Oxuyan, bilən, yoxsa öyrənən?!

Oxuyan, bilən, yoxsa öyrənən?!

Yılmaz Özdilin “ADAM” kitabını oxuyurdum, hər kəsə şiddətlə tövsiyyə edirəm. Deməli, Salih Neftçi adında iqtisadçı haqqında yazır. Bu arada deyim ki, Salih Neftçi Kərkükdə doğulub sonra Türkiyəyə ailəsi ilə birgə köç edib. ABŞ Xarici İşlər Nazirliyi, Çin Mərkəzi Bankına maliyyə məsləhətçiliyi edib, amerika və isveçrə universitetlərində dərs deyib. Bir şey ki, maliyyəyə dair yazdığı kitab Kolumbiya universitetində məcburi dərs kimi salınıb.

Yılmaz Özdil bir gün Salihdən bugünün iqtisadi vəziyyətini o sahə üzrə təhsil almayan birinin anlayacağı dildə necə izah  edərsən deyə soruşur. O da öz növbəsində başına gəlmiş bir hadisəni danışır. İndi mən də Sizə bu hadisəni, marketoloqların dili ilə desək, keysi yazacam. Çünki bugünümüzlə çox səsləşir, hətta birəbir eynidir. Xüsusən də hər il MMF ərəfəsi mən buna bir daha şahid və əmin oluram. Bu haqda bir qədər sonra. Gəlin, hələlik keçim hadisəyə.

Deməli, illər öncə bir bank xaricdə işləyən və yaşayan Salih Neftçini bütün menecment komandası üçün 1 həftəlik təlimə çağırır. Təlim də İstanbulda otellərin birində olur. Deyir ilk işim aranızda ingilis dilini bilən varmı sualını vermək oldu. Cəmi 1-2 nəfər əlini qaldırdı. Amma əvəzində hamının önündə qələm dəftər diqqətlə dinləyir, səhəri gün bol-bol sualla geri dönürdülər. Hiss edirdin ki, hər saniyənin qədrini bilir, ağzımdan çıxan hər şeyi diqqətlə dinləyib anlamağa çalışırdılar. Aradan illər keçdi və həmin bank Türkiyədə çox yüksək yerlərə gəldi. Sevinirdim ki, bu işdə mənim də payım var. Sonra yenə aradan illər keçir. Deyir həmin bankın rəhbəri məni yenə təlim üçün İstanbula dəvət etdi. Dəvət səbəbi kimi artıq xaricə açılmaq istədiklərini, ona görə də komandasının təlimə ehtiyacı olduğunu dedi. İşimin çox olmasına baxmayaraq getdim və təlimin ilk günündən sonra axşam yeməyində bankın müdirinə təlimi davam etmək istəmədiyimi bildirdim. Şok olmuşdu. Qısa müddətdə batacaqsınız dedim. Aradan az bir vaxt keçməmiş öyrəndim ki, bank müflis olub. Bəs nə baş vermişdi?!

Salih bəy deyir ki, 2-ci dəfə təlimə gələndə yenə eyni sualı soruşdum. Kim ingilis dilini bilir?! İştirak edən hamı gülümsündü. Yəni hamısı bilirdi və sual onların xətrinə dəymişdi. Daha sonra təlim başladı, ingilis dilini bilən menecerlərin heç birinin qeyd dəftəri yox idi. Heç nəyi qeyd etmirdilər. Sanki üzlərində “biz bunları bilirik, səndən nə öyrənəcəyik” yazılmışdı. Qeyd aparmadıqları üçün heç bir sual da vermirdilər. Əgər ilk dəfə gələndə adi işçi geyimində idilərsə, bu dəfə sanki bir qala gecəsinə gəlircəsinə gəlmişdilər təlimə. Özlərindən razı, hər şeyi bilirmişcəsinə davranırdılar. Deyir, “həyatın davamlı olaraq yeniləndiyini… Bilməkdən daha çox, öyrənməyə davam etməyin daha faydalı olduğunu unutmuşdular…”

Gələk indi bizim məsələyə. Bu yaxınlarda 6-cı Milli Marketinq Forumunu keçirdik. Mənim hər MMF-də eşitdiyim eyni şey var. “Gəlib onlardan nə öyrənəcəm ki?!” Fikir verirəm onu deyənlərin bir çoxu elə eyni yerdədirlər nədənsə. Elə MMF ərəfəsi idi, bir nəfəri dəvət etmişdim. Dedi “baxdım siyahıya, orada olanlardan hesab edirəm ki, öyrənə biləcəyim bir şey yoxdu” Təbii ki, gəlmədi. Və mən bilirəm ki, ətrafımızda n qədər belə adamlar var. Və onlar nə qədər böyük səhv etdiklərinin təəssüf ki, fərqində deyillər.

Bu məsələni burada saxlayıb tez keçim başqa birinə. Belə keçidimin səbəbi var 🙂 Səbrli olun.

Bir ay öncə olardı, rayondakı otellərin birində SAT Group təlimində idik. Təlim iştirakçıları hamısı iş-güc sahibi, böyük biznesləri idarə edənlər idi. Təlimdə sual-sual dalınca, qeydlər, müzakirələr və s. hər şey öz yerində idi. Təlimin sonunda bir nəfər yaxınlaşdı. Mən Onu qiyabən tanıyırdım. Yaxınlaşdı və dedi ki, məni çoxdan tanıyır, təlim üçün bol-bol təşəkkür etdi. Əlavə etdi ki, 2016-cı ildə yazdığım “Böhrandan Yeni Dövrana” kitabını oxuyub və bundan sonra biznesində ciddi dəyişikliklər edib, bu kitaba görə də ayrıca təşəkkür etdi. Həqiqətən mənim üçün çox xoş oldu. Həm də ona görə xoş ki, adam özü də gəlirli biznes sahibi idi, özü hər şeyi 0-dan qurmuşdu. Bəlkə də onun da haqqı çatırdı desin ki, mən 0-dan biznes qurmuşam, satışı necə etmək lazım olduğunu sənmi öyrədəcəksən?! Amma elə etmədi, təlim boyu çox diqqətlə dinləmişdi. Bu da burda qalsın, keçirəm o birinə.

MMF2018 olan gün idi. Spikerlərimizdən biri Elvin Dadaşsoy çıxış edirdi. MMF-də ilk dəfə spiker olurdu. Aforizm dəyərində sözlər, cümlələrlə axıcı çıxış edirdi. Sonda bir şeyi dedi ki, son vaxtlar öz şəxsi inkişafına səhv etmirəmsə, 8000 manat xərcləyib. Və hesab edir ki, insan daim öyrənməli, öz üzərində işləməlidir.

Bugün başqa bir bloq yazımda MMF2018 spikerlərin reytinqini paylaşdım. Birinci yerdə elə bu sözlərin müəllifi Elvin Dadaşsoy idi. Bu qiymətləndirməni də biz yox, tədbirdə iştirak edənlər etmişdi. Məncə, bu Elvin bəyə öz üzərində işləməyin hədiyyəsi idi.

İndi Sizə başqa bir “sirr” açım. Sat Group-un təlimində mənə yaxınlaşan, kitabımı oxuduğunu, faydalandığını və s. deyən də Elvin Dadaşsoy idi. Özü kifayət qədər bilikli, həm uğurlu biznes sahibi, həm də gözəl natiq. Bugün Özdilin kitabındakı yuxarıda yazdığım bank əhvalatını oxuyanda prosesləri öz beynimdə ard-arda düzdüm və bu bloq yazısı alındı təsadüfən. Elvinin timsalında bir daha əmin oldum ki, MMF komandası, təşkilatçıları olaraq düz yoldayıq. Nədir bəs o düz yol?! İcazənizlə deyim.

Hər gün öyrənməkdir düz yol. Çox bildikcə, daha təvazökar olmaqdır. Daha çox bildiyini paylaşmağa meylli olmaqdır, nəinki biliyinlə öyünmək. Bilgili olub, onlarla kitab oxumaq hələ son deyil. Hər gün öyrənməkdir düz yol. Həm də qabağına çıxan hamıdan öyrənməkdir. Böyük olsun, kiçik olsun, təcrübəsi az olsun, çox olsun fərq etmir hamıdan öyərənə bildiyin qədər öyrənməkdir. Heç kimə yuxarıdan aşağı baxmamaqdır. Təkəbbürünü boğub yeni başlayan hamıya dəstək olmaq, yenilərdən öyrənə bilmək, bildiyini də əvəzsiz, həvəslə paylaşa bilməkdir düz yol. Qopara bildiyin bircə faydalı söz olsa belə onun üçün bütöv gününü sərf etmək, münasibət qurmaq, qarşılıqlı faydalı olmağa çalışmaqdır düz yol. Hər şeyə pozitiv baxmaq, hər atılan addımda müsbətləri görə bilməkdir, gələcək üçün səhv ya düz olmasından asılı olmayaraq bugün addım atmağın vacibliyini dərk etmək, özün etməsən belə edənlərə dəstək olmaqdır düz yol. Bir səhvə görə yüz düzün üstündən xətt çəkməmək, qabağa getməyi kimisə dala çəkməkdə görməməkdir düz yol. Başqasının uğurunu həm də həzm edə bilmək, bir az da buna sevinə bilməkdir düz yol. 

Və mənə sual versələr ki, oxuyan, bilən, yoxsa öyrənən gənclik? Heç düşünmədən ÖYRƏNƏN deyərəm. Öyrənin, xanımlar və cənablar, hər gün, hər saniyə və hər kəsdən öyrənin. Burada utanmalı heç nə yoxdur. Dünya hər gün elə sürətlə dəyişir ki, sizin ona istədiyniz formada yetişməniz və daim özünüzü formada saxlamanız çox çətindir. Sizi formada salxayacaq şeylərdən danışan hamıya minnətdar olmağı, təşəkkür etməyi bacarmaq lazımdır. Nə bilirsiniz, bəlkə elə bu təşəkkürlərdir ki, bugün 200 dövlət içində fəxrlə deyirik ki, bizim də dövlətimiz, bayrağımız var, biz şərqdə ilk demokratik cümhuriyyəti qurmuşuq. Nə bilirsiniz, bəlkə elə bu təşəkkürlər səbəb olacaq ki, gələcəkdə ölkəmizi, millətimizi, dövlətimizi, çalışdığımız sahəni ən yüksəklərə qaldıracağıq. Nə bilirsiniz, bəlkə elədir…Bəlkə artıq sizin sahəni sizdən yaxşı bilənlər var və buna normal baxmaq lazımdır. Hə? Bəlkə həyat elə həqiqəti olduğu kimi qəbul etməkdir, nə bilirsiniz, bəlkə elədir…

Oxuduğunuz və paylaşdığınız üçün təşəkkür edirəm!

Facebook Comments

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

Bir əldə 5 qarpız tutmaq olarmı?

Ötən günlərdə profilimdə avropada aparılmış elmi araşdırmadan bir qrafik paylaşmışdım. Qrafik eyni anda bir-neçə işi görmənin yaratdığı effektiv vaxt itkisini göstərirdi. Gələn şərhlərdən gördüm ki, mövzu çox aktualdır, həmçinin “eyni

Münasibət 0 Comments

Neqativdən uzaq tənqid necə olur?!

Həyat çox sürətlidir. 2017-ci il asan olmadı, amma o da gəldi keçdi. Həqiqətən də insan su kimidir, töküldüyü qabın formasını gec ya da tez alır, almaq məcburiyyətindədir. Əksi mümkün deyil.

Münasibət 0 Comments

Məhərrəmin 5 yaşı oldu

Bizə elə gəlir ki, dünya məhz bu dövrlər çox qaynardır. Əvvəllər sanki dünya daha sakit idi. İndi isə hər gün hardasa nəsə baş verir, insanlar kütləvi şəkildə qırğına verilir, hər

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın