MMF2013-də 30 manatın sirri

29-30 may 2013-cü il Azərbaycanda marketinq sahəsində bir İLK yaşandı. Bu haqda artıq günlərdir ki, danışırıq, müzakirələr aparırıq. Gedişatı facebookdan hamımız izlədik. Forumdan da artıq 10 gün keçir. Açığı yorğunluqdan indi-indi xilas olduğuma görə yazmaq qərarına gəldim. İndi Sizə sadəcə qısa olaraq hesabat xarakterli bəzi məlumatları çatdırmaq istəyirəm. Eyni zamanda balaca bir sirr də açacağam.

24 günün hesabatı:
  • Foruma hazırlıq 24 gün davam etdi. 12 nəfərlik təşkilatı heyət toplandı. Toplam 200-ə yaxın mailləşmə,  14 hazırlıq məqsədli görüş keçirildi.
  • Toplam 22 sponsor-dəstəkçi ilə yola çıxdıq.
  • Spiker, moderator sayı – 19 nəfər
  • Forumun saytı istifadəyə verildi – www.millimarketinqforumu.com
  • Brand wall, foruma özəl çanta, bloknot, qələm, fləş kart, roll-up, poster, biletlər hazırlandı.
  • Bütün reklam kommunikasiya konsepti, dizayn və adaptasiya işləri tamamlandı.
  • 20-dən çox xəbər saytları haqqımızda yazdı, web-bannerlərimiz yayımlandı. Xəzər Xəbər xüsusi sujet hazırladı. İntro, spikerlərin təqdimatı çarxı, forumun giriş çarxı hazırlandı.
  • FMR TV-də forumdan öncə forum haqqında veriliş hazırlanıb yayımlandı.
  • 22 nəfərlik forumun texniki heyəti müəyyən edildi.
  • Forumda 150-dən çox şirkətdən 230 nəfər iştirak etdi.
  • Satışa çıxarılan bilet sayı 136, satış miqdarı 100 ədəd. Şirkətlərə göndərilən dəvətnamələr – 120 ədəd. Biletlər foruma 10 gündən də az müddət qalmış satışa çıxarıldı.
  • #mmf2013 twitter həştəgi forum günlərində top 5-liyə düşdü, hətta 30 iyun top 2 oldu.

Unutduğum məqamlar ola bilər. Üzrlü hesab etmənizi xahiş edirəm.
Biz hamımız bu və digər formada forumlarda iştirak etmişik. Onun necə olduğunu, necə keçirildiyini görmüşük. Biz bu fikrə ilk gələndə çox çətinlik çəkdik. Çünki bizim üçün ilk olsa belə, xaricdə bu illərdir keçirilir, insanlarımız xəbərdardır, görüb və bu səbəbdən onları təəccübləndirmək asan olmayacaq. Hətta çox çətin olacaq deyə qənaətimiz vardı. Demək olar ki, AİR olaraq fevral ayından hər görüşəndə bunun etməyin vacib olduğunu deyirdik, amma real addımlar atmırdıq. Ona görə yox ki, tənbəl idik, sadəcə formatı və xərcləri düşünəndə məsuliyyət hissi güc gəlirdi. NLP akademiyanın dəvəti ilə Sinan Erginin forumumuza qatılmaq istəməsi, işlərimizi təqdir etməsi, Türkiyədə 1 saatı 5 min yevro olan birinin tədbirimizə təmənnası qatılmaq istəməsi açığı bizi bir az da ruhlandırdı. Nə olur-olsun bu İLK addım atılmalıydı. Həm də sonun necə olacağını düşünmədən. Və beləliklə, ilk addım atıldı.
Təşkilati komanda yaratdıq !

29-30 mayda keçirmək istədiyimiz bir tədbir üçün may ayının 5-də ilk addımı atdıq. Başa düşürdük ki, çox qısadır müddət, amma iyunda bu forum öz marağını itirə bilərdi deyə, mayın sonu daha münasib hesab edildi. Təbii ki, bu iş asan deyildi, kifayət qədər insan zəhməti tələb edirdi. Buna görə də biz bu tarixi bizimlə birgə yazmaq istəyənləri cəlb etmək üçün Azərbaycanın ən aktiv marketinq qrupunda elan verdik. Çox sağ olsunlar. Hərə bir sahədə köməklik göstərəcəyini bildirdi. Qısa müddət ərzində tədbirin ana təşkilati komandasına Yello Ad-dan Azər və Namiq bəy, Webtec-dən Anar, 3M-dən Şahnaz xanım, Printing Supplies-dan Daşqın bəy, AİR öz yerində, myvideo.az-dan Hüseyn, İB Clubdan Şəmsi və Telman bəy,  Nümrəddin, ASB-dən Sənan Həsənov, NB Group-dan Vüqar İsmayılov, Avis-dən Murad Malikov, Multibon və Manads-dan Vaqif Abbasovla yola çıxdıq. Bu iş həqiqətən də ümumi bir güc sayəsində ortaya çıxa bilərdi və bu yolda demək olar ki, şirkətlərimizdə çalışan bir çox şəxslər təmənnasız olaraq birləşdi. Və onu da xatırladım ki, təşkilati komanda vaxtı çox olanlardan yığılmamışdı. Şirkət adlarından da gördüyünüz kimi onların hər biri böyük şirkətləri təmsil edirdilər və işi axsatma söhbət mövzusu belə ola bilməzdi. 
Sponsorlar və spikerləri qısa müddətdə müəyyən etdik.

Yenə elə qrupumuzdan bu işdə bizə dətək olanlara çağırış etdik. Bu tədbir qətiyyən biznes xarakterli deyildi, sadəcə birlikdə hərə öz bacardığı sahədə kömək etməklə işin öhdəsindən gəlmək mümkün olduğunu bildirdik. Mən buradan bütün dəstək verənlərə təşəkkür edirəm. Siz tarix yazdınız və Sizi həmişə hörmətlə xatırlayacaqlar. Forumun bütün çap işlərini Printing Supplies, forumun saytını WebTec, sərinləşdirici içkiləri Coca-Cola, məkan olaraq 28 Cinema, bütün reklam kommunikasiya işlərini Yello Ad, yayım dəstəyini myvideo.az, FMR tv, PR dəstəyi New Media, foto dəstəyi Click Photo, təşkilatı dəstəyi IB Club, Marketing AİR, informasiya dəstəyini facemark.az, biznesinfo.az, edu-active.com, jobs.day.az, mobil tətbiq sahəsində Multibon təmənnasız olaraq iştirak etdilər. Maddi dəstək olaraq sponsorlarımız Business İnsight, Bakcell və İdeal Dizayna təşəkkür edirik. Və təbii ki, əsas təşkilati platformamız Marketinq Azərbaycan qrupu və NLP Akademiyanı da unutmaq olmaz. Eyni zamanda hər zaman mənəvi dəstəyini üzərimizdən əsirgəməyən Azərbaycan Marketinq Cəmiyyətinə də minnətdarlığımızı bildiririk. Onların məsləhətləri işimizi daha sistemli görməyə çox kömək etdi.
Spikerləri isə bir az yorduq deyə bilərəm. Vaxt çox az olduğundan qısa müddətdə forumun formatı müəyyən olundu. 4 panel və 1 qonaq paneli olmaqla 19 nəfər spiker və moderator təyin edildi. Onlarla ilkin olaraq AMC-də görüş keçirildi, təlimatlar verildi, müzakirələr aparıldı. Spikerlərimiz çox sağ olsunlar ki, qısa müddət ərzində əllərindən gələni edib foruma lazımınca hazırlaşa bildilər. İnanın ki, 24 gün təşkilatçılar üçün çox ağır keçdi. Demək olar ki, hər gün işdən sonra saat 7-dən bəzən gecə 12-dək görüşüb müzakirələr aparırdıq. Yuxarıdakı sadalanan işləri görmək çox çətin idi, amma işin içində böyük istək, ürək olduğu üçün ya bacaracaqdıq, ya da bacaracaqdıq. 
Cılız maneələr

Təbii ki, MMF2013-ə qarşı təxribat xarakterli addımlar da az atılmadı. Bu haqda danışmaq istəmirəm. İlkin öz yazılarından birində buna gözəl toxunub. Forumu gəlib qarışdaracam deyənlərdən, forumda iştirak edənləri təhdid etməyədək nələr olmadı ki. Amma bunlar bizi yolumuzdan döndərə bilmədi və bilməyəcək. Mən o tip insanları məyus edərək bildirmək istəyirəm ki, biz təəssüf ki, marketinqi indiyə qədərki ən yüksək inkişaf həddinə çatdırmaq üçün yorulmadan çalışacağıq, hər gün nələrsə edəcəyik və nail olacağıq. Sizsə, stəkanda burulğan yaratmağa davam etdiyiniz müddətcə məğlubsunuz. Bu yolda yanımızda, arxamızda olanlar qalib gələcək. Bü dünyada məqsədi olmayanlar bu dünyaya turist kimi gələnlərə bənzəyir. Məqsəd isə xarakterdən qaynaqlanır. O olmayanda isə edəcək bir şey yoxdur. Biz yeni güc deyil, gücə güc qatmaq üçün çalışırıq. Önümüzdə gediləcək uzun bir yol var. 

30 manatın sirri

MMF2013-də siyasi dildə desək “xalq diplomatiyası” prinsipi ilə işlədiyimizdən hər şey hamıya açıq və çox şəffaf idi. Forumun toplam xərci 20 min azn civarında idi. Yuxarıda sadaladığım dostlar, dəstəkçilər hərəsi bir işi üzərlərinə götürməklə bu xərci azaltmışdılar. Amma təbii ki, tam olaraq xərclər qarşılanmırdı. 2 gün ərzində 22 nəfər texniki heyət, məkan xərci, 260 nəfər üçün nahar, kofe-breyk, çap işləri, hazırlıq və s. çox xırda detalına qədər hər şey pul idi. Mən hələ sərf olunan VAXT dəyərini demirəm. Bu səbəbdən qərara gəldik ki, heç olmasa bir miqdar satışa bilet çıxaraq. Bilet üçün qiymət təyinində təşkilatçılar arasında fikir ayrılığı yaranmışdı. Qiymət 30-100 azn arası müzakirə olunur. Lakin sonda biz hər nə qədər üzərimizə bəzi ağırlıqlar düşsə də 30 azn üzərində dayandıq. Soruşa bilərsiniz niyə 30 azn? bu məbləğ o qədər detalına qədər hesablanmışdı ki, tam olmasa da minimum xərcləri qarşılamaq üçün bizə çox kömək edəcəkdi. Təbii ki, hər biriniz bilir ki, bu tip tədbirlər üçün 30 azn heç 2 gün üçün yer və nahar pulu etmir. Simvolik təyin olunmuşdu. Çünki xırda bir nüans daha vardı. 120 nəfərdən çox insan bizdən dəvət gözləyirdi və ya biz dəvət etməliydik. Onlara deyə bilməzdik ki, 30 azn verin bilet alın. Satışa bu səbəbdən ilk olaraq 86 bilet çıxardıq. Daha sonra isə 50 bilet daha buraxdıq. Və mən bir şeyin şahidi oldum. Ətrafımızda elə dostlar vardı ki, onlar çox rahat şəkildə dəvətnamə əldə edə bilərdilər. İstəsələr də qətiyyən etiraz etməzdik. Amma onlar heç təşkilatçılara da demədən gedib kassadan bilətlər aldılar və tək özləri üçün yox, bütün tanışları üçün. Və belələri də az deyildi. Təbii ki, adlar çəkməyəcəm, onlara çox minnətdar olduğumuzu bildirmək istəyirəm. Bəli, bu idi 30 manatın sirri – yaxından iştirak edə bilməsəm də, mənim də az da olsa, payım olsun, dəstək olum. İnanın ki, təşkilatçıların görüşlərində mən həmişə deyirdim ki, elələri olacaq ki, onlar sırf dəstək üçün belə edəcəklər və etdilər də. Buradan onlara səslənərək deyirəm – Biz, Sizin mesajınızı aldıq və unutmayacağıq.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

FİF2017 təşkilatçılarının ilk görüşü (video)

Dostlar, bildiyiniz kimi may ayında biz həm də Maliyyə və İnvestisiya Forumuna hazırlaşırıq. Daha konkret desək, 6 may Badamdar oteldə FİF2017 baş tutacaq. Fevralın sonu ilk hazırlıqlarına başladığımız forumun artıq

Tədbirlər 0 Comments

24 mart marketinqdə yaz havası əsəcək

Artıq bir müddətdir ki, ən aktiv marketinq qrupu olan Marketinq Azərbaycanda xoş bir yaz havası hakimdir. Belə ki, mart ayı girərkən qrupun yaradıcılarından biri kimi cover şəklimizi necə kreativ dəyişək

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın