Marketoloq ucuz və keyfiyyət arasında qalarsa

Marketoloq ucuz və keyfiyyət arasında qalarsa

Bu il artıq 10 il olacaq ki, marketinq sferasında çalışıram. Bugünə qədər demək olar ki, bazarda birbaşa və ya dolayı yolla işləmədəyim şirkət demək olar ki, qalmayıb. Eləcə də tanımadığım marketoloq çox azdır. Nə qədər gözəl işlərin şahidi oldum, nə qədər gözəl insanlarla tanış oldum. Bütün bu müddət ərzində marketoloq olaraq 2 seçim arasında tez-tez qalmışam. Tək mən yox, əslində çox həmkarım məncə bu nüansla qarşılaşıb. Hansını seçsin? Ən ucuz olanımı, yoxsa keyfiyyətli hesab etdiyinimi.

Keyfiyyətli məhsul ucuz ola bilər, amma ucuz məhsul keyfiyyətli ola bilməz?!

Rəhbərliyə də adətən işi təqdim edəndə hamısının yanaşması ortaq olur. Məsələn, deyək ki, Siz 2 təklifi rəhbərliyin müzakirəsinə çıxarmısınız. Birinin qiyməti 5 manatdır, keyfiyyəti elə də qane etmir amma. Digərinin qiyməti isə 8 manatdır, amma keyfiyyətini çox bəyənirsiniz. Rəhbər keyfiyyətli hesab etdiyini birincinin qiymətinə istəyəcək. Yəni 8 manatlıq işi 5 manata, amma 8 manatlıq keyfiyyətlə. Əslində dərindən düşünsək, seçimi anlaşılandır. Amma məhz birinci təklifin qiymətinə istəmə o qədər də məntiqli görünmür. Bəs bu vəziyyətdə nə etmək lazımdır?!

Bir çox şirkətlərdə tenderlər olur. Əsasən böyük şirkətlərdə, holdinqlərdə və s. Bu çox normaldır. Amma keçirilən tenderlərdə təchizatçıların böyük əksəriyyəti birinci kriteriya kimi UCUZ olmasını götürürlər. Sonra 2 ən yaxın ucuz arasında danışıqlar başlayır və s. Təchizatçılar baxımından məsələ aydındır, öz işlərində də doğru ola bilərlər. Amma marketinq aspektindən yanaşanda mənim şəxsi fikrim və doğru hesab etdiyim belədir ki, birinci kriteriya keyfiyyət olmalıdır. İş gözəl olmalıdır. Gözəl olub ucuz ala bilsən, nə gözəl. Amma gözəl olmayıb ucuz almaq 2 qat artıq ziyan olacaq. Hələ-hələ indiki dövrdə. Daha insanlar ənənəvi üsullarla edilən kommunikasiyaya təəccüblənmirlər. Onların könlünü oxşayan, siz demədən özləri könüllü olaraq da haqqınızda danışılan işlər, kreativlər görmək lazımdır. İşi görmək adına görüb bitirə bilərsiniz, amma nəticə olmayandan sonra, onu ölçə bilməyəndən sonra çəkilən xərc istər 1 manat olsun, istər 1000 manat – israfdır. Amma nəticə uğurlu olanda xərc 1000 manat da olsa, hamı baha hesab etsə belə bağışlanandır.

Keyifyyəti seçənlər həmişə düzmü seçir?

Mən aşağıda bir neçə nümunədə nəyə görə qənaət etməmək lazım olduğunu yazacam. Onlara keçməmişdən bir nüansı da vacib qeyd edim ki, bir çox marketerlərin keyfiyyət önəmlidir devizinin altında gizlənərək bilərəkdən araşdırmadan ən bahanı seçməsi halları da var. Bunun da bir neçə səbəbi var:

1) Ya marketoloq özünü çox əziyyətə vermək istəmir, əlavə vaaxt sərf etməyə həvəsi yoxdur. Buna görə də elə ilk təklifi qəbul edib bir an öncə işi bitirmək istəyir.

2) Ya rəhbərliyin əvvəldən də tanıdığı, seçdiyi (fərq etmir nəyə əsasən seçib) bir şirkətdirsə, həm məsuliyyətdən yaxa qurtarmaq, həm rəhbərliyin də xoşuna gəlmək üçün bunu edir.

3) Ya da sadəcə ortada rüşvət olayı var. Yəni marketoloqun marağı var.

Burada marketoloqa seçdiyi variantı əsaslandırmaq bacarığı lazımdır. Açığı bu məsələdən xidmət təklif edən şirkətlər də maksimum istifadə edir. Məsələn, indi bazarda məsələ ancaq qiymət üzərindən gedir. Şirkətlər “mənə yaxşı bir təklif hazırlayın” desəniz, baxacaqsınız ki, ilk təklifində olan qiyməti 3-5% azaldıb göndərib. Bazarda biznes etika da çox aşağı səviyyədədir. Şirkətlər rahatca görüşlərdə rəqib şirkətlərini pisləyirlər və s. Hələ özü etmədiyi işi heç cür bəyənməyən, bəyənmək bir tərəfə tənqid, bəzən də təhqir edənlər isə ayrı bir anekdotdur. Siz Siz olun belə agentliklərdən, şirkətlərdən uzaq durun. Onların beyin yapısı elə düşünürsə, əmin olun ki, onlardan yaxşı iş də çıxa bilməz. Gözəl düşünməyən insan gözəl işlər görə bilməz. Bir dəfə İlkin müəllimə də dedim ki, yaxşı insan olmasan, yaxşı marketoloq da ola bilmərsən. Az olan təcrübəm mənə bunu deməyə və sübut da etməyə əsas verir.

Öz şəxsi təcrübəmdə adətən nələrdə səhv etmişəm?!

Dostlar, indi aşağıda Sizə özünüzün də tez-tez rastlaşdığınız bir-iki məsələni yazacam. Özünüz düşünün düz deyirəm, ya yox. Mən zaman-zaman aşağıda yazdığım məsələlərdə səhv etmişəm, amma sonradan təcrübədən irəli gələrək o səhvləri bir daha etməməyə çalışmışam. Bunlar nədir?!

1. Vizitkanı çapa verdiyiniz şirkətin onun dizaynını da etməsini istəməyin.

Əvvəla indiki dövrdə hansısa şirkət vizitkanı çap edən şirkətə həm də dizaynını sən et deyirsə, bu çox qəribədir. Özünün ən az loqo və kiçik korporativ stili olmayan şirkəti elə də ciddi qəbul etmək olmur. Vizitka çap edən şirkətlərin demək olar hamısından soruşsanız ki, “Siz dizaynını da özünüz edərsiniz?” – deyəcək hə. Müştərini tutmaq üçün, əlavə xidmət adına məmnuniyyətlə edəcəklər. Amma hamınız bilirsiniz ki, mətbəədə olan dizaynerlərin arasında kreativi güclü olanlar olsa da, böyük əksəriyyəti ancaq adaptasiya edə bilən, “bir az sağa, indi sola, aha ok” işini bacaranlardır. Vizitka adından da göründüyü kimi Sizin vizit kartınızdır, Sizin haqqınızda ilk təəssüratlardır. Ona pul xərcləmək israf deyil.

2. Radio və ya tv çarx çəkdirdiyiniz və ancaq bu işdə ixtisaslaşan studiyadan həmin çarxın mətnini də yazmasını, ideyasını verməyi istəməyin.

Bu halla da yəqin tez-tez qarşılaşırsınız. Studiyalar var ki, təklif edəndə “biz sizə pulsuz mətn, ssenari də yazarıq” deyirlər. Siz də oturub hesablayırsınız ki, bunu ayrılıqda etdirsəm, filan qədər pul edər. Elə qoy bunlar yazsınlar, ucuz alınsın. Bu adamlar Sizə pulsuz musiqi də tapa bilərlər, hətta səsləndirmə üçün ya minimal bir büdcə istəyər, heç istəməyə də bilərlər. Oturub o tip gördüyümüz işləri təhlil etsək görərik ki, hamısnı biri edən işlər çox keyfiyyətli olmur. İstər radio olsun, istər televiziya çarxı, istərsə də poster üçün mətn çox, amma çox vacib detaldır. O ürəyiniz istəyən qədər gözəl yazılmayıbsa, onu hollivudda da çəksəniz o effekti almayacaqsınız. Ən vacib mətn, kreativ olarkən, bunu digər işlərin fonunda pulsuz edənə vermək yumşaq desək məntiqə sığmır. Və ya səs məsələsi. Biri var illərini verib işi bu olan adama səsləndirirsən, adam vurğunu bilir, intonasiyanı bilir, harda fasilə verməli olduğunu hiss edir. Biri də var ki, üzündən oxuyur. Musiqi də həmçinin. İnternetdəki cutter proqramları ilə mahnının x saniyəsindən x saniyəsinə qədər hissəni kəsib rolikə yapışdırmaq hara, kampaniyanın ruhuna uyğun tempdə musiqi tapmaq, tapa bilməyəndə işə özəl musiqi yazdırmaq hara. Səs və mətn Sizi ən çox xatırladacaq şeylərdir. Bu hissədə qənaət etməyin. Yəqin ki, Siz indi də reklama qulaq asanda filan şirkətin radio reklamları çox qəşəng olur, filankəslər nə gündə reklam çəkir tipli sözlər deyirsiniz. Qəşəng dediyiniz reklamları oturun təhlil edin, görün nəyə görə qəşəng deyirsiniz? Xahiş edirəm böhranın belə dərin olduğu vaxtda kreativə diqqət edin, insanları təəccübləndirəcək emosiyalarını oyadacaq sözlərə xitab edin. Nəticə bərbad olsa, onsuz etdiyiniz hər şey son qəpiyinə kimi israf sayılacaq. Bir az artıq xərcləyib nəticəni qarantiləmək varkən, işini riskə buraxmaq da düz deyil.

3. Reklam yerləşdirdiyiniz yerlərin (outdoor, metro, avtobus) çapını onu icarə verən yerlərə verməyin.

Praktikamda tez-tez rastlaşdığım, yəni çox gördüyüm işlərdən biridir. Əvvəla avtobusu icarə verən adam, outdoor icarə verən və s. bu tip şirkətlər adətən çapı baha verirlər. İkincisi keyfiyyətinə nəzarət etmək çətin olur. Düzdür, bir əldən çıxması yaxşı olar. Amma Azərbaycanda çox adam bu xüsusiyyətdən sui istifadə edir. Məsələn, toplam qiyməti ucuz vermək adına ya çapı mayasına edib icarədə baha verir, ya da icarəni “öz qiymətinə” verib çapda baha qiymət verir. Arzuolunan olmasa da, bu hallarda işi ayrı-ayrı gördürmək daha effektivdir. Bir az incələyin, dediklərimin düz olduğunu görəcəksiniz. Sizinlə ilk işdə yerini möhkəmlətmək üçün dempinq edən şirkətlərə də ciddi yanaşmaq olmaz. Əmin olun gələcək sifarişlərdə itirdiyi hesab etdiyi məbləği Sizdən çıxaracaq 🙂

4. Ofis üçün kağızı aldığınız yerdən kartrici də dəyişməsini istəməyin. Və ya kartrici dəyişdiyiniz yerdən həm də kağız almayın.

Sizə xırda gələ bilər, amma həqiqətən belədir. Təcrübə bunu da öyrətdi 🙂 Çünki şirkət 2-ni də edirsə, birində Sizi aldadır. Kartric dəyişimi üçün digərlərindən ucuz qiymət qoyan kağız satışında qazanır. Bilirsiniz ki, elə kağızlar var ki, o daha çox mürəkkəb udur, ona görə də onlar adətən çox mürəkkəb udurlar. Elə kağızlar da var ki, bahadır, amma daha az mürəkkəb istifadə edirlər. Adətən də şirkətlər birinci kağızı ucuz almağa fikir verirlər. Kağızı ucuz aldılarsa, kartric dəyişim qiymətinə çox da fikir vermirlər. Oturun bir gün hesablayın görəcəksiniz.

Bunlar sadəcə sadə və qısa nümunələr idi. Ucuz və keyfiyyət arasında seçim etməli olsanız, nəticəni seçin. Hansı nəticəni qarantiləyirsə, onu seçin. Praktikam da göstərdi ki, ucuz olan şeylərdə nəticə çox vaxt yaxşı olmur. Bax belə.

Növbəti dəfə daha faydalı olmaq diləyilə…

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Ucuz və keyfiyyət arasında seçim etməli olsanız, nəticəni seçin. Hansı nəticəni qarantiləyirsə, onu seçin. Praktikam da göstərdi ki, ucuz olan şeylərdə nəticə çox vaxt yaxşı olmur. Bax belə.

Həmçinin oxuya bilərsiniz

Araşdırma 0 Comments

Pokemon Go ilə Cost Per Visit reklam ödənişi gəlir

Son 1 həftədir yerli və xarici saytların hamısının gündəmi – Pokemon Go-dur. 90-cı illərdə Pokemon oyununu yəqin ki, xatırlayanlar var. İndi isə onun Pokemon Go “uzantısı” dünyanı bir-birinə qatıb. Cəmi 4-5

Marketinq 0 Comments

Gənclər Həftəsi – canlı yayımlar seriyasında qonaq idik

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi “Gənclər Həftəsi” Canlı Yayımlar seriyasında növbəti qonaq mən oldum 🙂 Facebook Comments

Oxu.az saytı ilə əməkdaşlığa başladıq

Əziz dostlar, son zamanlar aktiv şəkildə bloq yaza bilməsəm də yeni-yeni yazılar yazmaq üçün hər gün oxuyuram, araşdırıram. Mütaliə yazarlıqda şərtdir. Mütaliə, müşahidə və düzgün təhlil ilə siz ətrafınıza, fəaliyyət

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın