Hamı və amma
Bayram günləri yazmağın da, oxumağın da ayrı ləzzəti var. Deyəsən biz bayramı bayram olduğundan daha çox, qeyri-iş günü olduğuna görə sevirik 🙂 Başlamayacam indiki və əvvəlki bayramları müqayisə etməyə. Sadəcə mənə elə gəlir ki, bir müddət sonra necə 28 may-da xüsusi bir şey etmirik, sadəcə işə getmirik, novruz da elə olacaq. Bəlkə də olmayacaq, bilmirəm. Bəlkə də artıq olub, xəbərimiz yox 🙂
Bu aralar başımız da yaman qarışıqdır. Günümüz Bakı-Sumqayıt yoluna oxşayır. Yəni Sumqayıtda yaşayıb Bakıya işləməyə gəlirəm elə bil. Yol bəlkə də müqəddəsdi e, amma yorur axı 🙂 İşdən sonrakı işlərimiz bizi laməkan edib. Günün hardan başlayıb harada bitməsini hiss eləmək olmur. Bir də baxırsan axşamdı, məntiq “get yat” deyir, emosiyalar, arzu və istəklərin “sənin yatan vaxtın deyil”. Hansına inanasan?! İkisi də vacibdir. Birincini “iqnor” edib ikinciyə güc verirsən bir müddət sonra “motor pereboy” işləyir. Tərsini də etmək olmur, amma açıq deyim, bilmirəm niyə! Bu məsələni hər dəfə dostlarla görüşəndə müzakirə edirik. Biz bu qədər işin məsuliyyətini və zəhmətini üstümüzə alıb nə qazanırıq? Axı tərəziyə qoyanda itirdiklərimiz qazandıqlarımızdan daha çoxdur. Üstünə mənalı və mənasız, demotivə edici tənqidləri, əksərən təhqirləri də gələndə vəziyyət daha çıxılmaz olur. Suallar yaranır. Baş şişir olur qazan. Bir an “bəsdir artıq” deyib sosial aktivliklərə guya “tüpürürsən”. Sənə elə gəlir ki, daha hamı kimi, ancaq özünə zaman ayıracaqsan. Başlayırsan plan qurmağa. 1-3 idmana gedirəm, 2-5 xarici dili təkmilləşdirirəm, altı-bazar dostlar, əyləncə, ev-ailə və s. Sonra bunlara exceldə qəşəng qrafik düzəldirsən, asırsan otaqdan. Çox sonra başa düşürsən ki, bu işləri yenə də planlaşdırmaqla özünə iş açırsan, etmək istəyirsən et də, niyə qəlizləşdirirsən ki?!:) Yəni facebookda oturub, mən daha facebookda yazmayacam demək kimi bir şey alınır.
Nəisə. Sonra bir az keçir, görürsən yox. Nəsə düz getmir. Bəlkə də düz gedir, amma istədiyin kimi getmir. Onda anlayırsan ki, əslində yorulsan da, bezsən də əvvəl gördüyün işlər sevdiyin işlər imiş. Hər şey səni ora çəkir. Qərara gəlirsən ki, çox da zad eləmək lazım deyil, fikirləşdikcə işin içindən çıxmaq olmur. Əlinə bir daş götürüb adını fikir qoyursan və o fikir daşını birdəfəlik uzağa tullayırsan. Bacardıqca da özünlə tək qalmırsan ki, birdən o fikir yenə icazəsiz gələr və sənə “gic-gic” suallar verər – “bəlkə…”lərlə başlayan minlərlə sual. Bəlkələri əkəndə bitmir, bu düz. Amma səhv ondadır ki, o bəlkələri həyatımıza niyə buraxırıq ki, onu haçansa əkim, ya əkməyim dilemması qarşısında da qalaq.
Və beləcə sən yarğanından çıxmış çay kimi o tərəf – bu tərəfə axıb axırda axara düşürsən. Başa düşürsən ki, bəzən saatı süni dayandırmaqla saatın durduğuna inandırmaq istəyirsən özünü. Amma belə deyil. Salam Sarvanın qəşəng şeri var:
Neynirdin bu boyda ömrü, ilahi.
bu boyda yırtıq yox bu yamaq üçün…
Bir göz qırpımınca ömür verəydin –
o da ki gözümü qapamaq üçün.
Mən ki GÜNÜN gecə gözətçisiydim,
niyə basdı yuxu, nooldu yatdım?!..
Bir uzaq yol gəldi bu baxt mənəcən,
o da gələn kimi yoruldu, yatdı.
Söndür ekranları, ta bundan belə
nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir –
gəl gedək, oturub saata baxaq.
Yazdıqlarımla nə əlaqəsi deyirsinizsə, axıra kimi oxuyun, bəlkə tutdunuz. Tutmasa da eybi yox, boşlayın getsin.
Hamının fikri var, amma heç kim təminat vermir
O gün Set Qodinin bloqunda çox maraqlı bir fikir oxudum. Deyir ki, “everyone has an opinion, but no one has a guarantee”. Fikir ver 🙂 Yəni “Hamının fikri var, amma heç kim təminat vermir” Özümü ərəbcədən hədis tərcümə edənlər kimi hiss etdim. 🙂
Arif adamlar üçün burada böyük bir hikmət var. Bəli, həqiqətən də ətrafımızda Cem Yılmaz demiş “fikri var, ama beyni yok” tipli n qədər adam var. Buraxasan, ancaq hər məsələyə “kurs olsun”, hər mövzuya bir quş qoysun, hamıya vedrə qoşsun. Bu adamları sadəcə “iqnor” etmək lazımdır. Bu adamlar üçün 169 manat aylıq minimumdur nədir onla nə edirsiz-edin, amma 20 manatlıq internetinə dəyməyin. Bir adapter, 20 azn aylıq internetlə “xoşbəxt” ola bilirlər.
Amma mənim vurğu etmək istədiyim məsələ tamam başqadır. Çox normal, kifayət qədər təhsilli, məntiqli insanlar da var ətrafımızda. Mən şəxsən o adamlardan çox şey öyrənirəm, yazanları varsa, yazılarını mütləq oxuyuram. Və bugünədək olan təcrübəmdən sonra dərk etdiyim bir şey var. Sizin istənilən ideyanız, atmaq istədiyiniz addım və ya gələcək planlarınızla bağlı qərar Sizə və ancaq Sizə məxsusdur. Onu Siz verməlisiniz. Nəticədən məsul özünüzsə, olan (yaxşı ya pis) Sizə olacaqsa, qərarı özünüz verin. Sizə kənardan gördüyünüz və ya görəcəyiniz işlə bağlı çox söz deyə bilərlər. Amma heç kim təminat vermir. İş olmamışdan öncə çoxsaylı fikirlər səsləndirilir. Sizin üçün a, b, c, d versiyaları sadalayırlar. Halbuki Siz ancaq 1-ni seçməlisiniz. Yəni yenə də seçim sizə aid olur. İş bitəndən sonra da necə olursa, hamı sizə “demişdim də belə olacaq qulaq asmadın”, “saqqal yoxdur, sözüm keçmir” tipli sözlər deyəcəklər. Bəli, sözlər. Cibə qoymaq olmur, yemək, içmək olmur, nə də hansısa formada faydalanmaq. Əksinə özgüvəni sındırmaq kimi məharəti var belə sözlərin. Ona görə də əziz dostlar, Sizə 100% də olmasa, yarıdan çox təminat verməyən heç nə və heç kimə inanmayın, qulaq asın, adaptasiya edin, min fikirdən biri kimi sayın, amma öz bildiyinizi edin. Belə olanda nəticədən asılı olmayaraq daha az məyus olacaqsınız. Özü yıxılan ağlamaz misalı.
Bir də əziz dostlar, uğur hekayələrinə də çox aldanmayın. Min dəfə yazmışam, yenə də deyim. Heç bir kopoğlu milyoner olmamış ofisiant işləməsini bəh-bəhlə demir. İşləməsə də, elə deyir. Burdan üzümü tuturam imkanlı şəxslərə! İmkansız vaxtlarınızla bağlı az gopa basın 🙂
Hamının fikri var, amma heç kim təminat vermir – misalı başqa sahələrdə də keçərlidir. Məsələn,
Hamı yazır, amma heç kim altına imza atmır.
Hamı yaxşılıq edir, amma hamı unutmur.
Hamı alır, amma hamı guya məcburdur.
Hamı susur, amma heç kim günahkar deyil.
Hamı bilir, amma heç kim birinci təhlükəyə atılmaq istəmir.
Siyahını çox uzatmaq olar. Mən uzatmıram, varsa əlavələriniz şərhlərdə qeyd edin, həqiqətən maraqlıdır. Bəlkə bu yazını da hamı oxuyacaq, amma hamı faydalanmayacaq.
Editor review
Summary
Sumqayıtda yaşayıb Bakıya işləməyə gəlirəm elə bil. Yol bəlkə də müqəddəsdi e, amma yorur axı...
Həmçinin oxuya bilərsiniz
Erməni baş nazirinin etirafları
“Bizim problemlərimizin rusları maraqlandırmadığı və lazım olanda heç tərəddüd etmədən cəsədlərimizin üstündən keçə biləcəklərini biz bir siyasi partiya olaraq unutmuşduq. Rusların bizə qarşı alçaqca davrandıqlarına dair inancımızda sanki xüsusi bir
İdeal nümunəsində Baş Direktorun istefa azadlığı haqqında
Bu aralar xəstəyəm deyə yazı yazmağa həvəsim yox idi. Bugün isə dostumuz, hr müəllim Coşqunun statusunu təsadüfən gördüm. İşləyəndə də gərək belə Hr-lar ilə işləyəsən e 🙂 Status aşağıdakı kimi idi:
İtirmək qorxusu (I hissə)
Ötən həftə qarşıma bir yazı çıxdı. Bu yazını yazarkən nə qədər çalışdımsa, xatırlaya bilmədim müəllifi də, yazını da. Bəlkə də yazıdakı iynə kimi bir söz mənə hər şeyi unutdurmuşdu, bilmirəm.
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun