Məşhur SİMA
Həyat çox sürətlidir. Dalınca qaçırsan, bir də görürsən ki, qaçdığın tərəf dəbdən düşüb. Məsələn, ilin əvvəli oxumuşdum ki, dünyanın yeganə 1 trilyon dollarlıq bazar dəyəri olan şirkəti Apple-dir. O vaxt Amazon 400 milyard idi. İndi oxuyuram ki, dünyanın 2-ci 1 trilyonluq şirkəti Amazon olub. Onun rəhbəri Jef Bezos isə 167 milyar dollarlıq sərvətə sahibdir. Dövlət kimi bir şeydir adam 🙂 Bir dəfə də bloqumda yazmışdım. Belə innovativ xəbərləri oxuduqca və özünün, aid olduğun yerini düşündükcə, adamın təzədən əlinə bir ox götürüb quldarlığa qayıtmağı gəlir 🙂
Marketinq də belədir. Türklər demiş “ana dal” marketinq qalmaqla sözün qabağına hər cür adlar yapışdırıblar. İnfluencer marketinqi də təzələrdən saymaq olar. Bu adın dilimizə tərcüməsi haqqında da çox danışıldı. Elmi ədəbiyyatlarda rəy liderliyi deyə keçirdi. Mən də ümumiləşdirərək hamısına MƏŞHUR SİMA deyim 🙂 Gəlin görək, məşhur simalar haqqında nəyi bilməkdə fayda var.
İnfluencerlər 3-cü tərəf kimi
Dünyada olduğu kimi bizdə də “reklam” sözü ən çox tanınan məfhumdur. Xüsusən indi alıcı qüvvəsi olan hədəf kütlənin yaşını nəzərə alsaq, onların həyatının bir qismi sovet dövrünə təsadüf etdiyinə, eləcə də onların üzərində sovet dövrünü aktiv yaşamışların təsirini nəzərə alsaq, reklam sözünün bir çox hallarda neqativlə assosasiya olunduğunu demək olar. Məsələn, bizdə hələ də “yaxşı malın reklama ehtiyacı yoxdur” kimi səhv stereotip beyinlərə hakimdir. Xüsusən də ənənəvi medianın sosial media ilə müqayisədə çox zəif olduğu Azərbaycanda insanlar, şirkətlər, brendlər daha çox bu cür influencer-lərə müraciət etməyə üstünlük verirlər. Müştərilər üçün influencerlər 3-cü tərəf kimi hesab edilir və onların paylaşdığı kontentlər daha inandırıcı və güvənli gəlir. Düzdür, getdikcə, influencer-lərin də iş prinsipləri sistemləşir və bazardan “nəyi gəldi reklam etməyə hazır olan”lar maraq cəlb etmirlər. Tez-tez eşidirəm ki, sosial şəbəkələrdə hansısa influencerin öz müştərisi ilə düzgün kommunikasiya qurmadığını, brendi açıq reklam etdiyini və buna görə bu işdən uzaqlaşdırılmalı olduğu haqda müzakirələr gedir. Əziz dostlar, icazə verin hər şeyi bazar tənzimləsin. Bazar özü güclüləri saxlayacaq, zəifləri ələyəcək. Bugün hansısa influencer hələ də müştəri tapa bilirsə, demək ki, onun auditoriyası var, onun verdiyi mesajı da maraqlı hesab edir. Yox, əgər istəyirsinizsə daha sistemli, professional olsun, o zaman maarifləndirmə işində maksimum iştirak edin. Tənqiddən çox həllər təklif edin. Bu qədər sadədir hər şey.
Statistik məlumata görə 2017-ci ildə dünyada “influencer”lərə 15-16 milyard dollar pul xərclənib. Unilever 2017-ci ildə influencer marketinqə 1 milyarddan çox yatırım edib, məsələn. İnfluencer Marketing-in yeni olmasına baxmayaraq rəqəmi çox az saymaq olmaz. Nəzərə alsaq ki, influencerlərin bir çoxu rəsmi qeydiyyatlı platformalardan istifadə etmədiyinə görə bu rəqəmin daha çox olduğunu təxmin etmək olar. Bu vəziyyət ölkəmizdə də elədir. Rəsmi və yeganə platofrma Keepface-dir. Amma Keepface-dən kənarda da qeyri-rəsmi şirkətlə birbaşa çalışan çox sayda influencerlər var.
İnfluencerlər bir olmur atam balası
Həqiqətən də influencer növləri bir deyil. Bunun meqa-influenceri, maktosu, mikrosu var. Meqalar daha çox məşhur müğənnilər, aktyorlar, bir sözlə “celebrity”lərdir. Bu adamlar öz profillərindən adətən auditoriyaları ilə söhbət, həm də əlavə pul qazanmaq üçün istifadə edirlər. Makrolar isə özünü bu sahəyə həsr edən, işinə daha professional yanaşan, bir sözlə bu işə peşəsi kimi baxanlardır. Adətən bu tip influencerlərdən hər-hansı məhsul və xidmətin izahlı təsviri, funksional üstünlüklərini göstərmək üçün istifadə edirlər. 3-cü tiplər olan mikro influencerlər isə kobud desək “bizdən biridir”. Bu adamlar əsasən hansısa sosial qrupu təsvir edir. Buna elmi dildə “crowds” deyirlər. Məsələn, “xoşbəxt qadınlar” facebook qrupu “crowds”a bariz nümunədir. 🙂 Səyahətsevərlər, idmançılar, velosiped həvəskarları və s. tipli qruplar mikro-influencer kateqoriyasına girir. Sizə onu da deyim ki, daha net, dar hədəf kütləsi üçün bu qruplar direkt müştəridir. Kütləvi istifadə üçün olan məhsullara ən uyğun influencer qrupu elə bu qrupdur.
İnfluencerləri hansı kriteriyalara görə qiymətləndirək
- Coğrafi əraziyə görə – Bunu məşhur simanın özündən istəmək olar ki, onun izləyiciləri daha çox hansı regionu əhatə edirlər.
- İzləyici sayına görə – izləyici sayı indi suni yollarla artırıla bilir, amma istənilən halda bu faktor rol oynayır.
- Baxış sayına görə – influencerin paylaşdığı posta gələn baxış sayını nəzərdə tuturuq. Əsasən youtube və instagramda bu göstərici rol oynayır.
- Adi və reklam postlarının nisbəti – bəli, bu çox ciddi faktordur. Belə ki, hansısa influencerin hər iki postundan biri reklamdırsa, get-gedə onun təsir gücü aşağı düşəcək.
- İzləyicilərin aktivliyi – burada əsasən izləyicilərin məşhurun son 15-20 postuna yazdığı şərhləri yoxlamaq lazımdır. Ümumi qəbul edilən statistikaya görə izləyici sayının ən az 5% engagement-də olmalıdır. Ya like etməli, ya şərh yazmalı, ya da paylaşmalıdır.
Hansı formada post yerləşdirmə variantları var?!
- İnteqrasiya edilmiş – ümumi mətnin içində mövzuya giriş (guya gizli)
- Preroll – məşhurun paylaşdığı videonun önündə edilən yerləşdirmə / paylaşım
- Video icmal – bu artıq məhsulun detallı təsviri və təşviqi deməkdir
- Check-in – burada sadəcə dəvət edib check-in etməsini istəyirlər
Azərbaycanda influencer marketinqin 2-ci mərhələsi
Azərbaycanda influencer marketinq deyərdim ki, hazırda 2-ci mərhələsini yaşayır. Birinci mərhələ əsasən komik janrda kontent yaradanlar idi. Onlar çox qısa müddətdə populyarlaşa bildilər. Bu mərhələdə keyfiyyətli iş görənlərlə yanaşı xeyli sayda bayağı, çeynənmiş mövzularda kontent yaradanlar da az olmadı. Onların bir çoxu isə bir müddət sonra “tükəndi”. Tükəndi ona görə ki, əksəri intellektual deyildilər, oxumurdular. Buna görə də bir müddət keçən kimi mövzu qıtlığından əziyyət çəkib təkrarçılığa və bayağılığa yol verməyə başladılar. Amma sevindirici haldır ki, mənalı, insanı düşündürən mövzuda da influencer-lər yarandı. Məsələn, mənim üçün Taleh Yüzbəyov, Əlixan Rəcəbov dediyim kateqoriyada rəqiblərindən daha intellektual gəlir. İlk mərhələnin inluencerləri adətən təsadüfən nəsə çəkib məşhur olan, loru dildə desək “tutuzduranlar”, eyni zamanda bu sahə ilə professional məşğul olmayan marketinqdən kənar peşə sahibləri idi. Dünyada olduğu kimi Azərbaycanda da sevindirici haldır ki, artıq brendlər influencer-lərdən istifadə edərkən artıq hədəf kütləni, influencerin profilini və auditoriyasını təhlil edirlər. Xüsusi sevindirici hal isə şirkətlərin elə öz kateqoriyasında məşhur olan simalardan istifadə etməyə yönəlməsidir. Məsələn, deyək ki, hansısa hospital artıq elə peşəsi də həkim olan, amma digərlərilə müqayisədə şəxsi brendinqinə fikir verən, ictimailəşmiş həkim fiqurlarından istifadə edirlər. Belə daha professional, daha inandırıcı olur. Məsələn, yüzlərlə idmançı var, amma Zabit Səmədov bir çox idman sferası məhsul və şirkətlərinin siması kimi çıxış edib. Qısa demək olarsa, şəxsi brendinqi üzərində professional işləyən peşə sahibləri bugün influencer marketinqin 2-ci mərhələsinin əsas halqasını təşkil edirlər. Ona görə istənilən halda şəxsi brendinqə fikir vermək və özünü bu sahədə daima “formada saxlamaq” önəmlidir. Qeyd edim ki, universal influencerlər üçün ən yaxşı sahələr fmcg, əl işi məhsullar, uşaqlara aid məhsul və xidmətlər, dəb və geyimlə əlaqəli mallar, kitab və s.-dirsə, b2b məntiqli sahələr üçün isə məhz ixtisaslaşmış məşhur simalar daha çox uyğundur.
İnfulencer vicdanı
Dünyada bugün çox güclü şəkildə fake xəbərlər yaranır. Bunun da bir çoxu elə influencerlər tərəfindən yayılır. Ona görə də bir çox ölkələrdə bu cür əsassız xəbərlərin yayılmasının qarşısını almaq üçün administrativ nəzarət mexanizmlərindən istifadə edirlər. Məsələn, qonşu Rusiyada bütün video blogerlərin qeydiyyata alınması məsələsi gündəmdədir. Ən yaxşısını elə deyəsən ÇİN edib, götürüb yerli-dibli nəzarətində olmayan nə varsa, hamısını bağlayıb 🙂 Amma digər ölkələrdə nəzarət sistemi olmadığına görə bir çox məsələlərdə kontentin keyfiyyəti və düzgünlüyü influencerin vicdanına buraxılır. Azərbaycanda da influencerlə bağlı başqa bir maraqlı situasiya yaşanır. İnfluencer ictimai-siyasi mövzuda nəsə post paylaşan kimi üzərinə kütləvi hücum olur. Bir dəfə xeyli oturub düşündüm ki, görəsən niyə belədir. Həqiqətənmi hesab edirlər ki, məsələn, Damlanın hansısa ictimai hadisə haqqında şərhini ciddiyə almaq lazımdır? Sonra belə qərara gəldim ki, əslində onların, yəni posta reaksiya bildirənlərin şərti Damlanın nə yazması vecinə də deyil, sadəcə onlar platforma axtarırlar ki, maksimum təhlükəsiz olsun, onların gələcəyini təhdid etməsin və bu əsnada da nə düşünür desin, öz aləmində daxili etirazını çölə tökə bilsin. Bunun da obyektiv səbəbi var. Bizdə bir çox insanlar statusundan asılı olmayaraq aktiv ictimai-siyasi mövzularda rəsmi şərh vermək riskini gözə almaq istəmirlər. Kiminsə yuxarıdan xətrinə dəyməkdənsə, Damla-ya “döşəmək” daha rahat gəlir. Qısa və konkret.
İnfluencer marketinqdə yeni trend
O gün oxuyuram ki, indi də virtual influencerlər dəbə düşüb. Kompyuter qrafikası ilə məşhur dəb jurnalları üçün istənilən formada influencer düzəltmək olur 🙂 Məsələn, playboy jurnalının əvvəlki fotoqrafı indi bu işlə məşğul imiş. Beləcə bir çox brendlər real influencerlərin naz-qəmzəsindən azad olur. Amma bu hələ ki, dəbdədir, gələcək onların bazarda nə qədər qala biləcəyini göstərəcək. Ona görə də bir çox şirkətlər indi 9 real influencer istifadə edəndə, trenddən geri qalmamaq üçün bir də virtual influencerdən istifadə edirlər.
Micro-influencer marketinq də bu sahənin yeni trendlərindəndir. Şirkətlər artıq bahalı studiyalara pul xərcləməkdənsə, kontenti güclü olub “bəzəyi” çox da mükəmməl olmayan paylaşıma daha çox yatırım etməkdə maraqlıdılar. Beləcə, həm kreativi limitli olmur, həm də hər kəsimə xitab edən gündəm mövzulara toxuna bilirlər. Xüsusən micro influencerlərin məşhurluq səbəblərindən biri də onların yaratdığı kontentin qısa olmasıdır. Bilirik ki, internet insanının səbri çox azdır. Hər şeyi hop deyə bir saniyədə əldə etmək istəyir. Bu tip influencerlər də qısa mətn, qısa videolarla həmin müştərilərin “könlünü oxşaya bilir”.
Platforması ilə fərqlənənlər
İnfluencerlər həm də istifadə etdikləri platformalara görə məşhurdur. İnstagram məşhurları, facebook fenomenləri, twitter aktivistləri yaratdıqları kontentə görə fərqlənirlər. Məsələn, Azərbaycanda instagramın digər sosial şəbəkələri istifadəsinə görə keçməsinə görə instagram məşhurları çoxalıb. Senzurasız media kimi göz önündə olanların şəxsi instagram hesablarındakı qeyri-rəsmi paylaşımları insanlara maraqlı gəlir. Məsələn, mən bir dəfə tanışlardan eşitmişdim ki, Xəzərin aparıcısına çox hörmət edirmiş. Onun efirdəki duruşu, özünəxas stili və s. onda rəğbət oyadıb. Amma sonradan onun instagram profilində paylaşdıqlarını görəndən sonra gözündən düşüb. Gözdən düşənlərlə yanaşı, gözdə böyüyənlər də çoxdur. Bugün elə instagram məşhurları var ki, hər videosu 100-200 min baxış verir. Bir salam yazır, salamına 60 000 like gəlir. Hərdən bu “həqiqətin” məntiqini anlamasan da barışmalısan. Brendlərimiz bəzən baxış saylarına aldanır, amma influenceri seçərkən məhsulunuzun hədəf auditoriyasına uyğunluğuna dərin analiz etməlisiniz.
Samiraldonun hədəf auditoriyası kimdir?!
Məsələn, götürək Samiraldonu. Adamın açmadığı kafe, restoran, qlamur butik qalmadı. Baxırsan, profilinə ancaq brend təqdimatlar və s. Videolarına da kifayət qədər baxış sayı gəlir. Məni çox maraqlandırır ki, Samiraldonun videolarına baxan və oradakı tövsiyyələrinə güvənən müştəri profili kimdir? Həqiqətənmi bahalı geyim brendinin müştərisi üçün onu Samiraldonun təqdim etməsi təsirlidir. Bu sual mənim üçün qapalı qalır. Deməli, hardasa səmimi deyilik. Ya Samiraldonu bəyənmirik deyəndə, ya da onun paylaşımlarını izləyib bəyənəndə. Görəsən hansı daha çox həqiqətdir?!
Məşhur SİMA-lar haqqında bu qədər. Oxumaq, paylaşmaq və bunları düşünərək etmək gözəldir. Bəyəndinizsə, Siz də paylaşa bilərsiniz 🙂
Yazar haqqında
Editor review
Summary
Statistik məlumata görə 2017-ci ildə dünyada "influencer"lərə 15-16 milyard dollar pul xərclənib. Unilever 2017-ci ildə influencer marketinqə 1 milyarddan çox yatırım edib, məsələn.
Həmçinin oxuya bilərsiniz
Turkcelldən super viral
Turkcell Maxiplus 5 üçün çox maraqlı bir viral hazırlayıb. Bu gün internetdə gəzişərkən təsadüfən gördüm, çox xoş oldu. Ağıllıca düşünülmüş bir ideyadır, məncə. Hələ Patinin hrəkətləri bir ayrı ləzzət edir.
Satan fikirlər
Dahi şairmiz Füzuli deyirdi ki, “bu dünya hər kəsin öz malını satdığı bir yerdir”. Həqiqətən də biz zamanızı, qabiliyyətlərimizi, ideya və fikirlərimizi “sataraq” pul qazanırıq. Fikirlər müxtəlif məqsədli düşünülə və
Marketinqdə keçərli olan hərb strategiyaları (II hissə)
Bu yazının əvvəlki hissəsini buradan oxuya bilərsiniz. Qısa bildirim ki, marketinqdə hərbidən keçən strategiyalar haqqında danışırıq. 5-i haqqında ötən yazıda danışdıq. İndi isə keçək növbətilərinə. İctimai qınaq, ictimai dəstək bütün
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun