Bizim milli müdirlərimiz

Bizim milli müdirlərimiz

Marketinq bir az da yaradıcılıq deməkdir, empati deməkdir, bəzən müştərinin, bəzən də rəhbərin gözü ilə baxmalı olursan. Lazım gələndə hər hansı bir işi sifariş verdiyin agentliyin də adından çıxış etməli, onu başa düşməyə çalışmalısan. Bugünə qədər marketerin reklam agentliyi ilə, “Bizim Milli İclaslarımız” adlı yazımda isə marketerin özünü iclaslarımızda necə aparmalı olduğu haqqında yazmışam. Yazılarımda həm də onu qeyd etmişəm ki, marketerin uğuru sahənin inkişafından, bir az dərinə getsək işlədiyi şirkətin inkişafından, durumundan, lap dərinə getsək, müdirindən asılıdır. Praktikam göstərib ki, bir şirkətdə uzun müddət çalışan marketer ya sonda müdirinə oxşamağa başlayır, ya müdiri bir müddət sonra onla hesablaşmağa başlayır. Az hallarda isə qızıl ortanı tutmaq mümkün olur ki, hər iki tərəf bəzi xüsusiyyətlərini rəndələyib bir-birilərini başa düşürlər. Belə hallar az olsa da, amma var və bu sevindirir.

Əziz oxucu, bu dəfə mən bizim milli müdirlərimizdən yazmaq istəyirəm. Gördüyüm, bildiyim, eşitdiyim milli müdir tiplərini bir dəfətərə yazdım, indi Sizə onları bir az izahlı təqdim edəcəm. Yazı müzakirə və mühakiməyə tam açıqdır, səhvlərdən sığortalanmayıb, müəllif hüququ falan da qorunmur, əksinə vəhşicəsinə pozulur. Bu belə.

Bu arada onu deyim ki, müdir deyəndə CEO və həm də şirkət sahibini nəzərdə tutmaq olar. Əksər hallarda Azərbaycanda şirkət sahibi həm də idarə etmə (management) ilə məşğul olur deyə hamısına aid etmək olar. Bir çox hallarda isə təbii olaraq sahibkar ilə CEO-nun davranışları fərqli olur. Mən bəndləri sadaladıqca çalışacam xüsusiyyətin hansı tip müdirə aid olduğunu da yazım.

1. Bütün qərarları özü verməyi sevən müdirlər

Bu həm sahibkar, həm də CEO müdirlərə aid edilə bilər. Elə müdirlər var ki, ən kiçik qərarı belə özü verir. Nəticədə işçilər bir müddət müqavimət göstərir, əksi mümkün olmadıqda isə vəziyyətlə barışıb məsuliyyətdən azad olurlar. Qərarların vacibliyi, həyatiliyi nəzərə alınmaqla çalışmaq lazımdır ki, o işçilər arasında bölüşdürülsün. Əgər qərarı hər dəfə Siz verirsinizsə, o zaman 2 şeydən həmişə əziyyət çəkəcəksiniz. 1) İşçiləri ittiham edə bilməyəcəksiniz, çünki qərarı özünüz vermisiniz, səhv də olsa, üstündən keçəcəksiniz 2) İşçiləriniz görəndə ki, hər dəfə onsuz da Siz deyən kimi olur, özlərini məsuliyyətdən kənar hiss edirlər və ya ümumiyyətlə daha məsuliyyət almaq istəmirlər. İnsana səhv etmək imkanı da verilməlidir, dünyanın sonu deyil. Qərarı verərkən elə etmək lazımdır ki, hamı o qərarda öz payının olduğunu hiss etsin və icrada daha həvəsli olsun. Bizdə isə ya bu qərarları işçiyə həvalə etmirlər, etsələr də vəziyyəti “iti öldürənə sürüdərlər” atalar sözünə döndərirlər. Yəni adam qələt edib hansısa işi öz üzərinə götürdüsə, vay o gündən ki, nəsə səhv getsin. Uğursuz olsa, ölənə kimi başına qaxacaqlar, psikdirəcəklər. Qısası çalışıb işçiləri qərarvermə baxımından çərçivəyə salmamaq lazımdır. Belə olanda onlar məhdud düşünməyə başlayırlar, yaxşı ideya, yaxşı qərar yox, müdirin xoşuna gələn ideya və ya qərar vermək ətrafında düşünürlər.

2. Hobbisini işinə tətbiq etməyi sevən müdirlər

Bəzən də elə müdirlər olur ki, məsələn ixtisasca mühasibdir, nə bilim texnikdir və ya elə marketinqi, yeni ideyaları çox sevir. Eləsi də olur ki, deyək ki, şeri, poeziyanı çox sevir. Bu normal haldır, amma problem onda olur ki, müdir bu hobbisini işə tətbiq edir. Deyək texnikdirsə, o zaman texniki şöbənin qanı getdi, onların hər işinə qarışacaq, hər addımda o sahəni daha yaxşı bildiyini hiss etdirəcək. Və ya yeni ideyalar, marketinqi sevirsə, həmişə şöbəni çağırıb yeni ideyasının olduğunu və işçilərinin yaxşı halda fikrini soruşacaq, pis haldasa ümumiyyətlə soruşmayacaq, “gedin, bu dediyimi edin” deyəcək vəssəlam. Belə olanda işçi də risk edib pis ideyadırsa, pis deyə bilməyəcək. Məsələn, mən eşitmişdim ki, tamamilə sektora, hədəf kütləsinə aid olmamasına baxmayaraq, bir müdir sırf anası o verilişə baxır deyə, həmin verilişə sponsor olmuşdu. Kənardan baxan da deyəcək ki, bu şirkətin marketeri professional deyil, hədəf qrupu olmayan yerdə reklam verir. Amma mətbəxi isə heç kim bilmir. Əziz belə müdirlər, Sizin bir saatınızın qiyməti 1000 manatdırsa, məsələn, o sevdiyiniz işi görənin 1 saatının qiyməti 20 manatdır. Siz o işi onun yerinə görürsünüzsə, o zaman öz şirkətinizin cibinə girmiş olursunuz. Məsələ “lapatka vurmaq deyil”, “lapatkanı hara vurmaq”dır. İstiqaməti verin, o işi aidiyyatı adamlar görsünlər. Hər kəs öz işini görməlidir, yox əgər o sahənin işçisi, rəhbəri istədiyiniz kimi görə bilmirsə, o zaman dəyişdirin başqasını qoyun, nəinki, onun yerinə o işi görüb son nəticədə özünüzə ziyan vurasınız.

3. Reallıqla barışmaq istəməyən müdirlər

Buna reallığı görmək istəməyənlər də deyə bilərik. Belə müdirlər Azərbaycanda çoxdur. Ətraflarında işləri, şirkətləri ilə bağlı situasiyanı nə qədər insan desə də, onlar heç bir halda bununla barışmaq istəmirlər. Bəzən də eqolarına sığışdırıb qəbul etmək istəmirlər. Məsələn, şirkətin vəziyyəti mənfiyə gedirsə, bunu müştərilər də, işçilər də deyirsə, rəhbər hansısa intuisiyasına əsaslanıb durumu qəbul etmir. Və ya tutaq ki, rəqibə bu gedişlə uduzur, hamı da deyir ki, bu yol düz deyil, uduzuruq uzun vədədə, yenə bu tip müdir qəbul etmir. O hələ də inanır ki, rəqib onun 10 il əvvəl tanıdığı adamdırsa, onu keçə bilməz. Və ya “dünənki uşaq” necə ona qalib gələ bilər. Amma unutmayın ki, “dünənki uşaqlar” daha təhlükəli olur. Siz onlardan zərbə gözləmirsiniz, ona görə də ən böyük açığı elə o tərəfdən verirsiniz. Heç kimi küçümsəməyin. İşçilərinizi isə əsla. Bu gün n qədər elə şirkətlər var ki, işçsini lüzumsuz sıxıb, incidib deyə işçi çıxıb məhz o işdən özünə qurub, rəhbərini də keçməyi bacarıb. Hər kəslə münasibətləri yaxşı saxlamaq lazımdır, dünya balaca dünyadır. Siz hər şeyi düzgün bilə bilməzsiniz, arada ətrafa da qulaq asmaq lazımdır.

4.  Kinli müdirlər

Bəzən də olur ki, bu və ya digər səbəbdən hansısa departament, ya o departamentin hansısa işçisi rəhbərin gözündən düşür. Bu halda o departamentin və ya işçinin yumşaq desək “eşşəyi ölür”. Bu adamın hərəkəti də, dediyi hər söz də rəhbərə ilan-qurbağa görünür. Bir müddət sonra durum “voopşe sənin papağın hanı” lətifəsinə dönür. Bu halda bilmirəm işçi necə davranmalıdır, amma bilirəm ki, rəhbər xoşu gəlməyən adamla da professional münasibət qurmalıdır. İş öndə olmalıdır, iş müzakirə edilməlidir, şəxsiyyət deyil. Kiməsə kin saxlayıb, onun dediyi hər şeyi inkar edərkən, inkar etdiyiniz şey şirkətinizə ziyan da vura bilər, unutmayın. Xoşunuz gəlmirsə, yaxşısı dəyişin getsin, nəinki özünüzün də onun da əhvalını həmişə pozasınız.

5. Şirkətdə “sevimlisi” olan müdirlər

Sevimlini müxtəlif cür izah etmək olar. Bəzən bir işçi uzun müddət şirkətdə çalışır, özünü sübut edir və nəticədə rəhbərin sevimlisinə çevrilir. Rəhbər isə bunu açıq hiss etdirir. Nəticədə o adamlar bəzən bundan sui-istifadə edir. Etimaddan şəxsi maraqları üçün də istifadə edə bilir. Və ya başqa halda hansısa səbəbdən bir departament, ya bir işçi müdirin sevimlisinə çevrilir. Bu halda da onların (onun) etdiyi hər şeyə yaşıl işıq olur. Nəticədə nə baş verir? Digər departamentlər, digər işçilər demotivasiya olur, o departamentin, o şəxsin toxunulmaz olduğunu düşünür və iş keyfiyyətləri aşağı düşür. Hətta o şəxsin həqiqətən qazandığı uğur belə digərlərinə şübhəli görünür, elə zənn edirlər ki, özü deyil, kimsə kömək edib və s. Ona görə də əziz müdirlər, şirkətdə kiməsə xüsusi münasibətinizin olduğunu hiss etdirməyin. Başqalarını demotivasiya edib lüzumsuz söz-söhbət yaratmaq Sizə faydalı olmayacaq.

6. Özünü həddindən çox dartan müdirlər

Sadəlik gözəllikdir. Elə adamlar tanıyıram ki, şirkətdə otağına giriş qapısı birinci mərtəbədən ayrıdır. Arxa qapıdan girir, özü cəhənnəm, katibəsini görmək müşkül məsələ olur və s. Və ya işçilərini tanımır. Küçədə görsə tanımaz, ya da müdiri tanımazlar. Heç kim cürət edib müdirin istifadə etdiyi telfondan almır belə şirkətlərdə, onun geyindiyini geyinmək istəmir ki, birdən xoşuna gəlməz. O filan komandanı tutursa, bütün şirkət o komandaya fanat olur. 5 günlük dünyadı, artistlik eləməyin əziz işçilər. Və əziz müdirlər, işçilərinizi tanıyın, onların şəxsi problemləri ilə maraqlanın, qeyri-rəsmi görüşlər təşkil edin, lazımsız baryer qurmayın işçinizlə öz aranızda.

7. “İşçilərini dalaşdıran” müdirlər

Bu haqda dostumuz Bayramov daha yaxşı yazıb. Qısa deyim ki, bəzi rəhbərlər qəsdən intirqalar yaradırlar. Qəsdən kiminsə tərəfini tutub, kimisə ələ verirlər. Kimsə deyib ki, hamını bir-birinə qarşı qoy ki, bir-birini idarə etsinlər, bunlar da əməl edir. Amma sonda əmin olun ki, işçi yox, siyasətçi yetişdirəcəksiniz. Şirkətiniz batsa da veclərinə olmayacaq. Öz vəziyyətləri yaxşıdırsa, başqalarına kömək etməyəcək. Bir-birinə qarşı qoymaq yox, bir-birinə bağlı etmək lazımdır ki, lazım gələndə qarşılıqlı yardımlaşa bilsinlər. Neqativ ab-hava insanı xoşbəxt etmir, onlar belə olsa, tez-bazar işi bitirib evə tələsəcəklər.

Yadımda qalanlar bunlar idi. Sizin də yadınızda başqa tiplər varsa, yazın, müzakirə edək.

Növbəti dəfə daha faydalı olmaq ümidi ilə…

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Gördüyüm, bildiyim, eşitdiyim milli müdir tiplərini bir dəfətərə yazdım, indi Sizə onları bir az izahlı təqdim edəcəm. Yazı müzakirə və mühakiməyə tam açıqdır, səhvlərdən sığortalanmayıb, müəllif hüququ falan da qorunmur, əksinə vəhşicəsinə pozulur. Bu belə.

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

Allah saxlamışlar

Deməli, 2017-ci il dünya iqtisadiyyatının 3.5% böyüyəcəyi proqnozlaşdırılır. 2016-cı il xatırladım ki, 3.2% idi. Neftin dünya qiyməti isə 2017-ci il üçün 41 dollar proqnozlaşdırılır. Bizə ən yaxın Türkiyə bazarı vacib

Köşə yazıları 0 Comments

Belə alındı

Deməli, Celal Şengörün “Dahi Diktator” kitabını bu yaxınlarda oxudum bitirdim. Orada bir fakt marağımı o qədər çəkdi ki, bəzi yaşadıqlarımı da əlavə etməklə bu yazını yazmaq qərarına gəldim. Yazının adı

Biznes 0 Comments

Şəkilsiz yazılar seriyası #6 -Hərəkət düşüncələrimizin davamıdır

Henri Ford deyirdi ki, “bir şeyi edə biləcəyinizi və ya edə bilməyəcəyinizi düşünürsüzsə, haqlısınız”.   İnsan həqiqətən nə düşünürsə, hərəkətləri düşüncəsinin davamı olur. “Niyyətin hara mənzilin ora” misalı. Pozitiv düşünsək,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın