Biznesdə kitabların yazmadığı şeylər (III hissə)

Biznesdə kitabların yazmadığı şeylər (III hissə)

Yaza-yaza 3-cü hissəyə gəlib çıxdıq. Deyəsən, kitablar hələ çox şeyi yazmayıb 🙂 Uzun yazmaq xasiyyətimi tərgidə bilmədiyimdən ən yaxşı yol elə onları hissələrə bölməkdir. Həm də yadıma düşdükcə etdiyim qeydləri yazıya tökmədikcə, çox narahat oluram. İstəyirəm həmən yazım ki, qalsın. Yazılan hər şey qalır, Siz də yazın. Peşman olmayacaqsınız. Vaxt heç vaxt olmayacaq, vaxtdan gileylənməyə dəyməz. Vaxt yoxdur, amma ayırmaq lazımdır.

Gələk indi mövzumuza. Buna qədər 2 hissəli bloq yazmışdım. Oxumayanlar üçün 1-ci yazının linki2-ci yazının linkini Sizinlə paylaşıram.

Boş vaxt anlayışı yoxdur

Yəqin bu sözü tez-tez eşidirsiniz. Son vaxtlar boş vaxtım heç yoxdur, boş vaxtım olsun məşğul olacam və s. Dostlar, boş vaxt ümumiyyətlə yoxdur. 21-ci əsrdə boş vaxt necə ola bilər. Söhbət biznesdən, biznes mühitində çalışan adamdan gedirsə, onun boş vaxtı praktik olaraq mümkün deyil. İş çıxarmaq istəsən özünə milyon iş çıxar. Açıb kalendarına baxsan, görüləcək o qədər iş yazmısınız ki, gör-gör bitməz. Bəli, iş heç vaxt bitmir. O qədər tez-tez eşidirəm ki, “mən elə axırda stolun arxasında öləcəm” tipli sözləri. İşə bir girirsən, bir də baxırsan ki, 20 il olub. Həyatın o görüş – bu görüş, o zavod, bu marka, yollar, proyektlər arasında əzilib qalıb. Atamın həmişə dediyi bir söz var. “İş heç vaxt bitməyəcək, nədə sənə çox işlədiyinə görə heykəl qoyan olmayacaq”

Bu ilin sonunda tər-təmiz iş stajım 15 il olacaq. Dönüb arxaya baxanda həqiqətən də görürəm ki, nə işim azalıb, bitib, nə də “heykəl qoyan” olub 🙂 Ona görə də boş vaxt sözü leksikondan çıxmalıdır. Ayırılası vaxt, ayrılmalı olan vaxt kimi desək daha düzgün olar. Məsələn, işiniz-gücünüz başınızdan aşır və parallel olaraq da düşünürsünüz ki, idmanla məşğul olasız. Boş vaxt tapıb məşğul olmağı düşünsəniz heç vaxt idmana başlaya bilməyəcəksiniz. Çünki o boş vaxt yoxdur sadəcə. Bu yaxınlarda mən özüm də eyni şeyi edirdim. 3 aydı idmana gedəcəm deyə-deyə günlər keçirdi. Sonda gündəliyimə görüləcək işlərimdən biri kimi saldım və iş bitdi. Kalendarımın bir parçası kimi baxdığıma görə periodik olaraq həftədə 3 dəfə idmana gedə bilirəm. Təsəvvür edin, may ayında parallel 2 forum keçirmişdik. İndi də oktyabr və noyabr ayında 2 forum təşkil edirik. Hər forumun A-dan Z-yə 76 adda ana işi və bundan budaqlanan 230-a qədər alt işləri var. Bunların fonunda “boş vaxt” lüksdən başqa bir şey ola bilməz.

Bir dəfə evdən ev işləri ilə bağlı bir şey tapşırmışdılar. Heç cür çatdırıb edə bilmirdim. Hər dəfə “işim var” deyəndə anam “bu da işdi də” demişdi. Həqiqətən də çox sıx iş qrafikiniz varsa, görmək istədiyniz qeyri-iş aktivliklərinizi də iş qrafikinizin arasına salın, onda mənəvi olaraq rahat olacaqsınız 🙂

Zamanında getməyi bacarmaq lazımdır

Öz həyatımda da, başqa n qədər dostlarımın iş həyatında da deyəcəyim hadisə real olaraq olub – zamanında getmək. Komfort zonanızı tərk edəcək qərarı vermək asan iş deyil. Həyatımda 2-3 dəfə bu qərarı vermişəm və qətiyyən peşman deyiləm. Onların hər birində qazanclı çıxmışam, daha çox öyrənmişəm, səhvlər etmişəm və səhvlərim məni daha da kamilləşdirib. Məsələn, 5 il əvvəl etdiyim səhvi bu yaşımda etsəm, yəqin ki, o səhvi qaldırmaq daha ağır olacaqdı. Yaxşı ki, elə 5 il öncə olub o hadisə.

Bir türk iş adamı dostum var idi. Müştərisinin zamanında və hələ də ona çox pul qazandırmasına baxmayaraq indi dəyər vermədiyini deyirdi. Soruşanda ki, həll yolu nədir, indiki kimi yadımdadır, dedi ki “Rafiq, müştəri ilə işi dayandırıb getməli və bir müddət sonra yenidən müraciət etməliyəm” İlk eşidəndə çox da başa düşməmişdim. Sonra anladım nə demək istədiyini. Bir adam Sizə davamlı olaraq eyni effekti verirsə, bir müddət sonra siz onun həmişə belə olacağına, ən pisi isə həmişə belə olmalı olduğuna özünüzü inandırırsınız. Ona görə də Sizə elə gəlir ki, daha əvvəlki kimi effekt almırsız. Halbuki, effekt eynidir. Onun üçün türk dostum düşünürdü ki, o işə bir müddət fasilə verməlidir ki, effektin oynadığını onun müştərisi görsün. Kitabların yazdığı ilə getsək, deyəcəksiniz ki, o işə fasilə verib müştərisinə bir müddətlik “ziyan” verməklə öz dəyərini sübut etməklə etik davranmayıb. Amma reallıq var, mən də Azərbaycan mühitində bu reallığa çox inanıram. Daha doğrusu bu faktın işlək olduğunun şahidi olmuşam.

Yenə bir misal. Deyək ki, Siz iş həyatına 300 manatla bir işdə başlamısınız. 10 il keçib deyək ki, 3000 manata qədər qalxıb maaşınız. Amma Siz daha çox qazanmaq istəyirsinizsə, böyük ehtimalla bundan o tərəfə gedə bilməyəcəksiniz həmin şirkətdə. Ona görə ki, sizi işəgötürənin gözündə siz hələ də bir zamanlar 300 manat alan filankəssiz. O özü də inanmır ki, siz bu illər ərzində 3000-ə qədər gəlib çıxmısız. Daha pis desək, ona həqiqətən layiqsiz. Bu psixoloji baryerdir.  Bu halda ən gözəl çıxış yolu, işi tərk etməkdir. Başqa bir yerdə Siz daha sürətlə artacaqsız. Çünki orada Siz artıq 300-lə deyil, 3000-dən başlamış olursunuz.

İşi görən bir nəfər, yoxlayan 5 nəfər

Bir çox iri şirkətlərdə biznesin inkişafından daha çox, mövcud biznesi kontrolda saxlama prioritet olur. Nəzarət holdinqləri deyək. Çox vaxt belə şirkətlərdə təbii olaraq maliyyə departamentinin gücü çox olur. Praktika göstərir ki, risklərə az açıq olan belə şirkətlər işi böyütməkdə çətinlik çəkir. Kobud desək “pul gətirən” 1 adam, onu yoxlayan 5 adamdırsa, orada problem var. 5 pul gətirəni 1 adam yoxlasa, bu başqa məsələ. Türklərdə buna aid yaxşı misal var – “mürettebat yolcuyu geçti” 🙂

Bizi bugünlərə gətirən şeylər bizi daha da irəliyə aparmayacaq?!

Bəzən olur, hətta çox vaxt deyim. Bir şirkət rəhbəri ilə söhbət edirdim. Kifayət qədər böyük dövriyyəsi olan şirkət sistemsizlikdən əziyyət çəkirdi. Sonda məlum oldu ki, sistemsizliyi yaradan o işi illər öncə bərabər qurduqları adamlardır. Şirkət böyüyüb, iş böyüyüb, adamlar tempə uyğun təkmilləşməyib amma. Belə olanda onun altına hansı professionalı verirsən ver, uğurlu olmayacaq. Çünki süzgəc rolunu başdakı oynayırsa, sən nə qədər uyğun olursan-ol yenə də onun süzgəc meyarlarına uyğun oradan keçə bilməyəcəksən. Bir dəfə də yazmışdım. Biznes emosional bağlılıqla çox sıx bağlanmamalıdır. Emosiyasız biznes olmaz, bəli, amma bu normanı keçməməlidir. “illər öncə bərabər karobka daşımışıq” dediyiniz adamlar şirkətinizdə inkişaf tempinə uyğunlaşa bilmirsə, onu Anar müəllim demiş “bottle neg”in üstündən götürüb başqa yerə qoymaq lazımdır. Başqa yer şirkət daxilində də mümkündür. Bunu edə bilmədiyiniz müddətcə çox çətin olacaq. İşin ustadını da gətirib onun idarəçiliyi altına versəniz, yarıtmayacaq. Xüsusən şərikli bizneslərdə şərikiniz sizin inkişaf tempinizdən və ya tərsinə siz şərikinizin inkişaf tempindən geri qalırsınızsa, bundan Sizin biznes əziyyət çəkəcək. Şərikli bizneslərdə şəriklər arasında rəqabət olmamalıdır, dəstək olmaq olmalıdır.

İşə başlayanda özünüzə ən azı bir böyük səhv haqqı verin

Çox normaldır. İşə başlayırsızsa, səhvlər edəcəksiz. Özünüzü buna görə qınamayın. Türklərin yaxşı bir-iki sözü var. “taze boka çok sinek konar”, “ilk otomobilinizi yanlış alırız”. Çox vaxt ilk səhvimizdəcə görüdüyümüz işə həvəsimiz ölür və işi bitiririk. Səbrli olub ürəkdən düşməmək lazımdır. Hər işə yeni girən mütləq ki, hardasa aldanır, iki-qat xərcə düşür və s. Amma sonradan işin içində bişir.

Dostlar, biznesdə kitabların yazmadığı şeylər haqqında bu qədər. Bəlkə bir az da uzatmaq olardı. Amma bu qədər də bəsdir. Sonda sadəcə bir şey deyim. Qaçaqaç həyatda da, biznesdə də xoşbəxt etmir. Hara tələsirsiz?!

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Qaçaqaç həyatda da, biznesdə də xoşbəxt etmir. Hara tələsirsiz?!

Həmçinin oxuya bilərsiniz

Biznes 0 Comments

Azərbaycan taksit bazarı və taksit kartları haqqında sorğunun nəticələri

Son 1 ildir bank sektorunda yaşanan canlanmada böyük payı taksit sisteminin tətbiqi tutub. 5 bank artıq sistemi tətbiq etməkdədir. İlk olaraq isə İdeal və Bank of Baku bir yerdə 2011-ci

Biznes 0 Comments

Email yazışmalarımızda buraxdığımız bəsit səhvlər

Həftəsonu olduğundan bir az sərbəst mövzudan yazmaq istəyirəm. Bu dəfə hamımızın gündəlik olaraq aktiv istifadə etdiyi email yazışmalar haqqında yazmaq qərarına gəldim. Hər birimiz gündəlik n sayda email yazır, bir

Biznes 0 Comments

“IKIGAI”yə çatmaq

IKIGAI fəlsəfəsinə görə uzun yaşamağın sirri səhər Sizi yuxudan qaldıracaq səbəblərin çoxluğu ilə ölçülür. Həmin fəlsəfəyə görə aşağıda sadalanan 4 şey bir yerdə bizi IKIGAI-yə, yəni uğur və xoşbəxtliyə çatdırır;

Şərhlər

  1. MirRehman
    Sentyabr 17, 13:32 Reply

    salam. meqalenin 4 cu hissesini de gozleyirem..
    bezi bildiklerimizin xatirlanmasina, bilmediklerimizin ise oyrenilmesine sebeb olur… tesekkurler..
    hormetle,
    Mirrehman.

Şərh yazın