İŞDƏ SİYASƏT – II HİSSƏ

İŞDƏ SİYASƏT – II HİSSƏ

Ümumiyyətlə, insan haqqında fikirləri üç yerə bölmək olar:

1) daxili “mən”;

2) onun özünü göstərmək istədiyi şəxsiyyət tipi;

3) başqalarının onun haqqındakı fikri.

Düzgün olanı hər üç növün bir-birini tamamlaması, haradasa eyniləşməsidir. Amma insan haqqında bu üç xarakter xüsusiyyətlərin bir-birindən fərqlənməsi problemdir. Hətta ola bilər ki, yaxşı mənada insan xeyirxahdır, təmiz qəlblidir, amma ətraf onun haqqında elə düşünmür.

Bunun bir səbəbi, demək ki, ətrafla kommunikasiyasında özünü ən yaxşı şəkildə ifadə edə bilməməsidir. Yəqin ki, Siz də həyatınızda ilk baxışdan və ya ilk kontaktlar zamanı kobud, özündən razı görünən birinin sonradan əslində elə olmadığının şahidi olmusunuz.

Həqiqətin üç üzü

İşdəki siyasətçilərdə isə, adətən, bu üç “üzün” hamısı bir-birindən fərqlənir. Ən yaxşı halda ilk ikisi 100 faiz fərqli olur. Belə insanlar özünü formalaşdırmaq istədiyi fikrə, insan tipinə o qədər qapdırır ki, bir müddət sonra öz yalanlarına özü də inanmağa başlayır. Bu, artıq insanda psixi pozğunluqların olmasından xəbər verir və müalicəyə ehtiyacı var.

Bəs işdəki siyasətçilər necə olur ki, insanın inam, etibar və sevgisini qazana bilir? Əvvəla, ondan başlayaq ki, Siz başınızı aşağı salıb mütəmadi işləyən birisinizsə və iş prosesində çox da təqdir almamısınızsa, işdəki siyasətçi Sizə girişə elə buradan başlayır.

Sizi təqdir edir, işlərinizi qiymətləndirdiyini, çox bəyəndiyini söyləyir. Siz də daha əvvəl belə xoş iltifatlar almadığınıza görə “eqonuz oxşanmış” olur. Bu olur 1-0. İkinci qol isə onun Sizə “mən də, əslində, sənin kimiyəm” mesajını verməsi ilə olur.

Yəni biz ikimiz, əslində, eyni fikirli adamlarıq, səni ən çox mən anlayaram. Məsələn, hobbiləriniz varsa, onu öyrənib özünün də o tip hobbilərinin olduğunu göstərər. İkinci qol da buradan gəlir.

Siz yavaş-yavaş həmin adama ciddi şəkildə inanmağa başlayırsınız. Üçüncü qol isə “sənin sirlərin mənim də sirrimdir, narahat olma” tipində bir mesaj olur. Çünki sən də onu səmimi qəbul etdiyin üçün, böyük ehtimalla, bəzi şəxsi və iş sirlərini onunla bölüşmüsən.

Bu mesajla O, sənin sirlərini qoruyacağını bildirir və sənə güvən bəxş etməyə çalışır. Və ilk oyun 3-0 “rəqibin” xeyrinə başa çatır 😊. Bu cür siyasət qurbanları isə sonradan həqiqəti öyrəndiklərində çox vaxt şəxsi ad və etibarının zədələnməməsi və ya utandığından bunu açıb-ağartmır. Açıb-ağardanlar haqqında isə ayrıca yazacam.

Əvvəl qeyd etmişdim, yenə də bildirim ki, siyasətçilər kiçik şirkətlərdə çox vaxt uğursuz olurlar, böyük şirkətlər, qeyri-müəyyən, çox da dəqiq olmayan səlahiyyət və məsuliyyət zonaları belələri üçün əsl münbit mühitdir.

Belə şəraitlərdə manevr imkanları daha çox, vaxt udma ehtimalları da böyük olur. Eyni zamanda, biznes proseslərinin sistemliliyi olan yerlər onların manevr imkanlarını daraldır. Ona görə də işə alımlarda çox diqqətli olmaq lazım gəlir. Belə bir psixopatın özünü təqdim etmə bacarığı, adətən, yüksək olduğundan bir çox hallarda insan resursları menecerinin ilk filtrindən rahatca keçirlər. Ona görə də HR-lar işə adam götürərkən işin dəqiq təsvirini, gözlənilən hədəflər və buna nail olmaq üçün tələb edilən bilik və bacarıqları mümkün qədər aydın təsvir etməlidir.

Nəzərə alsaq ki, CV-lərin 1/3-də yalan informasiya olur, HR-ların işinin elə də asan olmadığını söyləmək olar. İşə alımla bağlı digər vacib məsələ isə müsahibin əvvəlki iş yerindən ayrılmasının real səbəbi barədədir. Rəsmi zənglər istənilən nəticəni heç vaxt verməyəcək.

Böyük ehtimalla, çox adam pis referans vermək istəməyəcək. Ən yaxşısı qeyri-rəsmi tanış və əlaqələrdən istifadə edərək öyrənməkdir. Bu halda bir neçə faktı tutuşduraraq real səbəbi öyrənmək olar.

İşdəki siyasətçinin üç üzü olduğu kimi, işdəki siyasətçiyə həmkarları tərəfindən münasibətdə də üç cür yanaşma var.

1) bilib, susub, qarışmayanlar;

2) hər kəsin dostu kimi görünənlər;

3) səhv və ya düz – konkret mövqeyi olanlar.

Birincilər qorxulu deyil, olduğu kimi qəbul etmək lazımdır. Hər kəs mütləq tərəf seçmək, münasibət bildirmək məcburiyyətində deyil, onlar hesab edə bilərlər ki, ümumən proseslərə qarışmamaq daha məntiqlidir. Və ya bir digər ehtimal ümumən olan-bitənlər veclərinə deyil. Adətən, qlobal şirkətlərdə belə tiplər daha çox olur. Öz dünyaları, öz işdən kənar çevrələri olur.

İkincilər, deyərdim ki, ən təhlükəli olanlarıdır. Biri var qarışmırsan, biri də var bu tərəfi görəndə buranın düz olduğunu, o tərəfi də görəndə oranın düz olduğunu deyirsən.

Ayrılıqda hər iki tərəfə onların yanında imiş kimi görünürsən. Praktika göstərir ki, bu, adətən, çox davam etmir. Gec-tez ifşa olunub elə hər iki tərəfin etibarını itirirsən.

Üçüncülər isə hansı tərəfin haqlı-haqsız olmasından asılı olmayaraq, mövcud hadisəyə dair öz baxışları olur, onlar obyektiv və subyektiv səbəblərdən tərəflərdən birini açıq müdafiə edir.

Ədiblərdən birinin belə bir sözünü oxumuşdum – “tərəfsiz olacağıma söz vermirəm, amma ədalətli olacağıma söz verə bilərəm”.

Qısası, tərəfli olmaq, ədalətsiz olmaq demək deyil həmişə. Məsələn, Siz ola bilər ki, yaxın dostunuzun, həmkarınızın tərəfini tutasınız, ona kömək etməyə cəhd göstərəsiniz, amma bu, o demək deyil ki, onun ədalətsiz qərarlarının da tərəfində olacaqsınız.

İşdəki siyasətçilər rəqib hesab etdikləri adamın bir üst rəhbərliklə əlaqələrini daim bloklamağa çalışırlar. Bu taktikanın fərqində olmayanlar ilk vaxtlar təxmin belə etmirlər ki, bu və ya digər bəhanələrlə atılan addımların hamısı şəxsin rəhbərliklə əlaqəsinin bloklanmasına hesablanıb.

Səbəb də odur ki, Siz istədiyiniz vaxt rəhbərliyə hər hansı bir şikayət və təkliflə çıxa bilməyəsiniz. Bir digər səbəb isə işdəki siyasətçinin sizin bilik və bacarıqlarınızın daha üst rəhbərlik tərəfindən görülməsinin qarşısını almaqdır.

Onlar komanda qura bilməzlər, adətən. Daha doğrusu, komandada işləyə bilmirlər. Rəhbər olmalarına baxmayaraq, həmişə günahı komanda üzvlərinə atır, hətta öz komandasını özünə rəqib belə görə bilir.

Sevmədiyi və ya bir balaca onun fikirlərinə əks gedən adamları qəbul edə bilmirlər.

Bir dəfə idarəçiliyinə, liderliyinə çox hörmət etdiyim bir şəxs mənə demişdi ki, “sən elə bilirsən, mən bəzi işçilərlə gündəlik ünsiyyətdən həzz alıram? Yox, amma şəxsi məsələləri bir kənara qoyub onların bacarıqlarından şirkətim naminə istifadə etməliyəm, onların motivasiyasını da həmişə yüksək saxlamalıyam”.

Təəssüf ki, işdəki siyasətçilər belə düşünmür. “Mənim kimi düşünməyən məndən deyil” prinsipi ilə hərəkət edirlər.

İşdəki siyasətçi əgər rəhbər şəxsin özüdürsə, o zaman komandası ilə emosional bağlantısı olmadığı üçün və xüsusən ona qarşı baş qaldıran şəxslərlə bağlı xoşagəlməz hallar yaşanarsa, komandanı tamam dəyişməyi də gözə ala bilərlər.

Əgər köhnə komandadan bir neçə şəxs onun əsl simasını ifşa edibsə, işdəki siyasətçi komandanı tamam dəyişib yeni əməkdaşlarla sıfırdan həmin imici formalaşdırmağa başlayar. Çünki köhnələrə əvvəlki variantlar artıq keçərli olmur.

İşdəki siyasətçilərin xarakterik xüsusiyyətləri haqqında bu qədər. Gəlin, indi görək belə siyasətçilərdən necə qorunmaq olar?

Aşağıdakı qaydalar, bəlkə də, tam qoruya bilməyəcək, amma sizə qarşı zərərlərini minimuma endirməyə 100 faiz kömək edə bilər.

1. Həssas nöqtələrinizi, zəif yerləriniz və qorxularınızı biruzə verməyin. Onlar iş mühitində Sizi vurmaq üçün həmişə belə nöqtələrinizə bilərəkdən toxunarlar.

Məsələn, tez özünüzdən çıxırsınızsa, o zaman işdəki siyasətçi toplantı və s. hallarda çalışır ki, nəsə etsin və Siz özünüzdən çıxıb səhv edəsiniz.

Nə qədər haqlı olsanız belə, özünüzdən çıxıb, məsələn, kimisə təhqir etsəniz, artıq uduzmuş sayıla bilərsiniz. Və ya hamının hansısa məsələ həssas yeri olur. Onu bilib və hər dəfə o mövzunu açmaqla Sizi rahatca qıcıqlandırmaq olar.

2. Sizə hər deyilənə həmən inanmayın. Ümumiyyətlə, insan eşitdiyi, oxuduğu fikrə tənqidi, sorğulayıcı yanaşmağı bacarmalıdır. Bu halda dırnaq içində danışmaq əvəzinə, öz fikirləriniz formalaşar.

3. Yuxarı rəhbərliyə birbaşa çıxışınız yoxdursa, burada işiniz, türklər demiş, “bir az yaş”. Sizin haqqınızda fikirlər bir üstünüzün sizin haqqınızda onlara nə və necə deməsindən asılıdır.

Ona görə addım atanda daha məntiqli davranıb, haqqınızı sübut etməyə vaxtınızın çatıb-çatmayacağını hesablayın. Yuxarı rəhbərlik hər kəslə tək-tək fiziki olaraq görüşə bilməyə bilər və ya sadəcə, buna zaman sərf etmək istəməyə bilər.

Bir tanışım var idi, bir dəfə dedi ki, məni qəsdən yuxarı rəhbərliyin tətildə olduğu vaxt çıxardılar ki, onlara şikayətə gedə bilməyim. Adətən, haqlı olan adamlar belə ucuz yollara əl atmazlar.

4. Mütəmadi şikayətçi biri kimi tanınmayın. Sözü yerində və düzgün zamanında istifadə edin. Vaxtından əvvəl öz vaxtında deyilərsə, daha təsirli ola biləcək sözləri işlədib boş yerə xərcləməyin. Mütəmadi narazı və neqativ dolu işçini haqlı olsa belə, kollektiv çox sevməz.

5. Unutmayın ki, ən böyük biclik düzlükdür. İşinizi həmişə mükəmməl görün. İşinizi normal gördüyünüz halda, Sizi ancaq qeyri-iş müstəvisində “vurmağa” çalışacaqlar. Bu da çox çətindir. İnsanın nəticəsi varsa, onu pisləmək elə də asan iş deyil.

İşinizi rəhbərinizin və kollektivin necəliyindən asılı olmayaraq, çox yaxşı görün. Ən böyük hesabatı isə öz vicdanınıza verin.

Əvvəllər də yazdığım ki, narahat olmayın ki, qiymət verən yoxdur. Unutmayın ki, kim də görməsə, “O” mütləq görür. Həyat da bumeranqdır. Etdiyiniz yaxşı və ya pis hər şey gec-tez qayıdır. Daha kəskin, daha ciddi.

6. Bəzən işçilər onlara qarşı oyun qurulduğunu hiss edəndə mübarizə aparmaqdan imtina edib və ya buna əsəb sərf etmək əvəzinə, şirkətdən çıxıb getməyə üstünlük verirlər.

Mən deyərdim ki, əksinə bacardıqca mübarizə aparmaq lazımdır. Çıxmaq cərrahiyə əməliyyatıdır və o, həmişə bir variant olaraq var.

Qırmızı xəttiniz, dəyərləriniz tapdalanırsa, o zaman bu addımı atmaq olar. Məşhur bir sözdə deyildiyi kimi, “bu dünyada hər kəs ən az bir dəfə tüpürüb getmək cəsarətini özündə hiss etməlidir”.

7. Qalib gələ bilməyəcəyiniz həqiqəti qəbul etmək məcburiyyətində qala bilərsiniz. Buna normal baxmaq lazımdır. Siz düzgün hesab etdiyiniz istiqaməti bacardığınız qədər müdafiə edirsinizsə və alınmırsa, o zaman, demək ki, sizdən asılı deyil. Buna görə pis olmağa dəyməz. Buraxın zamanın ixtiyarına.

8. Nə olur-olsun, sonunda ayrılmaq qərarı verdiyiniz şirkətdən, çalışın, həmişə yaxşı ayrılın. Körpüləri sona qədər yandırmaq olmaz, münasibətləri kəskin pisləşdirmək olmaz. Həm etik deyil, həm də gələcəkdə qarşılaşanda utana biləcəyiniz addımlar atmamalısınız.

Bir də həyatın işini bilmək olmur. Dalaşqan, şirkəti çətinə salan, imicinə kölgə salan obrazı heç bir şirkət işə götürmək istəməz. Hətta şirkət buna layiq olsa belə, öz abrınızı qorumaq adına belə addım atmaq olmaz.

9. İşdə bəzən siyasətçi rəhbərlər qədər siyasətçi işçilər də olur. Bəs onlarla necə mübarizə aparmaq olar? Əvvəl dediyimiz kimi, sistemli iş, biznes proseslərin dəqiq təsviri siyasətcil davranan şəxsin manevr imkanlarını azaldır.

İkinci, çalışın komadanızla güclü bağ qura biləsiniz. Komandanız rəhbər kimi Sizi sevsə, siyasətçi işçiyə qarşı hamından öncə elə komandanız Sizi qoruyacaq.

Bununla da yazımızın sonuna gəldik. Bəlkə də, bir çoxunuz gündəlik olaraq yazdığım məqamlarla rastlaşırsınız. Bir çoxunuz isə rastlaşsanız belə, bunun səbəblərini bilməyə bilərsiniz.

Ümid edirəm, bu yazı ilə biz az da şirkətlərimizdəki iş mühitinin yaxşılaşdırılmasına xidmət etmiş olacağıq. Təbii ki, bu yazıda özünü görənlər bizə əsəbiləşəcək, düşmən olacaq. Amma olsun, inandığın həqiqəti söyləyə bilmək insanın daxili azadlığının ən vacib şərtidir.

Daxili azadlığınızı heç nəyin önündə utandırmayın. Unutmayaq ki, düzgünlük, dürüstlük mütləq bir gün qalib gəlir.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Daxili azadlığınızı heç nəyin önündə utandırmayın. Unutmayaq ki, düzgünlük, dürüstlük mütləq bir gün qalib gəlir.

Həmçinin oxuya bilərsiniz

Biznes 0 Comments

Şəkilsiz yazılar seriyası #6 -Hərəkət düşüncələrimizin davamıdır

Henri Ford deyirdi ki, “bir şeyi edə biləcəyinizi və ya edə bilməyəcəyinizi düşünürsüzsə, haqlısınız”.   İnsan həqiqətən nə düşünürsə, hərəkətləri düşüncəsinin davamı olur. “Niyyətin hara mənzilin ora” misalı. Pozitiv düşünsək,

Biznes 0 Comments

Email yazışmalarımızda buraxdığımız bəsit səhvlər

Həftəsonu olduğundan bir az sərbəst mövzudan yazmaq istəyirəm. Bu dəfə hamımızın gündəlik olaraq aktiv istifadə etdiyi email yazışmalar haqqında yazmaq qərarına gəldim. Hər birimiz gündəlik n sayda email yazır, bir

Biznes 0 Comments

Müşahidə Şurası nədir və necə olmalıdır?

Niyə vacibdir? Bir neçə şirkət və ya şirkətlər qrupundan ibarət müəssisələrdə müşahidə şurasının olması vacibdir. Hətta müşahidə şurasının olması üçün mütləq bir neçə şirkət olmalıdır prinsipi olmaya da bilər. Çünki

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın