Müşahidə et, planla, yaz, unutma, sil – 2020 düşüncələri
Özümü biləndən bütün işlərimi planlı görməyə çalışmışam, görmüşəm. Planımda olmayan heç nəyə öncəlik vermirəm, planlanan görüşlər, tapşırıqlar və onların icrası düşünürəm ki, mənə daha çox şey qazandırıb. Planlı olmaq sistemli olmaq deməkdir. Sistem varsa, nizam-intizam var. Sistemli işləyən adamın mənə görə həm uğura, həm uğursuzluğuna dair istənilən suala cavabı var. Çünki planlı insan nəyi edib-etmədiyini və müvafiq olaraq nəticənin də nə olacağını öncədən təxmin edə bilir deyə çox da məyus olmur.
İllərdir hər şeyi yazıram, məni sevindirən, məni incidən, küsdürən, ruhlandıran hər şeyi yazıram. Yazıram, sonra dəfələrlə oxuyuram ki, içimdəki “məni” özüm də kəşf edim. Hərdən elə olur ki, o “məni” tanıya bilmirəm, baxıram ki, o “mən” 10 il əvvəl belə deyildi, nə baş verdi ki, dəyişdi. Və ya tərsinə nə baş vermədi ki, dəyişdim. Həm də ona görə yazıram ki, qalsın. Bir insanın yaşadıqları, hiss etdikləri ondan sonra da oxunamldır mənə görə. Məsələn, mən ilk dəfə Orhan Pamukun “Masumiyyət Müze”sini oxuyanda başa düşdüm ki, hisslərin təsviri necə də gözəl bacarıqdır, onu hamı bacarmır. Müşahidə etməyi, müşahidə etdiklərimi yazmağı öz aləmimdə yaxşı bacardığımı hesab edirəm.
Bir sözlə yazıram ki, heç nə yadımdan çıxmasın. Çünki mən xaraktercə yaxşılığı da, pisliyi də unutmayan biriyəm. Kinli deyiləm, sadəcə unutmuram, daha doğrusu unuda bilmirəm. Kinli adam qarşı tərəfin pisliyini arzulaya bilər, amma mən qətiyyən elə deyiləm, heç bir halda mənə pislik etdiyini düşündüyüm adamın uğursuz olmasını, pis olmasını arzulamıram. Edilən haqsızlığı zamanla xatırlamaya bilərəm, amma heç vaxt unutmuram. Ağlı başında olan hamı bu xüsusiyyətin yaxşı olmadığını deyir, mən də razılaşıram, amma edəcək bir şey yoxdur. Məni mən edən şeylər məndən asılı deyil. Bu mənəm, mən də açıq desəm, o məndən razıyam.
Ümumiyyətlə, insan etdiklərinə görə yox, məncə, etmədiklərinə görə peşman olmalıdır. Etdiyim heç nə üçün peşman deyiləm, etmədiklərim bir çox şeyə görə isə peşmanam desəm yalan deməmiş olaram. “Kaş ki”ləri mövzuma qatmıram ki, yazım uzun alınmasın. Əgər bir şeyi uzun müddət xatırlamıramsa, silmişəm deməkdir. Silinən heç nəyi də geri qaytarmıram. Bu da mənim üçün həyat prinsipidir. İnsanları gec tanıyıram, gec yovuşuram, amma tanıdımsa, o insanlar üçün zamanımı, maddi və mənəvi bir çox şeylərimi sevərək paylaşa bilərəm. Yetər ki, o qırmızı xəttə – silinmə həddinə gətirəcək nələrsə olmasın. Açılışlarda kəsilən qırmızı lent kimidir mənim üçün silmək. Hər şey bir saniyədə baş verir, kəsdin və ya kəsildisə, bitdi.
Əlqərəz bu il yekununda əsəb sistemim, səhhətim, ruh halım, yorğunluğum və s. nəzərə alanda əmin oldum ki, hər şeyi planlamaq olar, hətta lazımdır, amma istirahət planlı olmamalıdır. Ümumiyyətlə insan tələsməməlidir. Tələsə-tələsə çatdırmaq istədiyimiz şeylərin bir çoxunu tələsmədən də etmək olar. Ol səbəbdən də 2020-ci ildə işimə dair hər şey planlı, bir tək istirahət plansız olacaq deyirəm, amma altından xətt çəkmirəm hələlik. Plansız istirahət devizi ilə 2020-ci il xoş gəlir. Həyatda ən zövq aldığım işlərdən biri də prinsipiallığımı planlamaq və addım-addım ona yaxınlaşmaq olub. Mən sübutu sevən adamam, səbəbi deyil. Sübut edə bilmək hissi bütün səbəblərin qabağına sıfır atır elə bil, ondan sonra gələnləri mənasızlaşdırır. İllərdir davam edən devizim var – “gücüm artıqca ədalətim də artacaq” İnsan güclü olmalıdır, zəif insanlar daha çox ədalətdən şikayətlənir. Əgər bir şey Siz istədiyiniz kimi deyilsə, demək ki, ya zamanı deyil, ya da Siz o zamanda deyilsiniz, nələrisə qaçırmısınız. Keçənə güzəşt.
2020-ci il 2 gün sonra girir, zaman həmin zamandı, hələ də 1990-da, 1970-lərdə, nə bilim 2000-lərdə qalıb növbəti ilə keçməyənlər də var. Mən onların yeni ilə keçməsini şiddətlə arzulayıram. Onlar illərdir yeni ilə, yeniliyə keçməyib deyə bizim bəşər bəzi məsələlərdə onlara görə əziyyət çəkir.
Yeni il statistikadır, yeni fikir isə həyat. Həyatı yeni fikirlərlə dolu-dolu yaşamağı arzu edirəm hər kəsə. Yeni ildə yeni fikirlərin çox olması üçün çox oxumalıyıq. Oxumayan insan yaşadığı müddətcə kisədən yeyən, mayasından xərcləyən və buna da görə də ahıl çağında mənfiyə düşən adamlardır. Qoca yaşında bir də görürsünüz a ki kimsə, çıxır efirə falan, başlayır gicləməyə. Bax o adamlar, illərdir mayadan yeyirlər, mənfiyə çıxanda isə daim efirdə olduqları üçün hamı tərəfindən görülür və biabır olurlar.
Yeni il yeni nailiyyətlər, yeni istəklər uğrunda həm də müharibədir. Müharibədə isə faciə ölənlər deyil, qalanlardır. Onlara yaşamaq daha çətin olur. Ölənə nə var ki, öldü getdi. 3-7-40 vəssəlam. Həyat davam edir.
Bayramınız mübarək, əziz dostlar. İnsanın öz dövləti, bayrağı olması, azad olması gözəl hissdir. Bunun qədrini bilək. Yaşasın 3 rəngli bayraq, yaşasın o bayrağı göylərdə tutan şəhidlər. Həmrəylik fikirdən başlayır, nəticədə bitir. Nəticəni qabaqlamaq olmaz. O fikir də yeni yaranmayıb, yüz illərdir bu yolda can qoyan adamlarımız olub. Onların hər birini sayğı ilə anıram. Biz bugün varıqsa, onlara görədir.
Birnəfəsə yazılan yazılar seriyamı 2019-cu il üçün bağlı elan edirəm. Görüşənədək.
Yazar haqqında
Editor review
Summary
Hərdən elə olur ki, o “məni” tanıya bilmirəm, baxıram ki, o “mən” 10 il əvvəl belə deyildi, nə baş verdi ki, dəyişdi. Və ya tərsinə nə baş vermədi ki, dəyişdim.
Həmçinin oxuya bilərsiniz
Təhsilin təməlinə əsl xidmət müəllim yetişdirməkdən keçir
Zaman keçikdicə bir daha əmin oluram ki, ölkəmizdə köklü dəyişikliklərin təməli təhsildədir. Ondan kənarda bir çox şeyin ya altı boş olur, ya üstü natamam, böyür-başı da qeyri-müəyyən. Təhsillə bağlı son
Yaşanmış yarımçıq talelər
Yaşanmış hissləri şerə tökəndə də mənalı olur, ona mahnı bəstələyəndə də təsirli olur. Bu musiqinin sehrli xüsusiyyəti var, dəfələrlə qulaq asmaq olur. Hər qulaq asdıqca da sanki kinoya baxırsan, 1-ci
Mandıra Filosofu İstanbul filmi haqqında resenziya
Gərgin keçən həftəiçindən sonra çalışıram həftəsonu beynimi maksimum dincəldə biləcək işlərlə məşğul olum. Bazar günü isə maksimum riayət etməyə çalışdığım bir qaydam var – ən az 2 film izləməliyəm. Bunların
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun