Öz statusunda boğulanlar
“Vaxt var idi, vaxt yox idi” konsepsiyası üzrə bir çox məsə”Lələ”rə “toxunacağıq”
- “Vaxt var idi” necə yarandı?
- Marketinq Direktoru kreativ konsept verərmi?
- Facemarkın avtobus reklamı və ya marketinqin marketinqi lazımdırmı?
Gələk 1-ci məsələyə;
Əvvəla onu deyim ki, marketer Məhərrəm kreativi, yaradıcılığı, fərqli ideya və yeniliklər üzərində düşünməyi çox sevir. Və tərslikdən də düşünərkən tapdığı bir şeylər olan kimi onu qeyd edir. Bu günə fərqli mövzularda fərqli kampaniyalar üçün 50-dən çox ideya və reklam sloqanları düşünüb və reallaşdırıb. Onun çörək ağacı olan balaca dəftərində isə hələ 40-a qədər fərqli və maraqlı reklam konsepti və ya sloqanlar qeyd olunub. Zamanı gələndə kampaniya və şirkətə görə istifadə etməyi planlaşdırır. “Vaxt var idi” də təxminən 4-5 ay bundan qabaq yazılan ideyalardan idi. Məhərrəmi tanıyanlar yaxşı xatırlayır ki, O, necə hər görüşdə “belə bir şey etsək necə olar?” deyə onlara müraciət edirdi. Və işlərin çox olduğu şəraitdə, yəni yeni il öncəsi sıxlıq zamanı tez zamanda bir şeylər ortaya qoymaq lazım olduğunda bu ideya öz yerini tapdı. Dostlar qınayırdılar ki, niyə marketinq direktoru Məhərrəm o boyda işlərin qabağında oturub reklam ideyası düşünür. Əvvəla Məhərrəm dekabr aktivlik planını öncədən hazırlamışdı, hələ noyabrdan. Hətta təxmini yeni il aktivliyini hansı agentliklə edəcəyini də. Amma qəfil rəqibin çarəsizcə 1 ay müddətinə endirimlərə getməsi oyunu pozdu. Əslində bu rəqibə də sərf etmirdi, 1 ay endirim etmək onu gözdən salırdı, amma demək ki, özü qazanmasa belə digər rəqibi də heç olmasa ziyan görsün məntiqi ilə hərəkət etmək istədilər. Bu halda bütün planlar Məhərrəm üçün dəyişdi. Vaxt isə yox kimi bir şey idi. Cəmi 1 həftə ərzində yeni marketinq aktivliyi hazırlanmalı, rəhbərliklə müzakirə və təsdiq olunmalı və reallaşdırılmalı idi. 07 dekabrda təsdiq olunan son plan artıq 10-dan hazır olmalı idi. Təbii ki, belə olan halda ehtiyat ideyalardan istifadə etməkdən başqa yol yox idi, üstəlik də büdcə lazımı qədər deyildi. Çoxu deyirdi ki, niyə bu iş agentliyə həvalə olunmayıb?! Əvvəla bu işin agentliyə həvalə olunmamasını qeyri-professionallıq bilənlər, əgər verilsəydi 3 gün deadline qoyulmasına da eyni dərəcədə qeyri-professionallıq damğası vurub bəlkə də imtina edəcəklərdi. Qəbul etsə belə “yaxşı” pul istəyəcəklərdi. Hərçənd ki, mən bizimkilərin o tezlikdə operativ olduğunun heç vaxt şahidi olmamışam. Bizimkilər mövzusu haqqında bir sonrakı yazıda yazacaq, Məhərrəm. Uzun sözün qısası, qollarını çırmalayıb “vaxt var idi” yeni il üçün uyğunlaşdırıb mesajları qaydasına salan Məhərrəm, həm səsləndirmədə, həm çəkilişlərin hazırlanmasında, qrafik çarx, adaptasiyalar, non-standart banner ideyasının hazırlanmasında şəxsən iştirak etdi. Yazırdılar ki, Marketinq Direktoru strateji işlərlə məşğul olmalıdır daha çox o ərəfədə. Məhərrəm də bu fikirlə razıdır, amma parfumeriya mətbəxini bilənlər bilir ki, dekabr ayında yeni ildən strateji heç nə olmur bu tip şirkətlər üçün və bu ərəfədə reklam da ələxsüs uğurda strateji rol oynayır. Demək olar ki, 3-4 gün gecə-gündüz ancaq bu işlə məşğul olduq. Məhərrəmlə işləyən hər kəs bu tempə əslində alışıqdır, amma New-Media-ya xüsusi təşəkkür düşür. Ən azı Məhərrəmə dözdükləri üçün. Rəqibin kampaniyasına qarşı fərqli sosial-iddialı mesaj lazım idi ki, 2 fərqli ideya ilə non-standart banner şəklində 6 saytda yayımlandıq. Nəticə isə gözlədiyimizdən daha gözəl oldu. 5-6 gün ərzində 300 minə yaxın baxış, 7 minə yaxın klik və 2.5% ətrafında CTR aldıq. Sloqan və mesajlar isə ətrafda bir çox insanın artıq dilinə düşmüşdü. Sosial şəbəkələrdə isə “vaxt var idi” başlığı ilə məzəli statuslar paylaşılmağa başlamışdı.
“Tarix felin lazım formasını sevmir”
2-ci məsələ marketinq direktoru kreativ konsept verərmi üzərinədir. Əvvəla Məhərrəm düşünür ki, marketinq direktoru İlkinin öz yazısında qeyd etdiyi kimi dirijor funksiyasını yerinə yetirməlidir. O hər işi düşünüb reallaşdırmaq yollarını işçiləri arasında düzgün paylaşdırmalı, icraya nəzarət etməlidir. Hər strukturun effektiv işini kontrolda saxlamalı və yeri gələrsə kritik anlarda müdaxilə edib necə düzgün etməyi əməkdaşlarına göstərməlidir. Bəli, yuxarıdakı cümlələrdə görün nə qədər “-malı, -məli” şəkilçisi var. Lazımdır, olmalıdır və s. Həyatda biz nə qədər “olmalıdır”lara əməl edirik görəsən?! O da başa düşür ki, nə necə olmalıdır, amma yuxarıda da yazıldığı kimi kritik situasiyalarda tez qərar vermək lazım gəlir. Əməkdaşlar isə heç də həmişə olmalı olduqları keyfiyyətdə olmur. Ümumiyyətlə Azərbaycanda marketinqi bilən yox, hiss edən işçilər olduqca azdır. Biz nəyəsə görə elə bilirik ki, hansısa işdə professionalıq. Məsələn, Azərbaycanda heç bir universitet, təhsil ocağı və ya pullu kurs və s. kreativlik, kopirayterlik təhsili vermir. Mənim tanıdığım çox kopirayter isə bu haqda xüsusi araşdırma və təhsil almayıb xaricdə və daxildə. Sadəcə düşünürəm ki, onlar yazıb, yazdıqca da onlarda alındığını, bu işi bacara bildiklərini görüblər və də çox da gözəl bacarıblar deyə bilərəm. Çünki bu iş həm də yaradıcılıqdır, onu oxumaqdan daha çox hiss edib daxildə yaşamalısan. Bunu isə nəinki sıradan biri, hətta Marketinq Direktor da bacara bilər və əgər bu onun işinə mane olmursa, niyə də istifadə etməsin deyə düşünür bizim marketer Məhərrəm. Sadəcə bunu əsas işinə çevirməməlidir, çevirirsə, o zaman ağlının deyil, könlünün səsinə qulaq asıb kreativə, agentlik işinə keçməlidir.
Marketinqin marketinqə ehtiyacı varmı?!
3-cü məsələmiz də Facemarkla bağlıdır. Mövzuya keçməmişdən öncə bu yaxında fb-də belə bir status yazmışdım: Vaxt var idi Facemark yox idi, olana da şükür deyirdilər. İndi Facemark var, yaradana şükr deyirlər. Mən həqiqətən də Facemarkın marketinqə dair bir stereotipləri sındırdığının, gənclərə, marketinqə maraqlı olan hər kəsə qucaq açdığı və meydan verdiyinin qənaətindəyəm. Bir dəfə də demişdim yenə də deyirəm ki, ilk olmaq önəmli deyil, önəmli olan məşğul olduğun işin adı çəkiləndə sənin adının İLK çəkilməsidir. Facemarkın qısa zamanda uğurları barədə bir yazıda əvvəl yazmışdı, Məhərrəm. Uzun sözün qısası bu yaxınlarda Facemark.az həm də bir avtobus kirayələyərək reklama başladı. Yenə sosial şəbəkələrdə müzakirə başladı ki, buna ehtiyac vardımı, nə dərəcədə hədəf qrupu var, niyə orda qız şəkli var və s. Ümumiyyətlə bildirim ki, nə “vaxt var idi” konseptində, nə də facemarkın avtobus reklamında bir Allah bəndəsi əslində necə olmalıdır deyə fikir bildirmədi. Əksinə ümumi sözlərdən istifadə etməklə professional şərh bildirdiklərini hesab edirdilər. Daha doğrusu ən asan yolu seçdilər. Əvvəla qeyd edim ki, facemark avtobusunu bizə hədiyyə etdilər, biz də etiraz etmədik. Hədəf kütləyə gəldikdə isə biz hamımız deyirik ki, marketinqi inkişaf etdirək, hamının xəbəri olsun və s. İstanbulda reklam festivalı zamanı bütün küçələr o festivalın posterləri olur. Onda mən də soruşuram ki, istanbul küçələrində nə qədər adam festivalın hədəf qrupudur?! Yəqin ki, bizdən bir neçə dəfə marketinqdə öndə olan türk qardaşlar nəsə bilir və edirlər. Ona görə marketinq saytının avtobusda reklamında bir qəbahət görmürəm. Fikirlər səslənirdi ki, desəydiniz biz edərdik normal bir şey falan. Mən isə deyirəm ki, YALANDIR! ))) Çünki xırda işarəyə pul tələb ediriksə, bunu etmərik biz. İş bitəndən sonra söz verən həmişə çox olur. Biz hələ də pozitiv baxmağı öyrənə bilmədik. Biz hələ də təəssüf ki, uzun baxıb qısa yaza bilmədik, uğura sevinmək əvəzinə ilk cümləmizdə səhv axtardıq, dəyərli olan vaxtımızı bu cür faydasız şeylərə həsr etdik və ya edirik. Amma bu təbii ki, marketinqi dərindən sevən birini, hələ Məhərrəmi heç ruhdan salmır. Əksinə Məhərrəm və onu kimi düşünənlər bu yolu əlinə alıb marketinq adına faydalı işlər görməyə usanmadan davam edəcəkdir və nail olacaqdır. Çünki “mübarizə aparan nəticədən asılı olmayaraq qalibdir”. Küncdə-bucaqda “qaralayanlar” isə həmişə olacaq və onlar da cəmiyyətimizə lazımlıdır.
Facebook Comments
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Səliqəsiz, intizamsız, maraqlı adamın həyatı və ən bəyəndiyim 22 deyimi
Bu yazını hamımıza tanış, şəkli adından daha çox tanınan Eynşteyn haqqında yazmaq qərarına gəldim. Mənim üçün həmişə maraqlı olub ki, 20-ci əsrin adamı adını almış bu adam necə bir həyat
Əsl oxucu kimdir?
Bir dəfə ala itdən məşhur dostum Teymur paşa, mən, Nurlan və xətrini çox istədiyim dostumuz yazıçı Seymur Baycan ilə maşınla Qaxa istirahətə getmişdik. Yol uzun, həmsöhbətlər maraqlı, mövzular da nə
Hamı və amma
Bayram günləri yazmağın da, oxumağın da ayrı ləzzəti var. Deyəsən biz bayramı bayram olduğundan daha çox, qeyri-iş günü olduğuna görə sevirik 🙂 Başlamayacam indiki və əvvəlki bayramları müqayisə etməyə. Sadəcə
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun