Byung-Chul Han müasir insanın zamanla münasibətini izah edərkən maraqlı bir mənzərə yaradır: zaman artıq keçmişdən gələcəyə doğru axan bütöv bir xətt deyil. Keçmişin təsiri zəifləyir, gələcək isə uzaqda qurduğumuz bir perspektiv olmaqdan çıxır. Hər şey “indi”nin içində baş verir. Hanın düşüncəsindən çıxış edərək bunu “uzadılmış indi” adlandıra bilərik.
Süni intellekt bu “uzadılmış indi”nin bəlkə də ən güclü texnoloji ifadəsidir. Bir vaxtlar gələcəyə aid hesab etdiyimiz imkanlar artıq gündəlik həyatımızın içindədir. Maşınların insan dilini anlaması, mətn, şəkil və video yaratması, böyük həcmdə məlumatı saniyələr ərzində analiz etməsi, qərarverməyə qoşulması — bir neçə il əvvəl gələcək haqqında danışarkən verdiyimiz nümunələr idi. Bu gün isə bunlar gələcək deyil. İndidir.
Bəlkə də buna görə həyatımız əvvəlkindən daha doludur, amma zamanımız daha boş görünür. Gün ərzində yüz hadisə yaşayırıq, amma axşam onların çox azı bizdə qalır. Çünki insanın problemi zamanın azlığı deyil. Bəzən problem zamanın içində qala bilməməsidir.
Amma süni intellekt yalnız gələcəyi bu günə gətirmir, “indi”nin özünü də sürətləndirir. Daha qısa zamanda daha çox informasiya alır, daha çox məzmun yaradır, daha çox qərar verir və daha çox proses avtomatlaşdırırıq. Dünən yeni hesab etdiyimiz texnologiya bu gün adiləşir, bu gün öyrəndiyimiz alət isə sabah köhnələ bilir. Beləcə gələcəyi gözləmək əvəzinə, sanki davamlı şəkildə gələcəyin içində yaşayırıq.
Məhz buna görə “Uzadılmış indi” Süni İntellekt Zirvəsi üçün sadəcə fəlsəfi bir ifadə deyil, dövrün təsviridir. Zirvənin məqsədi yalnız yeni AI alətlərini və texnologiyalarını göstərmək deyil. Əsas sual daha böyükdür: gələcək bu qədər sürətlə “indi”yə çevrilirsə, insan, biznes, dövlət və cəmiyyət buna necə uyğunlaşmalıdır? Nəyi dəyişməli, nəyi qorumalı və hansı qərarları artıq bu gün verməliyik?
Çünki süni intellekt haqqında danışarkən əslində uzaq gələcəkdən danışmırıq. Gələcək artıq gəlmir. Gələcək indinin içində baş verir.
