Həyatınızı bayram etməyə qoymayan 5 dost tipi

Həyatınızı bayram etməyə qoymayan 5 dost tipi

Əziz dostlar, bu gün iş günü deyil. Təbii ki, bunu yazanda bugün işə çıxacaq “qara”lar və bayram günü işləmək məcburiyyətində olan dostlarımdan üzr istəyirəm. Rəsmi bayram olub işə gələndə yumşaq desək əhval-ruhiyyə o qədər də yüksək olmur. Bu il uzun iş karyeram müddətində ilk dəfə olacaq ki, kalendardakı bütün qırmızı günlər tətil olacaq. Halbuki əvvəllər bu qədər günü ancaq məzuniyyət kimi götürərdim. Açıq desəm bu qədər də tətil olması məntiqli gəlmir. Novruza görə niyə 1 həftə iş olmamalıdır ki və ya bayram əgər həmin gün bayram etməkdirsə və o gün də altı-bazara düşürsə, niyə o 1-ci günə keçirilməlidir. Nə isə, mövzum bu deyil…

Bugün iş günü olmadığına görə istədim bu gün hamının bayram əhval-ruhiyyəsində olduğu bir vaxtda həm oxucularla bayramlaşım, həm də bir iki “teymurvari” fikrimi Sizinlə paylaşım, bəlkə faydalı olar.

Mənim üçün bayram xüsusi bir gün deyil. Bayram coşqusunu uşaq vaxtı taxta yığdığım vaxtlar kimi xatırlayıram. Təbii ki, hamı kimi bizim vaxtımızda belə deyildi kimi sözlər deməyəcəm. Amma nəsə indi insanlar nəsə bayram əhvalında deyillər elə bil. Şəxsən mənim üçün bayram mart ayında çıxan ilk günəş və ilk isti gün idi. Əhvalımın yaxşı olduğu, yorulduğum, amma zövq aldığım hər gün mənim bayramımdır. Bunu oxuyanda “dəliyə hər gün bayramdır” dedinizsə, o zaman düz tapdınız. Mən öz prinsiplərimin, həyat tərzimin, zövqlərimin, zövq aldığım dostlarım, doğmalarımın dəlisiyəm. Onların hər xoş günü, əziyyətli günü mənim bayramımdır.

Məsələn, hansısa dostumuz öz əziyyəti hesabına 0-dan bir şeylər qurub və ancaq öz zəhməti gücünə bir yerlərə gəlirsə, o pis olanda, özünü pis hiss edəndə, onu təsəlli kimi nail olduqlarını xatırladanda mənə bayram olur. O, hətta başqa nümunələr çəkəndə, az zəhmətlə layiq olmadığı yerlərdə olanlarla eyni və ya daha aşağı pillərdə olmasından şikayətlənəndə də gətirdiyim arqument və onun güclü olması mənə həmin gün bayram kimi hiss etdirir. Həqiqətən insanın özünün dişi-dırnağı ilə nail olduğu şeylərin həzzini heç bir hiss verə bilməz. Özü nail ola bilməyənlər həmişə bir şeydən əziyyət çəkirlər – səmimiyyət. Onların ətrafında həm səmimiyyətlə bağlı həm mühit, həm dostlar, həm münasibət əskikliyi olur. Onlar özləri də bunu dərk edir, ama bunu bilib o rolda olmaq onlara daha ağır gəlir. Əzizlərim, çalışın hər şeyə özünüzə görə hörmət etsinlər, münasibət göstərsinlər, özünüzə görə hətta yardım etsinlər.

4 abzaslıq girişdən sonra yazımın əsas hissəsinə keçirəm. Dostum Bayramov demiş qısa yazmaq #məndəalınmır 🙂 Bu gün mən Sizlə bu bayram axşamı həyatımızı hər gün bayram əhval-ruhiyyəsində saxlamaq üçün necə insanlardan uzaq durmalı olduğumuz haqqında yazacam. Facebook-dakı insan tipləri yazımı yəqin ki, xatırlayırsınız. Bu dəfə isə həyatımızdakı mənfi dost tiplərini sadalamağa çalışacam. Çalışın Siz də, belə adamlardan uzaq olun ki, qısa ömrünüz daha mənfi enerji ilə yüklənməsin. Beləliklə, başlayaq:

1. Kələkbaz dostlar

Yəqin ki, həyatınızda ən az bir dəfə yaxın hesab etdiyiniz kimdənsə kələk yemisiniz. Həyat praktikası göstərir ki, bunu bir dəfə Sizə qarşı edən, növbəti dəfələrdə də edə bilər. Bəzən Sizə gözləmədiyiniz anda kələk gələn dostlarınızı bağışlayırsınız. Amma unutmayın ki, ən az isə beyninizin bir küncündə həmişə saxlayın ki, haçansa eyni şeyi etməyəcəyinə kimsə qarantiya verə bilməz. Ümumiyyətlə münasibətlərdə kələk işlətmə səmimiyyət əksikliyindən xəbər verir. O da olmayan yerdə hamı “rol”da olur və bu davam etdikcə insan yorulur.

2. İfrat rəqabətcil dostlar

Rəqabət hər bir şəraitdə gözəl hissdir. İnsanı inkişafa motivə edir, daim öz üzərində çalışmaq həvəsi yaradır. Amma Nizami Gəncəvi demiş “bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da” Rəqabətin də ifratı zərərlidir. Bu gün ətrafımızda bir-birinin üzünə deməyib, amma dost dediyi adamla ifrat rəqabət aparan insanlarla yəqin ki, qarşılaşmısınız. Bu çox təhlükəli haldır. Və bu proses davam etdikcə, artıq rəqabətdən ədavətə bir addımlıq yol qalır. Sağlam rəqabətdə əks tərəfin uğuruna sevinib, onu kimi olmaq istəyi durursa, ifrat rəqabətdə artıq əks tərəfin uğursuzluğu ya istənilir, ya da olduğu təqdirdə sevinc yaradır. Nəticədə isə dost görünən adamların arasında səmimiyyət itir. Bunun üçün də çalışın bu cür hal müşahidə edirsinizsə, o tip adamlardan uzaq durun. Özünüzdə o əlaməti hiss edirsinizsə, o halda özünüzlə söhbət edib özünüzü bu əlavə və lazımsız yükdən xilas edin. Həyatda daha çox vacib işlər var, inanın.

3. “Copycat” dostlar

Bu haqda çox düşündüm necə tərcümə edim, amma tapa bilmədim. İngiliscə sanki yerinə oturur. Tərcümədə hər şeyi kopyalayan, həm də olduğu kimi kopyalayan, imitator dostlar mənasını verir. Bu adamlar dost dediyi şəxsi birəbir kopyalamaqla məşğuldurlar. Uşaqlar necə ki, digər bir uşaqda olan oyuncağın eynisini istəyir, bunlar da məhz belədir. Məsələn, həmin uşağa o biri uşaqda olan oyuncaqdan daha yaxşısını versən də, istəməyəcək. Çünki, məsələ oyuncaqda deyil, kimin əlində olmasındadır. Eynilə bu adamlar da uşaq xasiyyətlidirlər. Dostlarında olan hər şeyin eyni “rəngdə” onlarda da olmasını istəyirlər. Dediyim kimi bu da zərərlidir, çünki proses davam etdikcə, səmimiyyət paxıllıq və ədavət hissinə çevrilir. Əmin olun ki, 100% çevrilir.

4. “Zəli” dostlar

Zəli adından göründüyü kimi qansormaqla məşğul olur. Bu dostlar da eynilə qansorandır. Amma necə ki, zəli qanı sorandan sonra özünü zəhərləyib ölür, bu dostlar da öz dostlarının qanını sorandan sonra ölməsələr də, əl çəkirlər. Bu adamlar həm də fürsətcildirlər. Unutmayın ki, birtərəfli münasibət olmur. Münasibət sözünün mənası elə o deməkdir ki, o ən 2 obyekt və ya subyekt arasında olmalıdır. Bu adamlar isə ancaq onlara nəsə lazım olanda Sizi axtarır, ancaq işləri düşəndə “çoxdandı görüşmürük” deyir. İlk başda Siz bunun fərqinə varmaya bilərsiniz, amma bir müddət sonra anidən hiss edirsiniz ki, aradan xeyli müddət keçib, amma həmişə nədənsə mən kömək etmişəm, mənə filan şey lazım olanda isə heç vaxt bu olmayıb. Bu müddətdə bu qədər təsadüf ola bilərmi? Ola bilməz, təbii. Bunu hiss etdiyiniz an həmin insana məsafəli davranmaq lazımdır. Ümumiyyətlə, həyatda elə dostlar var ki, onları görəndə gözünlə salam verib keçmək, eləsi var ki, yaxınlaşın əl uzatmaq, eləsi var əl uzadıb həm də hal-əhval tutmaq, eləsi də var ki, bunlarla yanaşı evinə də dəvət edib dərdləşmək olar. Bu dərəcələri öz ətrafınız üçün müəyyən etməlisiniz. Hərəyə də öz dərəcəsinə görə davranmalısınız. Qısası, həmişə ancaq sizdən “istəyən” dostlardan, sizdən “gözləyən” dostlardan uzaq olun. Çünki belə adamlar, bəzən Sizin xahişiniz üzrə həll edə bilməsələr belə, bu opsiyalarını Sizə görə xərcləmək istəmirlər. Məsələn, deyək ki, Siz dostunuzdan bir şey xahiş etmisiniz, o da bunu kiməsə deməlidir. O isə deyək ki, az hallarda müraciət edə bilər həmin adama və bu halda da o müraciəti daha özünə sərf edən şeyə xərcləmək istəyir. Sizin müraciəti çatdırıb bonuslardan birini itirmək istəmir deyək. Çox vaxt da art niyət olmasa belə, özünü yormaq istəmir sadəcə. Çalışın, ətrafınıza faydalı olun, ancaq özünüzə nəsə lazım olanda “səmimi” olmayın, qarşınızdakı əmin olun ki, bunu hiss edir. Çalışın bir dəfə də Siz yaralı barmağa zad edin 🙂 Atalar demiş, dolma yaxşı şeydir, bir gün Sizdə, bir gün Bizdə.

5. Həmişə və hər şey “qara”dır deyən dostlar

Yəqin ki, Sizin ətrafınızda elə tanışlarınız var ki, onlarla görüşəndə ancaq neqativlərdən danışır. Şəxsi həyatda, siyasətdə, ətrafda baş verən istənilən hadisənin müzakirəsində ancaq və ancaq mənfilərdən çıxış edir. Bir hadisədə 10 müsbət şey varsa, 1 mənfi nəsə varsa, o ancaq mənfini müzakirə etməyi sevir. İngilislər belə adamlara “mood killer” deyirlər. Həqiqətən də belə adamlar əhval öldürən adamlardır. Onlar həmişə ədalət axtarışındadırlar, ədaləti kimdənsə, gözləyirlər, görməyəndə məyus olub, deyinirlər ancaq. Bu insanlar da Sizə neqativ bəxş edir, onlardan heç nə öyrənmək olmur. Çalışın belələrindən də uzaq olun. Çünki onlar həm də Sizin ancaq çatışmazlıqlarınızı vurğulayır. Düzdür, tənqid gözəl şeydir. Amma ancaq tənqid gözəl deyil. İnsanı həvəsdən sala bilər. Bu adamların tez-tez əhvalı da dəyişir və is tərəfi də odur ki, istəyirlər ki, dostları da o anda o əhvalda olsunlar. Onun halına girməsəniz Sizdən inciyə bilər. Düzdür, mən də o banal məsələyə, stəkan yarıya qədər doludurmu, boşdurmu söhbətinə baş qoşmuram, amma onu da bilirəm ki, həyatda heç nə asan deyil, heç nə heç vaxt yaxşı olmayıb. Çalışıb mümkün variantlar içində daha yaxşısını əldə etməlisən və ya daha yaxşı etmək üçün usanmadan, həvəslə, inamla çalışmalısan. Əksi isə ancaq ruh düşkünlüyü verir.

Bax belə əziz dostlar. Bu arada Əziz sözü də şablonlaşıb, adam bilmir başqa necə müraciət etsin. Niyə Əziz məsələn 🙂

Yazımı məşhur bir kəlamla yekunlaşdırıram: “Mənə hər şeydə mənimlə razılaşan, mən başımı əyəndə o da əyən, dostlar lazım deyil. Ona qalsa, mənim kölgəm də mənim dostumdur”

Çalışın kölgənizlə dost olmayın. Sizə faydalı deyil. Başqasına necə faydalı olsun ki?! Bayramınız mübarək!

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Bunu oxuyanda “dəliyə hər gün bayramdır” dedinizsə, o zaman düz tapdınız. Mən öz prinsiplərimin, həyat tərzimin, zövqlərimin, zövq aldığım dostlarım, doğmalarımın dəlisiyəm. Onların hər xoş günü, əziyyətli günü mənim bayramımdır.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

“Düz yoldan azıb nabələd ünvanlara düşənlərin” gündəliyi

İnsan ölməmişdən qabaq onun xatirələri ölür. Uşaq olursan, yavaş-yavaş böyüyürsən. Uşaqlıqda məhlədəki, qonum-qonşuda tanıdığın qoca adamların çoxu sənin böyümə ərəfəndə ölür. Hələ tam olaraq ölümü dərk etmirsən. Elə bilirsən, hamı

Sərbəst 0 Comments

Teymur Paşanın Gündəliyi

İstəyirəm ən yaxın dostum Teymur Paşanın 2002-ci ildən başlayraq 18 il ərzində ildə 3-4 dəfə xatırlatdığı “nə vaxt yığışırıq” təklifinin reallaşma məclisində olum. Mən buna məclis deyim, siz qonaqlıq deyin, sxodka deyin,

Sərbəst 0 Comments

Sən də bir kişi olmadın – rubrikası

Bir-neçə il öncə facebook profilimdə ara-sıra məlumatlar paylaşdığım bir rubrika açmışdım. Adı “Sən də bir kişi olmadın” idi. Rubrikanın “qonaqları” adətən Azərbaycan tarixində mənfi xüsusiyyətləri ilə iz salan şəxslər olurdu.

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın