Neqativdən uzaq tənqid necə olur?!
Həyat çox sürətlidir. 2017-ci il asan olmadı, amma o da gəldi keçdi. Həqiqətən də insan su kimidir, töküldüyü qabın formasını gec ya da tez alır, almaq məcburiyyətindədir. Əksi mümkün deyil. Məşhur ifadədə deyildiyi kimi “bizi öldürməyən şeylər bizi daha güclü edir”. 2017-ci il şəxsən mənim üçün uğurlu keçdi. İstər iş həyatımda, istər şəxsi işlərimdə 2017-ci ilin mənə qazandırdıqları çox oldu. Eyni zamanda öyrətdikləri boldur. 2017-ci ilin mənə öyrətdikləri haqqında ayırca bloq yazacam. Bugünkü mövzum isə başqadır. Bu dəfə bir az bizi əhatə edən neqativlərdən və tənqiddən yazacam.
Niyə ətrafımızda bu qədər neqativ dolu insanlar var, niyə biz tənqidin əsl mahiyyətini düzgün anlamırıq, ümumiyyətlə tənqid nədir, necə olmalıdır və s. 2018-ci ilin ilk yazısını bu mövzuya həsr edərək ümid edirəm ki, oxuyanlara və mövzumun “qəhrəmanlarına” faydası toxunacaq və onlar bir bütöv ili neqativi özlərindən kənarlaşdıracaq, yıxıcı yox daha yaradıcı olacaq. Ən əsası isə bu yazı vasitəsilə “insan ömrü başqalarının həyatını yaşayacaq qədər uzun deyil” fikrini təbliğ etmək istəyirəm. Başlayaq.
İlk öncə açaq vikipediyanı. Tənqidin tərifi belə yazılıb:
"Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. "
Tənqid ancaq pisləmək deyil
“Doğru-yanlış, gözəl-çirkin, əskik-artıq” – sözlərinə yəqin ki, fikir verdiz. Bəli, tənqid, ancaq pisləmək, ancaq neqativləri göstərmək deyil. Tənqid ancaq səhvləri qabartmaq deyil. Təbii ki, səhvlər deyilməlidir. Amma ancaq səhvlər? Bugün biz nə görürük? Ya ancaq tərif, ya da ancaq tənqid. Halbuki, ən gözəli hər hansısa bir işə münasibət bildirəndə onun hər iki – müsbət və mənfi tərəflərini qeyd etməkdir. Hər işdə zəhmət var. Və əlbəttə ki, hər işin mütləq və mütləq müsbət tərəfləri var. Səhvləri qeyd edirsinizsə, eyni cəsarəti müsbətləri də deməklə göstərməlisiniz. Yox əgər buna diliniz “çönmürsə”, onda icazə verin sizə acizanə şəkildə “kompleksiniz var” deyim 🙂 Siz ancaq tərif edəndə gülməli göründüyünüz kimi, ancaq tənqid edəndə də qeyri-ciddi görünürsünüz. Ən pisi də odur ki, bu halı davam etdirən insan zamanla gözdən düşür. İnanın, ətrafımda belə adamlar az deyil. Onların bir çoxu səhvini anlayıb, bir çoxu da təəssüf ki, danışdıqca, davam etdikcə daha dərinə batır. Bəzən tənqidi təklif halında vermək, demək də effekt verir. Belə olanda qarşı tərəf onu daha rahat qəbul edir nəinki birbaşa sərt tənqid formasında.
Tənqid şüar deyil
Tarixdə marksist tənqid – şüarçı tənqid anlayışı var. Bu nə deməkdir? Yəni Siz öz aləminizdə guya “tənqid” edirsiniz, halbuki ancaq şüar səsləndirirsiniz. Şüar tənqid deyil, ona görə ki, o həll göstərmir, bir yol təklif etmir. Və hamımız bilirik ki, şüar adətən sadə xalq kütlələrinin “damarına işləmək” üçün “bəzədilmiş mesajdır”. Bu isə tənqid ola bilməz. Bəzədilmiş tənqid obyektiv ola bilməz.
Bizim marketinq camiamızda da bu formada “şüarçı”lar var. Onlar adətən bu tip cümlələr qururlar: “bizdə nə vaxt düzgün reklam çəkiləcək, buna reklam deməyə dilim gəlmir, bir sözlə bərbad, əşşi boş ver, düzələn deyil (p.s. özü də dəhşət düzəldib axı), kimsə bunları aldadıb və s.” Tam səmimi deyim ki, hər hansı şərhdə bu ifadələri görən kimi oxumuram daha, maraqlı gəlmir. Əvvəl aşıb-coşurdum, sağ olsun dostlarım, məni tənqid etdilər ki, aqressiv olmaq olmaz. Mən də tənqiddən nəticə çıxarıb türklər demiş daha “altdan alıram”. Ən yaxşı halda gülürəm, kefim açılır. Məsələn, belə yazanlar da olur: “bunun marketoloqu hara baxır görəsən”. Dünyanın kəşfiyyat sistemləri bəzi açar sözləri yazıb onu telefonda səsləndirənləri “bloklayan” kimi mən də bu açar sözü harda görsəm o saat ətrafımda bir neqativdən də azad olduğumu düşünürəm. Düzdü, hərdən adam istəyir beləsinə cavab olaraq yazsın ki, “bağışlayın, çox-çox üzr istəyirəm, sən allah xətrinə dəyməsin, icazənlə cavab verim – canına azzara baxır” 🙂 Amma sonradan ona da vaxt itirmək istəmirsən. Bu yaşa çatmışam və bu sözü istifadə edənlərin 99%-nin Marketinqin M-dən belə xəbəri yoxdur. Oturub elmə, nəzəriyyəyə, nə bilim lap praktikaya “oturtsan” başlayacaq kəkələməyə. Sizə də tövsiyyə edirəm ki, bu cür neqativlərə gülün keçin. Onlar mənim vətənimin “gözəl övladlarıdır”, dəyməyin!
Tənqid “üzüm yemək yerinə bağbanı döymək” deyil
Burada özümdən heç nə yazmayıb yenə sözü verirəm wikipediyaya.
"Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar. Rəqabət və qısqanclıq da insanı davamlı tənqidə aparar. Qısaca, “üzüm yemək yerinə bağbanı döymək” üçün danışmaq olmaz."
Tənqid fikrin və ya işin müzakirəsidir
Bir dəfə Teymur Paşamla oturub Celal Şengörün CNN Türkə məşhur intervyusuna baxırdıq. Celal bəy ixtisasca geoloq olsa da hərtərəfli adamdır. Çıxışlarını izləmənizi məsləhət görürəm. Celal bəy hələ Türkiyə üçün deyir ki, burada heç bir universitet fikir istehsal etmir. Çox dərin sözdür. Fikir qalıcıdır, insan yox. İnsanı zatən insan edən onun fikirləri, əməlləridir. Məsələn, Siz bir reklam paylaşın. Mütləq bir nəfər çıxacaq və yazacaq, “voopşe filan şirkət niyə özünə şirkətəm deyir” 🙂 Sən də onun səviyyəsinə düşmək istəsən gərək cavab kimi yazasan ki, “ay inək, ay möö, mən axı başqa şeydən danışıram. Mən deyirəm gedək çay içək, sən deyirsən armud şirindi. Savadın çatır işi professional müzakirəyə aç, savadın çatmır eybi yox, olan işdi, qabiliyyətin çatıb təhqir eləmə”. Özü də çox maraqlı hal var. Kimsə bu cür yazıb səni öz aləmində tənqid edə bilər, amma Siz “mən bu fikirlə razı deyiləm” yazsaz, deyəcəklər “tənqidi qəbul edə bilmirsiz” 🙂 Nə ölməli və gülməli dünyadır, vallah.
Zaman keçdikcə anlayırsan ki, çalışıb məsələlərə quşbaxışı baxmağı öyrənməlisən. Tənqid edərkən kiməsə qarşı qıcığınız varsa, ən yaxşı halda heç olmasa şərhlərdə bunu hiss etdirməyin. Əksinə hiss etdirəndə doğru yazdığınız şeylər belə qərəz kimi qəbul edilir. Yadıma gəlir Fİl yarananda maraqlı tizerlər edirdik. Yaxın ətrafımızdan başqa heç kim bilmirdi məsələni. Bizi sevməyən adamlar da fərəhlə paylaşırdılar. Amma elə ki, bilindi paylaşdığını silən kim, əks-hücuma keçən kim və s. Bu da bir daha özümün özümə sübutum oldu ki, biz hələ də fikirləri müzakirə mərhələsində deyilik.
Düzgün tənqid necə olur?!
Təniqddə niyyət və üslub çox önəmlidir. Təbii ki, normal məntiqli insan az qala istənilən tənqidi fikirdə niyyətin hansı istiqamətdə olduğunu hiss edir. Üslub isə tənqid edənin artıq mədəniyyətinə, əxlaqına bağlı bir şeydir. Təəssüf ki, bu xüsusiyyəti düzəltmək çox çətindir. Ən yaxşısı belələri ilə ünsiyyətdə olmamaqdır. Yaradıcı tənqid etmək üçün üslubunuza çox diqqət edəcəksiniz. Yuxarıda yazdığım kimi əməyi küçümsəməyəcəksiniz. Bu halda insanlar Sizinlə ünsiyyətdən zövq alar, Sizinlə daha çox məsləhətləşmək ehtiyacı hiss edərlər.
Bir qrup insanı kimsə aldadıb ki, “tənqid” edəndə daha ağıllı görsənirsən. Bəli, aldadıb. Dünyada ən rahat söz “bu nəsə mənim xoşuma gəlmir” sözünü demək və ya yazmaqdı. Amma çox az adam NİYƏ adlı əks-suala tutarlı cavab verə bilər. Amma özünü hər hansı bir ixtisasın mütəxəssisi hesab edən də cavab verə bilməyəndə anlamırsan ki, bu hərəkəti naşılığına yazasan, ya da sadəcə qərəz olduğunu bilib fikir verməyəsən. Dünyanın bir çox ölkələrində keçirilən forumlarda olmuşam, heç birində bizdəki vəziyyəti görməmişəm. Bir cəhd etsən, səni o cəhddən iyrəndirənə qədər üstünə gələcəklər. Təbii ki, burada ən vacib məsələ geri çəkilməmək, yorulmamaq, öz doğrularına, prinsiplərinə daima sadiq qalmaqdır. Bir çox tanıdığım adam var ki, əsassız tənqid və təhqirlərdən dolayı işindən soyuyub. Qətiyyən olmaz. Biz ildə 4-5 forum keçiririk, məsələn. Biri bitir o birinə hazırlıq başlayır. Tənqidləri oxuyuram, adekvat olanlarından nəticə çıxarıram. Təhqir və açıq qərəzlilərinə isə sadəcə bir növbəti işlə cavab verməyə üstünlük verirəm. Odur ki, əsassız tənqidlərə görə ruhdan düşmək olmaz, əksinə bu sizə əlavə güc verməlidir ki, əksini sübut edəsiniz. Aradan illər keçəcək və kimin kim və harada olduğu bütün sualların cavabı olacaq.
Tənqidin inkişafı digər sahələrin inkişafı ilə düz mütənasibdir
Əgər cəmiyyətdə tənqidin inkişafı arzuolunan səviyyədə deyilsə, bunu təkcə tənqidçilərin üzərinə atmaq da düz olmaz. Kimsə ədəbi tənqidçidirsə, ədəbiyyat necə inkişaf edirsə, onun tənqidi də ona uyğun olur. Marketinq ölkədə hansı inkişaf tempindədirsə, marketinq adına görülən işlərin tənqidi də o səviyyədədir. Amma bu bizi rahatlatmamalıdır. Ümumiyyətlə hər kəs tənqid edə bilməz fikri də səhvdir. Düzdür bəzən olur ki, ömründə bir dəfə reklam çəkməyən, çəkiliş meydançası görməyən, bazara bir brend gətirməyən adam da elə şərh verir ki, əlin üzündə qalır. Amma ümumən “yumurtadan danışmaq üçün toyuq olub yumurtalamağa ehtiyac yoxdur”. Hamının fikrini ifadə etmək hüququ var. O fikrin boş və ya dolu olması isə artıq başqa məsələdir.
Sonda daha bir müşahidəmi də bölüşmək istəyirəm. Böyük ehtimalla Siz də bunun fərqinə varmısınız. Davamlı tənqid edən adamlar adətən şəxsi həyatlarında və ya iş həyatlarında xoşbəxt olmayan adamlardır. Bunu bir çox belə adamı tanıyan biri kimi deyirəm. Dərinə getsəz, hətta psixi problemləri olanlara da rast gələrsiniz. Təbii ki, paxıllıq və kini xəstəlik kimi saymırsızsa, onda bunu da əlavə edin.
Yazdıqca, maraqlı hadisə yadıma gəldi. Bir gün xanım tanışlardan birini qarşı masada ağlayan gördüm. Səbəbini soruşub öyrənəndə bilmədim gülüm, yoxsa ağlayım. Deyim Siz də bilin. Deyir “filankəs qızı mən uşaqlıqdan tanıyıram. Çox tupoy qızdır. Universitetdə də oxuya bilmirdi. Amma gəl ki, qəşəng bəxti var. Boş dili gör haralara gedib çıxıb, fb-də görürəm dəli oluram. Əsas incidən də odur ki, onun Chanell sumkası var, mənim yox. Mən ali təhsilli, savadlıyam. Niyə mənim olmamalıdır?!” Sözün bitdiyi an.
Uzun bloqun qısası dostlar, neqativlərdən uzaq olun. Həyatın gözəlliyindən həzz alın, başınızı qaldırın ətrafa baxın. Cəmiyyətdə qüsurlar həmişə olacaq. Amma “heç vaxt düzələn deyil” fikrini beyninizə yeritdikcə və parallel olaraq da düzəlməsi üçün heç nə etmədikcə, ancaq özünüzə ziyan vuracaqsınız. Nə bilim, həyatdı da. Özünüzə yaxşı baxın 🙂
Editor review
Summary
Səhvləri qeyd edirsinizsə, eyni cəsarəti müsbətləri də deməklə göstərməlisiniz. Yox əgər buna diliniz "çönmürsə", onda icazə verin sizə acizanə şəkildə "kompleksiniz var" deyim.
Həmçinin oxuya bilərsiniz
Azalanda çoxalan xoşbəxtlik – “Minimalizm” kitabı haqqında
Ətrafda səs-küy, qaça-qaç, harasa tez çatmaq istəyi, gec qalmaq qorxusu, varlıq içində yoxluq, yoxluğun bolluğu, sahib olduqlarımızın həzzini, olmadıqlarımızın xiffətini çəkə-çəkə ömür bitir. Doğulanda balaca qarına, öləndə balaca qəbirə yerləşən
Müzakirə mədəniyyəti
“Həmişə haqlı olmağa çalışmaqdansa, həmişə mədəni olun” Sosial media Azərbaycanın ictimai, sosial və siyasi həyatının müzakirə olunduğu ən aktiv platformalardan biridir. Etiraf etməliyik ki, sosial media olmasa, bizim bir çox
Oxucularımıza 1 illik hesabatımız
Diqqətlə oturub düşünəndə 1 ilin belə tez gəlib çatması məni bir az kövrəltdi deyə bilərəm. Çünki həqiqətən 1 ilin arxasında bizə görə çox böyük əziyyətləri vardı. 1 il sonra Sizə
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun