Forumu forum edən sirrlər (I hissə)

Forumu forum edən sirrlər (I hissə)

Bugün çoxdan yazmaq istədiyim bir mövzu haqqında yazacam. Biz 5 ildir ki, illik olaraq bir neçə iri miqyaslı forumlar təşkil edirik. Ölkədə 2 dəfə devalvasiya olur, şirkətlər çətin duruma düşür, əlavə sosial aktivliyə heç kimin marağı olmur, amma biz ən çox yeni məhsulumuzu məhz o çətin ərəfələrdə yaradırırq. Sistemli, ardıcıl, davamlı olaraq yenilənən şəkildə həm də. Bizim forumlar rəqabətdə digər analoji tədbirlərdən daha keyfiyyətli təşkil edilir deyə düşünürük.

Bəs biz bunu necə bacarırıq?! Bax, bu haqda yazmaq istəyirəm. Ona görə yazıram ki, oxuyub, doğru bildiyinizi götürüb, yanlış etdiklərinizi düzəldib daha gözəl işlərə imza atasınız. Keyfiyyətdə onu kimin etməsindən asılı olmayaraq “daha”ların sayı artıqca, bizə “sizin filan şeyə çatmanıza daha çox var” deyən olmayacaq. Nəticədə ölkəmiz, insanlarımız qazanacaq.

Yazmaq hissi özü paylaşmaq ehtiyacından gəlir. Yazan adamlar faydalı olurlar. Çünki onlar hansısa mövzuda yazmaqla kimlərəsə nəyin necə olmalı olduğunu və ya olmazları göstərir. Yazan adamlardan qorxmaq lazım deyil. Onlar açıq oynayanlardır. Siz susan adamlardan qorxun. Çünki onların hərəkətlərini proqnozlaşdırmaq olmur. Məqsədli susanlardan əlavə, biganə olub da susanlar var. O adamlar da əslində təhlükəlidir. İdeoloji boşluqda olanlar üçün zamanın, məkanın, dəyərlərin fərqi yoxdur. Onlar haqqında “O heç vaxt bunu etməz” ifadəsi işlədə bilməzsiniz. Çünki rahat şəkildə gözləmədiyiniz halda sürpriz addımlar ata, sürpriz qərarlar verə bilərlər. Mərdlik xarakterdir, o gərək dostda da olsun, düşməndə də.

Çalışacam Sizinlə bəzi “sirrlərimiz” paylaşım. Əgər buna sirr demək olarsa. Necə deyərlər, ekrana yaxın oturun ki, həqiqət Sizdən çox da uzaq düşməsin 🙂

  1. Komandanızla paylaşmağı bacarmalısınız

Burada paylaşmaq deyərkən, bilikləri, faydanı, nəticəni, praktikanı paylaşmaq nəzərdə tutulur. Bir az daha kobud desək, ancaq “alməmməd” olmaq olmaz, “verməmməd” də olmamalısınız. Ancaq Sizin işinizə yarayanda kömək istəməməlisiniz, başqalarına da eynilə kömək etməlisiniz. Ancaq özünüzün PR-ı ilə məşğul olmamalısınız. Komandanın bütün üzvlərinin prosesdən fayda əldə etmələrinə, karyeralarında müsbət irəliləyiş və ya hansısa uğurlarının olmasına cəhd etməlisiniz. Əksini etsəz, maksimum bir dəfə o adamlarla bir yerdə işləyərsiniz. Növbəti dəfə elə bir gücünüz olmayacaq. Biz bütün forumlar zamanı təşkilati komandanın hər bir üzvünə çox diqqətlə yanaşırıq. Ümumiyyətlə indiyədək Marketing AİR komandasının 500-dən çox məzununun hər birinin iş karyerasına əlimizdən gəldiyi qədər maksimum dəstək olmağa çalışırıq. Bizim üçün bir nömrəli hədəf çox güclü qarşılıqlı fayda prinsipinə əsaslanan, daim inkişaf edən networking yaratmaqdır. Belə olanda istənilən forum tipli böyük tədbirlər üçün hazır komandanız olacaq.

  1. Mükəməlliyyətçi olmaq lazım deyil

Biz özümüzü qonşularla, ətrafımızla müqayisə etməyi xoşlayırıq. Hansısa işə başlayanda bunu əsla etməyin. Kimsə o işi edibsə, o demək deyil ki, Siz də etsəniz artıq olacaq, yaxşı olmayacaq. Sizdən öncə gedilmiş yola baxıb yola çıxmaqdan çəkinməyin. Kimsə haradansa başlayıb. Önəmli olan başlamaqdır, başlayın. Yaxşı ya pis əldə etdiyiniz təcrübə növbətini daha yaxşı edəcək, nəinki, oturub ən yaxşını sadəcə düşünmək. Çox şeyi dişə vurmadan bilmək olmur. Çox planlamaq, dərinliyə qədər incələmək gözəl şeydir, amma başlamadan bunları etmək Sizi işdən soyuda bilər. Üzə bilməyən adamı çox vaxt özünün də gözləmədiyi şəkildə suya atırlar. O geriyə yol olmadığını biləndə daha “tez öyrənir”. Əks halda yumşaq desək, lazımından daha artıq su qəbul edə bilər 🙂

  1. Gecə-gündüz işləməlisiniz

Sözün həqiqi mənasında gecə-gündüz. Hələ işinizdən əlavə olaraq bu tip tədbirlər təşkil edirsinizsə, demək ki, istirahət günlərini, ailənizə ayırmalı vaxtınızdan qurban verməli olacaqsınız. Buna hazırsınızsa, işə girişin. Bir də işləmək lazımdır. Düşünürsünüzsə, tapşıracaqsınız gedəcək, yox. İşin başında olub o işi tapşırdığınızdan daha yaxşı bilməsəniz, iş gecikəcək. Bir də unutmayın ki, gördüyünüz işin mahiyyətini, vacibliyini hamı Sizin gördüyünüz kimi görməyə bilər. Bugün bizim forumları tənqid edənlərin çoxunun alternativ yarada bilməməsinin əsl səbəbi əlavə zəhmət çəkmək məcburiyyətidir. Forum günü adi bir mikrofonun kabelinin olmaması belə Sizin yarım gününüzü ala bilər. O anda “kabel tapın gətirin” deməklə olmur, qolunuzu çirmələyib tapıb gətirməyin yolunu göstərməlisiniz. Təbii ki, kabel məcazi müqayisə idi. Çox iş belədir. Əvvəlcə özünüz işi necə görmək lazımdır göstərəcəksiniz, sonra tələb edəcəksiniz.

  1. Vəzifə bölgüsü çox aydın olmalıdır

Önəmli olan işi başlamaqdır. Yuxarıda demişdik. Amma işi başladınızsa, onu planlı, sistemli edəcəksiniz. Həm işinizi planlı etməli, həm də komandada rol bölgüsü dəqiq olmalıdır. Hər bir şəxs prosesin müxtəlif mərhələlərində nə iş görəcəyini dəqiq bilməlidir. İşin yekun məsuliyyəti həmişə konkret bir nəfərdə olmalıdır ki, nəticədən kimsə məsul olsun. Yoxsa kütləvi məsuliyyət məsuliyyətsizlik yaradacaq. Həm də belə olanda ortada zəncirin işləməyən halqasının kim olduğunu da rahat müəyyən edəcəksiniz. Biz forumlarda ən kiçik işi belə kimin görəcəyini, hansı saatda nə edəcəyini öncədən yazırıq, məşq edirik. Ümumi uğur hər kəsin öz işini ən yaxşı şəkildə görməsindən asılıdır. Məsələn, qeydiyyatçı qız istəyirsə ki, forum uğurlu keçsin, o çalışıb hər bir adamın qeydiyyatını düzgün və operativ aparmalıdır. Bunu etməklə forum təşkilində həmin qız ən faydalı işini görmüş olacaq. Eləcə də digər vəzifələr. Nəticədə ortaya da gözəl iş çıxacaq.

Ardı var…

Facebook Comments

Editor review

Summary

Ona görə yazıram ki, oxuyub, doğru bildiyinizi götürüb, yanlış etdiklərinizi düzəldib daha gözəl işlərə imza atasınız.

Həmçinin oxuya bilərsiniz

Araşdırma 0 Comments

DMC2017 spikerlərinin reytinqi

DMC2017-dən az qala bir ay keçir. Heç cür yorğunluğunu üzərimizdən atmamış daha bir forum hazırlıqlarına girmişik. Bu da bu ilin fevral ayında 2-cisi keçiriləcək Satışı Forumudur. MMF2017-də tələsik də olsa,

Marketinq 0 Comments

İlham Ali Yusif “Böhrandan Yeni Dövrana” kitabı haqqında

Bu gün həmkarımız İlham bəy özünün video bloqunda “Böhrandan Yeni Dövrana” kitabı haqqında danışıb. Elə indicə 8 dəqiqəlik videonu izlədim. Kitabı oxumaq istəyənlərçün qısa vaxtda çox maraqlı izah edib İlham

Forumu forum edən sirrlər (II hissə)

5. Hədəf kütləyə uyğun qiymət təklifi olmalıdır Bəli, əvvəlcə müəyyən etməlisiniz ki, bu forumu kimlər üçün keçirirsiniz. Yəni kimlər gəlsin istəyirsiniz. İlk bunu müəyyən edəndən sonra həmin hədəf kütlənin real

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın