Mənə bir az nağıl danış
Azərbaycan nağılları – Azərbaycan şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Yalan – Azərbaycan “nümunəvi” xalq adamının qeyri-etik növünə aid janr. Nağıllarımızla yalanlarımızın tarixi eynidir. Bəlkə də ilk yalanımızı elə ilk nağılımızda danışmışıq. Açırsan vikipediyanı yazır ki, ilk xalq nağılları e.ə 6-7-ci əsrlərdə yaranmışdır. O məntiqlə yalanımızın tarixi də e.ə. 6-7-ci əsrlərdən başlayıb. Deyənin yalançısıyam 🙂
Bu yaxınlarda Azərbaycan xalq nağılları adlı seriya kitablar aldım. Fikirləşdim ki, boş olanda oturub oxuyaram. Gələcəyinə də uşaq böyüyəndə oxuyar, nə ziyanı var. Bir az vərəqləmişdim ki, səbrim çatmadı. Nağıl deyil elə bil, yalan yığınıdır. 33 ildən sonra mənə çatdı ki, niyə yalan danışan adama adətən “nağıl danışma” deyirlər. Hərdən mənə dili və gözü ilə yalan danışan adamları görəndə, hiss edəndə fikirləşirəm ki, görəsən mən niyə belə tez müəyyən edə bilirəm. İndi başa düşdüm ki, əslində o vaxt 300 səhifəlik ərəb nağılları, indoneziya, malaziya, rusiya, türkiyə, iran nağıllarını oxumuşam. Şüur altıma da yerləşdiyinə görə özüm də bilmədən məsələ mənə tez agah olur. Elə indi də belədir. Özümüzə çox əziyyət vermədən öz quraşdırdığımız yalan tutmasa belə, qonşu ölkə yalanları (oxu – yalanlarını red.) ilə həyatı yelə veririk.
Hədiyyənin böyüyü-kiçiyi olmaz deyirlər, amma yalanın böyüyü-kiçiyi var. Böyük yalanlar daha çox inandırıcı olur. Çünki heç kim “bu boyda yalan olduğuna” inanmır. Kiçik yalan deyənlər daha tez tutulurlar. Nağıllarımızın hörməti də ordakı yalanın böyüklüyünə görədir. Məsələn, fikir vermisinizsə, şəngülüm nağılının hörməti yoxdur. Çünki orda kiçik yalanlar var. Empati qura bilmirsən.
Nağılı əslində uşaqlar sevir, amma bizə hələ də nağıl danışırlar. Burada maraqlı təzad var. Ya bizi uşaq yerinə qoyurlar, ya da özləri öz nağıllarına həqiqətən də inanırlar. Deyir, əgər fikirlərini 6 yaşında uşağa izah edə bilmirsənsə, deməli fikrini izah etmədə problemin var. Bu məntiqlə getsək, 2-ci variant özünü doğrultmur. Çünki indi 6-7 yaşında uşaq da müasir yalanları çox tez tutur. Aldatmaq çox çətindir.
Nağıllarımızın başlanğıcı həmişə xoşuma gəlib. Biri var idi, biri yox idi, məsələn. Onu indiki dövrə uyğunlaşdırsaq, varı var idi, varı yox idi – deyə başlamalı idi bəzi nağıllarımız. Çünki indiki zamanda VAR dediyimiz nağıllarımızdakı kimi bir göz qırpımında YOX ola bilir. O vaxt İdealda işləyəndə 1 illik reklam konseptimizin adını “Vaxt var idi, vaxt yox idi” qoymuşdum. Nağıl danışırdım yəni 🙂 Amma Sizə bir söz deyim. “Bir gün bir adam olur, onun adamlığından başqa heç nəyi olmur” deyə başlamalı idi bəzi nağıllar. Nağıllarımızın sonu da yalanla bitirdi. Göydən 3 alma düşdü – məsələn. O gün elə bu səpkidə bir status yazmışdım ki, “nağıllarımızın sonunda göydən 3 alma, 3-cə normal düşsəydi, hər şey daha fərqli ola bilərdi”.
Orqanik meyvə olduğu kimi orqanik yalanlar da olur. İçində yalandan başqa heç nə olmur. Tam təbii. Orqanik meyvə tapılmadığı kimi indiki zamanda orqanik, yəni ancaq yalandan ibarət yalan tapmaq da müşkül məsələdir. İndiki yalanların içində yalanın özündən başqa siyasət, əxlaqsızlıq, alçaqlıq, paxıllıq kimi kimyəvi qatqılar var. Kimyəvi qatqılardan istifadə etməyin. BİO yalanlar avropada trenddir. BİO yalanlar kateqoriyası bir az fərqlidir. Bura məsələn, heç danışmadığın halda da düşə bilərsən. Susmaqla yəni. Susmaqla yalan danışan xeyli adam var bu məmləkətdə.
Mən televizora baxmıram, amma o dayanmadan göstərir. Baxmaqla görməyin fərqi budur yəqin. Baxmadan görürsən. Dərk etmədən həzm edirsən. Bu baxımdan AZTV çox xoşuma gəlir. Odur ki, AZTV üçün qəşəng sloqanım var. – Mənə bir az nağıl danış 🙂
Gələn dəfə daha böyük yalan danışacam, yəni daha çox susacam. Hələlik.
Yazar haqqında
Editor review
Summary
Susmaqla yalan danışan xeyli adam var bu məmləkətdə.
Həmçinin oxuya bilərsiniz
Teymur Paşanın Gündəliyi
İstəyirəm ən yaxın dostum Teymur Paşanın 2002-ci ildən başlayraq 18 il ərzində ildə 3-4 dəfə xatırlatdığı “nə vaxt yığışırıq” təklifinin reallaşma məclisində olum. Mən buna məclis deyim, siz qonaqlıq deyin, sxodka deyin,
Əsgərlikdə “yaxşı fırlanan oğlanın” gündəliyi
#istəyirəm səhər açılmamış qanım it qanına dönsün. Dəlləyə gedim ki, başımı qırx. O da soruşsun ki, nə əcəb, deyim “əsgərliyə gedirəm, saldıra bilmədim, dədəm pulu kimə veribsə, əclaf 1 ay
Yazılan qalır. Facebookda yazdığım 90 status
Ötən bloqların birində hamımızın sevimlisi Teymur Paşaya aid statusları bir yazıda cəmləmişdim. İstəsəniz buradan oxuya bilərsiniz. Bu dəfə isə istədim 2011-ci ildən bu tərəfə öz facebook profilimdə yazdığım bəzi statusları
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun