Əvvəllər səyahət özü bir plan idi. Aylar əvvəldən bilet alınır, otel seçilir, tarix müəyyənləşdirilirdi. İndi isə başqa bir turist tipi yaranır. Cümə günü günorta hara gedəcəyini bilməyib, axşam bilet alan, şənbə səhəri başqa şəhərdə oyanan insanlar.

Məncə, bu, plansızlıq deyil. Əksinə, insanlar seçimlərini son ana qədər açıq saxlamaq istəyirlər. Hava necə olacaq, qiymət necə dəyişəcək, əhvalım necə olacaq, dünyada nə baş verəcək – baxıb sonra qərar verirlər. Erkən rezervasiya bir vaxtlar rahatlıq idisə, indi bəziləri üçün özünü aylar əvvəldən hansısa qərara bağlamaqdır.

Texnologiya da bunu mümkün edib. Bu gün telefonla bir neçə dəqiqəyə bilet də tapırsan, otel də, gedəcəyin yerdə nə edəcəyini də. Süni intellekt isə bu prosesi daha da sürətləndirir. “Görəsən, yer taparam?” narahatlığı yavaş-yavaş yox olur. İnsan bilir ki, qərar versə, həllini də tapacaq.

Düşünürəm ki, bu davranış bizim regionda daha sürətlə yayılacaq. Çünki bir neçə saatlıq uçuş məsafəsində çoxlu seçimimiz var. Üstəlik, regiondakı siyasi və təhlükəsizlik qeyri-müəyyənliyi də insanları “əvvəlcədən alım” düşüncəsindən “bir az gözləyim, vəziyyətə baxım” düşüncəsinə keçirir.

Marketinq üçün maraqlı hissə də elə buradan başlayır. Əgər insan qərarını aylarla yox, saatlarla verirsə, ona bir həftə sonra göstərilən reklamın artıq heç bir mənası yoxdur. Yeni dövrdə məsələ insanın qarşısına daha çox çıxmaq deyil. Məsələ onun qərar verməyə hazır olduğu anı tutmaqdır.

Çünki bundan sonra turizmdə ən böyük rəqabət kimin daha çox reklam göstərməsi üzərində olmayacaq. Əsas rəqabət insanın fikri ilə qərarı arasındakı o qısa məsafədə baş verəcək.

O məsafə isə getdikcə qısalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir