Öz dilimizdə keyfiyyətli dublyaj niyə vacibdir?
"Və ya bizim üçün keyfiyyətli dublyajı dünyanın heç bir yerindən heç bir Leylək öz dimdiyində gətirməyəcək. Özümüz qolumuzu çırmalayıb, özümüz işləməliyik. Necə ki, onlar etdilər. "
Bugün dostumuz Xətai Əlinin dəvətilə “Leyləklər” cizgi filminin azərbaycan dilində olan dublyajının qapalı təqdimatına baxdım. Təqdimat Cinema Plus kinoteatrında keçirilirdi. Mən də DMC2016 hazırlığı ilə əlaqədar 28mall-da olduğum üçün təqdimata daha tez gəlmişdim. Ona görə də foyedə qısaca Xətai ilə bu yöndə bəzi məsələləri müzakirə edə bildik. Aşağıda cizgi filminin dublyajı ilə bağlı fikirlərimi paylaşacam. Hələlik bir az söhbət edək.
İlk öncə Xətaini dublyaj sahəsində başladığı yeni fəaliyyətinə görə təbrik etmək lazımdır. Söhbət əsnasında öyrəndim ki, artıq Tural Əsədovun rəhbərliyi ilə Azərbaycanda artıq ən yeni kinolar öz doğma Azərbaycan dilimizdə dublyaj ediləcək. Xətai də həmin komandada baş redaktor və dublyaj rejissorudur. Əslində çox sevindirici haldır ki, gec də olsa, artıq azərbaycanda bu işin vacibliyini anlayıblar və bu işi təkcə vətənpərvərlik zəminində yox, həm də real biznes hədəfləri istiqamətində inkişaf etdirmədə qərarlı adamlar var. Düzünü desək işə daha professional və keyfiyyəti ən üstdə tutaraq yanaşsan, bundan gözəl biznes yoxdur.
Niyə azərbaycan dilində dublyaj vacibdir?
- İlk öncə ona görə ki, biz Azərbaycanda yaşayırıq və çox normal olaraq prioritet öz dilimiz olmalıdır.
- Öz dilimizdə həm də ona görə vacibdir ki, başqa dillərdə dublyaj zamanı o dilin mədəniyyətinə xas sözlər, ifadələr, həyat tərzini əks etdirən cümlələr, intonasiyalar istifadə edilir. Lakin keyfiyyətli tərcüməni həm də yerli dilə keyfiyyətli adaptasiya edəndə izləyicilər üçün daha faydalı, daha cana yaxın olur.
- Öz dilimizdə dublyaj sektorunun artması yeni iş yerləri, rəqabətin artması nəticəsində keyfiyyətin artması, kino mədəniyyətinin daha da inkişafına səbəb olur.
- Yeni yetişən gənc nəsil kinoteatrları ziyarət edən ən əsas hədəf kütləsidir. Qiymət baxımından da ən ucuz əyləncə vasitələrindən biridir. Yeni yetişən gənclər isə kinoları adətən baxmağa öyrəşdiyimiz rus-dilini zəif bilir, ya heç bilmirlər. Məsələ, təkcə rus-dilli olmaqdan getmir, sadəcə o dildə hər hansı kinonu başa düşməkdən gedir. Belə dublyajlar həmin böyük kütləni də kinoya cəlb edəcəkdir. Əslində kinoteatrlar özləri dublyaj filmlərini almaqda maraqlı olmalı, hətta sifariş verməlidirlər. Yadıma gəlir ilk 28cinema açılanda işçilər deyirdilər ki, biz türk filmlərinə çox üstünlük verməyəcəyik. Sonra “xalqın tələbi” seanslarda türk filmlərini bizə tez-tez göstərməyə başladı. Ümumiyyətlə Azərbaycanda biznesi bu xalqı tanımadan açmaq çox böyük səriştəsizlik və pulun sovrulması deməkdir. Təbii ki, əgər məqsəd real biznes qaydaları ilə işləməkdirsə.
- Hərdən elə olur ki, hansısa ifadəni azərbaycan dilində eşidəndə adama qəribə gəlir. Səbəb odur ki, dilimizi lazımınca çox istifadə etmirik deyə yavaş-yavaş bızi sözlər, ifadələr öz yerini digər əcnəbi alınma sözlərə buraxır. Yerli dublyaj sayəsində isə biz dilimizdə daha çox eşitməklə həm də beynimizdə azərbaycan dilində kinoya baxmaq vərdişini də yaratmış olarıq. Çünki uşaq vaxtı da, elə indi də çox eşidirdim ki, kinoya birinci çalış öz dili nədirsə, o dildə bax. Yox olmursa, rus ya türk dilində. Əksinə Aztv-də mən dəfələrlə dublyaj filmlərə baxmışam. Amma açıq demək lazımdırsa, tərcümələrin keyfiyyəti, emosiya və daha nələrsə həmişə çatışmayıb. Ona görə də keyfiyyətli dublyaj olunarsa, çox tezliklə insanlarımız artıq kinoya öz dilimizdə baxmaq istəyəcəklər.
- Dublyaj həm də biznesdir. Bu iş pul gətirməlidir. Pul gətirdikcə də dublyajların keyfiyyəti artacaq, operativlik artacaq, yeni-yeni kadrlar üzə çıxacaq, papaq altda yatan oğul və qızlarımızı tanıya biləcəyik 🙂 Necə ki, bu gün “Leyləklər” cizgi filmində Yazıq Lalə obrazını səsləndirənin Oksana Rəsulova olduğunu bildim. Oksana xanımı mən sadəcə rəqqasə və adı qalmaqallarda hallanan biri kimi xatırlayırdım. Amma səsləndirmədə çox-çox gözəl alındığını deməsəm haqqına girmiş olaram. Sözümün canı dublyaj sektorunun inkişafı mədəniyyət, incəsənət dünyasına da maddi baxımından yaxşı təsir edəcək, etməlidir.
İndi isə keçək “Leyləklər” cizgi filminə. Əvvəla onu deyim ki, son bir neçə ildə cizgi filmini xüsusi izlədiyimi xatırlamıram. Yalnız hərdən evdə oğlum “mənə maşa i metvet” qoy deyəndə ya diski, ya da youtube açmışam. Bu arada həm də pis olurdum ki, uşaq niyə cizgi filminin adını rusca deyir. Rus-dilini, rus ədəbiyyatını çox sevirəm, amma qətiyyən rus-dilinin məişət dili kimi istifadəsinə qarşıyam. O dildə təhsil almağın isə ümumiyyətlə Azərbaycanda yolverilməz olduğunu hesab edirəm. Nəisə o məsələlərə çox girməyək. Cizgi filmi başlayan kimi insanı özünə kilidləməyi bacardı. Xüsusən mənə cizgi filmində istifadə olunan ifadələrin yerli dilə çox gözəl adaptasiyası ləzzət elədi. Atalar sözləri, “məhlə sözləri”, gündəlik işlətdiyimiz sözlər və s. çox yerində seçilmişdi. Səsləndirənlərdə də emosiya çox yaxşı hiss olunurdu. Öz dilimizdə cizgi filmlərindən ANS-də Mehriban Həsənovanın da səsləndirdiyi cizgi filmini çox bəyənmişdim. Sözlər super idi. Təəssüf ki, adını indi xatırlaya bilmirəm. Bəli, cizgi filminə sona qədər uşaq kimi həvəslə baxdım. Sən demə bir az səbrli olmaq lazım imiş. Sonda isə mənə elə gəldi ki, buna ümumiyyətlə nisbətən böyük uşaqlar baxmalıdır, yəni biz 🙂 Kino sahəsində, ələxsüs dublyajın incəliklərini bilmirəm, sahəm deyil. Sadə izləyici gözü ilə deyə bilərəm ki, qətiyyən başqa bir mühitə aid, dilə aid cizgi filminə baxdığımı hiss etmədim. Həqiqətən komandaya əhsən demək lazımdır. Mütləq ki, səhvlər, texniki xətalar var idi, onsuz bir günümüz olmasın. Onlar olmayanda adam özü də pis olur hərdən 🙂 Amma bunları demək, düzəltmək artıq mütəxəssislərə düşür. Zatən səhvlər təkrarlansa, çox davam etmək çətin olacaq, bunu biz izləyicilərdən daha çox bu işi təşkil edənlər bilir.
Bir də marketoloq olaraq bu işin bir az da marketinq, pr tərəflərinə toxunmaq istəyirəm. Elə foyedə Xətai ilə söhbət zamanı Aysel xanım bildirdi ki, şirkətlərimiz üçün əslində bu çox yaxşı fürsətdir. Yəni onlar artıq öz auditoriyalarına uyğun filmlər, eləcə də cizgi filmlərinin dublyajına sponsorluq etməklə müştəriləri ilə daha emosional bağ qura, loyallığı möhkəmləndirə bilərlər. Yadıma gəlir, mən İdealda işləyəndə Parfumer kitabının az-dilində çapına sponsor olmağı təklif etmişdilər. Məsələn, indi İdealın yerinə olsam, Parfumer kinosunun azərbaycan dilinə dublyajının əsas dəstəkçisi olaram, sonra da həmin filmi öz müştərilərimə qapalı təqdimatla izlədib loyallığı artıraram. Tural bəy və Xətai bu işi sona qədər həvəslə və artan keyfiyyətlə görsələr (inanıram ki, görəcəklər də) o zaman marketinq, pr baxımından da müştəri qazanmaq üçün yeni alət ortaya çıxmış olur.
Bir sözlə, bugünkü cizgi filmindən həqiqətən zövq aldım. Öz dilimiz çox gözəldir. O dildə yazmaq da, danışmaq da, oxumaq da gözəldir. Allah bizi Azərbaycanlı olaraq yaradıbsa, bu dilə hörmətlə yanaşmaq, onu qorumaq və təbliğ etmək hər birimizin borcudur. Tural bəy və Xətai bəyə də bu yeni işlərində bol-bol uğur diləyirəm.
Yazar haqqında
Editor review
Summary
İlk öncə Xətaini dublyaj sahəsində başladığı yeni fəaliyyətinə görə təbrik etmək lazımdır. Söhbət əsnasında öyrəndim ki, artıq Tural Əsədovun rəhbərliyi ilə Azərbaycanda artıq ən yeni kinolar öz doğma Azərbaycan dilimizdə dublyaj ediləcək. Xətai də həmin komandada baş redaktor və dublyaj rejissorudur.
Həmçinin oxuya bilərsiniz
Dəyişək, yoxsa dəyişdirək?!
Bakcellin sloqanı vardı – Dəyişək, inkişaf edək. Çox yaxşı sloqan idi, təkcə sloqan yox, həm də gözəl bir sistemin açar sözü idi. Həqiqətən də inkişafın yolu dəyişməkdən keçir. Bugün mən
Forumu forum edən sirrlər (I hissə)
Bugün çoxdan yazmaq istədiyim bir mövzu haqqında yazacam. Biz 5 ildir ki, illik olaraq bir neçə iri miqyaslı forumlar təşkil edirik. Ölkədə 2 dəfə devalvasiya olur, şirkətlər çətin duruma düşür,
Məşhur SİMA
Həyat çox sürətlidir. Dalınca qaçırsan, bir də görürsən ki, qaçdığın tərəf dəbdən düşüb. Məsələn, ilin əvvəli oxumuşdum ki, dünyanın yeganə 1 trilyon dollarlıq bazar dəyəri olan şirkəti Apple-dir. O vaxt
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun