İtirmək qorxusu (I hissə)

İtirmək qorxusu (I hissə)

Ötən həftə qarşıma bir yazı çıxdı. Bu yazını yazarkən nə qədər çalışdımsa, xatırlaya bilmədim müəllifi də, yazını da. Bəlkə də yazıdakı iynə kimi bir söz mənə hər şeyi unutdurmuşdu, bilmirəm. Yadımda qalan isə bu idi.

"Gedənlər keçmişini itirir, qalanlar isə gələcəyini"

Təbii ki, getmək deyərkən ölkədən çıxıb getməyi nəzərdə tuturdular. Açıq deyim ki, bir neçə gün sözün təsirində qalmışam, düşünmüşəm. Gedənləri və qalanları, olanları və ola biləcəkləri təhlil etməyə çalışdım. Sonda özüm üçün qərara gəldim ki, indiki zəmanədə heç kimi qınamayacaqsan. Nə gedəni qınamaq olar, nədəki qalanı. Hərəsinin özünə görə ciddi arqumentləri var. Məsələn, mən nə olur-olsun fövqəladə bir situasiya olmasa, ölkədən getməyin əleyhinəyəm. Amma bu o demək deyil ki, gedənləri də qınayıram. Qətiyyən. Hər kəsin seçim haqqı ona məxsusdur və hər kəs öz istədiyi həyatı istədiyi kimi yaşamaq haqqına sahibdir. Bu məsələdə vətənpərvərlik falan damarlarının qabardılmasının əleyhinəyəm. Ölkədən gedən beyinlər məni nə qədər üzsə də, gedən bir çoxlarının faydalı olmaq, getdikləri yerə adaptasiya olmaq əvəzinə, ancaq faydalı olmayan ölkələrinə tənqid və yuxarıdan aşağı baxmaları da bir o qədər üzür. Daha betər üzən isə bəyənən, bəyənməyənlər yox, tamamilə biganə olanlardır. Mənə görə onların davranışı məntiqli deyil, hansısa dəyərə söykənmir. Siz bəlli insanları, mövcud sistemi bəyənməyə bilərsiniz, amma küll halında aid olduğunuz milləti aşağılamaq, torpağa biganə olmaq yumşaq desək düzgün deyil.

Heç bir siyasi iddiam yoxdur, siyasətçi deyiləm. Amma biganə də deyiləm. Ölkəmdə olan bitən yaxşı hər şey məni sevindirdiyi kimi, xoş olmayanlar da eyni dərəcədə üzür. Onların düzəlməsi üçün öz sahəmdə, öz bacarıqlarım daxilində nəsə etməyə çalışıram. Tənqid də edirəm, hərəkət də edirəm. Amma onu da bilirəm ki, qüsurları biz özümüz düzəltməsək, heç kim bizim yerimizə bunu etməyəcək.

Bu yazıda mən ətrafda tanıdığım, bildiyim, eşitdiyim köçüb gedən insanların həyat hekayələrinə əsasən onların gediş səbəblərindən yazacam. Bunu hamınız bəlkə də bilirsiniz, olsun, bilməyənlər üçün müzakirə mövzusu olsun.

O 5 səbəbə keçməzdən öncə səbəbləri cəmləyib bir söz birləşməsi ilə ifadə etsəm, bu işin bir adı var, qardaş – İTİRMƏK QORXUSU. Bəli, itirmək qorxusu. Təlimlərdə insanları hərəkətə sövq edən psixoloji motivasiya elementlərindən danışmışıq. O təlimdə olanlar xatırlayar. QORXU – o faktorlar içində ən öndə gələnidir. Bəs nələri itirmək qorxusundan söhbət gedir?!

1. Təhsildə itirmək qorxusu

Bir neçə gün öncə məktəblilərin son zəngi idi. Hamı kimi mən də son zəngimi xatırladım. Bu haqda hətta balaca bir fb post da yazdım.

Məktəbə qısa səyahət etdim, açdım gündəliklərimə, yazılarıma, arzularıma baxdım. Gördüm ki, arzular hələ də aktualdır. Arzular limitlərdən yaranır. İnsan o baryeri aşmaq üçün arzulayır. Əgər bu məntiqlə həmin arzu aktualdırsa, o deməkdir ki, baryerlər qalmaqdadır. Təbii ki, düzələn şeylər də çoxdur. Məsələn, ali təhsil aldığım İqtisad Universitetində əvvəlki kimi rüşvət yoxdur. Rüşvətin çulğalaşan vaxtında həm bakalavrı, həm magistri qırmızı diplomla bitirməyi bacardıq şükürlər olsun ki. İndi özüm bakalavrda da, MBA-da da dərs demişəm UNEC-də. Rüşvət yoxdur, universitetdə irəliləyiş göz qabağındadır. Ədalət müəllimi tələbələr sevir, buna özüm şahid olmuşam. Gördüklərimi yazıram ki, bir şey olsa, and içə bilim 🙂 Amma di gəl ki, nə olsun rüşvət yoxdur, təhsil sistemi tələbəni oxutdura bilmir. Bir semestr kitab ağzı açmayan tələbə bəlli sualları əzbərləyib testdən keçir, özü də hamı keçir. Nəticədə semestr bitir, sinifdən uzaqbaşı 1-2 adam 5 ballıq şkala ilə 4-ə layiq ola ya olmaya. Qalanları heç nə. Rüşvət yoxdur, amma təhsilin keyfiyyəti də hələ ürəkaçan deyil. MBA-da bir dəfə irad bildirdim ki, aktual dərslər salmırsınız, sözümün ucundan tutub söz elədilər, el-el gəzdirdilər 🙂 İnanın ki, doğru deyirəm. Sosial media menecmenti kimi bugün aktual fənn heç bir universitetdə tədris edilmir. Fundamental elmlər öz yerində, amma zamanla ayaqlaşmaq da lazımdır. Bu mənada universitetlərimiz günün tələblərinə yetərincə cavab vermir. Bu digər bir çox universitetlərə də aiddir. Ona görə də imkanı olan adam xaricdə təhsil almağa meyllənir. Şirkətlərimiz, hətta dövlət strukturlarımız belə iş seçimində xaricdə təhsil alanlara üstünlük verirsə, nəticə ilə özləri də razılaşır demək ki. Yəni ki, bizim etdiyimiz əsassız tənqid deyil. Elə olsaydı, dövlət strukturlarının saytlarında rəhbər şəxslərin haqqında olan informasiyada xaricdə təhsil almaları iri abzaslarla qabardılmazdı. Təhsil ən böyük silahdır. Təhsil nə qədər banal səslənsə də gələcəkdir, insanı sığortalayan, ola biləcək istənilən situasiyadan baş çıxartmaq imkanı verən, insanı kamilləşdirən alətdir. O alətin maketini qurmuşuq, təyinatı üzrə istifadə də etsək, əla olacaq. Ölkədən gedənlərin bir çoxu da məhz keyfiyyətli təhsil almaq üçün gedir. Gedir o təhsili alır və dönmür. Kənar təsirlərə düşənləri də olur. Savadlı olmaq vacibdir, amma faydalı olmaq ondan da vacibdir, paylaşmağı bacarmaq, ölkən üçün nəsə etmək də vacibdir. Təhsillə bağlı gedənlərin kifayət qədər əsaslı səbəbləri var və biz bunu düzəltməyə çalışmalıyıq. Bizim buna potensialımız da var. Sadəcə şərait yaratmaq lazımdır.

2. Sağlamlıqda itirmək qorxusu

Yenə uzağa gedib bilmədiyim, görmədiyim şeylərdən yazmayacam. Bu yaxınlarda, daha doğrusu 4-5 ay öncə səhhətimlə bağlı sığortadan yararlanmaq istədim. 1 həftə ərzində o qədər bezdirdilər ki, xəstələyimi də unutdum, az-maz qalan etibarımı da itirdim. Hər bir insan ilk öncə özü və yaxın ətrafı ilə müqayisə edir. Sığorta ilə müraciət edən hər kəsə sanki dövlət malını yeyirmiş kimi yanaşma, real müalicədən yayınma, işləri uzatma, istədikləri nəticəni almayanadək ona-buna yönləndirmə, həkimlərin sığortaçılarla işbirliyi və s. haqqında çox danışmaq olar. O hadisədən sonra yolum nə vaxt xaricə düşsə, baxdırıb yerindəcə həll etmək qərarına gəldim. Bir dəfə deyəsən Davud bəy facebookda yazmışdı ki, səhiyyə nazirliyini də irana köçürək. İronik yanaşma olsa da həqiqət payı da var. Bizim həkimlər insanda etibar oyatmır. İnsanın özündən asılı deyil, hər sözlərində şübhə axtarırıq. Ətrafda o qədər eşitmişik ki real hadisələrdən, inana bilmirik, alınmır. Bu fikirlərlə bir çox professional, xeyirxah həkimlərin də haqqına girmiş ola bilərəm. Amma reallıq budur. Qurunun oduna yaş da yanmasın istəyiriksə, ölkədə səhiyyə sisteminə etibarı bərpa etməliyik. Bütün xəstəxanalarda girişdə bir çox şey pulsuzdur deyə elanlar asılıb. Elə deyil axı! Kimi aldadırıq, niyə aldadırıq. Tehranda foruma getmişdim, fürsətdən istifadə edib yaxınlıqda bir klinikaya girdim. Bakıda ürəyində problem var demişdilər, orada qətiyyən elə şey olmadığını dedilər, stressə qarşı balaca bir tabletka yazdılar. Aptekdə qiymətini soruşanda nəsə kiçik məbləğ dedilər. Bahalı dərmanlara öyrəşən adam (oxu- bədən) indi də o dərmana inanmadım. Ucuz dərman nə sağaldacaq ki) deyə düşündüm. Adamın özündən asılı deyil, gedişat insanı dəyişdirir. İnsanlarda həkimlərə qarşı ciddi etibarsızlıq var, bunu qəbul etmək lazımdır. Ona görə də heç kim xəstələnməməyə çalışır. Və bir çoxları da gələcəkdə ola biləcək səhhət problemlərinin düzgün müalicəsi, sərfəli həyat sığortası, əmək qabiliyyətini itirmə halında belə güvəncədə olmaq üçün bu sahədə inkişaf etmiş yerlərə köç edir. Təkcə adi insanlar deyil, az maaşa dolana bilməyib, amma rüşvət də almayan yaxşı, savadlı həkimlər də gedir. İtirən isə biz oluruq. Son 1 ildə xeyli həkimlə konsaltinq məsələləri ilə bağlı ünsiyyətdə olmuşuq. Hamısı da eyni şeyi deyir. – Bazar tələb edir.

Ardı var və uzaqda deyil, bu linkdədir, unuz olmasın deyə böldüm – http://hunaltay.com/itirmək-qorxusu-ii-hissə/

P.S. Yazının müəllif hüquqları qorunmur 🙂

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Sonda özüm üçün qərara gəldim ki, indiki zəmanədə heç kimi qınamayacaqsan. Nə gedəni qınamaq olar, nədəki qalanı.

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

Azərbaycanda müəllimin 5 tipi

1966-cı ildən UNESCO-nun qərarı ilə Dünya Müəllimlər Günü keçirilir. Təxminən 100 ölkədə bu gün qeyri-iş günüdür. Azərbaycanda da həmçinin müəllimlərin günü 05 oktyabrda qeyd edilir. Bugün məktəblərdə maraqlı hadisələr baş

Münasibət 0 Comments

Kitab oxumaq haqqında

Kitab oxumaqla bağlı özüm üçün yeni metod tapmışam. Eyni anda 4-5 kitaba başlayıram. Eyni anda başlasam da bitirmə vaxtları çox fərqli olur. Çünki eyni anda başladığım kitabların birini evə, birini

Köşə yazıları 0 Comments

Müştəri Məmnunsuzlar

Bu yazının adı hələ 5-6 ay əvvəl bir şirkətin ofisində ikən ağlıma gəlmişdi. Ondan sonra müştəri məmnunsuzluğu ilə bağlı qarşılaşdığım faktları qeyd etdim və bir gün paylaşacam demişdim ki, indi

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın