5-cə dəqiqə… Bilmədiklərimiz yox, bilib tətbiq etmədiklərimiz haqqında

Xeyli vaxtdır nə haqqında yazacağım barədə düşünürdüm. Nəhayət növbəti iş görüşlərinin birində qərarımı verdim. Mövzum bir çoxlarımızın mütəmadi olaraq iştirak etdiyi və ya dəvət etdiyi şəxslərlə iş görüşməsi haqqında olacaq. Görüş öncəsi, görüş zamanı və sonrası nələrə diqqət etməliyik, professional danışıq tərzi, dinləmə bacarığı və effektiv nəticə əldə etmək üçün bilmədiklərimiz yox, bilib tətbiq etmədiklərimiz haqqında yazmaq istəyirəm. 
Mən, Bakıdakı bütün “qara adamlar” kimi səhər saat 9-da işə gəlib axşam neçədəsə evə gedənlər sinfinə daxiləm. Səhər isə ilk işim gündəliyimdə bu günə qeyd olunan görüşləri incələmək, dəqiqləşdirmək olur. Görüşün və görüşənin tipinə, əhəmiyyətinə uyğun olaraq ön hazırlıq gördüyüm vaxtlar da olur. Çalışıram ki, görüşdə istifadə etdiyim kəlimələri belə çox diqqətlə seçim, çünki yerində olmayan bir söz belə görüşün taleyini həll edə bilər. Bu illər ərzində görüşlərin sayını unutsam da, özümçün qeyd etdiyim bəzi məqamları unutmamışam. Bu dəfə də məhz bunları üzrünüzə sığınaraq paylaşmaq istəyirəm.

“Söyləmədiyim şeylərin heç biri mənə zərər vermədi” 
Təbii ki, istənilən görüşdə tərəflər danışır. Danışıq günümüzün ən effektiv əlaqə, ünsiyyət vasitələrindəndir. Görüş öncəsi yaxşı olar ki, görüşün mövzusu haqqında bilgili olasınız. Əgər bir şirkətə təklifiniz varsa, o təklifi təqdim etməmişdən öncə şirkət haqqında məlumatlı olduğunuzu hiss etdirməniz ziyan verməz. Hətta şirkətin fəaliyyətində bir neçə gün və ya bir neçə saat öncə olmuş hər hansı bir işə manevrli münasibətiniz də xoş təəssüratlar yarada bilər. Bu mərhələyə təməl atmaq da demək olar. Kim nə deyir desin, görüşdə bir başa mətləbə keçməyi və keçənləri heç vaxt sevməmişəm. Lakin maraqlı bir məqam daha var ki, əksər vaxt bununla rastlaşıram. Görüş zamanı ilk anda tanışlıq vermə sanki bir dəb olub. Məsələn, qapını açıb görüşə girirsən, xoş-beş on-beşdən sonra “filankəs Sizə salam dedi”, “Sizi öncə hardasa görmüşəm”, “Siz filankəsi tanımırsınız?” və ya “Sizin filan dostunuz mənim də sinif yoldaşımdır və ya iş yoldaşım olub, yaxşı oğlandır” kimi frazaları yəqin Siz də eşitmisiniz. İlk andaca tanışlıq verilməsinin düzgün olmadığını, hətta çox səhv addım olduğu qənaətindəyəm. İlk öncə ona görə ki, bu addımla səmimiyyətinizi şübhə altına almış olursunuz, daha sonra isə qarşı tərəfdə istifadə olunma, “boynuna qoyma” kimi təəssüratlar yarada bilər. Hələ bilmədən tanışlıq verdiyiniz şəxsin tərəfdaşınızla bir problemi varsa, elə ordaca görüşü uduzdunuz da demək olar. Ona görə ən yaxşı halda lüzum olarsa, görüşün sonunda qısa xatırlatma etmək olar ki, bu da artıq o ana qədər formalaşan vəziyyəti möhkəmləndirə və ya yönləndirə bilər. Məsələn, mən, kim olur-olsun, öncədən “əl yeri” qoyulan görüşləri heç sevmirəm, görüşü qiymətləndirməmdə isə bir balını yüz faiz bu məqama görə itirir. Beləliklə, görüş öncəsi diqqət etməli olduqlarımız və ya söyləyəcəklərimiz haqqında danışdıq. Ədiblərdən birinin dediyi kimi “söyləmədiyim şeylərin heç biri mənə zərər vermədi”. Çalışın ki, söylədikləriniz, sonra əleyhinizə çevrilməsin. 
Səsini deyil, sözünü yüksəlt 
İndi isə keçək görüşün özünə. Görüş başlayır və biz danışmağaza başlayırıq. Ümumiyyətlə danışığı 5 ünsür formalaşdırır və bunlar gözəl danışığı şərtləndirir. Bu 5 ünsürə səs, tələffüz, danışıq dinamikası, söz bazası və danışıq üslübü aiddir. 
Səs görüşdə ən həlledici vasitədir. Belə ki, tərəfdaşınızın səs tonundan onun özünə güvənini, həyəcanını, nə qədər bilgili olmasını, dikbaşlımı, yoxsa təvazökarmı olduğunu müəyyən etmək çətin olmur. İnsana necə ilk qiyməti geyiminə görə verirlərsə, danışığa ilk qiymət də səsdən başlayır. Danışıq səsimizdə ən önəmli məqam səs tonudur. Çalışın heç vaxt monoton səs tonu ilə danışmayın. Bu qarşı tərəfi sözün əsl mənasında “yuxulada” bilər. Səsinizə bir az emosiya qatın, bəzi yerlərdə alçaq səslə, vurğulamaq istədiyiniz yerlərdə isə nisbətən yüksək səslə danışaraq diqqəti üzərinizdə saxlaya bilərsiniz. Danışıq mətnini qurarkən yaxşı olar ki, tərs piramida üsulundan istifadə edəsiniz. Yəni daha önəmli olanları daha öncə deyib, az önəmlilərə görə sıralaya bilərsiniz. Ümumiyyətlə, keyfiyyətli danışıq səsi eşidilə bilən, axıcı və xoşa gələn olmalıdır. 
Danışarkən sözləri həm də tələffüz edirik. Xüsusən iş görüşmələrində terminlərin istifadə ehtimalı daha çox olduğuna görə həmin terminlərin düzgün tələffüzünə diqqət etmək lazımdır. Kobud, səhv tələffüz də nəticə balınızıdan mütləq siləcəkdir. Məsələn, mən, indiyə kimi bir şirkətin marketinq menecerinin gətirdiyi təkliflə bağlı görüş zamanı marketinqə dəfələrlə “marketnik” deməsini heç unutmuram. Görüşün mövsuzuna uyğun terminləri, deyəcəyiniz hər sözü düz tələffüz etməniz Sizi daha məlumatlı göstərəcəkdir. 
Söz terminlərdən düşmüşkən bu haqda da bir-iki kəlimə demək istərdim. Bəzən görüşlərdə insanların daha çox mürəkkəb terminli sözlərdən istifadə etmə həvəsində olduğunu görürük. Əsasən də azərbaycan dilində qarşılığı ola-ola hər dəfə əcnəbi dildə səsləndirmə qarşı tərəfdə “yapmacıq” görüntüsü yarada bilər. İlk öncə həmsöhbətinizin mövzuya nə dərəcədə aidiyyatlı biri olduğunu müəyyən edin. İnsana onun anlamayacağı terminləri, ifadələri təkrar-təkrar söyləməklə onu mövzudan uzaqlaşdıra, yora və özünü pis hiss etməsinə səbəb ola bilərsiniz. Hətta qarşı tərəf bunu bilərəkdən “məzələnmə” kimi də qiymətləndirə bilər ki, bu da Sizə hər halda lazım deyil, doğru da deyil. Bunu dil məsələsinə də aid etmək olar. Əsasən də bu rus və azərbaycan dilində olan görüşlər zamanı baş verir. Əgər görüşə Siz getmisinizsə, çalışın ki, görüşdüyünüz şəxsin danışıq dilində danışın. Ümumiyyətlə, görüşlərdə lüzum olmadıqca azərbaycan dilindən başqa bir dildə danışılmasının qəti əleyhinə olanlardanam. Hətta dilimi rus-dilində açmağıma və bir müddət bu dildə təhsil aldığıma baxmayaraq bir az da tarixi səbəblərdən olsa gərək ki, bu dildə danışmağı heç, amma heç sevmirəm, ələxsüs öz ölkəmdə, öz vətənimdə. Görüşlərdə isə bəzən rastlaşmaq olur ki, görüşən bir tərəf bir dildə danışır, qarşı tərəf isə başqa dildə cavab verir, bu halda mütləq şəkildə ikisindən biri güzəştə getməli, görüş dilini eyniləşdirməlidir. Çünki fərqli dillərdə görüşün getməsi mühitə pis mənada təsir edir. Hətta bunu türk dilinə də aid etmək olar. Qohum dil olsaq belə, ölkəmizdə öz dilimizdə danışmalıyıq, gələnlər də bunu öyrənməyə cəhd etməlidirlər. Əlqərəz, keçək o biri mətləbə. 
Danışığı formalaşdıran digər 3 ünsür isə yuxarıda dedyimiz kimi danışıq dinamikası, söz bazası və üslubdur ki, bu haqda da artıq məlumat vermişik və daha geniş şərhə ehtiyac yoxdur. Söz bazası ilə bağlı yeganə olaraq onu qeyd edək ki, aparılan araşdırmalara görə insana ortalama 300-400 söz kifayətdir ki, fikrini sərbəst ifadə edə bilsin. 
“Nə söylədiyiniz deyil, necə söylədiyiniz önəmlidir” 
İndi isə görüş zamanı ortaya çıxa biləcək bəzi məqamlara diqqət edək. Bunların bir çoxu böyük ehtimal hamımızın başına gəlib. Beləliklə, 
· Nə vaxt Sizə münasibdir? – görüşə gecikmək bəyənilmir. Təəssüf ki, indiki zamanda görüşü təyin edib gəlməyənlər də olur, hətta bunu izah etməyənlər də. Bu yaxınlarda şəhərimizin məşhur otellərindən biri məhz bu cür etdi, artıq nə olur-olsun o otelə qarşı məndə pozitiv fikir qalmadı. Gecikəcəyinizi təxmin edirsinizsə, bu haqda qarşı tərəfi xəbərdar etmək də çıxış yollarından biridir. Sadəcə unutmayın ki, indiki zamanda bir çoxlarımızda saatın hər dəqiqəsi çox önəmlidir. Bir də görüş üçün mənə görə ən uğursuz vaxtlardan biri bazar ertəsidir. Çünki elə bir adam tanımıram desin ki, 1-ci gün məndə nisbətən sərbəst günlərdəndir. Ona görə də 1-ci gün üçün görüş təyin etməyə o qədər də lüzum olmadıqca cəhd etməyin. Və hər nə qədər bizi kimi “qara adamlara” aid olmasa da, şənbə günü də görüş üçün münasib vaxtlardan sayılmır. Maraqlı bir məsələ daha. Son zamanlar ilk dəfə və ya cəmi bir-iki dəfə telefonla danışdığım və ya görüşdüyüm şəxslər növbəti görüş vaxtını “işdən sonra oturaq danışaq bəlkə?!” deyə də təyin etmək istəyirlər ki, mənə görə bu yanlışdır. İnsanın özəl vaxtına müdaxilə kimi qiymətləndirmək olar. Bu yalnız “köhnə dostlar” üçün keçərli deyil, hətta onlar üçün bu lazımdır da. Günün yorğunluq və stressini atmaq üçün dərman rolunu belə oynaya bilər. 
· Təyin edən bir, gələn ayrı – bəzən olur ki, telefonda biri görüş təyin edir, mətləbi uzun-uzadı izah edir, o sual verir, sən sual verirsən və nəticədə görüş təyin olunur. Görüş istəyən görüşün yerini, saatını dəqiqləşdirir, hətta öz nömrəsini əlaqə üçün verir. Və görüş zamanı məlum olur ki, görüşə gələn başqasıdır. Sən demə, o zəng edənin işi ancaq o imiş J. Adətən bunu xanımlar daha çox edir ki, bunu da hardasa bir addım, bir üsul olaraq qiymətləndirmək olar. İstənilən halda bunun da effektiv olmadığı qənaətindəyəm. Odur ki, görüşü Siz təyin edirsinisə, görüşə özünüz gedin, gedə bilməyəcəksinizsə, öncədən bu haqda qarşı tərəfi xəbərdar edin. 
· Bir-bir danışın – bəzən görüşdə qarşı tərəfdən 3-4 nəfər iştirak edir. Söhbət zamanı isə bir-birilərinin sözünü kəsir və ya birinin verdiyi informasiyanı o biri yalanlayır, düzəliş edir. Əksər vaxt da biri o qədər danışır ki, o birilərinə sadəcə vaxt qalmır. Bu səbəbdən görüşə komanda şəklində gedirsinizsə, hazırlıqlı gedin və kimin nəyi nə zaman vurğulayacağını öncədən müəyyən edin. 
· İmkan verin adam burnunu qaşısın – Bəzən görüş zamanı olur ki, qarşı tərəf ancaq və ancaq sənə tərəf eyni nöqtəyə baxır və başqa yerə də baxmır. Bu bir müddətdən sonra adamı yora, özünü narahat hiss etdirə bilər. Arada diqqəti bir az dağıtmaq üçün başqa istiqamətlərə baxmaq da olar. Ancaq bir nöqtəyə baxarkən qarşınızdakını “dondurmuş” olursunuz. Hərdən fərqli istiqamətlərə baxın ki, insan bir az sərbəst hərəkət edə bilsin. 
· Rəqibi, şirkəti pisləməyin – əksər vaxt və ən çox da acıqlandığım məqamlardan biri hər hansı sahə üzrə təklif gətirən birinin o sahədə fəaliyyət göstərən digər şirkəti və ya şəxsi pisləməsidir. Unutmayın ki, rəqibi pisləmək qarşı tərəfdə Sizə qarşı müsbət fikir formalaşdırmır. Rəqibi pisləməyin, əvəzinə özünüzün üstün cəhətlərinizi sadalayaraq fərqi hiss etdirməyə çalışın. Hələ görüşünə getdiyiniz şirkəti və onun fəaliyyətini heç pisləməyin. Bu o demək deyil ki, bilərəkdən yalan söyləyin. Sadəcə hər şeyi deməyin öz qaydası var. Məsələn, şirkət üçün önəmli bir atribut haqqında danışarkən, o atribut iyrənc olsa belə, “bu çox çirkin görünür” demək əvəzinə, “buraya bunları da əlavə etsək və ya buranı bu cür dəyişdirsək daha gözəl ola bilər” də deyə bilərsiniz. Əminəm ki, ikinci variantda müştəri daha qəbul edici tutum sərgiləyəcəkdir. Və ən əsası görüşdüyünüz şəxs şirkət rəhbəridirsə, onu günahkar, savadsız çıxarmağa çalışmayın. Heç kim Sizi onu tənqid edin deyə görüşə çağırmır və bundan da xoşlanmır. Öncə dediyim kimi hər şeyin türkcə desək, daha politik demə tərzi vardır. 
· Danışarkən fasilə verin – görüş zamanı sözü alıb gedirsinizsə, qarşı tərəfi diqqətlə izləyin. Ola bilsin ki, dediyiniz hər hansı sözə qarşı yadından çıxmamış nəsə demək istəyir, bunu jest və mimikası ilə bildirir, lakin hörmət xatirinə sözünüzü kəsmir. Bu halda bunu sezib fasilə verməyiniz lazımdır. 
· Sizə qulaq asmırlar? – bəzən olur ki, siz danışırsınız, ancaq qarşı tərəf buna kifayət qədər diqqət yetirmir və ya dinləmir. Bu halda çox münasib bir tərzdə danışıq dinamikasında dəyişiklik edərək diqqəti özünüzə yönəldə bilərsiniz. Və ya danışıq əsnasında qarşı tərəfə cavabı jest və mimika ilə verilə bilən suallar da yönəldə bilərsiniz ki, bu halda da məcburən qarşı tərəf sualınıza doğru cavab vermək üçün dinləyəcəkdir. 
Fərqli situasiyalar haqqında da bu qədər. Yuxarıda az da olsa az bildiklərimiz, öyrəndiklərimiz sayəsində faydalı olmağa cəhd etdik. Gözəl bir əməkdaşlığın başlanğıcı olan iş görüşmələri haqqında təcrübələrimizi paylaşdıq. Çox vaxt görüş təyin edərkən “5-cə dəqiqə vaxtınızı alacam” sözünü simvolik olsa belə, işlədirik. Ancaq yuxarıdakı məqamlara riayət edərək sözün əsl mənasında fikrinizi ifadə etmək üçün 5-cə dəqiqə də Sizin üçün yetərli ola bilər. 
Gələn dəfə daha faydalı olmaq diləyi ilə…
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Marketinq Azərbaycan qrupunun 5 ili tamam oldu

31 avqust tarixində facebookda ən böyük qapalı marketinq qrupu olan Marketinq Azərbaycan qrupunun yaranmasının 5 ili tamam olur. Qrupun yaranma tarixi və keçirdiyi tədbirlər haqqında daha öncə çox yazmışam. Bu

Faktlarla Facebook qalmaqalı. Bağlansa nə baş verər?

Yəqin hamınız məlum hadisədən xəbərdarsınız. Xəbəri olmayanlar üçün qısa arayış keçim. Facebookun əməkdaşlıq etdiyi şirkətlərdən biri – Cambridge Analytica deyilənə görə facebookun da icazəsi olmadan 50 milyon insana aid məlumatlardan

Marketinq 0 Comments

Böhrandan Yeni Dövrana – bütün kitab mağazalarında

Əziz dostlar, bildiyiniz kimi bu ilki Milli Marketinq Forumuna özəl olaraq “Böhrandan Yeni Dövrana” adlı 2-ci kitabımız işıq üzü gördü. Biz ilk dəfə bu kitabı forum günü satışa çıxardıq. Çox

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın