Bir xoşbəxtliyi tapanda sorğulamayın, bir də qərarı verəndə. Son işimi qısa müddət sonra tərk etmə səbəblərim haqqında!
Əziz dostlar, bu gün ətrafımızda xeyli maraqlı hadisələr baş verir. Gündəmi özünüz də izləyirsiniz. İndi də internet ölkə üzrə yox idi, bəlkə elə indi də yoxdur. Ona görə bloqu indi paylaşa bilirəm ancaq 🙂 Hər gün aldığınız, oxuduğunuz qəribə xəbərlərə birini də əlavə edim ki, ˝mən artıq Kontakt Home-da çalışmıram˝. Marketinq direktoru olaraq özümü o şirkətdə görmədiyimdən çox uzatmamaq qərarına gəldim və işimdən imtina etdim. Adətən qərarları verərkən çox uzun düşünməyə üstünlük verirəm. Amma bu dəfə çox uzun düşünməyə ehtiyac olmadı. Soruşsanız ki, belə ani qərara nə səbəb oldu və qısa necə izah edərsiniz deyim Sizə, bilin – Qısamüddətli müşahidə – mövcud problemlər – çatışmazlıqlara yanaşma tərzi – gözləntilərdə fərqliliklər – gələcək perspektiv – bugünədək əldə edilən zəngin təcrübə və onun verdiyi əminlik və sonda hər nə olursa-olsun doğru bildiyin şeydən, sözdən, əməldən, hərəkətdən pul, status, ˝camaat nə deyəcək˝ naminə çəkinməmək.
Düzdür, deyə bilərsiniz ki, bəlkə bir az da gözləmək olardı. Amma inanın ki, bugünə qədərki keçilən yol və əldə edilən təcrübə göstərir ki, həyat çox qısadır 🙂 çox da zad eləməmək lazımdı, özünüzü xoşbəxt hiss etmirsinizsə, nə məcburdur ki, sadəcə gedin. Çox adamlar sadəcə getməyi bacarmır. Daha doğrusu zamanında getməyi bacarmır. Nəyəsə görə qırılır qalır. Mən belə deyiləm, hətta indi şərtlər əleyhimə işləsə belə getmək lazım olduğunu bildiyim yerdən sadəcə gedərəm. Bir müddət sonra hər şey gün kimi aydın olanda Sizi mövcud yerinizdə saxlayan səbəblər bəhanədən başqa bir şey sayılmayacaq. Yaxın ətrafda gedib 1 ay sonra çıxmaq yaxşı deyil, səbrli olmaq lazımdır, camaat nə deyər, karyerana zərbədir tipli fikirləri çox alırdım. Bu arqumentlərin hər biri özlüyündə real və məntiqli olsa da, prinsiplərimə və iş dəyərlərimə, vaxtıma hörmətim bunlarda ağır gələ bilməz, bilmədi də.
Onu da deyim ki, bu proseslər özlüyündə çox normal haldır. İstər şirkət tərəfindən, istər menecer tərəfindən. Hərə də normal olaraq öz prizmasından özünü haqlı saya bilər. Ona görə də ən doğrusu ən kiçik uyğunsuzluqda münasibətləri ayırd etməkdir ki, sonra gedilən yol uzananda kəsib atmaq da çətinləşir.
Marketer nə zaman ˝köhnəlir˝?! Anti-köhnəlmə addımları nələrdir?
Marketinq elə bir sahədir ki, daim yenilik və daim öz üzərində işləməyi tələb edir. Bir an belə trendi izləməkdən vaz keçsəniz, sadəcə ˝köhnələcəksiniz˝. İstər bazar üçün, istər sahibkar üçün. Buna parallel olaraq marketer həm də bəlli bir mühitdə, bəlli bir radiusda hərəkətlə məhdudlaşdırılsa, eyni problemi yaşayır. Buna arzularla imkanların (oxu: bu misalda ona yaradılmış imkanların, mühitin) toqquşması da demək olar.
Əgər birinci misalda yaranmış situasiya marketerdən birbaşa özündən asılıldırsa, ikinci dediyim misalda birbaşa marketerdən asılı deyil. Dəyişə bilərmi? Bilər bəlkə də. Dəyişməyə zaman və enerji sərf etmək düzdürmü? Bu artıq sual və müzakirə məsələsidir. Zamana və şəxsə görə dəyişir. Bir nəfər ola bilər ki, düşünər ki, mən zamanla hər şeyi dəyişdirəcəm, onların fonunda özüm də dəyişəcəm. Bəzi adamlar da deyə bilər ki, mənim artıq doğru bildiklərimə əminliyim zamanında etdiyim səhvlər və əldə etdiyim təcrübə olub. Yenidən bünövrədən başlamağa dəyməz və s. Yəni yanaşmadan çox şey asılıdır və məsələyə baxış prizmasından asılı olaraq hər fikir doğru ola bilər. İkinci misalda marketerin bilə-bilə özünü ˝köhnəltməsi˝ düşünürəm ki, kamikadzelikdən başqa bir şey deyil.
Ümumiyyətlə, hər bir marketerə məsləhət görürəm ki, özlərini görmədikləri yerdə reallaşdırmağa çalışıb vaxt itirməsinlər. Vaxt elə də çox deyil ki, onu sevmdiyiniz şeylərə xərcləyəsiniz. Marketinq dinamikadır, dinamik olun, o qədər sürətli olun ki, Sizə çatmağa çalışsınlar, Siz çatmağa deyil.
Uzun sözün qısası, artıq yeni imkanlara, perspektivlərə konsentrasiya olacağıq. Yeni fürsətləri dəyərləndirəcəyik. Kontakt Home-a isə bundan sonrakı fəaliyyətində ancaq bol-bol uğur və yeni iş nailiyyətləri arzu edirəm. İnanıram ki, qısa müddət ərzində şirkət bazarda öz istədiyi mövqeni tuta biləcəkdir.
P.S. Bu yazdığım ən qısa bloqdur deyəsən. Özümü və Sizi təbrik edirəm 🙂
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
“Çıxılmaz vəziyyətdən çıxış yolu girişdədir”
İctimai tv-də Yasamal hadisəsinin səbəb və nəticələrinə dair 1 saatlıq verilişi diqqətlə izlədim. Sonda Erkin Qədirlinin”çıxılmaz vəziyyətdə çıxış yolu girişdədir” fikri çox xoşuma gəldi. Bilmirəm öz sözüdür ya yox, amma
2020 görmüş 2021 haqqında
2020 fərqli oldu. Fərqli olmaq ifadəsini gözlənilən kimi olmamaq, əvvəlki illərə bənzəməmək sözü ilə də əvəz edə bilərik. İnsana hər ötən il nələrisə öyrətməlidir. Yaşanan hər şey təcrübədir. Təcrübənin isə
Aytac Babayevanın öldürülməsinə təəccüblənmədim
Axır vaxtlar nəsə hamı bir şeydən danışmağa başlayanda söhbətə o saat “kurs” olmaq həvəsim olmur. Kənardan müşahidə insana daha çox fayda verir, nəinki, tez mövzuya qoşulub özünü yandırasan. Çünki bizlər
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun