Statistikanın yanı…

Statistikanın yanı…

Millətin yarısından soruşsan ki, statistika deyəndə ağlına nə gəlir, deyəcəklər ki, “astanovka”. Bəli, “statistikanın yanı” sərnişinlər, taksi və avtobus sürücüləri üçün ancaq dayanacaqdır. Halbuki, düzgün statistika biznes və cəmiyyət üçün hava-su kimi bir şeydir.

Çox heyf Azərbaycanda normal, düzgün statistika ala bilmirik. Qonşularımızda real bazar statistikalarını ictimai birliklər, qht-lər, assosasiyalar aylıq, rüblük, illik olaraq ictimaiyyətlə paylaşır. Bizdə isə bunu məxfi məlumat kimi ancaq ondan-bundan eşidib təxmin edə bilirsən. İctimai birliklər də real olaraq işlək vəziyyətdə deyil. Çünki nə şirkətlər belə birliklərdən çox şey gözləyir, nə də görünür ki, dövlət bu işi çox ciddiyə alır. İnsaf naminə deməliyik ki, vergilər sahəsində son atılan addımları təqdir etmək lazımdır. Məncə, sahibkarlıq üçün əvvəllə müqayisədə xeyli müsbət dəyişikliklər var. Yeganə olaraq bu imzalanan qanunların praktik icrası məsələsi qalır. Əgər onda da bir problem olmasa, inkişaf adına nədənsə danışmaq olar.

Odur ki, böyük-böyük danışmaq kimi çıxmasın, hökümət müxtəlif biznes sferalarına aid ictimai platformaların sayını artırmalı, bu işi görən adamları həvəsləndirməli, fəaliyyətləri üçün münbit şərait yaratmalıdır. Şirkətlər də qoşulmaqda faydanı görüb könüllü şəkildə aktiv fəaliyyətə başlayar. İnansalar ki, yığışıb problemlərini, nə bilim nə istehsalçıları birliyinə yazsalar, təklif kimi həmin fikirlər milli məclisdə müzakirə olunacaq, o halda normal bazar məlumatları da olacaq.

Yəqin yazını oxuyanda aranızda düşünənlər oldu ki, elə həvəslisənsə, özünüz edin. Etdik, xeyri olmadı. Bir-neçə ay öncə biznes maarifçilik cəmiyyəti adlı ictimai təşkilat yaradıb ilboyu etdiyimiz bir çox tədbirləri onda birləşdirmək istədik. Məqsəd yalnız və yalnız faydalı olub biznes mühitinin sağlamlaşdırılması idi. Bir-neçə düzəlişdən sonra yorulduq. Adamın səhvlərinin hamısını bir məktubda desələr və Siz də hamısını növbəti dəfə düzəldib gəlsəz, nə vardı ki. Məsələn, 10 düzəliş tələb edilirsə, birinci dəfə bunun 1-ni deyirlər. Gedirsən o 1-ni düzəldib gəlirsən, sonra ikincini deyirlər. 2-ci dəfə düzəliş edib sənədləri verirsən, 3-cü düzəliş, 3-cü dəfə də düzəliş edib gedirsən 4-cü, 5-ci düzəlişlər gəlir. Hərdən bir az fərqlilik olsun deyə, təzədən 1-ci düzəlişlərinə dair əlavə qeyd verə bilərlər. Bu müddət ərzində bəlkə də min dəfə daxili nömrələrinə, qaynar-xəttə zəng etdim. Ümumiyyətlə telefonu qaldırmırlar, qaldıranda da top kimi onun-bunun üstünə atırlar. Sənin işinə baxan adam məzuniyyətə gedibsə, mütləq gözləməlisən ki, o məzuniyyətdən qayıtsın. Birtəhər əlaqədar adamı tapıb telefonda deyirsən ki, bəs nə var bir dəfəyə deyin həll edək, deyirlər oldu, amma sonradan nəsə olur və eyni şey təkrarlanır. Allahından sənədin verildiyi yer də elədir ki, maşın zad saxlamaq da olmur, gedib-gəlmək də yorur. Beləcə uzana-uzana gedir və bezirsən. Natariusla bağlı məsələlərdən isə heç danışmayım. Yaxşı ki, çox işi indi ASAN-a veriblər.  Bizim siyasətlə əlaqəmiz yoxdur, məqsəd kənardan maliyyələşən nələrinsə qabağını almaqdırsa, qurunun oduna yaşı niyə yandırırsız ki?! Ağacdan meyvə dərmək üçün, budağı qopartmağa ehtiyac yoxdur.

Bir də çox maraqlı adamlar var. Məsələn, hansı qurumu tənqid edirsən, o qurumun rəhbəri öz səriştəsizliyini malalamaq üçün “super” çıxış yolu tapır – gözünüz götürmür, müxalifətçisiz və s. Bəyəm hər tənqid edən müxalifətçi olmalıdır, yoxsa, qəbahət bir şeyi ancaq müxalifətçilər tənqid etməlidir?! Camaat da öyrəşib elə bil. Məsələn, hansısa sektorun yarıtmaz fəaliyyətindən şikayətlənirsən, deyirlər “düşmən dəyirmanına su tökmə”. Sonra bu işi görəni yüksək rəhbərlik özü çox sərt cəzalandırır. Konsert bundan sonra başlayır. Elə bil bu qədər var-dövləti işdən çıxan kimi qazanırlar, bir gecədə o boyda villanı tikirlər. 1 kvadrat metrlik balkonu artıranda 100 yerdən gəlirlər, amma hansısa məmur çıxan kimi onun şəhərin hər tərəfindən görünən obyekti “qanunsuz” çıxır. Saytlarımız da ŞOK başlıqlı yazılar tirajlayır. Sanki heç kim bilmirdi, bunlar üzə çıxartdı. Açıq deyim Sizə – ölkədə analitik yazılar oxuya biləcəyimiz sayt qalmayıb. Düzəməlli bir-iki köşə yazarı var, onları oxuyanda başa düşürsən ki, hə, “öz fikridir”. Başqa hamı “dırnaq içində” danışır elə bil. Nə bilim, bəlkə də belə olmalıdır, biz bilmirik…

Əlqərəz, hər ay Türkiyə, Rusiya və xaricdən 20-yə yaxın jurnal alıram, oxuduqca doymaq olmur. Oxuyursan, düşünürsən, yaxşı xeyli şeyi götürür, hətta tətbiq də edirsən. Amma bunu hamı etmir təbii ki. Ölkədə çap mətbuatı yox kimi bir şeydir. Ən tanınmışları isə ancaq moda, dəb jurnallarıdır. Bir vaxtlar Marketinq jurnalı çıxırdı, xeyli də səs-küy yarada bilmişdi. Sonra təbii olaraq maliyyəsizlikdən bağlandı. Bugün biznes sferaya aid real, öz ayağı üstdə dura bilən çap nəşri yoxdur. Bir neçə tematik sayt var ki, onların ümidinə qalmışıq. Daxili bazar haqqında ancaq bu tip mənbələrdən, bir də ordan-burdan məlumatlara sahibik. Çox acınacaqlıdır. Capital jurnalını, məsələn, hər ay alıram. Olmasa-olmasa 30-dan çox reklam var, qiymətlər də od qiyməti. Bizdə öz xoşu ilə bir jurnala 30 şirkət reklam verərdimi? Xeyr. Amma düşük bir vaynerə 3 dəqiqəlik videosu üçün 3000 azn-i rahat verənlər var. Bizi də inandırmağa çalışırlar ki, biz nə edək, xalq nəyə baxırsa, ora reklam veririk. Xalqa nə zaman keyfiyyətli kontent göstərdilər baxmadı?! Özümüzü kiçiltməyək, xahiş edirəm. Biz kiçik düşünən millət deyilik. Özünü və millətini kiçik görən adam sadəcə öz tənbəlliyinə haqq qazandırmağa çalışan adamdır.

Öz daxili biznes mühitimiz haqqında əsaslı bir statistikanı sizinlə məlum səbəblərdən paylaşa bilməyəcəm, təəssüf ki. Bircə onu bilirəm ki, şirkətlərimiz yeni vergi islahatlarına görə gələcəyi proqnozlaşdıra bilmirmiş kimi müşahidəm var. Oturub gözləyirik. Heç olmasa hərəkət edə-edə “gözləsək” dərdyarı. Konkret oturub gözləyirik. Elə oturmuşuq ki, dur desələr, ona da xeyli vaxtımız gedəsidi.

Həkimlər neçə ildi sarımsaq deyə-deyə qalmışdılar, vecimizə almırdıq. Amma sağ olsunlar, son məlum hadisədən sonra “sarımsaq keysi” 2 ildir ki, dilimizdən düşmür. “Sarımsaq keysi” artıq ali məktəblərdə dərsliklərdə tam istifadə edilə bilər. Bu kimi misalları çoxaltmaq da olar. Parnik biznesi, məsələn. Bunların hamısı da düzgün statistikanın olmamasından irəli gəlir. Və ya var, heç kim onu paylaşmaqda maraq göstərmir.

2019-cu il dünya iqtisadiyyatı üçün heç də yaxşı il sayılmaz. Aşağıdakı şəkildə rəqəmlərdən özünüz də görə bilərsiniz. Artım tempi, böyüyən bazarlar əsasən inkişaf etməkdə olan bazarlardır. Gördüyünüz kimi yaxın qonşularımız Türkiyə 2019-da 0.4%, Rusiya isə 1.8% olacaq. Neftin qiyməti də 2019 təxminləri 2018-in altındadır. (68.76 dollar)

Capital jurnalından alıntı

İl sonuna Türkiyədə inflyasiya 15%-dən çox təxmin edilir, amma reallıqda hamı 20%-dən çox olacağına əmindir. Təsəvvür edin ki, 2018-ci ildə 950 min yeni avtomobil satan Türkiyənin 2019 təxminləri 250 min ədəddir. Rusiyada da maraqlı hadisələr yaşanır. Məlum Rusiya böhranından sonra 2017-2018 dirçəlmə ili idisə, 2019 nisbətdə azalma ili olacaq. Bunların heç biri bizə təsirsiz ötüşməyəcək. Məsələn, Türkiyə və Rusiya gücü ixraca verəcək. Bizim kimi ölkələrə a-dan z-yə mallar doldurmağa çalışacaqlar. Məsələn, KOTON brendi. Oxuyuram ki, 29 ölkədə 516 mağazaları var, ili də 4 milyard lirə dövriyyə ilə bitiriblər. 2019-cu il artım hədəfləri də bilirsiz nə qədərdir? – 40%. Və dövriyyələrinin də 40%-ni xarici bazarlar hesabına əldə edirlər. 2019 ixracat proqnozu da 200 milyon dollardır. Bu kimin hesabına olacaq? Təbii ki, bizi kimi ölkələrin. İstehlak etdiyimizi istehsal edə bilməsək, vəziyyət türklər demiş vahimdir.

Uzun sözün qısası, inkişafın ilk mərhələsi mühit formalaşdırmaqdan başlayır. O mühitin içində də statistikanın, düzgün statistikanın çox ciddi rolu var. O olmasa, mühiti düzgün dəyərləndirə bilmərik. Şirkətlərin fokusu isə mühit formalaşdırmaqdan daha çox formalaşmış mühitdə daha çox gəlir əldə etmək olmalıdır. Mühit formalaşdırmaq, platformalar yaratmaq isə dövlət strukturlarının əsas işidir. İnanıram ki, gec-tez o mühit bizdə arzuolunan səviyyədə formalaşacaq.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Hətta o qədər "statisikanın yanı" dedik ki, komitədə işləyənlər də bu sözü hərfi mənasında başa düşüb illər boyu ancaq statistikanın yanından keçməklə məşğul oldular. Bizə statistikanın özünü yox, yanını göstərdilər.  

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Keyfiyyətli yerli təlimlər əvəzsizdir

Ötən ay yenə Sat Group ilə Şamaxı Şərədil oteldə təlimimiz var idi. Bu dəfə isə satış direktorları, satış nümayəndələri üçün idi. Təlimdən olduqca böyük zövq aldım. Auditoriya səninlə birgə müzakirələrdə

Araşdırma 0 Comments

Marketinq Azərbaycan qrupu üzvlərinin bitirdiyi universitetlər (II yazı)

Dostlar, nəhayət 11000-lik qrupumuzun üzvlərinin universitetlər üzrə təhlilini də bitirdik. İlk yazıda isə üzvlərin yaş aralığı və cinsinə görə statistikasını paylaşmışdıq. Beləliklə, oradan başlayaq ki, qrup üzvlərinin 53%-nin profilindəki təhsil

Satış 0 Comments

“Böyüt sat” prinsipi

Bu yazıda mövzumuz şirkətlərin inkişaf strategiyası və həyatlarının müxtəlif dönəmlərində alınıb-satılmasıdır. Daha doğrusu böyümək, daha dayanıqlı, sağlam böyümək üçün strateji addımlardan sayılan, kobud ifadə edəsi olsam, “böyüt sat” prinsipindən yazacam.

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın