Moto sürənlər bilir ki, hara baxsan moto da o istiqamətə gedir. Özüm də moto təlimi alanda test etdim. Həqiqətən təcrübən olmasa belə çıxış nöqtəsinə baxanda beyin avtomatik olaraq oraya doğru istiqamətlənir. Dini baxımdan buna niyyət də demək olar. Nəyə niyyətlənirsənsə, gec-tez ora doğru gedirsən.
Və ya biznes dilinə çevirsək, lider hara baxırsa, komanda da ora gedir. Məsələn, bir rəhbər daima “harada səhv edə bilərik?” üzərinə vurğu edirsə, komanda da parallel olaraq daima səhv etməməyə çalışır. Səhv etməməyə çalışmaq isə davamlı baş verdiyində yaradıcılığı və təşəbbüskarlığı öldürür. Bu 2 şey sistemi formalaşdıran ən böyük təsir alətlərindəndir. Tərsinə lider daim həll yolunu axtarırsa, komanda da o istiqamətdə işləyir. Riski görmək lazımdır, ona hazır olmaq da olar, amma riskə kilitlənmək ziyan verir, sistemi çıxılmaza aparır.
Bu gün əksər şirkətlərdə strategiya problemi yoxdur. Konkret fokus problemi var. Yaxşı-pis çoxunun strategiyası var.
Ona görə də günün sualı əslində budur; Siz və ya şirkətiniz hansı istiqamətə baxır və Siz o istiqaməti damarlarınızda da hiss edirsinizmi?!
