraq daim öz üzərimizdə işləmək, çoxlu mütaliə etmək və paylaşmaq. Etdiyimiz bütün aktivliklər, nəyisə ilk, nəyisə ən yaxşı etmə cəhdimizin kökündə zəhmət durur. Bəli, DMC 2016-dan sonra müzakirələr zamanı qərara gəldik ki, rəqəmsal marketinq üzərinə bir şirkət qurmaq lazımdır.

Fil haradan çıxdı?

Nəsə bir agentlik qurma ideyasından sonra həmən bu işə fokuslanıb hərəkət planı hazırladıq. Özümüz marketoloq olduğumuz üçün nəyin necə edilməsi o qədər də çətin olmadı. Biz daha fərqli olmalı idik. İlk öncə agentliyin nə iş görəcəyini konkretləşdirdik. Biz ancaq və ancaq kreativ həllər və rəqəmsal marketinq agentliyi olaraq fəaliyyət göstərəcəkdik. Bundan sonra isə məsələ ad məsələsinə çatmışdı. Dostumuz Xətai Əli ilə görüşdə bu işi acizanə şəkildə ona “həvalə” etdik. Bir müddət səs-soraq çıxmadı Xətaidən 🙂 Nəhayət bir gün gecənin yarısı facebookda online tutub “ay müəllim, nə oldu bizim ad” cümləsi ilə gecə ikən bağladıq söhbəti. Necə? Qızğın müzakirə və mübahisələrdən sonra Xətai FİL adını təklif etdi. Xoşumuza gəldi. Fillər mənim dostumdur kinosundan da təsirlənib sloqanımızı DOST AGENTLİK qoyduq. Bəli, bu həm fun idi, bilirdik ki, adı elan edəndə çox adam fərqli reaksiya verəcək, amma olsun. Dost Agentlik həm də ona görə xoşumuza gəldi ki, biz azərbaycanda agentliklərin öz aralarında düzgün, xoş kommunikasiyasının olmasında maraqlıyıq. Biz özümüz illərdir keçirdiyimiz forumlarda, tədbirlərdə az qala çoxu ilə işləmişik. Onların öz aralarında dialoq mühitinin formalaşmasında az da olsa rolumuzun olduğunu düşünürəm. Bu işi bacarmışıqsa, rəqəmsal agentlik olaraq da bacaracağımıza inanırdıq. Qısası, FİL bir gecədə keçən gərgin müzakirələrdən sonra yaranmışdı. O yazışmalar hələ də durur. Biz elə o gecə FİL-in bəzi əyləncəli, tizer xarakterli mesajlarını da Xətai ilə bərabər fikirləşib hazır etdik. Demək olar ki, hər şey hazır idi.

Yeni Filiniz mübarək – tizeri

Bazara birbaşa giriş etmək istərdik. Nəsə fərqli, maraqlı olmalı idi. Ona görə ilk öncə güclü tizer olmalıdır deyə düşündük. Tizer mesajı da məhz bu idi – Yeni filiniz mübarək! Facebook səhifəsi açılır, səhifənin adı fulun-fulu sözünün interpretasiyası olan filinfili olaraq açıldı. Hər addımızda FUN olmalı idi. Səhifədən həmən sonra peşəkar art-direktor, həm də yaxın dostumuz olan Kamran Sadıxova FİL-in bütün korporativ stilinin hazırlanması tapşırılmışdı. Bizim 1 ay yarımlıq tizerlərimiz müddətində korporativ stil hazır olmalı idi. Əvvəlcə loqo hazırlandı. Ümumiyyətlə bu işdə qətiyyən keyfiyyətdən qənaət etmək fikrində deyildik. Hər şey peşəkar olmalı idi. Loqomuz uzun müzakirələrdən sonra təsdiq edildi. Unikal bir şey alınmışdı. Biz inanırıq ki, bir müddət sonra o loqonun altında agentliyin adını falan yazmağa ehtiyac olmayacaq, onu simasından tanıyacaqlar 🙂

Tizerin dumanı

Bu müddət ərzində 60-a yaxın fərqli mövzuları əhatə edən postlar paylaşdıq. Çox sıx ətrafdan başqa heç kim FilinFili səhifəsinin nə olduğunu bilmirdi. Özümüz dost agentlik sloqanımızı bilirdik, ona görə də tənqidi postlarımızda dostlarımızdan başqa heç kimə “ilişmirdik”. Məsələn, Sat Groupun rəhbəri dostumuz Azad Qəhrəmanovun razılığı ilə belə bir post da hazırlamışdıq – Azad Qəhrəmanov, yox bir 18 Oktyabr :)) İncimədi, sağ olsun.  Tizer xarakterli postlarımız haqqında uzun danışmaq istəmirəm. Aşağıda SatForum-da Aysel xanımın çıxışını təqdim edəcəm, rahat izləyərsiniz. Qısa müddətdə səhifə nə olduğu bilinmədən 2000-dən çox izləyici toplaya bildi. Bu tizerlə 2 quş vurmuşduq. Birinci ona görə ki, əyləncə, fun vasitəsilə insanların diqqətini cəlb etmişdik. Hamı demək olar ki, filin növbəti postunun nəyə aid olduğunu gözləyirdi. İkinci də tənqidi postlarımız vasitəsi ilə 2 maraqlı şeyi bilmiş olduq. Özümüzü tənqid etdiyimiz üçün bizi sevməyənləri bir xeyli dumana salmışdıq. Aktiv paylaşırdılar. Biz isə baxıb sadəcə gülürdük. Düzdür, sonradan onlar heç nə olmamış kimi davrandı, amma olsun. Bizim əsl məqsədimiz o deyildi, sadəcə əmin olduq ki, gördüyümüz işləri bəyənən çox sayda insan var. İnbox-a o qədər mesajlar alırdıq ki, niyə o adamları tənqid edirsiz, bir iş də siz görün falan. Gördük ki, yox, əslində “o qədər də pis adamlar deyilmişik” 🙂 Sevinib paylaşanlar isə həmişə olduğu kimi 3-5 adam. Bir sözlə, tizer bir çoxlarını dumana sala bilmişdi. İndi isə böyük təqdimat vaxtı idi. Biz diqqəti çox dağıtmadan FİL-in nə olduğunu bildirməli idik.

#SatForum2017 ilə bir daşla 3 quş

Aha, indi ən vacib nöqtədə idik. Düzgün kommunikasiya etməli idik. Bu işi marketoloqdan yaxşı kim edə bilərdi ki. Çox düşündük və mənə görə ideal həll yolu tapdıq. Ona qədər deyim ki, dostumuz Azadın rəhbərliyi ilə Sat Group-un təlimlərində aktiv iştirak edirdik, eyni zamanda konsultinq xidmətləri də göstərirdik. Anar Bayramov və mən bir gün müzakirə zamanı qərara gəldik ki, Sat Group-u və FİL-i təqdim etmək istəyiriksə, bu minimum 100 şirkətin menecerləri olmalıdır. Onları bir araya necə yığmaq olar bəs. Bu zaman elə dostumuz Aysel xanımın da ideyalarından bəhrələnib həm ziyarət, həm ticarət üsulu SATIŞ FORUMU etmək qərarına gəldik. Onsuz tematik marketinq forumlarına tələbat vardı, bu işi də bizdən yaxşı bu an üçün kimsə etməyəcəkdi. Qərara gəldik ki, ənənəvi forumlardakı kimi çox sayda spiker yox, az və xaricdən də bir nəfər (Güvən Borça) dəvət etməklə insanlara faydalı bir gün yaşada bilərik. Çooox qısa müddətdə qollarımızı çirmələyib işə girişdik və 1 aya forumun bütün hazırlıqları tamamlandı. Biz həm forumu edəcəkdik, həm də 2 şirkəti ictimaiyyətə təqdim edəcəkdik. SatForum çox uğurlu keçdi. 400-də çox şirkət nümayəndəsi iştirak etmişdi. Sadəcə o vaxtdan yarım saat “oğurlayıb” həm FİLİ təqdim etdik, həm SatGroup-u. Səmimi deyim ki, o forumdan sonra hər iki şirkətə sifarişlər çoxalmağa başladı.

Aşağıda Sizə həmin forumda FİL agentliyinin həmtəsisçisi və rəhbəri Aysel xanımın çıxışını təqdim edirəm. Aysel xanımın 2014-cü ildən təşkilati komandamızda yer aldığından bir çox ilklərin həmmüəllifidir. Hətta FİL ideyasının kökləri də ondan gəlmişdi və buna görə böyük banklardan birindən işini tərk etməyə razı oldu. Gəlin razılaşaq ki, bu gün nəinki xanım, heç çox kişilərimiz bu cür riskli addım atıb “komfort zonalarını” tərk etməzdi. Məncə, işin kökündə zəhmət durursa, uğurlu olmamaq ancaq onu istəməsən mümkün ola bilər.

Bəli, beləcə həm keçirdiyimiz forumlar sırasına daha bir forum əlavə edildi və çox da uğurlu oldu. Həm də 2 şirkət təqdim edildi. Bütün bunlar isə minimal büdcələr hesabına başa gəldi.

Əziz dostlar, bu yazıda FİL haqqında yazdım ki, həm tarixdə qalsın, həm də Siz proseslərdən agah olasınız. Bizim gördüyünüz kimi gizlin heç nəyimiz yoxdur. FİL agentliyi birbaşa Aysel xanımın rəhbərliyi ilə daha çox gücü sosial media marketinqinə verməklə digital sahədə yaxşı işlər görür. Biz isə ancaq onlara uğur arzu edə bilərik. Mənim özüm üçün isə marketer kimi karyeramda bazara minimum büdcə ilə tam sıfırdan bir şirkəti təqdim etmə və ayaqda saxlama strategiyası bir keys olaraq əlavə edildi. Bundan sonrası artıq agentliyin öz işidir 🙂 Biz sadəcə onları şiddətlə tövsiyyə edə bilərik. Onların çox gözəl ofisləri var. Məncə ziyarət etməyə dəyər. Bildiyim qədəri ilə FİL tez-tez sosial aktivliklər, sosial məsuliyyət kampaniyaları da edəcək. Bu istiqamət isə bizim kökdən gələn paylaşmaq istəyimizdən doğur. AİR havası dəyən hər kəs nə iş görməsindən asılı olmayaraq bu qolu heç vaxt axsatmır.

Sonda isə Sizə SatFORUM-da FİLİN təqdimatı və foyedə etdiyi maraqlı aktivlikdən olan video çarxı təqdim edirəm.

Siz baxın, mənə isə “Yeni Filimiz Mübarək” demək qalır 🙂

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Fİl Rəqəmsal Marketinq Agentliyinin həyat hekayəsi :)

Həmçinin oxuya bilərsiniz

Müştəri Davranışları 0 Comments

Survivor Sindromu

Deyirlər ki, hər gün az-az devalvasiya olur. Və belə davam edərsə, şirkətlər yenidən çətinliklə üzləşə bilərlər. Və bu ərəfələrdə hər bir şirkət üçün yaxşı işçilərini qoruyub saxlaya bilmək çox önə

Satış 0 Comments

Sığorta satmağın dözülməz yüngüllüyü

Marketing AİR təlimlərində mövzularımdan biri də “Reklamda psixoloji motivasiya qaynaqları”dır. Yəni bizi alışa sövq edən psixoloji amillərdən söhbət açırıq. 5 əsas amildir, amma onların içində ən güclüsü QORXU faktorudur. Bəli,

Marketinq 0 Comments

ADverdiklərim silsiləsindən: İdealda YAZ GÜNLƏRİ

Bir vaxtların çörək “oçeredi” kimi məşhur olan mart ayında olan 1+1 aksiyasına İdealda “YAZ GÜNLƏRİ” adı verdik. Facebook Comments

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın