Biz niyə yazmalıyıq ?!
“Yazar olmaq istəyirsən? Hər şeyə rəğmən, o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa, yazma! Çağrılmadan gəlməzsə – ürəyindən, düşüncəndən, ağzından və canından, yazma. Söz axtararaq, saatlarla oturub gözünü komputerin ekranına zilləməlisənsə, yazma. Pul və ya şöhrət üçün yazırsansa, yazma. Yatağında qadınlar istədiyindən yazırsansa, yazma. Yazmağı eləcə ağlından keçirmək ağır işdirsə, yazma. Əyləşib təkrar-təkrar, yenidən yazmalısansa, yazma. Başqa birisi kimi yazmağa çalışırsansa, unut bunu. Onun içindən gurultuyla çıxmasını gözləməlisənsə, o halda səbrlə gözlə. O, heç vaxt gurultuyla çıxmazsa, başqa işlə məşğul ol. Onu ilk öncə həyat yoldaşına, qız dostuna, oğlan dostuna, valideynlərinə və yaxud ümumiyyətlə, kiməsə oxumalısansa, sən hazır deyilsən. Çoxsaylı yazarlardan olma, özünü yazar adlandıran minlərlə insandan olma, maraqsız, bezikdirici və lovğa olma, xudbinlik hissi səni boğmasın. Dünya kitabxanaları sənin kimilərin ucbatından yuxuya dalıb. Bunların sayını artırma. Yazma! O, ruhundan raket kimi çölə çıxmazsa, sakit durmaq səni dəliliyə, özünü sui-qəsdə və qətlə məcbur etməzsə, yazma!”
Əziz dost, demək olar ki, son 1 aydır dərindən oturub məni düşündürən yazı yazmamışam. Ümumiyyətlə bilirsiniz ki, elə də tez-tez yazmıram. Son 1 ay isə açıq deyim ki, ciddi şəkildə dünya ədəbiyyatı ilə bağlı mütaliələr edirəm. İstər marketoloq olsun, istər digər peşə sahibi mütaliəsiz insan boşdur, bir yerə qədər gedəcək və günlərin birində dirənəcək. Ona görə də marketinqlə bağlı bütün dostlarıma şiddətli tövsiyyəm bir an belə olsa, mütaliəni axsatmamalarıdır. Oxuduqca görəcəksiniz ki, artıq oxuduqlarınız içinizdə özünə yer tapa bilmir, Siz oxuduqlarınızla ətrafınızdakılar arasında avtomatik əlaqələr qurur və bunu yazıya tökmək ehtiyacı hiss edirsiniz. Xüsusən ədəbiyyat Sizə yazmaq üçün xeyli mövzu verər. Bir çoxlarınızda olduğu kimi yazmaq elə bu cür başlayır. İnsan dayanmadan oxuyur, oxuyursa mütləq yazır. Maraqlısı da odur ki, çox vaxt o, niyə yazdığı, kimə faydalı olması haqqında düşünmür, sadəcə yazır. Bu haqda vaxtilə “Yazmağın ləzzəti” adlı bir məqalə də yazmışdım. İstəsəniz oxuya bilərsiniz.
Ola bilər ki, giriş Sizə qarışıq gəlsin. Təsadüfi deyil. Bu günlərdə Amerika ədəbiyyatının əfsanələrindən biri olan Çarlz Bukovski haqqında oxuyurdum. Çox qəribə həyat taleyi, tərzi olsa da, 45-ə qədər kitab sahibi olan Bukovski həm də çox maraqlı deyimləri ilə məşhurdur. Yuxarıda dırnaq içində olan sözlər də məhz Ona aiddir. Balaca bir mətndə nə qədər məna, nə qədər fəlsəfə, nə qədər reallıq var. Hər cümləsi ayrıca bir mövzudur. O cümlələri şərh etməyəcəm, sadəcə mənə bu yazını yazmağa kəsin cəsarəti məhz bu cümlələr verdiyinə görə Ona təşəkkür edirəm. Onu da deyim ki, Bukovskinin yuxarıdakı fikri bütün sahələrin yazarlarına çox rahatlıqla aid edilə bilər.
İnsanları yazmağa nə vadar edir!
Yuxarıda yazılan formada yazı yazanlar deyil, həqiqətən və səmimi olaraq qəlbinin səsini, vicdan və məntiqi ilə uyğunlaşdıraraq yazı yazanlar bilirsiniz niyə yazmalıdırlar? Və ya sualı tərsinə qoyuram. Bilirsiniz onların yazmaması niyə günahdır?
Ona görə ki, ətrafımızda bu qədər hadisələr baş verir, hər gün az qala yeni bir xəbərlə oyanırıq, 1-2 həftə onu müzakirə edirik, sonra yaddan çıxır. Aradan bir az keçir, bu dəfə başqa hadisə ilə gündəm yaradırlar, yenə müzakirə edirik, yenə danışırıq və danışırıq. Bəli, danışırıq. Təəssüf ki, yazan adam olduqca azdır. Yazan az olduğuna görə biz doğruları ayırd etmədə çətinlik çəkirik. Halbuki, bir balaca proseslərdən xəbərdar olan, işin içində olan, fəaliyyət göstərdiyi istiqamətdə söz sahibi olanların yaza bilməsi, yazması nə qədər də gözəl olardı. Məsələn, hər hansı bir tibbi hadisədən, fəlakətdən və s. orda-burda yazılanları oxumaqdansa, sosial media cəngavərlərinin boğazdan yuxarı şərhlərini görməkdənsə, hamının tanıdığı, fikirlərinə rəğbət bəslədiyi tibb üzrə bir yazarın təhlilini oxumaq nə qədər rahat olardı. Başqa bir nümunə deyim. Vəfa Quluzadə. O, bütün öz sferasına aid məsələlərə münasibət bildirir, yazır, müsahibələr verirdi. Şəxsən mən belə sahəm olmasa da, onun yazılarını o qədər oxumuşdum ki, artıq o fikirlər məndə rahatca rəy formalaşdırırdı.
Ən böyük faciə, ən böyük günah isə yaza bilib yazmamaqdır. Bu gün marketinq sferasında nə qədər yaza bilən dostlarımız var. Təəssüf ki, yazmırlar, buna onların vaxtı yoxdur desəm, yanılaram. Vaxt həmişə var, baxır nəyə. Amma yaza bilənlər də yazmadıqca onların yerini yazmaq istəyənlər, yaxşı və ya pis yazanlar tutur, tutacaq. Düzdür, “əvvəlkilərin” yazmaması “indikərin” yazarlığında bir çox çətinliklər yaradacaq, amma yıxıla-yıxıla mütləq “indikilər” də yazmağı öyrənəcək, hətta çox gözəl yazacaq. Tarixin bütün dönəmlərində “susmanın xəyanətə bərabər olduğu anlar” olub. Deyərdim ki, indi biz o anları yaşayırıq. Digər sahələri qoyuram bir kənara. Marketinq o qədər sürətlə inkişaf edir ki, bəzən biz oxuyub tətbiq etməyi çatdırmırıq. Tətbiq edə-edə oxumaq məcburiyyətində qalırıq. Məhz elə bu hal kifayət edəcək bir səbəbdir ki, az-çox marketinqdə təcürbəsi olub, həm də mütaliəsi güclü olanlar yazsın, yazmalıdır.
Qaçaq, yoxsa dirənək ?!
Bukovski deyir ki, “hər bir insanın həyatında “qaçmaq”la “dirənmək” arasında seçim etməli olduğu anlar olur. Mən dirənməyi seçirəm”. Bu gün çoxlarımız qaçmağa üstünlük veririk. Gəlin etiraf edək. Marketinqin dünənindən, başqalarında olandan, gələcəkdə olanlardan danışırıq, az da olsa yazırıq, amma bu gündən yan keçirik. Əziz dostlar, biz də bilirik ki, məsələn, təlimlərin ən yaxşısını etmək olar, xaricdə super təlimlər verirlər, biz də bilirik ki, bizim forum (MMF) digər ölkələrlə müqayisədə bəlkə də çox-çox zəif qalır, biz də bilirik ki, bizim şirkətlərin kreativliyi ilə başqa inkişaf etmiş ölkələrin marketinq kreativliyini eyni tərəziyə qoymaq olmaz, amma nə etməli? Oturub biz də kiminsə göydən enib bizə nəyisə öyrədəcəyini, bizə başqalarının 100 ildə keçdiyi yolu bir-iki ilə keçirəcəyinimi gözləməliyik. Ümumiyyətlə, gözləməliyikmi? Əksinə düşünürəm ki, bu gün Azərbaycanda marketinqin tarixini yazan, onu öz zəhmət ilə bir yerlərə gətirməyə çalışan, böyük missiyanın daşıyıcısı olduğunu bilən və hətta tarix yazıb bunun fərqində olmayan da dostlarımız var. Onlara dəstək olmalıyıq. Yaponların KAYZEN prinsipini bilirsiniz. Hər şeyin daha yaxşısı həmişə var. Bilirik də var. Biz əksini demirik ki… Amma çalışıb nədənsə başlamaq lazımdır. Başqa bir yazımda da yazmışdım ki, nədən başlamağı düşünürsünzsə, özünüzdən başlayın. Məsələn, son dönəmlər çox-çox sevinirəm ki, marketinq sahəsində əla yaza bilən dostlarımız fəallaşıb. Mən istəyirəm onlar bilsinlər ki, çox keçməz ki, marketinqdən onların fikirlərinə istinadlar edilər, çünki onlar bu günü yazıblar, bu günü daha yaxşı etməyə çalışıblar, bununla da təbii olaraq gələcəyin də yaxşı olmasına zəmin hazırlayıblar. Mən başa düşürəm ki, insan – keçmişinin həsrətini çəkən, gələcək üçün səbirsizlənən, bugündən şikayətlənən varlıqdır. Marketinqimizin keçmişi elə də güclü deyil, gələcəyimizi çox tez gətirməyə də səbirsizlənməyin, fundamentini qazın, yəni yazın, kitab yazın, bloq yazın, qəzetlərə müsahibələr verin. Heç kim Sizə deyə bilməz ki, “bunun nə yaşıdır, gördüyü nədir ki, dediyi də nə olsun”. O cür insanlar həmişə olub, həmişə də danışmaqla məşğul olublar. Cəmiyyətə onlar da lazımdır, amma onlara “takılıb qalmaq” olmaz. YAZ! Bukovski deyir ki, “xoşbəxtliyi tapmısansa, sorğulama”.
Kim nə deyəcək, sonu nə olacaq düşünmə, YAZ !!! Yazdınsa, paylaş. Oxudunsa, paylaş. Paylaş ki, hamı oxusun. Yazarların yazma səbəbi çarəsizlik ola bilər, amma onlar artıq yazırsa, çarəsiz sayılmazlar. Sən də YAZ.
Yazar haqqında
Editor review
Summary
Kim nə deyəcək, sonu nə olacaq düşünmə, YAZ !!! Yazdınsa, paylaş. Oxudunsa, paylaş. Paylaş ki, hamı oxusun. Yazarların yazma səbəbi çarəsizlik ola bilər, amma onlar artıq yazırsa, çarəsiz sayılmazlar. Sən də YAZ.
Həmçinin oxuya bilərsiniz
Xoşbəxt olmaq istəyirsən?! OL DA, daha vaxtımızı niyə alırsan!!! :)
Bu ilin əvvəli 2 böyük şirkət, Coca-Cola və Pepsi özünün yeni konseptlərini təqdim etdilər. Qısa fasilələrlə hər iki şirkət dünyaya bu ildən etibarən verəcəkləri mesajı açıqladı. Açığını deyim ki, hər
İşi başından aşan Teymurun gündəliyi
İstəyirəm işlərin çoxluğundan başımı itirim. Daha doğrusu başa düşməyim ki, iş çoxdu başımı itirmişəm, ya sistemsizəm ona görədir, yoxsa çox yerə bölünmüşəm ondandır?! Bunları düşünə-düşünə bardaçokdan bir papruz çıxarım. Maşının
Həyat müəllimlərim
Hər bir insanın həyatında kəskin dönüş nöqtələri olur. Həmin anda mütləq şəkildə vasitə və ya vasitəçi qismində nələrsə, kimlərsə çıxır və insana bir ömür boyu durduqca dəyəri artan xidmət göstərmiş
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun