İndiki ağlım olsaydı…
Bu ifadəni tez-tez eşidirik – “indiki ağlım olsaydı” onu belə edərdim, bunu belə edərdim, filan şeyi deməzdim, nəyisə yeməzdim və s. Siyahını çox uzatmaq olar. Məncə, hamının həyatında ən azı ömründə bir dəfə də olsun bu sözü dedirdəcək səbəb olub. Eləcə də mən az olan həyat təcrübəmdə bir neçə dəfə bu ifadəni işlətmişəm. Bu bloq yazısında da indiki ağlım olsaydı nələri fərqli edərdim notları üstünə köklənmək istəyirəm. Daha sonra isə digər marketoloq olan və olmayan dostlarımdan da bu haqda yazmasını xahiş edəcəm. Düşünürəm ki, indiki vaxtda edilən səhvləri təkrarlamamaq adına bu tip yazılar oxucular üçün faydalı ola bilər. Vaxtilə “Bəlkə biz düz eləmirik” silsiləsinə start verib 20-dən çox dostumuzun da nəyi “düz eləmədiyini” öyrənmişdik, oxumuşduq. Beləliklə, başlayaq;
İndiki ağlım olsaydı, özümün ancaq güclü olan, güclü hesab etdiyim tərəflərinə fokuslanardım. Gücümü bölməzdim. Əvvəl də yazmışam, yenə xatırladım ki, uşaqlığımdan bəri etdiyim, etmək istədiyim hər şeyi yazmışam, yazdıqlarımı da saxlamışam. Sən də əsas məsələ çox oxumaq yox, lazım olanı oxumaq imiş. İndi baxıb görürəm ki, mən nə qədər işlərlə məşğul olmuşam. Boş-boş işlər deməzdim, amma kifayət qədər daha faydalı alternativləri ola bilərdi deyərdim. Məsələn, məktəb vaxtı heç kim məndən xahiş etmirdi ki, biologiya dərsinin hər mövzusunu qısa konspekt et, hətta mövzuda olan bütün qurdların da şəkillərini çək 🙂 Xeyli vaxtımı alırdı, amma edirdim. Heyf ona çəkdiyim vaxtdan. Və ya yeni çıxan hər kitabı oxumaq, hər idman növündən az-az məşğul olmaq, arada rəssamlıq etmək, arada professional futbola getmək və daha nələr, nələr. Bütün bunlar hesab edirəm ki, zamanında gücümü bölüblər. Mənə görə insan ancaq güclü tərəflərinə fokuslanıb, o sahədə uğur qazanmağa və beləcə özünün rəqabətqabiliyyətliliyini artırmalıdır. Nike şirkətinə yeni CEO təyin olunur və o ilk iş olaraq Apple rəhbəri Stiv Jobsa zəng edib ondan məsləhət istəyir. Stiv Jobsun məsləhəti çox konkret olur – “mən Sizin məhsulları tanıyıram. Lazımsız məhsul çeşidlərindən azad olun” deyir. Stiv Jobs özü də ikinci dəfə Apple-in başına keçəndə mövcud Apple məhsullarının 70%-ni ləğv edib şirkətin zərərini 1.04 milyard dollardan 309 milyon dollara salmışdı. Belə nümunələr çox çəkmək olar. Odur ki, Sizə də acizanə məsləhətim, çalışın harada özünüzü güclü hiss edirsinizsə, o istiqamət üzrə özünüzə yatırım edin, diqqətinizi başqa şeylərə dağıtmayın.
İndiki ağlım olsaydı, təhsilimə çox ciddi fikir verərdim. Düzdü, tam da demək olmaz ki, təhsil aldığım müddətdə çox boşluqlar buraxmışam. Allah ADUİ-nun böyründə dominoxana açan dayıya lənət eləsin 🙂 Dərsdən sonra saatlarla domino oynayardıq. Ümumiyyətlə indiki ağlım olsaydı, Azərbaycanda təhsil almazdım. Bizdə hələ tam professional iş mühitinə yararlı kadrlar hazırlayan proqramlar çox azdır. Boş vaxt itkisi olmamaq üçün çalışın Siz də boğazınızdan da kəssəniz bakalavr təhsilinizi xarici ölkədə alasınız. Xarici ölkə dedikdə oranın 100-cü universiteti yox a, ən yaxşı univeristetləri. İsveçrənin çayqırağı universitetlərini bitirib gəlib bizə “terror” edənlərə sektor olaraq, ölkə olaraq da toxuq 🙂 Bakalavr ona görə deyirəm ki, əsas dünya görüşünüz və bundan da əlavə məsuliyyətinizin ən az olan vaxtlarıdır. Sonra yaş artacaq, evin, ailənin, uşaqların, yaxınların məsuliyyəti Sizə bunu etməyə ən yaxşı halda çətinlik yaradacaq. Ətrafımda olan dostlara da evlənməmiş oxumağa getməyi tövsiyyə etmişəm. Əməl edənlər, faydasını görüblər 🙂
İndiki ağlım olsaydı, yenə marketinqi seçərdim. Əvvəl hey deyirdim ki, IT mütəxəssisi və ya güclü dizayner olardım. Onlar sərbəst olur və çox pul qazana bilirlər. Uşaq vaxtı başqa, universitetdə başqa peşələrə marağım olub. Kobud desək, uzun müddət özümü axtarmışam. Məsələn, 5 ildən çox jurnalistika ilə məşğul olmuşam, hər şeydən yazmışam. Tarixdən, ədəbiyyatdan tutmuş dünya kəşfiyyat sistemlərinə qədər. Bir az siyasətçi də olmaq istəmiş və eşidənlərin qulağından uzaq bu yolda bəzi addımlar da atmışam 🙂 Amma sonda anladım ki, mənim müşahidə istəyim, ehtirasım və sonra da onları bölüşmə həvəsim məni marketoloqdan başqa bir şey etmir 🙂 İxtisasımı sevirəm, çünki o insanları öyrənir, vicdandan savayı hər şeyi insana satdıra, aldıra bilir. Ona görə bu peşəni seçməyimdən çox məmnunam. Çünki mənim təkcə işim yox, hobbim də marketinqdir.
İndiki ağlım olsaydı, dost seçimində daha diqqətli olardım. Ətrafımı, mühitimi, vaxtımı alan, əlavə dəyər qatmayan hər şeyi, hər kəsi daha yaxşı təhlil edərdim. Hər adama dost demək olmaz. İnsan bəlli yaş var ki, o yaşa qədər dost siyahısını konkretləşdirməlidir. O yaşdan sonra isə dost itirməməlidir. 30-u da keçdinsə, artıq dost itirən vaxtı olmur adamın. Ona qədər başına gələnlər sənin üçün yaxşı ələk rolunu oynaya bilər. Ələyin gözündə ilişib qalanlara YOX deməyi bacarmaq lazımdır. Ən dəyərli sərvət vaxtdırsa, o vaxtı ən dəyərli dostlara xərcləmək lazımdır. Ayda, ildə bir dəfə, ancaq işi düşəndə Sizi axtaran insanlardan nə qədər uzaq olsan, o qədər yaxşıdır. Siz siz olun, ətrafınızı yaxşı seçin, sizin haqqınızda təəssüratı onlar formalaşdırır. Sizi ətrafınız tərbiyə edir. Hətta bəzən valideynlərinizdən də daha çox ətrafınız bu işdə ən təsirli rolu oynayır. Amma unutmayın ki, yaxşı dostlarınız olsun istəyirsinizsə, faydalı olmalısınız. Siz də dost dediklərinizə nələrisə qurban verməli, lazım olan anda dəstək olmağı bacarmalısınız. Adamlar var ki, istəsə nəyisə rahat edər dost dediyi üçün, amma həmin an onu edib istək kreditini xərcləmək istəmir. Başqa bir ciddi ehtiyac olan vaxta saxlayır. Belə olanda da gec-tez qarşı tərəf bunu anlayır. Kobud desək, təkcə alməmməd yox, həm də verməmməd olmaq lazımdır 🙂 Mən də indiki ağlım olsaydı, bəzi insanlarla həddindən artıq səmimiyyət etməzdim. Bunu düzgün anlayan da olub, anlamayıb sui-istifadə edən də çox olub. Ümumiyyətlə hesab edirəm ki, heç kimə dəyərindən artıq qiymət vermək olmaz. Heç kimi olmadığı kimi biri edib, tərifləyib ona inandırmaq olmaz. Belə olanda ona da pislik etmiş olursunuz. O, özünü olduğundan daha “yaxşı” biri bilib, davranışlarını potensialı ilə uzlaşdıra bilmir.
İndiki ağlım olsaydı, sağlamlığıma daha çox diqqət edərdim. Bəli, bunu mütləq edərdim. Bəzən bir şeyin qədrini bilmək üçün onu itirmək lazımdır. Onu itirməsən heç vaxt boşluğu damarlarında hiss etməyəcəksən. İlk dişini çəkdirənə qədər elə bilirsən ki, hamının dişi ağrıya bilər, amma sənin yox. İlk əməliyyat olana qədər elə bilirsən, hamı yıxılar, yaralanar, amma sən yox. İlk hansısa pis xəstəliyə düçar olana qədər ona düçar olan başqa adamlara qarşı biganə olarsınız, sizin də bir gün ola biləcəyiniz ehtimalı haqqında heç düşünməzsiniz. Odur ki, çalışın sağlamlığınızın qədrini bilin. Başınız bərk ağrıyanda gözünüzə heç nə görsənmir. İş də, ev də, başqa şeylər də boş gəlir. Və unutmayın ki, Siz Sizi ən çox sevən adama da sağlam lazımsınız. Siz sağlam olmasanız hamıya, ən sevdiyiniz adamlara da bir müddət sonra yük olacaqsınız. Üzünüzə deməsələr, ürəklərində “bezəcəklər” 🙂 Necə deyərlər, çalışın salamat qalın.
İndiki ağlım olsaydı, hamını eşidərdim, amma sonda öz bildiyimi edərdim. Ətrafın təsirini minimuma endirərdim. Çalışın həyati məsələlərdə son qərarı özünüz verəsiniz. Verilən qərarları özününküləşdirəsiniz. Belə olmayanda həmişə istənilən uğursuzluqda başqalarını günahlandırıb özünüzü təmizə çıxaracaqsınız. Bu işdə böyüklərin öhdəsinə çox iş düşür. Onlar yolları göstərməli, amma seçimi insanın özünə buraxmalıdır. Özü yıxılan ağlamaz – özünüz öz qərarınızla yıxılsanız, daha tez qalxacaqsınız, nəinki başqalarının qərarı. Luis Nizer deyir ki, bir barmağınızla kimisə günahlandıranda unutmayın ki, digər 4-ü Sizi göstərir. Qərar vermək məsuliyyətdir. Bəzən sırf məsuliyyətdən qaçmaq, “mən demədim ki, sən dedin etdim” demək üçün insanlar özü qərar vermək istəmir. Amma unutmayın. Məsuliyyətdən qaça bilərsiniz, amma bu qaçışın törətdiyi fəsadlardan qaça bilməzsiniz. Özünüzü aldatmayın. Çalışın Sizə toxunmasa da, vətəndaş mövqeyinizi həmişə qoruyun, bildirin. O Sizin də məsuliyyətinizdir. Ondan qaçsanız, sabah başqa bir hadisədə vaxtilə o qaçışın fəsadları başqa bir gözləmədiyiniz hadisədə qarşınıza çıxacaqdır.
Bax belə. İlk ağlıma gələnlər bunlar idi. Siz bu yazını oxuyursunuzsa, əminəm ki, Sizi də düşündürdü. Elədirsə, o zaman Siz də yazın. Bu silsiləyə qoşulun, fikirlərinizi oxuyaq. İlk olaraq da silsiləni davam etməsi üçün İlkin Manafov, Anar Bayramov, İlham Ali Yusif, Namiq Bayramov, Murad Malik və yerlim Cəbrayıl Vəliyevə pas ötürürəm 🙂 Yazın, görək.
Yazar haqqında
Editor review
Summary
Bu bloq yazısında da indiki ağlım olsaydı nələri fərqli edərdim notları üstünə köklənmək istəyirəm. Daha sonra isə digər marketoloq olan və olmayan dostlarımdan da bu haqda yazmasını xahiş edəcəm. Düşünürəm ki, indiki vaxtda edilən səhvləri təkrarlamamaq adına bu tip yazılar oxucular üçün faydalı ola bilər.
Həmçinin oxuya bilərsiniz
Uranın vuran əli
Məktəb və universitet vaxtı repə qulaq asırdım. Xüsusilə sosial etiraz və fəlsəfi mövzulara girə bilən reperlər daha çox diqqətimi çəkirdi. Heç vaxt açıq şəkildə də repə qulaq asdığımı hiss etdirməmişəm.
Öz statusunda boğulanlar
“Vaxt var idi, vaxt yox idi” konsepsiyası üzrə bir çox məsə”Lələ”rə “toxunacağıq” Marketer Məhərrəm başını aşağı salıb 2012-ci il işlədiyi şirkətin yeni il kampaniyası ilə məşğul olurdu. Hətta şirkəti üçün
Həyat prinsipləri biznesdə özünü necə göstərir? – CANLI YAYIM
Azərbaycanda ən güclü idarəçilərdən olan, networking qurmaqda deyərdim ki, 1 nömrəli adam olan dəyərli dostumuz Sakit müəllimlə canlı yayımda “Biznesdə keçərli olan həyat qanunları” haqqında müzakirəmiz oldu. Ənənəvi mövzu deyil,
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun