Həyat müəllimlərim

Həyat müəllimlərim

Məhəmməd və Mübariz müəllimlə birgə

Məhəmməd və Mübariz müəllimlə birgə

Hər bir insanın həyatında kəskin dönüş nöqtələri olur. Həmin anda mütləq şəkildə vasitə və ya vasitəçi qismində nələrsə, kimlərsə çıxır və insana bir ömür boyu durduqca dəyəri artan xidmət göstərmiş olur. Məşhur ədiblərdən birinin belə bir sözü var ki, “kim ki öz peşəsinə ancaq çörək mənbəyi kimi baxır, o, çörək tapacaq, amma ömrünün mənəvi boşluğunu o çörəklə doldura bilməyəcək”. Məhz həyat müəllimləri də belə insanlardır. Onlar adi halda riyaziyyat müəllimi, ədəbiyyat müəllimi, nə bilim hətta bədən tərbiyə müəllimi və ya sadəcə məhlənizdəki tum satan qonşunuz da ola bilər. Amma gəl ki, bir cümlələri, yaşam tərzi ilə Sizin həyatınızı dəyişdirməyə vəsilə ola bilirlər.

Bugünlərdə dostumuz Ilkin Manafovun yazdığı kimi MMF2015-in müzakirəsi zamanı bildirdim ki, bu barədə bloq yazmaq istəyirəm. Nədənsə uzun müddət idi ki, məhz bu mövzu beynimdə dolaşırdı və bəlkə də bu yolla az da olsa, özümü onların borcundan çıxmış hesab etmək istəyirdim. Sağ olsun, Ikin müəllim daha cəld tərpənərək bu mövzu haqqında dəyərli fikirlərini yazısı ilə bizimlə bölüşdü və daha sonra Anar Bayramov digər bir maraqlı yazı ilə həyat müəllimlərini bizlərə tanıtmış oldu. İndi isə başlayaq özümüzdən.

Mən aşağıda Sizə sadaladığım hər həyat müəllimimdən məhz nəyi öyrəndiyimi paylaşacam. İlk başdan deyim ki, həyat müəllimləri baxımından mən özümü bəxti kifayət qədər gətirən biri kimi hesab edirəm 🙂

1996-cı ildə məkətib 4-cü sinifində oxuyarkən dostum vasitəsilə evimizə yaxın bir yerdə yerləşən kitabxanaya üzv oldum. Hazırda adını belə unutduğum kitabxanaçı xanımı özümün ilk həyat müəllimim hesab edirəm. Çünki hər şeydən daha vacib O, mənə məhz kitaba sevgini təlqin etdi. Hətta o qədər maraq göstərirdi ki, kitabı verib vaxt qoyurdu ki, bir həfətəyə bunu bitir gəl yenisini verim. Bu insanın həyatımda xidmətləri misilsizdir. Çox utanıram ki, bugün onun adını xatırlamıram. Amma bugün mən 1996-cı ildən bəri tutduğum dəftərimdə indiyədək oxuduğum bütün kitablarını adını siyahıya saldıran və saxlamamı tövsiyyə edən insana bir ömür boyu minnətdaram. Bu haqda digər bir yazımda ətraflı yazmışdım, vaxtınız olsa, göz atmanızı tövsiyyə edirəm. Həmin kitabxanaçı xanımdan kitaba sevgini öyrəndim.

İkinci həyat müəllimi hesab etdiyim şəxs isə yenə məktəbimizin riyaziyyat müəllimi olmuş Fərman müəllim olub. Fərman müəllim dəqiq elmlər üzrə müəllim olmasına baxmayaraq vaxt tapan kimi bizə fəlsəfi məsələlərdən söhbət edərdi və ələxsüs də danışdıqları ilə maraqlananlar olduğunu görəndə daha həvəslə danışardı. Ən maraqlısı isə boş vaxt tapan kimi onun haçansa tutduğu dəftərçəsini gətirib orada qeyd etdikləri maraqlı mövzuları, müdrik sözləri bizimlə paylaşması idi. Bu gün də hörmətlə xatırladığım və sağlığına duaçı olduğum Fərman müəllimdən oxuduqlarımı, yazdıqlarımı saxlamağın vacibliyini və bir də müdrik sözlərə sevgini öyrəndim. Sonrakı həyatımda bunların faydasını bir-bir gördüm və heç nə əbəs getmədi. Bugün etdiyim, dediyim hər şeyin bir nüsxəsi arxivimdə var, kim bilir bəlkə də gələcəkdə necəsə və kiməsə faydalı ola bilər. Siz Siz olun, yazdığınız şeyləri saxlayın, paylaşın ki, ömrü və ömrünüz daha uzun olsun.

Həyatımda 3-cü ən ciddi dəyişikliyi isə məktəbin son siniflərində tanış olduğum tarix və coğrafiya müəllimlərim Mübariz və Məhəmməd müəllim, daha sonra onlar vasitəsilə tanıdığım dəyərli Hakim müəllim oldu. Ümumiyyətlə məktəb vaxtı bəxtim əməlli-başlı gətirmişdi. Bu müəllimlər də hamısı eyni zamanda gəlmişdilər məktəbimizə. Onların sayəsində çox tez müddətdə tariximizi, milli kimliyimizi daha dərindən dərk etdim və siyasət barədə xeyli bilgi topladım. Hərdən o qədər maraqlı mövzularda söhbətlər edirdik ki, dərsdən sonra gece yarısına qədər çayxanalarda oturub danışırdıq. Aradan 15 ilə qədər vaxt keçməsinə baxmayaraq hələ də münasibət saxladığım, görüşdüyüm bu insanların həyatımdakı yeri misilsizdir. Onların verdikləri həvəslə məhz jurnalistika sahəsində xeyli cəsarətli hesab etdiyim addımlar atmışdım.

Daha sonra universitet dönəmi gəldi. Burada da çətinliklərin çox olmasına baxmayaraq 3 mühüm insan bugünkü peşə yolumda ciddi dönüş yaratmağa kömək edən insanlar oldular. Onlardan marketinq müəllimlərim Aslan müəllim, Elnurə müəllim və marketinq kafedrasının rəhbəri Telman müəllimi xüsusi qeyd etmək istəyirəm. Bütün yaxın hesab etdiyim müəllimlərlə bugün də dostam və sevinirəm ki, haçansa dərsində oturduğum müəllimlərlə bu gün müəllimlər otağında həmkar kimi otururam, bu onların əməyinin nəticəsidir. Aslan müəllim marketinqi kitabdan tamam fərqli formada sevdirə bilmişdi, Elnurə müəllim isə bir ayrı dərya idi. Məncə, bu gün marketinq mütəxəssisləri içərisində Elnurə müəllimə sayəsində bu elmə marağı artan yüzlərlə insan var. O qədər maraqla danışardı ki, dərsdən sonra piyada gənclik metrosundan nizami metrosuna kimi necə getdiyimizi də unudardıq. Telman müəllim isə 3-cü kursda oxuyarkən məni şirkətlərin birinin təcrübə proqramına göndərərək, işə girərsəm dərslərə gəlməmək üçün şərait yaradacağını demişdi. 3-cü kurs tələbəsi üçün bu çooox böyük bir dəyər idi. Və elə də oldu. Mən tələbə ikən marketinq menecer olaraq işə başladım və o zamandan bəri öyrəndiyim hər şeydə Telman müəllimin zamanında haqqımda verdiyi cəsarətli qərarı əvəzedilməzdir. İndinin özündə də daim görüşlərimiz zamanı əlimdən gələni edirəm ki, vaxtında Telman müəllimin mənə etdiyini mən də tələbələrə edə bilim və şükür ki, az da olsa, bu sahədə işlər görə bilmişik.

Həyat müəllimlərim haqqında bu qədər. Əziz dostlar, çalışın ki, həyatınız boyu kimlərəsə daim faydalı olasınız. İnanın ki, həyat düşündüyünüz qədər uzun deyil və insanı ölümsüz edən onun əməlləridir. Bugün n qədər insan tanıyıram ki, onu xatırlayanda “filankəs yaxşı mütəxəssis idi, heyf ki, heç kimlə bölüşməzdi, pul qazanmadığı heç nəyə girişməzdi və s” kimi sözlər səslənir. Siz elələrindən olmayın. Əmin olun ki, birgün gələcək uğrunda çox vuruşduğunuz şeylərdən daha çox zamanında faydalı olduğunuz insanlar Sizə kömək edəcək. Necə deyərlər, balığı atın dəryaya və balıqdan qətiyyən gözləntiniz olmasın, rahat yaşayın, çünki “O, hər şeyi görür” !!!

 

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

İlkin Manafov Məhərrəmin qonağıdır

www.ilkinmanafov.com Bu gün qonağımız var. O, hamımızın yaxşı tanıdığı ən aktiv marketoloq bloggerlərdən olan İlkin Manafovdur. İlkin, bir çox marketoloq dostların şəxsi bloqlarına qonaq olur. Bu gün də növbə Məhərrəmindir.

Sərbəst 0 Comments

Şorun fəlsəfəsi

Günlərin bir günü ortabab bir şirkət qərara gəlir ki, bir brend yaratsınlar. Böhrandır, hər yerdə alver düşüb aşağı. Bu şirkətin sahibi də, marketoloqu da hardansa eşidir ki, bəs bazara ucuz

Sərbəst 0 Comments

Bəlkə biz düz eləmirik?

Bu yaxınlarda nə hikmətdisə radioda Namiq Qaraçuxurlunun “Bəlkə mən düz eləmirəm”lə başlayan məşhur meyxanası gedirdi. Meyxananın adı yadımda deyil, amma elə özümü biləndən adı yadımda “bəlkə mən düz eləmirəm, sənə

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın