Gələcək Z nəsli ilə gələcək?
O vaxt məktəbdə oxuyanda tez-tez müəllimlərimizdən belə bir söz eşidərdik ki, “əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi”. İndi müasir dövrün müəllimləri ilə söhbət edəndə onlar adətən indiki nəslin “tərbiyəsindən”, “fərqli dəyərlərdən” çox şikayətlənirlər. Dəyərlər sisteminin çox dəyişməsi, qarşılıqlı anlaşılmazlıq Z nəslini (1997-2010-cu illər arası doğulanlar) bizlərdən (Y nəsli) fərqləndirir. Hətta bir millenial olaraq məni də çox vaxt çaş-baş salır. Onların, yəni Z nəslinin indi etdiklərini mən onların yaşında indi də olsam, etməzdim, məsələn.
Bu yazıda qətiyyən Z nəsli pislənmir. Bilmədiyimiz şeylər və ya anlamaqda çətinlik çəkdiyimiz nüanslara şübhə ilə yanaşmaq düzgün deyil. Hərçənd şəxsi fikrim hər gələn nəslin bir öncəkindən daha effektiv, daha cəmiyyətə faydalı olduğudur. Təbii ki, “cəmiyyət” anlayışı da fərqli mənalarda işlənir artıq. O səbəbdən yazının məqsədi fərqli araşdırmalara əsaslanaraq Z nəsli olan gələcəyimizi daha yaxşı başa düşməkdir.
Güvənmir, daha çox şübhə ilə yanaşırlar
Yuxarıda prioritetlərin dəyişməsi, dəyərlərə fərqli münasibətdən danışdıq. Məsələn, Z nəsli iqtisadi cəhətdən müqayisədə daha stabil zamana təsadüf ediblər. Amma siyasi cəhətdən isə dünyada o qədər media müharibələri, məlumat kirliliyi, terrorizm, müharibələr və s. xəbərləri ilə qarşılaşırlar ki, onlar dövlət, hökümət məsələlərində adətən biganə olur, ən pis halda isə sadəcə güvənmirlər, maraqlanmırlar.
Susaraq etiraz
Biz məktəbdə oxuyan vaxt çox rahat şəkildə böyüyəndə atamızın peşəsini davam etdirmək istədiyimizi deyərdik. Amma indi şəxsən nə qədər Z nəsli tanıyıram ki, dərinə gedən atasının peşəsinə “lağ belə edir”. Ən önəmli xüsusiyyətlərindən biri də onların ətrafları tərəfindən anlayışla qarşılanmadığında ümumiyyətlə susmalarıdır. Bu daha təhlükəlidir. O nəyisə düşünür, nəyəsə inanır, amma Siz bundan bixəbərsiniz. Onu paylaşmağa belə həvəs göstərmir. Odur ki, Z nəslinin uşaqlarını ciddiyə almaq, fərd kimi istənilən növ fikirlərinə hörmət bəsləmək önəmlidir.
Hətta zarafatla deyirlər ki, test sisteminin içində böyüdüklərindən onlar həyatda da bir problemin həllində 1 düz yolun, 3 isə səhv yolun olduğunu düşünürlər. Oyunlar da çox oynadıqlarına görə beyinləri eyni anda bir neçə funksiyanı yerinə yetirə bilir, kənardan dağınıq görsənsələr də, əslində diqqətlərini prosesin mürəkkəblik dərəcəsinə görə cəmləyə bilirlər.
Onların qəhrəmanı özlərindən biridir
Mədəniyyətə, sənətə münasibətdə də fərqlilik göstərirlər. Araşdırmalara görə hazırda 14-20 yaşlı gənclər üçün yüksək sənət və ya daha aşağı kütləyə xitab edən sənət anlayışı yoxdur. Onlar X və Y nəsli kimi öz dünyalarını yaratmaq əvəzinə, mövcud kultlardan öz o ankı əhvallarına görə istifadə edirlər. Hərdən youtube-da uzun illər eşitdiyim musiqini elə bir tərzdə ifası ilə qarşılaşıram ki, yatsam yuxuma da girməzdi ki, bu musiqini məhz belə də oxumaq olar. Həmçinin yeni, gənc ifaçıların özləri yazdığı sözlərə baxanda heyrətlənməyə bilmirsən. Yəni mən olsaydım, o cümləni o formada işlətmək ağlıma gəlməzdi, gəlsə belə düşünərdim ki, bu formada demək bəlkə də “bayağı” görünə bilər. Onlar üçün isə sərhəd olmadığı üçün asanlıqla istənilən şablonu sındıra bilirlər. Həm də Z nəsli əvvəllər çox tanınmamış, yeni simalara daha çox meyylənirlər. Yəni artıq kiv-lərin bizə ulduz kimi sırıdıqlarından daha çox özlərinin öz qəhrəmanları olur. Onları baxırsan heç kim tanımır, amma youtube-da hər mahnısı 3-4 milyon baxış yığır. Belə adamlar Azərbaycanda da az deyil. Hətta bəzən KİV-də belə musiqiləri səsləndirib lağ falan da edirlər, amma unudurlar ki, 3-4 milyon baxış, ən az 500 min unikal şəxs deməkdir. Onlar potensial müştəridir, onların seçimlərini “iqnor” etmək olmaz.
Təbii ki, bu nəsil müasir rəqəmsal dünyada dünyaya gəldiyindən onun üçün hər şey rəqəmsaldır. Onun kənarında heç nə onlar üçün əhəmiyyətli deyil. Çünki internetsiz dövrü heç görmədiklərindən o haqda təsəvvürləri belə yoxdur. Bugün bütün dünyada rəqəmsal marketinqin aktiv pay aldığı vaxtda Z nəsli üçün də bu məcra əvəzsizdir. Onlar üçün hansısa şirkətin, məsələn, sosial media səhifəsi yoxdursa, o şirkət yoxdur anlamına gəlir. Çox böyük şirkət olsa belə, siz heç bir vəchlə onları bu tip şirkətlərin “əsl işləməli yer” olduğuna inandıra bilməzsiniz. Amma vaxt var idi ki, şirkət rəhbərindən soruşanda “sizin facebook səhifəniz var?”, “xeyr, biz ciddi şirkətik” deyirdilər. Şəxsən belə cavablara şahid olmuşam.
Modern marketinqin ən effektiv kanallarından biri kimi influencer marketing də Z nəslinin sevdiyi məcradır. Z nəsli arasında kifayət qədər Robin Şarmanın dili ilə desək “ünvansız liderlər”, yəni influencerlər var. Xüsusən də “gamer”lər, “gaming” Z nəslinin ən əyləncəli məcrasıdır. Onlar sevə-sevə bu sahəyə pul xərcləyirlər, o tip adamları izləyirlər. Daha öncə də dediyimiz kimi bu nəsil ciddiliyi və stabilliyi sevmir. Onlar hər şeyi əylənərək öyrənmək istəyir. Bu səbəbdən də X və Y nəsli kimi onların kumirləri alimlər, özlərindən böyük şəxsiyyətlər olmur. Onların kumiri elə öz yaşıdları olur. Bu səbəbdən onlara elə öz aralarından, yaşıdlarından birinin uğur hekayəsi daha maraqlı gəlir.
Daha az kompleksli, riskləri sevən, fikrini rahat ifadə edib, eyni zamanda öncəki nəsillə müqayisədə daha çox kontent yaradan nəsildir – Z nəsli. Buna son dövrlər yaranmış, asanlıqla kontent (əsasən də gülməli) yaratmağa imkan verən platformalar da çox kömək edir. Məsələn, tik-tok bizə özümüzü bir başqa tərəfdən də görmək imkanı verdi. Mən heç maraqlanmıram, amma istifadə edənlər deyir ki, tik-tok-da ayrı bir azərbaycan gəncliyi var. Onlarla biz gündəlik həyatımızda qarşılaşmırıq.
İşə, karyeraya münasibətdə də Z nəsli çox fərqlidir. Əvvəla araşdırmaya görə onlar hər şeydə mütləq fayda, maraq axtarırlar. Onlara sərf etməyən şeydirsə, heç bir dəyər onları orada saxlaya bilməz. Klassik iş mühitlərində çalışmağı sevmirlər. İşlərini çox rahatlıqla tez-tez dəyişə bilirlər. Araşdırmalara görə indi dünyada hər 5 ildən bir ixtisas, hər 2 ildən bir isə iş dəyişirlər. Bizim vaxtımızda, daha doğrusu hələ də Y nəsli idarəçiləri hesab edir ki, tez-tez iş dəyişənlər o qədər də arzu olunan işçilər deyil. Şəxsən mən də elə düşünürəm. Amma Z nəsli üçün tez-tez iş dəyişməkdə ayıb heç nə yoxdur.
P.S. Bu arada Zedlər haqqında araşdırarkən metamodernizm anlayışı ilə də yeni tanış olmuş oldum. Modernizm, post modernizm eşitmişdim, amma metamodernizm yox. Qulaq gündə bir söz eşitməsə kar olar həqiqətən.
Yazar haqqında
Editor review
Summary
X və Y nəsli kimi onların kumirləri alimlər, özlərindən böyük şəxsiyyətlər olmur. Onların kumiri elə öz yaşıdları olur. Bu səbəbdən onlara elə öz aralarından, yaşıdlarından birinin uğur hekayəsi daha maraqlı gəlir.
Həmçinin oxuya bilərsiniz
Keyfiyyətli yerli təlimlər əvəzsizdir
Ötən ay yenə Sat Group ilə Şamaxı Şərədil oteldə təlimimiz var idi. Bu dəfə isə satış direktorları, satış nümayəndələri üçün idi. Təlimdən olduqca böyük zövq aldım. Auditoriya səninlə birgə müzakirələrdə
Çətin müştəri (III hissə) Nişan alma, izlə !!!
Qadınlar hərəkət edən hədəfdir. Və təbii ki, hərəkət edən hədəfi sabit hədəflə müqayisədə “vurmaq” daha çətindir. Bu halda hərbidə bilmirəm necə olur, amma biznesdə hərəkət edən hədəfə qarşı Sən də
Sən gözəlsənsə, həyat gözəldir!
Bəli, son 1 aya yaxındır ki, dilimizdən bu söz düşmür. Televiziyanı açırsan tv-də, radioda, internetdə, facebook, instagram isə öz yerində. Hər yerdə bu sloqanla İdealın yeni imic reklamı gedir. Bugün
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun