Ölkəmizin ən böyük biznes portallarından biri olan Facemark saytını 3 aylıq əziyyət sayəsində tam yenilədik.
15 illik fəaliyyətimiz boyu saytımızı 2 dəfə yeniləmişik. Amma 3-cü yenilənmədə bir çox yeniliklər var. Belə ki;
1. İl ərzində keçirdiyimiz 15 biznes istiqaməti üzrə 20-dən çox tədbir ayrı-ayrı saytlarda idi, indi onların hamısını bir platformada birləşdirdik. Vahid platforma prosesi 3 qat sürətləndirir, iş yükünü ən azı 2 dəfə az aldır, funksionallıq isə əvvəlkinə nisbətdə ən azı 2 dəfə daha çoxdur.
2. Yeni “biznes radar” bölməsi əlavə etmişik ki, bu ilk dəfə 50-dən çox dünyanın biznes xəbər platformalarının xəbərlərini süni intellekt vasitəsilə gündəlik çəkib xəbər başlıqlarını azərbaycan dilində təqdim edir. Siz bəyəndiyiniz istiqamətləri filtrdən seçə və gündəlik avtomatik yenilənən xəbərləri oxuya bilərsiniz. Bunu ona görə etdik ki, gündəlik biznes dünyasında baş verənləri də bir platformada izləyə biləsiniz.
3. 15 ildə keçirilən bütün tədbirlərimizin video yazıları, müsahibələr, spiker çıxışları, icmal və tanıtım çarxlarını bir səhifədə təqdim edirik. FMR TV bölməsinə daxil olaraq indiyədək yüklənmiş 1700-ə yaxın videonu sizə uyğun filtrlərlə seçib izləyə bilərsiniz. Dayanmadan izləmək istəsəz azərbaycan dilində 37 günlük material var. Bu bölmədə tədbirləri illərə görə, tədbir adına, spiker adına, mövzusuna görə axtarış edə bilərsiniz.
4. Hazırda sayta daxil olan şəxs 15 kateqoriyadan olan istənilən tədbirə öncədən qeydiyyatdan keçə, onlar haqqında ətraflı məlumat ala və erkən alışın üstünlüklərindən yararlana bilər.
5. İl ərzində tədbirlərimizdə iştirak edən 17 000 insan vahid bazada toplanır, onlar il ərzində iştirak etdikləri Facemark tədbirlərini öz kabinetlərində görə bilir. Yaxın gələcəkdə həmin 17 000 insana bir-biri ilə də ünsiyyətə keçmək imkanı verəcəyik. Hazırda onların iş profilleri üzrə kateqoriyalaşdırılması prosesi gedir.
6. İzləyicilər tədbirlərimizdə olan bütün partnyorları bir yerdə görə bilir, hansısa şirkət partnyor olub satışlarını və tanınmasını artırmaq istəsə birbaşa saytdan müraciət edə bilir.
7. 15 ildə indiyədək xidmət göstərdiyimiz dövlət qurumları və özəl şirkətlərin hamısı siyahı şəklində verilib. Bu bizə öz tədbirlərini etibar etmək istəyənlər üçün birbaşa alətdir.
8. Bilirsiniz ki, facemark yaranan gündən həm də ölkəmizin marketinq, biznes dünyasının xəbər platforması kimi çıxış edib uzun illər. Hazırda xəbərlər bölməmizdə 20 000-dən çox xəbər var. Xəbərlər bölməsinin altında “Facemark news” alt başlığında onların hamısını bir yerdə topladıq. Bundan sonra həm də ümumi tədbirlərimiz barədə xəbərlər də burada gedəcək.
9. Saytdan istənilən aktiv tədbirə bilet alışı tam rəsmi və təhlükəsiz ödəniş sistemlərinə inteqrasiya edilib. Sevinirik ki, bu gün bilet alışlarının 80%-i yalnız sayt vasitəsilə edilir.
10. İndi korporativ şirkətlər üçün toplu bilet alışlarına heç bir əlavə zəng, ünsiyyət olmadan birbaşa saytdan almaq imkanı da vermişik. Çox yaxında şirkətlər almaq istədikləri bilet sayını yazıb, hazır imzalı müqaviləni belə yükləyə biləcək, imzalayıb elə saytın içindən bizə geri göndərib invoysu əldə edəcəklər. Hazırda lazımı hüquqi prosedurlar üzərində iş gedir.
