Sizdən öyrəndik

Sizdən öyrəndik

Hər peşənin öz günü var. Bizdə müəllimin nə peşəsi peşədir, nə də günü bir gün. Bayramınız mübarək, əziz müəllimlər. Müvəqqəti çətinlikdir, ölənədək dözməliyik.

Bəli, bu gün müəllimlər günüdür. Ölkədə bəy, xanım müraciətləri dəbdən düşəndən sonra total “yoldaş”a, tədricən də “müəllim” sözünə keçdik. O məsələni dəb halına kim saldısa, bugünkü situasiyanın dolayı qəhrəmanlarından biri də odur. Müəllim sözü bu qədər adiləşməməli idi. Hamıya müəllim deyə müraciət edərək bu adı insanların gözündə ucuzlaşdırmışıq.

Zarafat deyil, həqiqətən. Məsələn, qonşuda bir nəfər biznesmen var deyək. Təbii ki, ətrafı buna “hörmət” edir və əlaməti kimi də “müəllim” deyir. Evdə uşaq da görür ki, bu biznesmenə hamı müəllim deyir. Sonra eşidir ki, o biznesmen nəbilim fəhlələrin pulunu verməyib və buna görə də həbs edilib. Uşağın gözündə bu “müəllim” tipi olur fırıldaqçı. Sabah o uşaq eşidəndə ki, filankəs müəllim fırıldaqçı çıxdı. Ona adi gəlir. Əks halda o saat düşünərdi ki, “o müəllim idi axı, necə edə bilərdi?!”

Başqa misal. Uşağın atasının müdiri Əlövsət müəllim. Şəhərdə hündür-hündür binalar tikir. Evdə, çöldə, yığıncaqda Əlövsət müəllimin adı dillərdən düşmür. Əlövsət müəllim təzə maşın aldı, təzə villa aldı, oğlunu xaricə göndərdi, nə bilim, məsələn, Əhməd müəllimin filan biznesi ilə ortaq oldu. Uşaq da baxır ki, bu sonu müəllim ilə bitən adların yanında dollarlar havada uçuşur. Ona görə də o heç vaxt anlamır ki, necə ola bilər ki, müəllim çox kasıb olar. Kasıbdırsa, deməli günah özündədir. Necə olur ki, Əlövsət müəllim pula pul demir, amma Səməd müəllim 5 ildi bir kostyumu geyinir, 3 yerdə işləyir, evlərində tez-tez söz-söhbət olur. 

Sözümün canı odur ki, hamıya müəllim deyə-deyə həm müəllim adını, həm qalstuku kifayət qədər hörmətdən sala bilmişik. Gəlin, özümüzü alqışlayaq!

Ümumiyyətlə həyat elə gətirir ki, biz əsl müəllimlərin qədrini çox sonra bilirik. Məsələn, mənim riyaziyyat müəllimim var idi – Fərman müəllim. Allah canını sağ eləsin, o dəfə də zəngləşdik, xeyli söhbət etdik. Bu yaxınlarda facebookda da gördüm, çox sevindim. Aradan 18 il keçir, zarafat deyil. İnsan uşaqlığından ancaq bir neçə məqamı xatırlaya bildiyi kimi, mən də bəzi müəllimlər var ki, onların dediyi bir neçə sözü ömrüm boyu unutmamışam. Həyatımın hər anında yadıma düşüb, gah pis olmuşam, gah şükr etmişəm, gah da sevinmişəm.

Deməli, bir dəfə sinif yoldaşım Rahimlə bir məsələdə mübahisə edirik. Biz də guya sinifin ən yaxşı oxuyan iki nəfəriyik. Mübahisə də belədir ki, bəndəniz Rahimlə dirəşib ki, Kitay ayrıdır, Çin ayrı. 🙂 Olar hardasa, 6-cı sinif falan. Bütün sinif də maraqla mübahisəni izləyir ki, görək axırı necə olacaq. Nəisə ki, təbii olaraq sonra məlum oldu ki, ikisi də eyni şeydir və Rahim qalib gəldi. Sonra bu Rahim başladı sinifdə dərsboyu bunu deyib gülməyə. Mən də pərt olmuşdum. Onda Fərman müəllim sakitcə ikimizi də yanına çağırıb dedi ki, “Rahim, yadında saxla, haqlı olsan belə qarşındakını çalış camaatın içində utandırma. Əgər qarşındakı arif adamdısa o səhvini zatən başa düşəcək” Bu söz indiyə kimi qulağımdadır. Həm situasiyanın verdiyi pərtlik hissini yaxşı bildiyimdən ondan sonra həmişə Fərman müəllimin o sözünə bütün mübahisələrdə riayət etməyə çalışdım.

Fərman müəllim, riyaziyyat müəllimi olmasına baxmayaraq həmişə haçansa qeydlər tutduğu kitabçasını gətirər, boş zaman yaranan kimi oradan hikmətli kəlamları bizə oxuyardı. Hansını başa düşməsək izah edərdi. Yavaş səslə oxuyardı, çünki sinifdə elə də qulaq asan yox idi. Ön partada 2-miz eşidirik, bəs edirdi. Ondan sonra 1996-cı ildə mən də bir qeyd dəftəri tutdum. Oboydan kitaba, dəftərə üzlük düzəldən vaxtlarımız idi. Dəftərdə boş yer qoymurduq, cırıb qaralama edirdik. Ya biz çox kasıb idik, ya da həqiqətən qıtlıq idi, dəqiq bilmirəm 🙂 Yəni ilin-günün o vaxtında qalın bir dəftər tutdum. Bu gün də o dəftər durur və mən onu düz universitet illərinə kimi işlətdim. Bu gün də oxuduğum bütün kitabların adını o dəftərin arxasında qeyd edirəm. Say 400-ə yaxınlaşır. Hər yeni kitab oxuduqca gedib dibdən bir yerdən o dəftəri tapıb arxasındakı boş vərəqə yazıram. Mən o vərdişi də müəllimimdən öyrənmişdim.

Bir dəfə də toyda oturmuşdum. Yaxşı tanıdığım bir müəllim sağlıq deyirdi. Açığı şablon sağlıqlara çox qulaq asmıram, dodağın tərpənişindən bilirsən ki, nə deyəcək. Amma bu dəfə necəsə oldu bu sözü qulağım aldı. Deməli, bu müəllim danışdı-danışdı, sonda da dedi ki, “bilirsiniz, 30-a kimi pul qazanmayan adam 30-dan sonra da qazana bilmir, adətən” O gün onu bilirəm ki, səhərə qədər yata bilməmişdim. Belə öz-özümə deyinirdim ki, bu nə tərzdir, iskoç bilim adamları kimi bu araşdırma haradan çıxdı. Amma ürəyimin dərinliklərində özümə səssiz sual edirdim ki, bəlkə düz deyir? Ola bilməz ki?! Yadımda deyil konkret neçə yaşım var idi, deyəsən 2009 zad idi, yəni olardı 24 yaşım. Elə düzəməlli işləməmişdim. Hobbi kimi qəzetdə yazarlıq edirdim. Baxdım ki, yox a kişi, 6 il qalıb 30-a. Nəsə etmək lazımdı. Ondan sonra nə edirdimsə, o söz həmişə yadıma düşürdü. Çox köməyi olmuşdu prinsipial olmağımda.

Sözümün canı odur ki, biz ən yaxşı şeyləri, ən faydalı məsləhətləri valideynlərimizlə yanaşı müəllimlərimizdən almışıq. Yaxşı müəllimlərdən, təbii ki. Müəllim sarıdan bəxti gətirənlərin sonrakı taleyində bu mütləq öz izini buraxıb. Mən də o baxımdan özümü şanslı hesab edirəm. Məktəbin son sinfində tarix müəllimlərim MəhəmmədMübariz müəllim sayəsində öz soykökümü, dövlətimizin, millətimizin tarixini, kimliyimizi çox ətraflı şəkildə öyrənmək imkanım olmuşdu. Dərsdən sonra hamı futbola gedəndə çayxanada mövzu qoyub müzakirə edirdik. Hətta deyim ki, indi çoxunuzun eşitdiyi HUNALTAY təxəllüsünü də o ərəfələr götürmüşdüm. O gün bugün davam edirik. Hakim müəllim mənə təmənnasız olaraq ərəb dili öyrədirdi. Onun verdiyi kitab sayəsində həm bir az dinlə, həm də ərəb dili ilə tanış oldum. Məktəb illərində insan az gördüyü işlərə kənardan yaxşı münasibət görmək, dolayı dolla desək “tərif eşitmək” istəyir. Mənim müəllimlərim həmişə məni həvəsləndirdi. 1 etdiyimi 100 deyib özümü öz gözümdə böyütdülər. Kamil müəllim, mənim ilk vaxtlar mənasız qəzet yazılarımı həvəslə çap edirdi. Bir də ayıldım ki, 200-dən çox qəzetdə çap olunan yazım var.

Universitetdə isə məktəbdən fərqli olaraq yaxşı müəllimlər çox az idi. Orada rüşvət görürdün, kin, nifrət görürdün. Məsələn, müəllim dururdu sənlə “2 şirvanın” söhbətini edirdi. Avtomatik olaraq gözündən düşürdü. Amma buna baxmayaraq universitetdə Telman müəllim, Aslan müəllim, Elnurə müəllimə kimi gözəl insanlar da var idi. Ümumiyyətlə, ümumiləşdirmənin həmişə əleyhinə olmuşam. Həmişə az da olsa, yaxşı insanlar olur və ətrafımızda gözəl olan nə varsa, onlar edirlər.

Dünən hamı müəllimlər gününə özəl Ali-Nino-nun məlum postundan yazırdı. Fürsətdən istifadə edib bir-iki cümlə də o haqda deyib yazımı bitirmək istəyirəm. Ali-Ninonun məlum postu çox qeyri-etik idi, rəhbəri Nigar xanımı da yaxşı tanıyıram, kitab üçün az iş görməyib, qətiyyən onlara yaraşdırmadım. Bu öz yerində. Amma kütlənin amansız hücumu da məni məyus etdi. Deputatlardan biri də müəllimləri işdən sonra fəhləlik etməyə dəvət etmişdi. Onda heç kim boykot etmək, nə bilim təhqir etmək cəsarəti göstərməmişdi, qorxmuşdu. İndi bir şirkət bunu edən kimi üstünə cummaq və sanki ölkədə müəllimlərin hazırkı durumundan məsulmuş kimi şirkəti suçlamaq ancaq və ancaq zəifə hücum etməkdir, başqa da adı yoxdur. Kütlə sözünü mən də sevmirəm. Kökündə KÜT sözü var. Nə deməkdir bilirsiz, kütlə olmayın. Ölkədə ideologiyanın əsas ötürücü qüvvəsi müəllimlərdir. Amma onlar faydalı nəsə ötürmək əvəzinə başqa şeylər ötürəndə ingilislər demiş ortada dərin bir “GAP” yaranır, boşluq. O boşluğu isə mövhumat, cəhalət, radikalizm, xarici təsirlər və s. doldurur. Gərək insanların ədalətə inamını sarsıtmayasan. Ədalətə və hüquqa güvən itəndə, suda boğulan saman çöpündən yapışan kimi o adamlar da nəyin gəldi təsirinə düşəcəklər ki, təki “boğulmasınlar”. Sözümün canı o şəraiti yaratmamaq lazımdır. Əks halda nəticəsinə qatlanmalı olacaqsan. Mənə elə gəlir ki, bugün bir çox bölücü ideyaların kökündə bu amil var.

Son bir misal və yazını bitirirəm. Bizim kitabxanalarda insanı çox vaxt “nervinni” xalalar qarşılayardı, sənlə çox kobud rəftar edərdilər. Amma fərqli-fərqli səfirliklərin mədəniyyət mərkəzləri var idi, onların da kitabxanaları olurdu. Ora gedəndə bilmirdilər nə edələr, sənə şəxsiyyət kimi hörmət edirdilər, adam yerinə qoyurdular. Böyüyəndə başa düşdüm ki, təsirlərinə salmaq üçün edirdilər əsas. Amma olsun. Hamı böyüyəndə başa düşmür və ya düşəcək deyə bir şey yoxdur ki. Orta statistik gənc də baxırdı, müqayisə edirdi və seçimini edirdi. O mənə dəyər verirsə, onun dediyi şey böyük ehtimal düzdür. Vəssalam, onunla O, öz həyat yolunu seçdi.

Şəxsiyyət sözünü ancaq vəsiqə alanda eşidən adamlar var. İnsanlara şəxsiyyət olduqlarını göstərmək lazımdır. Mən bizə şəxsiyyət olmaqda kömək edən, həyatını, sağlamlığını fəda edən bütün müəllimlərin bayramını təbrik edirəm. Həyatımızda yaxşı nə varsa, bilin ki, Sizdən öyrəndik.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Şəxsiyyət sözünü ancaq vəsiqə alanda eşidən adamlar var. İnsanlara şəxsiyyət olduqlarını göstərmək lazımdır. Mən bizə şəxsiyyət olmaqda kömək edən, həyatını, sağlamlığını fəda edən bütün müəllimlərin bayramını təbrik edirəm. Həyatımızda yaxşı nə varsa, bilin ki, Sizdən öyrəndik.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

İdeal nümunəsində Baş Direktorun istefa azadlığı haqqında

Bu aralar xəstəyəm deyə yazı yazmağa həvəsim yox idi. Bugün isə dostumuz, hr müəllim Coşqunun statusunu təsadüfən gördüm. İşləyəndə də gərək belə Hr-lar ilə işləyəsən e 🙂 Status aşağıdakı kimi idi:

Köşə yazıları 0 Comments

Komfort zona, kəsib atmaq və prinsipiallıq haqqında

Həyatım boyu bir neçə dəfə komfort zonamı tərk etmişəm. Hər şey bir anda, bir cümlə ilə qərara bağlanıb. Bəzən mənə deyilən bir söz, bəzən də özümün özümə verdiyim bir sözlə

Köşə yazıları 0 Comments

Belə alındı

Deməli, Celal Şengörün “Dahi Diktator” kitabını bu yaxınlarda oxudum bitirdim. Orada bir fakt marağımı o qədər çəkdi ki, bəzi yaşadıqlarımı da əlavə etməklə bu yazını yazmaq qərarına gəldim. Yazının adı

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın