Məsuliyyətsiz anonim kütlə

Məsuliyyətsiz anonim kütlə

Bugünlərdə Ali-Nino və Unibank keysi gündəm idi. Hamı yazırdı. Ən çox da yaza bilməyənlər yazırdı.

Facebookda dost sayının çox olması da bir iş deyil. Onsuz da gün ərzində xəbər lentini bir-iki dəfə bir-iki dəqiqəlik izləyirəm. Onda da eyni tip adamların eyni tip şərhləri, statusları dolur. Yolunu tapmışam, ilk qıcıqlandığım adamı “affetmirəm”, həmən unfollow 🙂 5000-ə də az qalıb, çatan kimi rahat 500 nəfərlə virtual yollarımızı ayıracam. Bəlkə də bir az gec başa düşdüm ki, ən dəyərli nemətlərdən biri vaxtdır. Onu da boş adamların boş fikirlərini oxuyaraq doldurmaq olmaz. Bu ən azı özünə, zamanına hörmətsizlikdir. Sosial media zərərlidir falan deyənlərdən heç deyiləm. Əksinə faydaları daha çoxdur, amma anlayana.

Zarafat deyil, facebook və instagramda bir yerdə 2.6 milyon adam var. Digər sosial şəbəkələri hələ demirəm. Azərbaycan ruscası ilə desək, “qrubu hesabla” 3 milyon adam nağd var. Bu arada necə ki, american english, british english deyirik, eləcə də azərbaycan ruscası deməliyik. Çünki bizdə rus-dilinin özümüzünküləşdirdiyimiz ləhcəsi daha geniş yayılıb. Rus-dilindən gələn sözləri fonetik tələffüz terroruna məruz qoya bildik. Adamın üstündə Allah var, gərək düzünü deyəsən. Bu cəhətdən ruslara zərbə vurmuş hesab edə bilərik özümüzü. Sözlərinin anasını ağladıb, balasında dayanmışıq 🙂

Hə, yenə mövzudan uzaqlaşıram. Bu 3 milyon adam potensial aktiv əhali kütləsinin çox ciddi bir hissəsidir. Əvvəl “internetdə oturan” qıza pis baxardılar, indi nəinki qız, internetdə oturan papa, mama ilə fəxr edirlər. Düzdü, sosial şəbəkə istifadəçiləri çox maraqlı adamlardır. Hər gün 30 illik (32-ə keçib özüm elə deyirəm) ömrümdə heç görmədiyim, təsəvvür etmədiyim tipdə adamları virtual tanıyıram. Əvvəl elə bilirdim, “maraqlı adamlar” ancaq əsgərlikdə olur 🙂 Sən demə yox! Hətta bir dəfə Milli Klaviatura Qüvvələri adlı yazı da yazmışdım. Vaxtınız olsa, mütləq oxuyun. Xüsusən leş qarğaları tipi əsl bu həftənin “qəhrəmanlarına” yaraşır.

Kütlə anonimdir, heç bir məsuliyyət daşımır

Rəhmətlik Qustav Le Bon belə demişdi. Vaxtınız olsa, bu yazını da oxuyun. DJ Fatehin sözü olmasın, oxuyun da, mən də sizin üçün oxumuşam vaxtında 🙂  – Xalqların və kütlənin psixologiyası˝na aid daşdan keçən 21 fikir. Bir nəfər meydana çıxıb tək şüar səsləndirsə, onu ittiham etmək asandır. Amma kütlə bunu edəndə hamını cəzalandırmaq olmur. Heç kütlə özü də etdiyi hərəkətin məsuliyyətini dərk etmir. Sosial mediada bu cür məsuliyyətsiz kütlə boğaza qədərdir. Yığıblar boğaza. Küçədə qəza olanda semiçka alıb hadisə yerinə toplaşan adamlar kimi harda bir neqativ gördülər “mışka”larını da götürüb cumurlar. O gün status da yazmışdım ki, bu cür istifadəçiləri başa düşmək lazımdır. Onlar bir xeyli incik adamlardır, həyatdan 30% küskün, 20% əzilmiş, qalan 50% də həyatı dərk etməmişlər. İş yerində, işləri düşən qurumlarda o qədər söz udublar ki, yığılan “enerji” fləşkartlara da sığmayanda səbəbsiz, günahsız bir boşluq görən kimi həmən dolur. O adamlar dəhşətli dərəcədə neqativ yayırlar. Əminəm ki, real həyatda da onlarla 10 dəqiqə söhbət insanı çox yorar. 160 simvolu axıra kimi oxumağa səbri çatmayan həmvətənlərim sosial mediada baş verən hər hansı bir hadisənin mahiyyətinə varmadan, ona heç cəhd də etmədən həmən hücuma keçməyi sevir. Yuxarıda linkini verdiyim yazıda belə adamları GNY adlandırmışdım – guya nəsə yazdı. Həqiqətən, yazmaq xatirinə yazan, qalxanla qalxan, oturanla oturan, danışanla danışan adamlar təkcə susanlarla bərabər susmağı bacarmır. Mənə görə “yağış yağır” statusu yazanlar qədər, öz aləmində buna lağ edib “yağış haqqında status” yazanlar da eyni quyudan su içiblər, fərqli deyillər. Guya nəsə yazdığını zənn edirlər. Ya da qıraqdan kimsə bunlara nə vaxtsa deyib ki, “özüm ölüm bomba yazırsan, öldüm gülməkdən” 🙂

Hələ bir cür adamlar var, onları heç başa düşmürəm. Gündə minimum 100 adama dostluq göndərən biri durub status yazır ki, fikrimlə razılaşmayanlar, nə bilim nəyi nə edənlər çıxsınlar dostluğumdan. 🙂 Rəhmətliyin nəvəsi, bu özgüvəni haradan alırsan axı. Özü dostluq göndərdiyi adama “söz soxur”a guya. Nə ölməli dünyadır, həqiqətən 🙂

Bir də hərdən belə adamlar da olur. Məsələn, sən nəsə kinayəlimi deyim, ünvanlımı deyim status yazırsan, bir də görürsən gülməşəkərin biri sənə öz aləmində cavab verib. Baxırsan ki, o adamı arzulasan heç yuxuna da girməz, nəinki durub ona status həsr edəsən 🙂 Özü haqqında yüksək fikirdə olmaq yaxşı şeydir, amma abır ondan da yaxşıdır axı.

Nə bilim vallah, bu yazı Unibank və Ali-Nino hadisəsindən sonra yarandı. Hamının yazdığını yazıb çürükçülük etməyin də yeri yoxdur. Amma bu 2 misaldan gördüyüm, aldığım qənaət bunlardır.

Unibank məsələsində kimin banka, hətta nəinki banka, bankda işləyən qohumuna, dostuna acığı var idisə, babat tökdü zəhərini. Məsələnin mahiyyəti bir tərəfdə qaldı, biri dedi xidmət pisdir, biri dedi, filan şeyi edəndə bilməli idin belə olacaq. Nə bilim,  5000 eşşəyin itməsindən sonra oldu bunlar. İtib içimizəmi girdi, ruhumuzamı hopdu bilmirəm, amma ondan sonra oldu olanlar.  2 eşşəyin arpasını bölə bilməyənlər, 5000 eşşək məsələsində bir xeyli baş sındırdılar. Çox qəribədir, vaxtında 300 manat maaş alıb 3000-lik kreditə girən günahkar olmur, amma 3000-ni geri istəyən bank vətən xaini çıxır. Qonşusuna baxıb 30 minlik toy edib borca girən günhakar olmur, 3000-ni verən, hələ dollarla verən kiməsə “güllələnsin” deyirlər. Heç kim məsələnin kökünə getmək istəmir, bir az düzəltsək, qorxur. Üstlərinə də gedən kimi “mən siyasətə qarışmıram”. Nə yaxşı haqqın yolunu tapıblar. Balaca çörək mağazasının mətbəxinə gir dağıt, çək göstər – “qəhrəmansan”, amma milyonlar fırlanan, milyonlar fırladanlardan danışma ki, “mən siyasətə qarışmıram”?! 2-dən biri 100% məntiqsizdir.

Gələk Ali-Nino məsələsinə. Kitablar baha imiş. Pah. Bəs işlətdiyin telefon niyə bahalıdır? Bəs niyə 4 saat çayxanada oturub çay dəstgahına minimum 20 manat verəndə baha olmur. Niyə birgünlük prokat paltar 100 manata baha deyil, amma kitab bahadır. Kitab baha deyil, bəhanədir. Sadəcə deyin ki, oxumaq istəmirəm. Bir tanışa uzun sürən fb söhbətindən sonra kitab vermişəm. 3 aydı bitirə bilmir. Özü də neçə müddətdi axtarıb tapa bilmədiyi kitabdır guya. Ali-Nino monopolistdir deyirlər. Ola bilər. Bəs Siz nə zaman kitab mağazası, mətbəə açdınız qoymadılar?! Demirəm ki, süddən çıxmış ağ qaşıqdılar, yox. Kitab bazarı haqqında yazı da yazmışdım. Bugün yazarlardan daha çox qazanır kitab mağazaları. Normal deyil. Amma gəlin razılaşaq ki, digər bizneslər kimi kitab biznesi də əsl biznes məntiqi ilə işləməlidir. Siqarət satanla müqayisədə kitab satan daha çox hörmətə layiqdir. Bunun əksini necə demək olar.

Bir də maraqlı bir kütlə var. Hər şeyi az qala pulsuz istəyirlər. Niyə??? Xeyriyyə cəmiyyəti zaddır? Siz kitab biznesinin, kitab müəllifinin, kitab üzərində zəhməti keçənlərin qədrini nə zaman bildiniz ki, nə zaman gətirib pul verdiniz, nə zaman hansısa yazara əl tutdunuz? Durub yazsaq ki, imkansız ailələrə kitab almaqçün pul yığırıq, 2000 adam koment yazar, 2 adam da pul verər, ya verməz. Bu bizik də arkadaşlar. Öz tikdiyimiz məscid özümüzə qəribə gəlməsin. Bu bizik. Molla Nəsrəddin jurnalı itin zülmü ilə, özü də yerli milyonerlərin pulu ilə açılmadı. Heç kim qıymamışdı. İndi Cəlilin sağlığına tost zad deyirik. O adamların əlindən-ayağından öpməliyik ki, heç olmasa nəsə etdilər. Dağıdıcı olmaq çox asandır, bir şey də Siz qurun. Bir işdə 1 səhv varsa, 4 də düz var. 1 səhv 4 düzü yumamalıdır, demotivasiya etməməlidir. Bugün bizim nəşriyyatlar elə kitabları dilimizə tərcümə edirlər ki, onlar tərcümə olunmasaydı minlərlə adam bəlkə də ömrünün axırına kimi o kitabı oxumayacaqdı. Bizə düşmən lazım deyil, özümüzdən başqası yalandı.

Bir də adamlar var deyir ki, istənilən halda kiçik belə olsa, tənqidi boğmaq olmaz. Razıyam. Amma adamın şəxsi, şəxsi həyatı, mövzuya aid olmayan iş yeri ilə nə işimiz var axı. Təsəvvür edin o gün biri şəxsi profilində status yazır, götürüb onun şirkətinə 1 verirlər fb-də. Ay o gün itən … 5000 vicdan. 🙂 Bunun adı tənqid deyil, düzəlməsini istəmək deyil, tərbiyəsizlikdir. Dünyada heç kitab oxumayanlar təhlükəli deyil, 1 kitab oxuyanlar daha təhlükəlidir deyirlər. Düz deyirlər.

Bir dəfə müəllimimiz dedi ki, bu cəmiyyətə oğru, quldur, avara da lazımdır əslində. Hər şey tarazlaşır. İndi bəlkə də, cəmiyyətə məsuliyyətsiz anonim kütlə də lazımdır. Siz də bu yolu seçmisinizsə, başınızı aşağı salın yolunuzu gedin, amma xahiş edirik, qarşı yola keçməyin. Belə. 🙂

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Siz də bu yolu seçmisinizsə, başınızı aşağı salın yolunuzu gedin, amma xahiş edirik, qarşı yola keçməyin.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Aytac Babayevanın öldürülməsinə təəccüblənmədim

Axır vaxtlar nəsə hamı bir şeydən danışmağa başlayanda söhbətə o saat “kurs” olmaq həvəsim olmur. Kənardan müşahidə insana daha çox fayda verir, nəinki, tez mövzuya qoşulub özünü yandırasan. Çünki bizlər

Sərbəst 0 Comments

Mənə bir az nağıl danış

Azərbaycan nağılları – Azərbaycan şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Yalan – Azərbaycan “nümunəvi” xalq adamının qeyri-etik növünə aid janr. Nağıllarımızla yalanlarımızın tarixi eynidir. Bəlkə də ilk yalanımızı elə

Sərbəst 0 Comments

Həqiqəti Enrikinin qucağında axtaranlar

Məktəbdə oxuyurdum. Allahdan bir az dəcəl məktəbimiz var idi. Direktor son sinif uşaqları ilə bacarmırdı deyə tez-tez polis çağırırdı. Biz də onda 8-9-da oxuyardıq. Günlərin bir günü yenə polis məktəbin

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın