Mussolini Əməliyyatı

Mussolini Əməliyyatı

77 il öncə baş verən real hadisələri indiki dövrün siyasi, hərbi gedişləri ilə müqayisə edəndə bəzi oxşarlıqlar tapmaq mümkündür. Tarix bəzən və bir çox hallarda təkrarlanır. Onu yaxşı öyrənənlər baş verəcək hadisələrə daha hazırlıqlı olurlar. Bu yazıda ibrətlik bir çox hadisələrlə zəngin olan İtaliyanın faşist diktatoru Mussolinin qısa taleyi və onun, devrildikdən sonra Hitler tərəfindən xilas edilməsi əməliyyatından bəhs etmək istəyirəm.

Bilirsiniz ki, II Dünya Müharibəsində Avropanın şərqi adlandırılan İtaliya Almaniya ilə müttəfiq olub. İtaliyaya 21 il rəhbərlik etmiş Mussolini ilə Hitlerlə də yaxın dost idilər. Hitler öz xatirələrində italyanları çox sevmədiyini, amma Mussolininin xətrini çox istədiyini yazırdı (indi istəməsin).

Əlqərəz, 25 iyul 1943-cü ildə İtaliya kralı Vittorio Emmanuel, Mussolinini sarayına çağıraraq həbs etdirir. Onun həbsinin, daha doğrusu, devrilməsinin səbəb isə almanlarla ortaqlığın italyanlar üçün uğurlu olmaması, iqtisadi və hərbi itkilərin çoxluğu idi. Səmimi desək, kral həm də bilirdi ki, almanlar faşist ideoloji xətti ilə əvvəl-axır İtaliyada monarxiyanı da devirəcəklər. Buna görə də, kral xalqın günü-gündən artan narazılığını nəzərə alır, İtaliyanı almanlardan xilas etmək üçün altdan-altdan müttəfiq dövlətləri ilə əlaqəyə girmək istəyirdi. O vaxt bunu etmək istəyən təkcə İtaliya deyildi. Finlandiya və Macarıstan da eyni addımı atmışdı. Amma üzdə hər üç dövlət almanlara sadiqliyini hər vəchlə göstərməyə, daha dəqiq desək, almanlarda şübhə oyatmamağa çalışırdı. Almanlar isə gedişatın xoş olmadığını artıq anlamış, italyanlara etibarları zəifləmişdi. Xüsusən, Mussolininin qeyri-müəyyən şəkildə devrilməsi Hitleri çox qəzəbləndirmişdi. Bu səbəbdəndir ki, Hitler xüsusi tapşırıqla hava-desant qüvvələri komandiri Kurt Student və SS qüvvələrinin tabor komandiri kapitan Otto Skorzenini şəxsən qəbul edərək Mussolinini nəyin bahasına olur-olsun, azad etməyi tapşırmışdı. Skorzeninin elə bir aktiv döyüş fəaliyyəti yox idi, daim arxa cəbhədə olmuşdu. Görünür, bunun səbəbi Avstriya mənşəli olması, SS rəhbəri Himmlerin də ətrafında avstriyalılara üstünlük verməsi idi. Yeri gəlmişkən, Hitler özü də Avstriyada doğulmuşdu. Demək ki, qarşılıqlı münasibətlərdə güvən duyğusu həmişə bir köynək yaxın olur adama.

Diktatorun həbsi də maraqlı baş vermişdi. Həmin vaxt həyat yoldaşının təkidlərinə baxmayaraq, Mussolini saraya ani dəvəti qəbul edir, orda 43 il krallıq edən Emmanuel tərəfindən danlanır, ona artıq vəzifəsindən azad edildiyi və yerinə Marşal Pietro Badoglionun təyin edildiyi bildirilir. Beləliklə, Mussolininin 21 illik hakimiyyətinə 20 dəqiqə içində son qoyulur. Onun özünü isə saray çıxışında təcili yardım maşınına mindirib əsgərlərin müşayiəti ilə bir adada gizlədirlər. Amma Skorzeni və Kurt Studentin kəşfiyyat qrupunun İtaliyanın hər yerində Mussolinini axtardığını bilən yeni nazir Bodaglio həm agentlər vasitəsilə şəhərə yanıldıcı şayiələr buraxdırır, həm də Mussolininin yerini tez-tez dəyişirdi. Əldə olan son məlumat Mussolininin Romadan 80 km şərqdə yerləşən Gran Sasso sıra dağlarındakı Campo İmeratore sarayında saxlanıldığını deyirdi. Hitler Bodaglionun Mussolinini müttəfiq dövlətlərə təslim etmək istəyəcəyini anlayır və bunu heç cürə həzm edə bilmirdi. Bir sözlə, üzdə müttəfiq olan iki dövlət bir-birilərinə qarşı etibarsızlığın zirvəsini yaşayırdılar.

Amma bu, hələ son deyildi. İtaliya tərəfindən Bodaglio və kral, gizlincə ABŞ və İngiltərə ilə danışıqlar aparmağa başlayırlar. Səhər almanların Romadakı səfirinə “Fürerə deyin, İtaliya Almaniyaya ölümünə bağlıdır” deyən kral Emmanuel, həmin günün axşamı radioda müttəfiq dövlətlərlə (ABŞ, İngiltərə, SSRİ) qeyd-şərtsiz atəşkəs imzalandığını bildirir. Ay səni, kral!

Amma bu razılığa qədərki proseslər də çox maraqlıdır. Belə ki, İtaliya heyəti 11 gün müddətində gizlincə Lissabonda müttəfiq dövlətlərlə danışıq aparır. 3 iyul 1943-cü ildə isə artıq müqavilə imzalanır. Müqavilənin şərtlərinə görə, italyanlar müttəfiq qoşunlardan almanlara qarşı hava hücum dəstəyi tələb edir. Öz növbəsində müttəfiqlər də italyanlara güvənmədiklərinə görə, “Giant II” adı verdikləri bu əməliyyatın dəqiq tarixini onlarla paylaşmırlar. Müttəfiqlər İtaliyanın son anda fikrindən dönəcəyindən və hücum məlumatlarını almanlara ötürəcəyindən qorxurdular. İtaliya isə istəyirdi ki, atəşkəsin elanı ilə “Giant II” əməliyyatı eyni anda baş versin.

Müttəfiqlərin sonradan dedikləri tarixdə italyanlar almanlara qarşı müqavimət göstərə bilməyəcəklərini və bu səbəbdən əməliyyatın təxirə salınmalı, atəşkəsin də hələlik ertələnməli olduğunu söyləyirlər. Qiyamət də bundan sonra qopur. Badoglio Eisenhoverə telegram yollayıb hazırkı durumda atəşkəsi ertələməli olduqlarını bildirir. Eisenhover də öz növbəsində artıq orduların yola çıxdığını, italyanların cığallıq etdiklərini, atəşkəsdən imtina olunacağı təqdirdə gizli danışıqların almanlar tərəfə ötürələcəyi ilə hədələyir, üstəlik də şərt kimi bildirir ki, artıq İtaliyanın cavabından asılı olmayaraq, bunu saat 18:30-da radio vasitəsi ilə bütün dünyaya elan edəcəklər. Son təhdid gəlməmişdən öncə kral Emmanuel və komandası, yaranmış böhranı Badoglionun üstünə atıb, onu güdaza verməyi düşünürdülər. Amma rəsmi görüşlərdə foto və videolar çəkilməsi, Eisenhoverin də bunu yayma təhdidli nota verməsi bu planı da sıradan çıxartmışdı. Deməli, dünya dövlətləri lazım gələndə “burcutmaq” üçün əsas fiqurlarından birini rahat yem edə bilir.

Əlqərəz, ABŞ-dan 1 saat sonra İtaliya da eyni məzmunlu atəşkəs – təslim olduqlarını radiodan elan edir. İndi gələk Mussolinini axtaran alman kəşfiyyatçılarına. Skorzeni Roma küçələrində “Viva İl Re” sloqanını (Yaşasın Kral!) eşidəndə məsələdən hali olur. Almanlar İtaliyada mühasirəyə düşə bilərdilər. Bu səbəbdən də tez qərar alırlar ki, italyan hərbi birləşmələrini maksimum dərəcədə silahsızlaşdırsınlar, tabe olmayanları isə məhv etsinlər. Nəticədə 5000-dən çox italyan əsgər və zabiti yerindəcə güllələnir.

İtalyanların bu hərəkəti almanlara arxadan vurulan zərbə təsiri bağışlamışdı. İtaliya ordusu və hakimiyyəti almanlar qarşısında tab gətirə bilmirdi, hara getmək lazım olduğunu deyən əsl liderləri də yox idi. Badoglio, kral və ordunun qərargah rəisi Romadan qaçmışdılar. Eyni anda iki istiqamətə baxan adam çaş qalar deyirlər. İtaliya da bu halda idi.

Düzdür, müttəfiq qüvvələri İtaliyaya köməyə gəldi, amma Romadan 225 km cənubda daxil oldu və bu, almanların İtaliyanı tam tutmasına şərait yaratdı. Nəticədə sentyabrın 10-da Roma rəsmən almanlara təslim oldu. Bu, əsl tarixi biabırçılıq idi. Təbii ki, belə bir vəziyyətdə mütəffiq dövlətləri Mussolinini ən qısa müddətdə aradan götürmək istəyirdi. Romanın təslimindən sonra alman kəşfiyyatçıları da diqqətlərini yenidən Mussolini işinə ayırmışdılar. Hitler axtarışa Morsu da qoşaraq əməliyyata “Meşə Hərəkatı” adı verir və Mussolininin dərhal tapılıb onun yanına göndərilməsini əmr edir. Beləliklə, Mussolininin saxlanıldığı adaya hücum planı hazırlanır. Mussolini – diri ya da ölü – qarşı tərəfin əlinə keçməməliydi. Digər tərəfdən isə Badoglio Mussolininin, ən pis halda, təcili öldürülməsini əmr etmişdi.

Mussolinini xilas əməliyyatı 12 sentyabr 1943-cü ildə başlayacaqdı. Hücum planına görə, kiçik həcmli təyyarələrlə əraziyə enmək, oradan funikulyorla otelə girmək nəzərdə tutulurdu. Almanlar onlara sadiq olan italyan generalını da özləri ilə aparmışdılar ki, bəlkə Mussolinini mühafizə edən əsgərlər italyan generalı görüb müqavimət göstərməzlər. Nəticədə almanlar çətinliklə də olsa, otelin yerləşdiyi sərt relyefə enib, oteli mühasirəyə alıb, italyanları, demək olar, itkisiz tərk-silah edib Mussolinini xilas elədilər. Hətta sonra təslim olan italyan əsgərləri ilə almanlar bir yerdə şərab içib əyləndilər. Yeri gəlmişkən, bu işdə almanların özləri ilə apardıqları italyan generalı Solitonun da əməyi az olmadı. İtalyan əsgərlər onu görəndə çaş-baş qalmışdılar. Skorzeni şəxsən Mussoliniyə hərbi salam verərək, fürer tərəfindən onu azad etmək üçün göndərildiyini bildirmişdi. Skorzeni bununla yeni rütbə və xüsusi hörmət qazanacağına inanırdı.

Yolda bir neçə dəfə düşmək təhlükəsi yaşasalar da, Skorzeni Mussolini təyyarə ilə sağ-salamat Vyanaya gətirdi. İlk təbriki Himmlərdən, daha sonra da birbaşa Hitlerin özündən alan Skorzeni III Reyxin ən prestijli medalı ilə mükafatlandırıldı və mayor rütbəsi aldı. İlk dəfə idi ki, bu medal bir şəxsə onun elan edildiyi gün verilirdi. Himmler SS-i ABWEHR-dən daha bacarıqlı göstərmək üçün SS zabitlərinin işini daha çox qabardırdı. Hətta Mussolini oteldən təyyarə ilə çıxarılan zaman başqa bir adamın ciddi təhlükə yaratdığı bildirilsə də, Skorzeni israrla həmin təyyarədə getmək istədiyini söyləmiş, “öləcəyiksə, birlikdə ölməliyik” deyərək əməliyyatı təhlükəyə atmışdı. Odur ki, Skorzeninin, radio ilə xalqa müraciətində xilas əməliyyatında böyük payı olan paraşütçüləri, zabitləri bir kənara qoyaraq özünü tərifləməsi digər həmkarlarını çox hiddətləndirmişdi.

Əməliyyatın qəhrəmanlarının sonu da özünəməxsus olur. Belə ki, “Meşə Hərəkatı”ndan sonra ABWEHR və onun lideri Canaris-in nüfuzu get-gedə düşdü, sonda isə almanları onu asdılar. Skorzeni bəxti isə yenə gətirdi. O, əvvəlcə ABŞ hərbi forması geyindiyinə görə, müharibə cinayəti maddəsi ilə həbs edilir, ancaq sonra ingilislərin də eyni şeyi etdikləri ortaya çıxanda edamdan xilas olur. Skorzeni düşərgədən qaçaraq 1950-ci ildə İspaniyaya sığınır, daha sonra CIA və qərbi alman kəşfiyyatının rəhbəri Gehlen ilə əməkdaşlıq edir. Gehlen isə CIA-nın istəyi ilə onu Misirin Kəşfiyyat Xidmətini qurmaq üçün Misirə göndərir. Necə deyərlər, hardan-hara. Onun Misirdəki işlərindən xəbərdar olan Mossad Skorenziyə əməkdaşlıq təklif edir. Sonralar Skorzeni özəl şirkət quraraq İspaniya və Çilidə kommunist qruplaşmalara qarşı fəaliyyət göstərmişdi. O, 1975-ci ildə Almaniyada vəfat edir.

Mussolininin xilası Almaniyanın hərbi qüdrətinə və etibarına müsbət təsir etsə də, Hitler Mussolini ilə görüşündən sonra çox məyus olur. O, Mussolininin İtaliyaya qayıtmasını, orada monarxiyanın devrildiyini, faşist dövlətin yaradıldığını elan etməsini istəyirdi. Ancaq Mussolinin həvəsinin, iqtidar eşqinin tükənməsi bir yana qalsın, o, heç ona xəyanət etmiş kürəkənini də öldürmək istəmir, İtaliyada daxili müharibənin olmasını arzulamırdı. Təbii ki, bu, Hitleri çox qəzəbləndirir. Buna rəğmən, Mussolini İtaliyanın bir hissəsini özündə birləşdirən İtaliya Sosial Respublikasının rəhbəri kimi ölkəyə qayıdır.

İtaliya Sosial Respublikası Almaniyanın bir bələdiyyəsi kimi idarə edilirdi. Mussolini isə vaxtını dövlət işlərindən tam uzaqlaşaraq ədəbiyyat mütaliə etməklə keçirirdi. Bir zamanların məğrur imperialistindən zərrə də qalmamışdı. İtaliyalı diktator, II Dünya Müharibəsinin bitməsinə bir neçə gün qalmış – 28 aprel 1945-ci ildə İsveçrə vasitəsilə İspaniyaya qaçmağa çalışarkən italyan partizanları tərəfindən tutulub güllələnir, sonra da 1936-cı ildə almanlara əməkdaşlığı elan etdiyi Milan şəhərinə gətirilərək yanacaqdoldurma məntəqəsindən başıaşağı asılır. Qeyd edim ki, Mussolininin həbsində azərbaycanlı partizan Vilayət Hüseynov şəxsən iştirak edib.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

MƏXFİLƏR 0 Comments

Reinhard Gehlen – Qərbi Almaniya kəşfiyyatının ulduzu

«Soyuq müharibə»nin bitməsinə qədər iki blok – Qərbi və Şərqi Almaniya – arasında misli görülməmiş kəşfiyyat mübarizəsi gedirdi. Qərbi Almaniya öz kəşfiyyatını Qərbin sayəsində təkmilləşdirir, Şərqi Almaniya kəşfiyyatı isə SSRİ

MƏXFİLƏR 0 Comments

«SMERŞ» və ya Trotskini kim öldürdü?!

İnqilabdan sonra KQB, rejimə qarşı çıxan vətəndaşlarını qaçırdır, işgəncələr verir və öldürürdü. Rusiyadan qaçanlar da bu gizli servisin qəzəbindən xilas ola bilmirdi. Amma terror bu qədərlə bitmirdi. KQB-nin əcnəbilərə «xidmət»

MƏXFİLƏR 0 Comments

Ruslara atom bombasının sirrini verən qadın

35 il KQB-yə xidmət etmiş Melita Norwood (1912-2005) XX əsrin ən uzun müddət fəaliyyət göstərən casusu kimi tanınır. Kimliyi yaşlandıqdan sonra üzə çıxınca həyatının qalan hissəsini Londondakı evində ev dustaqlığında

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın