Kəşfiyyatın Maradonası – Markus Volf

Kəşfiyyatın Maradonası – Markus Volf

Əvvəlki yazıda Qərbi Almaniyanın Kəşfiyyat Xidməti haqqında məlumat vermişdik. Ancaq ikiyə bölünmüş Almaniyanın Şərqində də boş durmurdular. Vətəndaşı addım-addım izləmək lazım gələndə xarici kəşfiyyat qədər daxili kəşfiyyat üsulları ilə məşhurlaşan Şərqi Alman Müdafiə Təşkilatı olaraq bilinən STASI-yə (SSD) də yer ayırmaq lazımdır və ya labüddür. Qərbi Almaniyada Gehlen ORG-u qurduqdan sonra balansı qorumaq istəyən SSRİ tərəfindən təməlləri atılan STASI Şərq blokunda KQB-dən sonra ən çox qorxulan kəşfiyyat orqanı kimi tanındı.

STASI-yə məşhurluq qazandıran şəxs isə, tarixin ən bacarıqlı casus ustalarından general Markus Johanns Volf oldu. Kəşfiyyat dünyasında Michael Storm və ya Qurd Verner ləqəbilə də tanınan Volf 1923-cü ildə kommunist və yəhudi yazar Friedrich Volfun ailəsində, Almaniyada dünyaya gəlir. Ailənin Almaniyadakı nasist rejimdən canını qurtarmaq üçün Moskvaya qaçması nəticəsində kommunist mühitində böyüyür. Moskvadakı komintern məktəblərində təhsil alır, diplomat olmaq istəyir və 1945-ci ildə Moskvadakı Şərqi Alman Səfirliyinə birinci konsul olaraq göndərilir. Zəkası, topluma uyğunlaşması, detallar arasında bağlantı qura bilməsi və bir çox xüsusiyyətləri ilə diqqət çəkməyə başlayır.

Onun bacarıqlarının fərqinə varanlar arasında Sovet diplomatiyasının öncüllərindən Aleksandr Paynuşkin və 30 il sonra KQB rəhbəri, hətta dövlət başçısı olacaq Yuri Andropov da vardı. Onlar Volfun qabiliyyətinin əsl casusda axtarılan keyfiyyət olduğunu anlamışdılar. Andropov Volfu 1945-ci ildəki məşhur Nürnberq məhkəməsini müşahidə etməyi tapşırır. Michael Storm adlı müxbir adıyla prosesləri izləyən Volfun müttəfiqlər haqqındakı bilgiləri KQB-nin o qədər xoşuna gəlir ki, tez-tez dünyanın müxtəlif bölgələrindəki Sovet səfirliklərində mədəniyyət və ya hərbi ataşşe kimi təyin edilirdi. Volfun o dövrdə Şərqi Alman kommunistlərinin nəzarətində olan Cənubi Yəməndəki fəaliyyətləri ilə, Səudiyyə Ərəbistanındakı monarxiyanı laxlatdığını deyənlər də var.

Qərbi Alman casus ustası Gehlen isə, Şərq blokunu hədəf alan əməliyyatları ilə, fırtına kimi əsirdi. Onun qarşısına ən az özü qədər bacarıqlı və anadan casus doğulmuş başqa bir alman çıxarılmalı idi. Beləliklə Markus Volf, KQB nəzarətində olan STASI-nin IX bölməsində – Qərbi Almaniya əməliyyat qrupunda vəzifəyə gətirilir. Qərbə sızma əməliyyatları ilə əldə etdiyi nailiyyətlərdən sonra Şərqi Alman Xəbəralma Təşkilatına (Hauptvervaltung für Aufklaerung) təyin olunur. Volfu əfsanəyə çevirən xüsusiyyəti, adamlarını istədiyi yerə hiss etdirmədən sızdırması idi. Bunun üçün digər ölkələrə yerləşən almanların sənədlərini ələ keçirir, daha sonra bu insanlara hər cəhətdən bənzəyən Şərqi Alman vətəndaşlarını taparaq casus kimi Qərbi Almaniyaya göndərirdi. Bu cür insanlar isə divarın o tərəfində diqqət çəkmirdi. Volf Qərbə agent yerləşdirmək istədikdə adətən bunu 3-cü ölkədən edirdi. Bəzən də olurdu ki, birbaşa Şərqi Almaniyadan Qərbə keçmək lazım gəlirdi. Belə olduqda isə SSD tərkibindəki Arbeitsgruppe Grenze (Sərhəd Əməliyyat Qrupu) adlandırılan istehkam qrupu sərhəd maneələrini aşaraq və tikanlı məftillərin altından tunel qazaraq, agentləri o tərəfə keçirir və beləcə izlər də silinirdi.

Gehlenin karyerasını sona çatdıran və kansler Konrad Adenauerin istefası ilə nəticələnən köstəbək Heinze Felfe bombasının memarı olan Volfu əfsanəyə çevirən digər bacarığı, başqa bir kansler, Villy Brandt-ın bürosuna qədər sızması idi. Yaxın tarixin ən böyük kəşfiyyat nailiyyətlərindən olan bu hadisənin arxasında Volfun zəkası qədər analitik qabiliyyəti də dururdu.

Bu hadisə həqiqətən də olduqca maraqlıdır. Belə ki, Brandt II Dünya müharibəsinin əvvəllərində nasistlərə qarşı yer altında mübarizə apararkən yaralanmış, kommunist həkim Max Guillaume tərəfindən müalicə olunmuşdu. Volf Guillaumenin Şərqi Almaniyada olduğunu və oğlu Guenterlə birlikdə yaşadığını öyrənir. Brandtın vicdani olaraq Guillaumeyə vəfa borcu vardı və Volf da bundan istifadə etmək istəyirdi. Beləcə, dahiyanə və bir o qədər də uzun vədəli plan hazırlanır.

Plana görə Guenter guya Şərqi Almaniyadakı təqibedici rejimdən qaçacaq, Guillaume də Brandta məktub yazaraq oğluna kömək etməsini, ona sahib çıxmasını istəyəcəkdi. Eynən hər şey gözlənilən kimi olur. Brandt həkimin oğluna təmsilçisi olduğu Sosial Demokrat Partiyasında hansısa bir idari vəzifə verir. Bu hadisənin üzərindən 13 il keçir və çalışqanlığı ilə diqqət çəkən Guillaume, 1969-cu ildə baş nazir olan Brandtın şəxsi katibi olur. 13 ildən sonra şəxsi katib. Həqiqətən də kəşfiyyat əfsanəsidir. Sonunda Volfun hörümçək toru kimi hördüyü plan, hədəfinə tam çatmışdı.

İngilislər tərəfindən deşifrə edildiyi 1974-cü ilə qədər kanslerin masasından keçən hər sənədi, Guillaume Şərqi Almaniyaya çatdırırdı. Skandalın partlaması ilə Qərbi Almaniya və Sovet bloku arasındakı əlaqələri inkişaf etdirmək cəhdlərinə görə, 1970-ci ildə Nobel mükafatı alan Brandt, istefa edir. Həqiqətən, demək olar ki, ABŞ və bütün Avropanın arxasında dayandığı, yardım etdiyi Qərbi Almaniyanın həm siyasi liderinin, həm də ölkənin onurğası olan kəşfiyyat xidmətinin rəhbərlərinin karyerasını bitirən Volf, bir əfsanə idi.

Qərbi Almaniyanı, bu ölkəyə yerləşdirdiyi 3000 agentlə iflic edən, iki baş nazir və bir kəşfiyyat rəhbərini kreslosundan salan casus Volf, 1986-cı ildə vəzifəsindən gedir. Şərqi Alman rejiminin çökməsiylə SSRİ-yə qaçır. SSRİ dağılınca da, 1991-ci ildə yenidən Almaniyaya qayıdır. Casusluqda günahlanlırılan Volf tək adamlıq hücrəyə salınır və 10 gün sonra, 150 min dollar girov müqabilində həbsdən çıxır. 1995-1997-ci illərdə mühakimə olunur, ancaq hadisələrin üstündən uzun zaman keçdiyindən, haqqındakı məhkəmə qərarı ləğv edilir. Almaniyada yaşadığı müddətdə, dost məclislərində köhnə macəralarından zövqlə danışır. 9 noyabr 2006-cı ildə Berlində vəfat edir, Fridrixsfelddə qardaşının yanında dəfn olunur.

“Üzü olmayan adam”

Markus Volf haqqında yazılan ən məşhur kitab isə «Üzü olmayan adam»-dır. Kitabın adının bu cür qoyulmasına səbəb, onun vəzifədə olduğu 1958-87-ci illər ərzində, bir dəfə olsun şəklini heç kimin çəkə bilməməsi idi. Qeyd edim ki, o dövrdə Volf NATO rəhbərliyinə qədər sıza bilmişdi. Bunu isə o, öz xatirələrində, hədəflərini həmişə doğru seçə bilməsi və doğru yönləndirməsi ilə izah edirdi. Volf xatirələrində, kəşfiyyat dünyasında məşhur termin olan «Bal tələsi»ndən məharətlə istifadə etdiklərini yazır. Bunun üçün isə seçilmiş agentlər nazirlikdə çalışan katibələrdən birinə «vurulur» və bu «eşq» sonradan casus oyununa çevrilirdi. Bundan başqa o, uğurlarının sirrini daim insanların ehtiyaclarını öyrənməyə çalışmasında görürdü. Qumarı sevənlər, borcu olanlar, homoseksual olanlar, pis vərdişə malik şəxslər bu oyunun rahatlıqla qurbanına çevrilirdilər – Volf deyir. O həm də bildirir ki, Qərb dünyasında kəşfiyyat aparmağın ən böyük üstünlüyü, kapitalist dünyasının insanlarının pulu çox sevməsidir. «Qərbdə yaxşı pula vətənini satmağa hazır olan çox insan var» – deyir Volf. Volfa görə tarixin heç bir dönəmində casusluqla əxlaqın əlaqəsi olmayıb. Bu haqda onun bənzətməsi də çox maraqlıdır. O deyir ki, siz öz əsgərlərinin öləcəyini bilən komandiri necə qınayarsınızsa, gərək casusu da belə qınayasınız. Çünki heç bir komandir əsgərlərinin ölməsini istəmir, amma lazım olduqda ölümə göndərir. Bu, onun vəzifə borcudur. Casus rəhbəri olmaq da belədir». «Klassik əxlaq ölçüləri ilə casusluq dünyasını analiz edə bilməzsiniz» – deyir «üzü olmayan adam» Volf.

Facebook Comments

Editor review

Summary

“Üzü olmayan adam” Markus Volf haqqında yazılan ən məşhur kitab isə «Üzü olmayan adam»-dır. Kitabın adının bu cür qoyulmasına səbəb, onun vəzifədə olduğu 1958-87-ci illər ərzində, bir dəfə olsun şəklini heç kimin çəkə bilməməsi idi.

Həmçinin oxuya bilərsiniz

MƏXFİLƏR 0 Comments

Ruslara atom bombasının sirrini verən qadın

35 il KQB-yə xidmət etmiş Melita Norwood (1912-2005) XX əsrin ən uzun müddət fəaliyyət göstərən casusu kimi tanınır. Kimliyi yaşlandıqdan sonra üzə çıxınca həyatının qalan hissəsini Londondakı evində ev dustaqlığında

MƏXFİLƏR 0 Comments

SSRİ-Əfqan müharibəsi və qara lalələrdə daşınan 200 nömrəli yüklər

SSRİ dövrünün repressiyalarına aid ən məşhur əsərlərdən Karl Ştaynerin “Kulakda 7000 gün” kitabından sonra sovet Rusiyasının daha bir faciəsi, onun sonunu sürətləndirən SSRİ-Əfqanıstan müharibəsi mənə maraqlı gəlməyə başladı. Həqiqətən də

MƏXFİLƏR 0 Comments

Mussolini Əməliyyatı

77 il öncə baş verən real hadisələri indiki dövrün siyasi, hərbi gedişləri ilə müqayisə edəndə bəzi oxşarlıqlar tapmaq mümkündür. Tarix bəzən və bir çox hallarda təkrarlanır. Onu yaxşı öyrənənlər baş

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın