İdeal nümunəsində Baş Direktorun istefa azadlığı haqqında

İdeal nümunəsində Baş Direktorun istefa azadlığı haqqında

Bu aralar xəstəyəm deyə yazı yazmağa həvəsim yox idi. Bugün isə dostumuz, hr müəllim Coşqunun statusunu təsadüfən gördüm. İşləyəndə də gərək belə Hr-lar ilə işləyəsən e 🙂 Status aşağıdakı kimi idi:

Bu statusu oxuyandan dərhal sonra yadıma 31 dekabr hamının yeni il əhval-ruhiyyəsində olduğu bir vaxtda istefa edən İdeal parfum və kosmetika mağazalarının həmtəsisçisi və Baş Direktoru İlqar İsmayılov düşdü. Bu günkü bloq yazımda bu hadisə üzərindən istefa mədəniyyəti və zərurəti haqqında yazmaq istəyirəm. Ona qədər isə bir az giriş verməkdə fayda var.

Bir istefa, bir də intihar aşağı-yuxarı adamdan eyni cəsarəti tələb edir. Cəsarət və xarakter. Ümumiyyətlə tarixə nəzər salsaq Allah hamımızdan uzaq eləsin, bizi o zərurətdə qoymasın, amma intihar hadisələrinin çox maraqlı motivləri olub. Sokrat, Edqar Allan Po, Ernest Heminquey, Stefan Sveyq, Henrix von Kleist, Cek London, Valter Benjamin, Virciniya Vulf, Vladimir Mayakovski, Silviya Plat, Sergey Yesenin, Van Qoq, Merilin Monro, Dalida, Lüdviq Bolsman, Alan Türniq kimi dünyaca tanınmış məşhurlar bu və ya digər hadisəyə etiraz əlaməti olaraq intihar ediblər. Tutduğu vəzifədən istefa edənlər arasında da ədəbiyyat nümayəndələri çoxluq təşkil edir.

Ədiblər aydındır ki, kövrək olurlar. Amma biznesmenlər? Onlar ki, hamının risk edə bilmədiyi bir vaxtda risk edib uğur qazanıblar axı. Axı onlara romantik demək olmaz, onlar qədər rasional kim var ki. Biznes reallığı sevir, acı olsa belə. Pulun varsa, ayaq üstdəsən, yoxdursa, Allah bilir necə… Sözümün canı odur ki, biznesmenlərin istefasının motivləri daha maraqlı olur. Hətta deyərdim daha təsirli olur. Yaponiyada “ölüm meşəsi” deyilən yer dünyada bir vaxtlar insanların ən çox intihar etdiyi yer imiş. Dövlətə borcunu qaytara bilməyən yaponlar bu meşədə gəlib intihar edirlərmiş. Dövlətə borcunu ödəyə bilməməyi qürurlarına sığışdıra bilməyiblər. Ötən illərdə Türkiyədə tikilən bir körpünün fəaliyyətində qüsur olduğuna görə o şirkətin yapon rəhbəri də intihar etmişdi. İstefa özü də bir ənənədir, mədəniyyətdir. İstefa edə bilmək insanın azadlığının sərhədlərinin genişliyini göstərir. Azərbaycan tarixinə nəzər salsaq, elə çox olmasa da nümunələrə rast gələ bilərik.

İndi gələk bizim misala. Bilənlər bilir ki, marketinqlə bağlı karyeramın 7 ilini çox sevdiyim İdeal şirkətində keçirmişəm. İşə öz adıma 0-dan başlamışam. İlk gün hətta nə edəcəyimi bilmirdim. 7 ilin hər birinin ajandasını indi də saxlamışam. Bu müddət ərzində şirkətin sahibi və baş direktoru İlqar müəllimlə sıx təmasda işləmişəm. Bir az da bəxtim gətirib deyə bilərəm. Çünki rəhbər özü də marketinq yönümlü deyilsə, marketoloq üçün çox çətin olur inandırmaq. Özü də bilirsiniz nə vaxtı? Dolların 78 olan vaxtı. İnsanlar 50-60 min itirməyi elə də ciddiyə almırdılar. Amma bizdə İlqar müəllim özü sms mətnləri də yazardı ki, mənim adım olmasın göndər. 21 fevralda devalvasiya olan günü mənə zəng etdi ki, təcili nəsə etməliyik ki, xalqın yanında olduğumuzu görsünlər. Mən fikirləşənə kimi mənə bir sms atdı. Mən də özümü çox yormayıb o smsi bütün müştərilərimizə göndərdim. Onminlərlə insan facebookda mesajı print skrin edib paylaşmışdı.

2015-ci ilin sonu öz istəyimlə şirkətdən ayrılmışam. İllərdir öyrəşdiyin kollektivi, idarəetməni və ən əsası bir menecer üçün illərdir qazandığın komfort zonanı tərk etmək bilirsiz də nə deməkdir? Amma buna baxmayaraq İlqar müəllimlə mütəmadi əlaqədə olmuşam, işçi-rəhbər münasibətindən daha çox dost münasibəti görmüşəm. Ona görə də 31 dekabr yeni ilə bir-iki saat qalmış İlqar müəllimin Baş Direktorluqdan istefa məsələsini eşidəndə həm çox məyus oldum, həm də içimdə əminlik yarandı. Ancaq yüksək xarakterə sahib biri, işlədiyi müddət ərzində “nə sizin bir qəpiyinizi istəmirəm, nə də mənim bir qəpiyimə dəyməyin” sözü dilindən düşməyən, üstünə hansısa mövzuda gedən heç kimi geri çevirməyən bir şəxs bunu edə bilərdi. Şirkətdə hər şeyə razılaşsa belə, işçilərin maaşının gecikməsinə səbəb olan adamları heç vaxt bağışlamadığının dəfələrlə şəxsən şahidi olmuşam. Bu yazını qətiyyən başqa yerə yozmaq lazım deyil. Bu məni kimi hazırda orada çalışan 500 işçinin fikridir. Bəli, 504 insan bu gün şirkətdən evinə bir parça halal çörək aparır.

İş görüşmələrində bəzən elə adamlarla rastlaşırdım ki, deyirdi İlqar müəllimi öz mağazasında karobka daşıdığını, kassada satıcı olduğu vaxtları görüb. İlqar müəllim bu işi 0-dan alın təri ilə qurmuş bir adamdır. Özü də Sabinanın yox a, hələ La Parfumeri-nin at oynadan vaxtında. Yəqin hamıya indi onun niyə istefa etməsi maraqlıdır. Gələcəm bu məsələyə. Amma ona qədər sonuncu bir xatirəmi də paylaşmaq istəyirəm. Bir dəfə iclas vaxtı anbarda nəsə oğurluq hadisəsi olmuşdu. İlqar müəllim maraqlı bir bənzətmə etdi. İndi də onu hər yerdə deyirəm. Dedi ki, mənim gözümdə oğru fahişədən daha alçaq biridir. Çünki birinci ən azı əvəzində nəsə verir, amma oğru sadəcə götürüb aparır. Haqq yemək bax belə olur.

Bu gün eşitdim ki, ilin-günün belə çətin vaxtında 74 nəfər eyni anda İlqar müəllimdən sonra işdən getmək istəyi haqqında ərizə yazıb. Amma onu da öyrəndim ki, O, heç birinə buna icazə verməyib. Baş Direktorluqdan istefa etməsinə baxmayaraq hələ də məsələlər aydınlaşanadək işə gəlir ki, heç bir işçinin haqqı yeyilməsin. Fb-dən verdiyi mesajda da sonadək bütün işçilərinin arxasında duracağını yazmışdı. Heç kimə sirr deyildi ki, bir neçə ay idi ki, bəlli səbəblərə görə partnyorlara ödəmələr gecikirdi. Ancaq İlqar müəllimi yaxından tanıyanlar bilirdi ki, onda heç kimin 1 qəpiyi də qalmaz. Və qalmadı da.

Yadıma gəlmir dəqiq neçənci il idi. Amma sürətlə inkişaf edən ideal çox sahibkarların, şəxslərin diqqətini çəkmişdi. Elə o ərəfələrdə şirkət səhmlərinin bir qismini aldılar da. Bu bir Azərbaycan şirkətinin, 0-dan qurulan bir şirkətin, öz ayağı üstündə 18 il dura bilən şirkətin uğuru idi. Yuxarıda işi 0-dan qurmaq barədə əbəs yerə yazmamışam. Çünki 0-dan iş qurmayan heç kim bu hissin, bu həzzin, eləcə də bu ağırlığın, əzab-əziyyətin nə demək olduğunu bilə-bilməz. Gərək bir işdə istər tək ol, istər şərik yük bərabər bölünsün. Biznes həm də düzgün zamanda düzgün intuitiv addımlar deməkdir. İşi 0-dan qurmayan adamlar heç vaxt bunu etməzlər. Yadıma gəlir bir dəfə şirkətin əcnəbi maliyyə direktoru ilə yeni bir proyeti müzakirə edirdik. Mən də, İlqar müəllim də proyektin uğuruna çox inanırdıq. Amma bu inanc idi. Maliyyə direktorumuz isə israrla qarşı çıxırdı. Və bu anda sakit şəkildə maliyyə direktorumuzun xətrinə dəyməyəcək şəkildə bildirdi ki, “bilirsiniz məncə bizim fərqimiz budur, mən risk etməyi sevirəm. Sizcə niyə maliyyəçilərdən daha çox sahibkar çıxmır? Çünki hər şeyi məntiqlə, kalkulyatorla ölçürük. Həyatda isə bəzən tərsi də olur”. O proyekt də məlumat üçün deyim ki, az sonra top 10-luğa düşə bildi. 

İşi 0-dan qurmaq ağzını açmadan nə deyəcəyini bilmək kimi bir şeydir. Bunu ancaq yaşayan, edən bilər. Əgər Sizin fikir mübadiləsində olduğunuz adamlarda bu hiss yoxdursa, çətin ki, uzlaşa biləsiniz. Onlar da öz aspektlərindən haqlıdırlar. Amma əgər bu biznesdirsə, o qaydalara görə oynanılmalıdır. O qaydalardan biri də budur ki, “sözün keçmədiyi yerdə sözünü deyil, yerini dəyişəcəksən”. Həmin gün 20-yə yaxın sayt Onun “mənəvi dəyərlərimi qorumaq üçün” ifadəsini alıntı edərək xəbər də yazdı hətta. Çünki idealın rəhbəri olarkən idealın səhvi üçün jurnalistləri yığıb müştərilərindən üzr istəməyi də bacarmışdı zamanında.

İlqar müəllim də belə etdi. Həmtəsisçi olaraq qaldı, amma Baş Direktorluqdan getdi. Bu mənim şəxsi fikrimdir, səhv ola bilər. Siz sağ, mən salamat İdealı İlqar müəllim kimi idarə edən olmayacaq. Bu adam özü ilə bərabər yetişməli idi. Mən şəxsən mənim üçün əziz olan, 500 insanın çalışdığı bir şirkətin batmasını heç, amma heç arzulamıram. İnanmaq istəyirəm ki, Azərbaycan biznes mühitinin hələ neçə il sonra da lider parfumeriya və kosmetika şirkəti olaraq qalacaq. Hətta bu istefa bahasına olsa belə, olsun. Heç kimin haqqı heç kimdə qalmayıb. Kim də görməsə, O, (c.c.) hər şeyi görür.

Cəsarətinizdən dolayı Sizi təbrik edirəm, İlqar müəllim.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

İşi 0-dan qurmaq ağzını açmadan nə deyəcəyini bilmək kimi bir şeydir. Bunu ancaq yaşayan, edən bilər. Əgər Sizin fikir mübadiləsində olduğunuz adamlarda bu hiss yoxdursa, çətin ki, uzlaşa biləsiniz.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

Böyük düşünə bilməmək

Böyük düşünə bilməyən adamlar haqqqında fərqli vaxtlarda fərqli çevrələrdə müzakirələrimiz olub. Bu gün dostlarla müzakirə zamanı elə bu mövzu üzərindən maraqlı bir fikir səsləndi. Fikir bu idi ki, insana aşılanmalı

Köşə yazıları 0 Comments

Rəhim Hüseynovun əziz xatirəsinə

Ölüm haqdır, mütləqdir. Bir gün hamımız bu dünyadan gedəcəyik, dünya fanidir. Bizdən sonra bizi ancaq əməllərimiz yaşadacaq. İstər bu dünyada, istər o dünyada yolumuza işığı ancaq əməllərimiz tutacaq. Bildiyiniz kimi

İntervyular 0 Comments

Xəzərin Səhəri verilişinə müsahibəm

Dostlar, ötən həftə Xəzər Tv-də “Xəzərin Səhəri” verilişinə dəvət almışdım. Qonaq müsahib kimi 10 dəqiqə müddətində məhsulların qablaşdırılması, qablaşdırmanın məhsulun imicində önəmi, müştərilərin məhsulu seçərkən üstünlük verdiyi qablaşdırmalar, qablaşdırmanın satışda

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın