Marslılar yerə endi… Və ya medianın gücü
Orson Vellesin ötən əsrin 30-cu illərində ABŞ-ın CBS radio kanalında “Yayımda Merkuri Teatrı” adlı bir proqramı olur. 30 oktyabr 1938-ci il tarixli proqramında Velles özünün yazdığı “Dünyalar Savaşı” adlı romanından bir parçanı radioda oxumağı planlaşdırır. O, radio proqramı bu anonsla başlayır: “Marslılar dünyaya endi və Amerika Birləşmiş Ştatlarının torpaqlarını işğal edirlər”.
Proqrama qulaq asan milyonlarla Amerikalı o saat avtomobillərinə tərəf qaçır və qarşılarına çıxan ilk nəqliyyat vasitəsi ilə xaotik olaraq ölkədən qaçmağa başlayırlar. Minlərlə insan isə panika içərisində çölə çıxır, bəziləri dua edir, bəziləri ağlayır, kimlərsə də gizlənməyə çalışırlar. Yaranan panika o qədər böyük olur ki, hətta proqramın bağlanma anonsunda deyilən “H.G. Vellesin Dünyalar Savaşı adlı romanından hazırlanmış radio təqdimatını dinlədiniz” cümləsini az qala heç kim eşitmir.
New-Yorklulara bunun gerçək olmadığını sonradan izah etmək çox çətin olmuşdu. CBS kanalı hətta bu hadisədən sonra əhalidən üzr istəmək məcburiyyətində də qalmışdır.
Beləliklə, adi romandan istifadə olunaraq hazırlanan və radioda təsirli formada təqdim edilən anons milyonlarla insanı bir anda panikaya sala bilmişdir.
Əsas mətləbə keçmədən onu deyim ki, bu hadisəni ilk dəfə oxuyanda ürəyimdə böyüklərin tez-tez işlətdiyi “Amerika birdən-birə çönüb amerika olmayıb ki…” sözünün sanki təsdiqini almış oldum. Çünki indi kimə desən ki, radioda bir anonsda camaat romanı həqiqət sayıb çölə axışıb, yəqin ki, gülərlər. İndi nəinki radioda hansısa verilişdə səslənən fikirlərə, heç kürsüdə rəsmən çıxış edən məmur, siyasətçi, müəllim, evdə böyük, çöldə kiçiyə də inanmırıq. Çünki indi çox rahat hansısa siyasətçi səhər çıxıb bir söz deyər, günorta isə səhər əslində zarafat etdiyini bildirə bilər :)). Və ən əsas camaat da artıq bunu normal hesab edə və “əə bu kişi yaman zarafatcıldı, hiss olunur təmiz adamdı” deyə bilər. Demək ki, qaydalar, düşüncə və ənənələr həddindən çox deformasiyaya uğramış vəziyyətdədir. Bir halda ki, Pakistanda, İraqda çölün ortasında adam öldürənə terrorçu, norveçdə çəmənlikdə onlarla adamı gülləbaran edənə isə killer, cani deyən dünyada yaşayırıq, belə şeylər təəccüblü olmasın gərək.
Həqiqətən də 21-ci əsrdə media 4-cü hakimiyyət olmağına yenə 4-cü hakimiyyətdi, amma istəyəndə 1-cini hakimiyyətdən sala bilir. “Ərəb dominosu” hər kəsin gözü önündə buna bir örnəkdir. Siyasətdən uzaqlaşaraq, medianın iqtisadiyyat timsalında reklam, marketinq sferasına nə dərəcədə təsirli olmasından Moşu demiş “guppuldatmaq” istəyirəm.
Media əslində çox əhatəli və qarışıq mövzudur. Onun yaranma, inkişaf tarixinə nəzər salsaq, görürük ki,
· Əlifba – e.ə. 3000 – ci il
· Mətbəə, çap – 1456-cı il
· Qəzet – 1609-cu il
· Şəkil – 1827-cı il
· Teleqraf – 1837-cı il
· Telefon – 1876-cı il
· Səs yazısı – 1894-cü il
· Kino – 1895-ci il
· Radio – 1920-ci il
· Televiziya – 1936-cı il
· İnternet – 1969-cu ildə yaranıb.
Azərbaycanda nəyin nə qədər payı var?
Əlifbası 1 əsrdə 4 dəfə dəyişən bir millət kimi əlifbadan ağrısız yazmaq olmur. Düzgün, qrammatik yazı insanın əslində elə özünü ayna kimi göstərir. Məsələn, mən hələ niyə facebooku ingiliscə, telefonumu rusca, kanallara türkcə, musiqiyə ərəbcə qulaq asdığımı tam anlaya bilmirəm. Bəzən özümdən asılı olmadan bunları edirəmsə, demək ki, beynimin dərinliklərində vaxtilə və ya zaman-zaman təsirlərin izi ortaya çıxır. Məsələn, facebookda insanların çoxu ya ingilis hərfləri ilə Azərbaycanca, ya da rus hərfləri ilə azərbaycanca yazır. Gəlin razılaşaq ki, bəzən sözlər həqiqətən çox əcaib görünür və ya səslənir. Və məncə, biz reklam və reklam mesajının təqdimatında elə ilk mərhələdə məhz sözlərdə uduzuruq. Əgər diqqətlə gündəlik həyatımızı müşahidə etsək, bəzən baxdığımız reklamlarda yazılan, səsləndirilən sözlər, ifadələr qəribimizə gəlir. Halbuki əksər hallarda onlar doğma dilimizə məxsus sözlər olur. Medianın üzərinə düşən ən önəmli vəzifələrdən biri də məhz, ilk növbədə dilimizə hörmətin təbliğidir. Məsələn, mən təklif edərdim ki, ölkəmizə daxil olan bütün klaviaturalara məcburən dilimizə məxsus hərflər xüsusi yapışdırıcılarla və ya necəsə əlavə edilsin.
Mətbəə, çap məhsulları, onların yayılması əsasən xalqın oxuma səviyyəsini göstərir. 4 milyonluq Bakıda hər köşkdə olmaq şərtilə ayda yaxşı halda 4000 tirajda jurnal satıla bilirsə, bu sadəcə faciədir. Ən optimist saytların, mənbələrin verdiyi məlumata görə, əhalinin sadəcə 3%-i qəzet oxuyurmuş. Qəzet oxuyanlardan bir az daha az kitab oxuyanlardır. Ötən gün klassik Azərbaycan ədəbiyyatı nümunələrinin sadəcə 5%-nin latın əlifbasında yenidən çap olunduğunu dedilərsə, çox rahatlıqla yeni nəsil demək olar ki, kitab oxumur deyə bilərik. Yazıçı Anar demiş “bizdə heç kim heç kimin kitabını oxumur”. Kimi dindirirsən, kitabı neynirəm internetdə hər şey var deyir, lakin araşdırsan görərsən ki, internetdə 2-3 səhifədən artıq davamlı nəsə oxumur. Texnologiya nə cür inkişaf edir etsin, düşünürəm ki, heç nə canlı kitabı əvəz edə bilməz, o həyəcanı bəxş edə bilməz. Bu yaxınlarda isə eşitdim ki, ölkəyə bir müddət sonra xaricdən hazır çap, mətbəə məhsullarının gətirilməsi qadağan olunacaq. Bu bir tərəfdən yaxşıdır, amma bir tərəfdən də mənfi halların baş verəcəyinə şübhə yaradır. Yaxşıdır ona görə ki, heç olmasa o keyfiyyəti ən azı bizə yaxın Rusiyadan, Türkiyədən əldə edə bilirdik, çünki yerli şirkətlərin avadanlıqları qənaətbəxş səviyyə və keyfiyyətdə deyil. Həm də yerli bazarı tam rəqabət şəraitində inkişaf etdirə bilər. Pisdir ona görə ki, ola bilsin “kəsib sonra saydılar”, yəni qadağanı qoysunlar, amma daxildə keyfiyyəti və rəqabəti yüksəltməsinlər, nəticə bir-iki şirkət qalsın ki, onlar da müştəriyə “yesən də, yeməsən də budu” desinlər.
Qəzetlərə gəldikdə isə çöldə-bacada əsasən insanların əllərində başa düşdü-düşmədi müxalifət qəzetlərini görürsən ki, çox vaxt da onun yalnız manşetlərini oxuyurlar və bir də 525, Ayna/Zerkalo qəzetlərini də nədənsə, tez-tez əhalidə görürəm. Sürətlə inkişaf eliyən internet Bakıda qəzetləri və qəzet biznesini, məncə, inkişaf etməmiş boğdu. Qəzetləri inkişaf etdirək deyə-deyə bir də gördük ki, camaat artıq işıq, qaz, telefon pulunu da internetdən ödəyir. Xəbərlərə ancaq sonda hava proqnozuna görə baxan sayı çoxminli olan bir qrup var idi ki, onun da bəlkə yarısı indi ya telefondan, ya da internetdən öyrənir proqnozu, xəbəri saytlardan oxuyur, musiqini, kitabı internetdən yükləyir. Bu yaxınlarda Müsavat qəzetində diqqətimi cəlb edən bir nüans oldu. Belə ki, qəzet yazılarının bir hissəsini saytda, davamını isə qəzetdə verməyə başlayıb. Əhalini sırf qəzet almağa həvəsləndirmək baxımından bu addımı hardasa cəhd kimi uğurlu saymaq olar. Çünki indiyədək kimsənin bu ağlına gəlməmişdi. Türkiyədə, məsələn, hər qəzet alanda onun içində mütləq nəsə bir hədiyyə, disk, kitab və ya kupon olur. Bizdə də həvəsləndirmə üçün çoxdan artıq buna keçmək lazımdır, deyə düşünürəm.
Şəkil və teleqrafı isə əminliklə deyə bilərik ki, mobil telefonlar əvəz edir. Hazırda mobil telefon insanın yanından ayırmadığı 2 şey varsa, biridir. Reklamda isə bu üstünlükdən bəzi şirkətlər çox məharətlə istifadə edir, hətta lazım olanda “qulağa təcavüz” də edir ))) P.S. Özümüzü demirəm… Həqiqətən də mobil reklamlar, smslər, voice və digər mobil vasitələr direkt marketinq kimi çox təsirlidir, həm də ucuzdur. 1 dəqiqənin içində yüzminlərlə adama ən ucuz measjı çatdırçağın yol, elə sms özüdür. Yetər ki, sms özü kreativ, qeyri-standart və müsbət əhval-ruhiyyə yaratmağa qadir olsun. Bu sektorun gəlirli və effektli olduğunu görən mobil operatorlar da əbəs yerəbir-birilərinə qarşı “qılınc-qalxan müharibəsi”nə başlamayıblar. Olan onsuz yenə sadə xalqa olur, bezən də odur, alan da odur. SMS-dən müştəriyə göstərilən xidməti yaxşılaşdırmaq və operativ “geribildirim” (feedback) ala bilmək üçün istifadə olunması isə çox yayılmasa da, gələcəyin ən təsirli vasitəsi olacaq.
Kino – icazə verin dərin hüzn və kədərlə kinomuzun ölümünü 1 dəqiqəlik sükutla yad edim…. danışmağa dəyməz, ən yaxşı halda dublyajların keyfiyyətini artırmaq lazımdır. Sağdan, soldan, qapıdan, balkondan, damdan rus,türk, ingilis, ərəb, fars kinoları evimizə gətirmək istədikləri ideyaları, təlqinləri ilə rahatca daxil olur. Ona görə də biz Mübariz İbrahimova yox, Polad Alemdara, Remboya, Vandama, Şövkət Ələkbərovaya yox, Lady Gaga-ya, Madonnaya, Rəşid Behbudova yox Tarkana, Alimə yox, Araşa və s. oxşamaq istəyirik. Balaca uşaq Messinin bütün qohum əqrabasını saya bilər, amma öz yığmamızdan 3 nəfərin adını dalbadal desə, halaldı. Əslində heç qınanılası da deyil.
Radio-televiziya qarşılaşdırmasında isə az fərqlə radio qalib gəlir. Televiziyada qiymətlər verdiyi effektə görə çox bahadır, baxılası da heç nə yoxdur. Ancaq yenə də kim nə deyir desin, TV kütləvidir, və Azərbaycanda hələ ki, ona baxırlar. ANS, ATV, XƏZƏR 3 fərqli inam, psixologiya və ideologiya ilə bazarda liderdir, o birilər isə o qədər də effektli deyillər. Önəmli olan reytinqlərdir ki, onu da əksərən məntiqsiz verilişlər alır. Reklamverən də məcbur olub, “neynim müştərim baxır da” deyib reklamı ora verirlər. Radioda isə son zamanlar daha yaradıcı verilişlər və aparıcıların olması insanı sevindirir. Nəzərə alsaq ki, radio tv-dən fərqli olaraq göz və qulağa deyil, təkcə qulağa xitab edir və əsasən yolda, bir işlə məşğul olarkən dinlənilir, onda heç də az effektli deyildir. Avtomobillərdə əksərən radioların dinlənildiyinin yəqin ki, hamımız şahidiyik. Eyni CD-ye bir neçə dəfə qulaq asmaq insanı bezdirir. Tv-lərdə səmimiyyətdən uzaq verilişləri radioda son zamanlar aparıcıların daha obyektiv təqdimatları, düşüncələri səsləndirməsi və ya ən azından buna şərait yaratması əvəz edir. Ona görə də seçim etməli olsaq, radionu daha təsirli vasitə kimi qiymətləndirə bilərik.
İnternet də demokratiya kimidir, hələ ki, ondan yaxşısı olmadığına görə dövrümüzün ən vacib, ayrılmaz əlaqə vasitəsi hesab edə bilərik. Bu gün dünya 5-6 nəhəng internet divinin təsir dairəsindədir. Bunlar Google, Zukerberqin sahibi olduğu Facebook, Craiglistin qurucusu Craig Newmark, Wikipedianın qurucuları Jimmy Walles, Amazon-un qurucusu Jeff Bezos, Digg-in qurucusu Kevin Rose kimi kapitalistlərdir. Birlikdə az qala dünya əhalisinin 30%-ni təsir dairəsində saxlayırlar. 2007-ci ildə eBay 59.4 milyard dollar satışla o dövrün böyük supermarket zəncirlərindən olan Macy-si (26.3 milyard dollar) keçdi. Bugün Azərbaycanda təkcə “kitapyurdu.com”dan alınan kitapların sayı minimum ölkə daxilində alınan eyni xarakterli kitabların 70-80%-idir. Artıq maşın bazarından yox, internetdəki bəlli saytlardan avtomobil alırıq, hətta bir blogun gətirdiyi gəlir, bəzən bir qəzetin günlük gəlirindən çox olur. İnternetdə sadəcə vasitəçi olmaqla milyonlarla dollar qazananlar var. Facebook inanılmaz dərəcədə böyüməkdədir. Ondan sadəcə düzgün istifadə etmək lazımdır. Gəlin adi bir menecerin və ya iş adamının gününə nəzər salaq. Səhər evdən çıxıb işə gəlir. İşdə ilk edəcəyi şey mailini yoxlamaqdır. Mailimi yoxlayım deyərkən facebooknu,twitterini də yoxlayır, kiməsə yazır. İşlərini planlayandan sonra xəbər saytlarına qısaca internetdə göz gəzdirir. İş vaxtı almaq istədiyi şeyi internetdən seçir və sifariş edir. Evə gəlir, evində lazım olan işləri də əgər mümkündürsə, yenə də internetlə görür, işıq pulu, telefon, internet pulu və s. ödənişlərini edir. Axşam tərəfi bir az istirahət edim deyib yenə internetə girir. İnternet bütün günümüz boyu bizi çevrəsinin daxilində saxlayır.
Azərbaycanda ən məşhur, reklam verməyə layiq olan əsasən xəbər saytlarıdır. İkinci dərəcəli isə əyləncə saytları gəlir. Xəbər saytlarımız da bu üstünlükdən sui-istifadə edərək, ya fantastik reklam qiymətləri qoyur, ya da ki, yanbayan reklamlarla ekranı şəkilli kitaba bənzədir, yorur, bezdirir. Ən çox girişi olan Azərbaycan dilli xəbər saytı lent.az-dır ki, hələ də öz yolunu tapa bilmir. Sonra müsavat.com saytıdır ki, “nemes klinikaları”ndan başqa heç kim orda reklam vermir və bir də əyləncə saytlarıdır ki, orada da mobil operatorlar tüğyan edir, çünki kasıbın da varlının da, gəncin də, bir az böyüyün də az və ya çox ortaq istifadə etdiyi sabiq konturlardır. Xatırladım ki, söhbət doğma dilimizdə olan saytlardan gedir. Artıq saytlarda standart bannerlərin dövrünün bitmək üzərə olduğu görünür. Müştəridə artıq o tip bannerlərə qarşı “göz korluğu” yaranıb. Ona görə də saytlarda reklamda da aqressiv marketinqdən istifadə hələ ki, bir müddət effektli olacaqdır, deyə düşünürəm. Reklam büdcələrinin bölüşdürülməsində interaktiv mediaya daha çox ayrılması artıq aksioma belə çevrilməkdədir. Xüsusən sosial aktivliklər, şüuraltı mesajlar, aqressiv marketinq alətləri, sosial şəbəkələr hələ ki, uzun müddət bizi birləşdirən böyük qüvvə olacaqdır.
Ona görə də artıq marketinq bir vəzifə deyil, kapital rolunu oynamağa başlayır. Şirkət rəhbərləri üçün də, marketerlər üçün də 2012-ci il Azərbaycanda 2-ci mərhələnin başlanğıcı olacaqdır. Odur ki, sağa çəkilin “YOL BİZİMDİR”!!!
Facebook Comments
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Kapital Bazarı üzrə Təlim Mərkəzi ilə əməkdaşlığa başladıq
Əziz dostlar, bu yaxınlarda Linkedin-dən dostluq etdiyimiz Elcan Məmmədov elə linkedin üzərindən mənə bir təklif göndərdi. Xatırladım ki, Elcan bəy Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı Təlim Mərkəzinin rəhbəridir.
Etirafın qələbəsi – Mariya Şarapovadan krizis kommunikasiya dərsi
Bir-iki həftə olar ki, vaxtilə dopinq qalmaqalına görə bir çox brendlərin əməkdaşlıqdan imtina etdiyi tennisçi Mariya Şarapova ilə elə həmin brendlər yenidən müqavilə imzaladılar. Marketerlər, pr menecerlər üçün olduqca maraqlı
İlham Ali Yusif “Böhrandan Yeni Dövrana” kitabı haqqında
Bu gün həmkarımız İlham bəy özünün video bloqunda “Böhrandan Yeni Dövrana” kitabı haqqında danışıb. Elə indicə 8 dəqiqəlik videonu izlədim. Kitabı oxumaq istəyənlərçün qısa vaxtda çox maraqlı izah edib İlham
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun